İmam Rzanın tövsiyəsi iranlılar üçün əhəmiyyət kəsb edirmi?!
Teref.az olaraq Elnur Rehimoglu Abdullayevin sosial şəbəkələrdə paylaşdığı Ağdam RİH sabiq başçısı N. Sadqovun məqaləsini təqdim edirik:
Hörmətli oxucular, son günlər İran dövlətinin baş bilənləri tərəfindən Azərbaycan xalqının iradəsinin və dövlətimizin apardığı siyasətin əleyhinə qəbuledilməz bəyanatları və çıxışları müşahidə olunur. Qırmızı xətti qara xətlə, qara xətti qırmızı xətlə qarışdırırlar. Mənə elə gəlir ki, İran hökumətinin vəzifəli şəxsləri özləri belə nə istədiklərini anlamırlar. İranda yaşayan minlərlə Azərbaycanlıların hiddətindən qorxmaq istəmirlər. İnanıram ki, İran dövlətinin din xadimləri və dövlət məmurları əvvəl - axır Azərbaycanın haqq işinə dəstək verəcəklər. Bunun üçün onlar İranda yaşayan azərbaycanlıların azacıq da olsa, səslərini eşitməlidirlər.
Mən hesab edirəm ki, İranın dövlət məmurlarının narahat edən əsas səbəb, Azərbaycan dövlətinin davamlı inkişaf etməsi və İranda yaşayan azərilərin “Müstəqil Cənubi Azərbaycan” dövləti yaratmaq arzularından qorxmasıdır. Lakin bütün hallarda, ədalət və həqiqət həmişə qələbə çalacaq bu bəşəriyyətin qanunudur.
Mən 2012-ci ildə İranın din xadimləri və diplomatları ilə əlaqədar olan bir hadisəni oxucuların diqqətinə çatdırmaq istərdim.
2012-ci ildə Ağdam Rayon İcra Hakimiyyətinin başçısı işlədiyim dövrdə rayonumuzda, “Dini etiqadlar azadlığı " mövzusu ilə bağlı geniş miqyaslı rayonlararası müşavirə keçirilirdi. Müşavirədə 10-a yaxın dövlətin diplomatları və din xadimləri iştirak edirdi. Müşavirə öz işini bitirdikdən sonra mən qonaqları çay süfrəsinə dəvət etdim. Qonaqlar çay süfrəsinə əyləşdikdən sonra gördüm ki, Türk diplomatının oturduğu yer giriş qapısının yanına düşüb. Mən istəməzdim ki, Türk diplomatın oturduğu yer onun üçün narahatçılıq yaratsın. Ona görə də mən onu öz yanımda oturmağa dəvət etdim və bildirdim ki Türk diplomatı həmişə yuxarı başda oturmağa layiqdir.
Çay süfrəsinin arxasında eyni zamanda da İran dövlətinin iki nümayəndəsi oturmuşdu. Mən bildiyimə görə, bu cür tədbirlərdə həm din xadimləri həm də diplomatlar iştirak edirlər. Hiss etdim ki, Türkiyəli nümayəndəni yanımda oturtmağım İran diplomatının xoşuna gəlmədi. Elə bu vaxt İran din xadimlərindən biri yarızarafat, yarıciddi şəkildə mənə dedi ki, "Ağayi başçı, müsafirlər arasında ayrı seçkiliyə yol vermək yaxşı iş deyil bu qəbahətdir, yuxarı başa bizi də dəvət edə bilərdiniz".
Sözün düzü, ona cavab verməməyi düşündüm, sonra xasiyyətim məni məcbur etdi ki, danışmalıyam. Üzümü iranlılara tutaraq dedim ki, hörmətli qonaqlar, əslinə qalsa siz düz deyirsiniz , müsafirlər arasında ayrı seçkiliyə yol vermək düzgün deyil. Ancaq biz türklərlə əkiz qardaşlarıq, biz bir-birimizin ağrısını duyuruq, hər birimiz o ağrını özümüzünkü hesab edirik. Biz türkləri ona görə sevirik ki, türklər Azərbaycan xalqının düşmənini öz düşmənləri hesab edərək, Ermənistanı işğalçı təcavüzkar bir ölkə kimi tanıyır və onunla heç bir diplomatik münasibət qurmur. Lakin İran dövləti Ermənistanı uşaq kimi qucağına alıb, onun nazı ilə oynayır maddi və mənəvi dayaq durur.
Həmçinin İran nümayəndələrinə bildirdim ki, İmam Rzanın qəbri İran dövlətinin ərazisindədir və İran əhalisinin əsas inanc yerlərindən biridir. İmam Rza buyurmuşdur: "Zalıma arxa duranın özü, zalımdan də pisdir". İndi siz özünüz fikirləşin Ermənistan dövləti Azərbaycan torpaqlarının böyük hissəsini işğal edib, Azərbaycan vətəndaşlarını qətlə yetirib, Azərbaycanın məscidlərində donuz saxlayıblar. İran dövləti əslinə baxanda bu hərəkətlərlə bizi alçaldır bunun müqabilində biz İran diplomatlarına əl çalıb yuxarı başa keçirəcəyimizi fikirləşirsiz? Mən onlara dedim: Sız bilməlisiniz ki, biz İran dövlətinin iç- üzünü bilirik və eyni zamanda bilirik ki, İran dövləti İmam Rzanın dediyi kimi, ZALIM bir dövlətdir.
Mən sözümü bitirib- bitirməz iranlı nümayəndələr otağı tərk edib getdilər və onlar üçün ayrılmış avtobusa mindilər.
Azərbaycan Respublikası XİN-nın nümayəndəsi mənə təklif etdi ki, gedib onların könlünü alım və yenidən çay süfrəsinə dəvət edim. Mən isə ona dedim ki, nə olur olsun onları geri dəvət etməyəcəm, ancaq siz istəsəniz dəvət edə bilərsiniz.
Bir sözlə, XİN-nin nümayəndəsi iranlıları yenidən çay süfrəsinə dəvət etdi ki, diplomatik qalmaqal yaranmasın.
Bu dəfə onlar özlərini əvvəlkindən fərqli olaraq, iddialı aparmadılar və özünü günahkar iş başında yaxalanmış balaca uçaq kimi apararaq axıra qədər susdular.
Ağdam RİH sabiq başçısı N. Sadıqov
Teref.az
 
 
 

Dünyapress TV

Xəbər lenti