Sosial şəbəkələrdə Bakının mərkəzində gənc qadının zorla avtomobilə mindirilməsini əks etdirən görüntülər yayılıb.
“Qafqazinfo” xəbər verir ki, görüntülərdə bir neçə şəxsin Nərimanov rayonu Həsən Əliyev küçəsində bir qadına qarşı zorakılıq etməsi əks olunub. İddia edilib ki, qadın iradəsinə zidd şəkildə avtomobilə mindirilərək qaçırılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov sorğumuza cavab olaraq bildirib ki, hadisə iyulun 26-da baş verib: “Nərimanov rayonunda DİN-in “102” Xidməti Zəng Mərkəzinə naməlum şəxsin bir qadını məcburi şəkildə avtomobilə əyləşdirmək istəməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə Nərimanov RPİ-nin 16-ci Polis Şöbəsinin əməliyyat qrupu çıxıb. Həmin şəxslər müəyyən olunaraq şöbəyə dəvət ediliblər.
Araşdırmalarla məlum olub ki, onlar 5 ildir ki, birlikdə digər ölkədə yaşayırlar və Bakıya qısamüddətli səfərə gəliblər. Həmin gün isə tərəflər arasında qısqanclıq zəminində sözlü mübahisə yaranıb və hadisənin baş verməsində kriminal tərkibli əlamətlər yoxdur. Toplanmış material əsasında 16-cı PŞ-də təhqiqat araşdırmaları aparılıb. Tərəflərin izahatları alınıb, şikayət tələbi olmadığı üçün onlar sərbəst buraxılıblar”.