“Njdenin abidəsinin Xocavənddə saxlanılması Rusiyaya da meydan oxumaq deməkdir...” - FAKT BUDUR!
9 may - alman faşizmi üzərində qələbənin növbəti ildönümü yaxınlaşır. Builki ildönümü həm də erməni faşizminin başının əzilməsinin 6-cı ayına təsadüf edəcək. Əfsuslar olsun ki, 2-ci Qarabağ müharibəsindən sonra da Ermənistanda radikal-nasist ünsürlər sakit oturmur, qisas hissi ilə alışıb-yanırlar.

Diqqətçəkici həmçinin odur ki, 44 günlük savaşdakı kapitulyasiyadan sonra da nəinki İrəvanda, Azərbaycanın Rusiya sülhməramlılarının nəzarət zonasında qalan hissəsində - Xocavənddə də faşist əlaltısı, 3-cü Reyxlə əməkdaşlıq eləmiş Qaregin Njdenin abidəsi hələ də qalmaqdadır. Ona görə ki, bu nasist-caniyə ermənilərin anormal hüsn-rəğbəti qalır.

Ancaq nə olur-olsun, erməni xalqı əgər öz qonşuları ilə dinc yanaşı yaşamaq və inkişaf eləmək istəyirsə, Njde ideologiyasından həmişəlik imtina eləməli, Njdeyə qoyulan abidələri öz əli ilə uçurmalıdır. Yeri gəlmişkən, məlumatlara görə, Xocavənddəki abidə mayın 9-dək sökülməlidir...

*****

“Hesab edirəm ki, heç yerdə, o cümlədən əvvəllər SSRİ-nin tərkibində olmuş ərazilərdə faşistlərə abidələr ucaldılmamalıdır. Rusiyalı əsgərlərin yaxınlıqda Qaregin Njdenin - insanların, sovet vətəndaşlarının qətlini təbliğ edən və bunda iştirak edən bir adamın abidəsinin olduğunu bilə-bilə mayın 9-da necə yürüş edəcəklərini anlamıram. Njde tarixdə 3-Cü Reyxin generalı kimi, yəni bütün millətlərin qətlini təbliğ edən bir faşist kimi qalıb”.

Bu sözləri Rusiya bürosuna beynəlxalq münaqişələr üzrə mütəxəssis Yevgeni Mixaylov deyib.

Ekspert erməni tərəfinin mövqeyini anlamadığını qeyd edib: “Ermənistan Rusiyanın bu cür abidələrə və faşizmin idealizasiyasının təbliğinə münasibətinin necə olduğunu çox yaxşı bilir. Rusiya artıq Njdenin kim olduğunu açıq bəyan edib. Bu abidənin Xocavənddə saxlanılması Rusiyaya da meydan oxumaq deməkdir. Buna görə də düşünürəm ki, ermənilər özləri bu abidəni sökməlidirlər. Amma onlar əksinə, #BuSizinÜçünArmavirDeyil kimi aksiyalar təşkil edirlər”.

Odur ki, analitikin fikrincə, Rusiya sərt bir mövqe göstərib mayın 9-dan əvvəl bu abidənin məhv edilməsini, yer üzündən silinməsini tələb etməlidir. “Başqa cür ola bilməz. Faşizmin qəhrəmanlaşdırılması qəbuledilməzdir. Ermənistan sanki üzümüzə gülümsəyir, amma digər tərəfdən, bizə arxadan zərbə vurur”, - deyə o qeyd edib.

*****

Bu arada Rusiyadan olan bir qrup siyasətçi, ekspert işğaldan azad edilən Azərbaycan ərazilərində, məxsusən Ağdamda olub, erməni vandalizminin nəticələrini, erməni faşizminin “əl işlərini” öz gözləri ilə, əyani görüblər. Necə deyərlər, “Yüz eşitməkdənsə, bir görmək yaxşıdır”. Və gördüklərindən şoka düşüblər. Onların arasında tanınmış hərbi-siyasi ekspert, Rusiyadakı “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko və politoloq Sergey Markov da var.

“Biz bilirik ki, bu yaraları sağaltmaq, Azərbaycanın şəhər və qəsəbələrini bərpa etmək üçün çox vaxt, hətta on illər lazımdır” - Korotçenko ürək ağrısı ilə bildirib. Lakin bu işləri görmək üçün o, Azərbaycan dövləti və xalqının siyasi iradəyə sahib olduğuna əminlik ifadə edib.

“Əminəm ki, müəyyən bir müddətdən sonra Azərbaycanın işğaldan azad edilmiş əraziləri cənnətə çevriləcək. Azərbaycan xalqı çox çalışqan, səbirli və dözümlüdür və o, dağılmış yerləri bərpa edəcək. Bərpa edilmiş şəhərlər, bərpa edilmiş Qarabağ, həyatlarını öz ölkələrinin suverenliyi və ərazi bütövlüyü uğrunda qurban vermiş azərbaycanlıların xatirəsinə ən yaxşı abidə olacaq”, - deyə o vurğulayıb.

Öz növbəsində Sergey Markov konfliktin uzun müddət həll edilməməsinin nəticəsi olaraq yaranmış belə acınacaqlı duruma cavabdeh olan ATƏT-in Minsk Qrupunu sərt tənqid edib, qurumu heç olmasa, bundan sonra, yeni reallığı ciddiyə alaraq hansısa müsbət işin qulpundan yapışmağa çağırıb. Eyni zamanda qatı ermənipərəst mövqe tutan Fransanın ünvanına sərt fikirlər söyləyib.

“ATƏT-in Minsk Qrupu indi fərqli bir mövqe tutmalıdır. Azərbaycan isə Fransanın Minsk Qrupu həmsədrliyindən çıxarılması məsələsini gündəmə gətirə bilər, çünki Fransa özünü tamamilə kənarlaşdırıb, vasitəçiliklə daban-dabana zidd bir mövqe tutub və o səbəbə vasitəçi kimi çıxış edə bilməz. Fransanı başqa bir ölkə, məsələn, Almaniya əvəz edilə bilər” - Markov bildirib.

Bundan əlavə, politoloq Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməklə sülh müqaviləsini pozduğunu qeyd edib: “Minalanmış ərazi xəritələrinin Azərbaycana təqdim edilməməsi artıq insan tələfatı ilə nəticələnir. Mina tarlası xəritələrinin təqdim edilməməsi nəticəsində gələcəkdə daha çox insan ölə bilər. Əlbəttə ki, Rusiya sülh sazişinin təşəbbüskarı və qarantı olaraq Ermənistanın minalanmış ərazilərin xəritələrini təqdim etməsinə çalışacaq”.

Markov belə xəritələrin mövcudluğuna şübhə eləmir. “Erməni zabitlər Rusiyada və ya Ermənistanda sovet hərbi məktəblərində oxuyublar. Sovet hərbi məktəblərinin nizamnaməsinə əsasən isə minalarla bağlı iki xəritə hazırlanır. Onlardan biri hərbi hissəyə, digəri isə Baş Qərargaha təhvil verilir və Baş Qərargahda da saxlanılır. Mina xəritələri Azərbaycana qəsdən verilmir ki, Azərbaycanın işğaldan azad edilmiş əraziləri bərpa etməsi ləngisin və daha çox insan ölsün. Bu, tamamilə qəbuledilməzdir”, - deyə rusiyalı analitik haqlı narazılığını ifadə edib.

*****

Təəssüf ki, Rusiyada heç də hamı İqor Korotçenko kimi, Sergey Markov kimi obyektiv düşünmür, ədaləti təbliğ eləmir. Həqiqəti söyləməmək bir yana, hətta Rusiyanın özü federativ dövlət ola-ola, Rusiyadan kənarda, postsovet məkanında separatizmi dəstəkləyən Rusiya rəsmiləri var. Məsələn, deputat Konstantin Zatulin kimi.

Yaxud Rusiya prezidenti yanında “Krım Muxtar Respublikasının daimi nümayəndəsi” titulunu daşıyan Georgi Muradov kimi. Yeri gəlmişkən, G.Muradov ötən həftə İrəvanda təşkil olunmuş “Krım günləri” çərçivəsində keçirilən dəyirmi masadakı çıxışı zamanı erməni separatizminin “dəyirmanına” açıq-aşkar su töküb, Azərbaycan əleyhinə təxribatçı fikirlər söyləyib. Deyib ki, “vaxtilə Dağlıq Qarabağ, Krım və Dnestryanı bölgələr öz identikliyinin xilası naminə müqəddəratı təyinetmə hüququnu reallaşdırıblar”.

Sitat: “İndiyə qədər ölkələrin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə kimi hüquqi prinsipləri uzlaşdıran bir mexanizm hazırlanmayıb. Bu, postsovet məkanı da daxil olmaqla, dünyada bir sıra qarşıdurmalara gətirir. Ancaq öz müqəddəratını təyinetmə hüququna üstünlük verilməli olduğunu göstərən aydın meyarlar mövcuddur. Bu, o zaman baş verir ki, ayrıca götürülmüş bir icma və ya xalq dövlətin tərkibində etnik, mədəni-dil və dini assimilyasiya olunmaq və ya fiziki məhv olmaq təhdidi ilə üzləşir, ayrı-seçkiliyə məruz qalır”.

Muradova görə, “belə vəziyyətdən çıxmağın yeganə yolu, Krımda, Qarabağda, Dnestryanıda, Donetskdə və Luqanskda olduğu kimi, öz müqəddəratını təyinetmə hüququnun reallaşdırılmasıdır”.

Belə çıxır, Dağlıq Qarabağda, Donbasda, Krımda erməni və rus milli azlıqları Azərbaycan və Ukrayna dövlətləri tərəfindən etnik, dini və dil ayrı-seçkiliyinə, diskriminasiyaya məruz qalıb, hətta fiziki məhv olmaq təhlükəsi ilə üzləşibmiş. Təbii ki, ağ yalandır və sadəcə olaraq, aqressiv separatizmə, azərbaycanlılara, ukraynalılara, Krım tatarlarına qarşı həyata keçirilmiş etnik təmizlənmələrə haqq qazandırmaq üçün əl atılan klassik, həm də həyasız bir iddiadır.

İstənilən halda, Muradovun bu təxribatçı açıqlaması İrəvanda xeyli məmnunluq doğurub. Revanşist-radikallar əllərini-əllərinə sürtməyə başlayıblar. Bunu hətta Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bəyan edən Putinin öz mövqeyindən Ermənistanın xeyrinə geri çəkilməsi kimi yozan erməni şərhçilər var.

*****

Göründüyü kimi, Rusiyada prezident Putinin qapısını aça bilən şəxslər də erməni separatçılığını açıq müdafiə eləməkdən çəkinmirlər. Hansı separatçılıq ki, Cənubi Qafqaz bölgəsinə, özəlliklə də erməni xalqına faciələrdən və məhrumiyyətlərdən savayı heç nə gətirməyib. Zatulin və Muradov kimilər isə 44 günlük acınacaqlı hərbi məğlubiyyətdən sonra da bu bədbəxt xalqı yeganə doğru seçim eləməyə qoymur, onu yeni və daha böyük fəlakətlər vəd edən müharibəyə şirnikləndirirlər.

Amma əsas günah təbii ki, zatulinləri ciddiyə alan ermənilərin özlərindədir. Nağıla qulaq asmaq istəyən olmasa, nağıl da olmaz. Bir şey dəqiqdir: məğlub xalq üzləşdiyi fəlakətin əsas səbəbini özü üçün yəqinləşdirməyincə, nicat yolu tapa bilməyəcək. 9 may ərəfəsində bir daha düşünməyə dəyər... //musavat.com//

Bölmənin digər xəbərləri

11 May 2021 Prezident bu dəfə Naxçıvandan elan etdi: 5 şərt - GƏLİŞMƏ
10 May 2021 “Qarabağın taleyi həll olundu, indi Moskva və İrəvan təzminat bazarlığı edir” – KUZNETSOV
09 May 2021 Şuşa 1992 və 2020-ci illərdə - FOTO
09 May 2021 Aygül Bağırova yazır: Bəxtəvərsən Azərbaycan, Şuşada bayrağımız dalğalanır!
09 May 2021 İranın Azərbaycandakı səfirliyi o videoları təkzib etdi: "Yalandır"
08 May 2021 “Dəhliz açılmayacaqsa, ruslar da çıxarılmalıdır” - Konkret tələb!
08 May 2021 “Hadrutdan qaçan erməniləri Kremlə məktub yazmağa məcbur edirlər” – GEORGİ VANYAN
08 May 2021 “Zəngəzurun bir hissəsinin Azərbaycana qaytarılması cəmiyyətdən gizlədilir”
07 May 2021 Azərbaycan ordusu Zəngəzurdakı bu göl ətrafında da möhkəmləndi...-FOTOLAR+VİDEO
07 May 2021 Erməni çoban Azərbaycan mövqelərinə gələrək əsgərlərimizlə danışdı - VİDEO
07 May 2021 HƏMSƏDR DÖVLƏTLƏRİN QARABAĞLA BAĞLI XAİN PLANI - NƏ BAŞ VERİR?
07 May 2021 Lavrov Bakıya çantasında Xankəndi ilə bağlı nə gətirir? - İrəvanda təşviş...
06 May 2021 Azərbaycan: işğaldan azad olunmuş torpaqların gələcəyi
06 May 2021 “Qarabağda suriyalı muzdlu” nağılı Ermənistanın özünüifşası ilə nəticələndi
05 May 2021 Baş Prokurorluq və DTX birgə məlumat yaydı - İLGİNC FAKTLAR
05 May 2021 Azərbaycan Sərsəng su anbarı və Xocalıya nəzarəti bərpa edir - AÇIQLAMA
05 May 2021 “Mən istənilən halda qayıtmaq istəyirəm”- FOTO
05 May 2021 İrandan Qarabağa hansı yük daşınır? – Bakıya “mesaj”
04 May 2021  “Şeytan yuvası”nda panika: Xankəndi nəzarətimizə bu cür keçəcək - “yol xəritəsi”
04 May 2021 Ermənilər Xankəndiyə qayıtmaq istəmirlər: “Bizi məcbur edirlər ki...” - Video

Dünyapress TV

Xəbər lenti