İranda 22 yaşlı Məhsa Əmininin ölümü ilə bağlı ölkədə kütləvi etirazlar davam edir. Bu məqamda İran polisi Məhsa Əmininin olduğu iddia edilən görüntüləri yayıb.
Məlumata görə, polis qadının döyülməsi ilə bağlı xəbərləri təkzib edib və bildirib ki, məmurlarla Əmini arasında heç bir fiziki təmas olmayıb.
Ölən qadının olduğu iddia edilən sözügedən videoda isə polislə danışan qadının qəfil stula yıxıldığı görünür.
Xatırladaq ki, ailəsi ilə Tehrana qohumlarını ziyarətə gedən 22 yaşlı qız Məhsa Əmini həbs olunub. O, əxlaq polisinə təhvil verildikdən bir neçə saat sonra komaya düşüb və xəstəxanada dünyasını dəyişib. Şahidlər, ailə və xəstəxana hesabatları gənc qadının təbii səbəblərdən ölümünü inkar edirlər.