İranda qız tələbələr hicab taxmaqdan imtina etdikləri üçün universitetlərə buraxılmasına icazə verilmir.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian" yazır.
Nəşrin yazdığına görə, hicabın məcburi geyinilməsi ilə bağlı qanunu pozduqlarına görə qızlara uydurma intizam işi açılır, təhsildən uzaqlaşdırılır və "sıfır balla” hədələnir.
Qeyd olunur ki, ən azı 60 qız tələbə hicab taxmaqdan imtina etdiyi üçün məktəbdən çıxarılıb.
"Bizi hicab taxmaqdan imtina etdiyimiz üçün şəhərcikdən kütləvi şəkildə qovurlar və son bir neçə gündə etiraz olaraq dinc aksiya keçirdiyimizə görə vəhşicəsinə təqiblərə məruz qalmışıq”, deyə tələbələrdən biri bildirib.
O əlavə edib ki, təhlükəsizlik qüvvələri hicabsız qızları zorla sinif otaqlarından çıxarır və onlara dəstək verən professorlar da təqib edilir.
Tələbələr həmçinin bildiriblər ki, universitetin təhlükəsizlik xidmətləri yataqxanalarda şiddətli reydlər keçirir, tələbələri sosial şəbəkələrdə etirazçılara və ölüm hökmünə məhkum edilmişlərə dəstək yazıları dərc etdiklərinə görə yataqxanadan çıxarırlar.