“Ofisiantlar mənim üstümdə savaşırlar”
Bəxşiş, yoxsa rüşvət – Biz bizim gözümüzdə

Ofisianta bəxşiş verməklə aranız necədir? AYNA bu sualı “Facebook” istifadəçilərinə ünvanlayıb. Ətraflı cavabları təqdim edirik:

Könül Orucova: “Fikrimcə, ofisianta bəxşiş vermək həm müştəri, həm də ofisiant üçün xeyirlidir. Bu zaman ofisiant yaxşı xidmət edir, müştəri də xidmətdən daha məmnun olur. Ofisiantların maaşı onsuz da elə yüksək olmur. Hər gün restorana nə qədər adam gəlir. Hər gələn müştəri 1-2 manat bəxşiş verərsə, toplam aylıq gəlirləri normal səviyyədə olar. Əgər restorana getməyə imkanımız çatırsa, ofisianta kiçik miqdarda bəxşiş verməklə kasıblamarıq”.

Vüsal Murtuzəliyev: “Həmişə bəxşiş verirəm. Mədəni, daha yaxşı qulluq edənə daha çox bəxşiş verirəm. Hər iki tərəfin könlü xoş olur. Tələbə vaxtı özüm də ofisiant işləmişəm, əziyyətlərini bilirəm”.

Ceyhun Nəsibov: “Bu, dünyanın əksər hissəsində yazılmamış qanundur. Ölkədən asılı olaraq, sifarişin 5-10 faizi dəyərində bəxşiş verilir”.

İlknur Salamova: “Ən azından hesabın 10-20 faizi qədər bəxşiş verməyə çalışıram. Ancaq ofisiantın davranışları xoşuma gəlməzsə və məhz ondan qaynaqlanan problemlərlə üzləşərəmsə, bəxşiş vermirəm. Məsələn, sifarişi səhv vuran, gigiyenik qaydalara düzgün əməl etməyən, səhv onda olduğu halda müştərini səhv çıxarmağa çalışan ofisiantlara bəxşiş vermədən məkandan ayrılıram”.

Həsən Həsənli: “Əla! Hər zaman bəxşiş verirəm. Çünki hər şey bir qırağa qalsın, ofisinatların maaşı az olur. İşlədikləri məkan alacaqları bəxşişi nəzərə alıb yüksək maaş vermir”.

Sahib Altay: “Yaxşıdır. Xidmət yaxşı olanda bəxşiş verirəm. Ofisianta bəxşiş vermək ənənəsi XVI əsrdə Böyük Britaniyada yaranıb. İngilislər kiməsə qonaq gedib qalanda evin qulluqçusuna bəxşiş verirdilər. Sonradan bu, bir ənənəyə çevrildi və restoran mədəniyyəti kimi formalaşdı. Amma Sinqapurda ofisianta bəxşiş vermək qadağandır. Bəxşiş verən şəxs cərimələnir. Əsas gətirirlər ki, bu, qarşındakı insanı rüşvətə təşviq edir və ikinci əsas kimi deyilir ki, ölkəmizdə ofisianta yetərincə məvacib verilir ki, ona bəxşiş təqdim olunmasın”.

Ruslan Rəhimov: “Xidmət yaxşı olsa, restoran da hesabın üstünə "xidmət haqqı" əlavə etməsə, ofisiantlara mütləq bəxşiş verirəm”.

Fərid Balaşov: “Ofisianta əlavə iş gördüyü halda, məsələn, mənə xüsusi qulluq etdiyində bəxşiş ödənməsi normaldır. Amma restoranda sifariş verdiklərimi mənə gətirdiyi üçün ona bəxşiş verməyə borclu deyiləm”.

Elvin Cavadzadə: “Formalaşmış ənənə olub deyə yaxşı xidmətə görə bəxşiş verirəm, amma əslində xidmət sektorunda (musiqiçilərdən tutmuş hamısına aiddir) bunu doğru hesab etmirəm. Xalqa güvənib onlara az maaş verirlər ki, qalanını xalqdan alsınlar. Üstəlik, çox vaxt bəxşiş verməyənə yaxşı xidmət etmirlər. Əslində isə ofisiant aldığı məvacib müqabilində lazımi xidmət göstərilməlidir”.

Nəzakət Məmmədova: “Bəzi yerlərdə məcburi xidmət haqqı var: 10-15 faiz. Bu, doğru deyil. Çaypulu bütün dünyada müştəri tərəfindən ofisianta verilən könüllü bəxşişdir, yalnız Azərbaycanda üzlülüyünə salıb obyekt sahibləri məcburi çaypulu qopardır, hamam suyundan özünə dost tuturlar. Ofisianta az maaş verməyinin əvəzini bu yolla müştərilərdən çıxırlar”.

Fəqan Əzimli: “Hər birimiz maaşdankənar qazanc əldə edib ən azından maaşa qədərki xərclərimizi ödəməyə çaılışırıq. Məsələn, gediş haqqı, nahar xərcləri və s. Eyni qaydanı ofisianta da aid etmək mümkündür. Lakin burada bir məqamı qeyd etməsəm, olmaz. Ofisiant deyib keçməyək. Hər peşənin bir peşəkarı var. Ofisiant heç kimdən əlavə ödəniş tələb etmir, biz bunu öz iradəmizlə edirik ki, bu da onların halalıdır. Sonda sərt fikir səsləndirməli olsam da, bildirməliyəm ki, evində həyat yoldaşından çay istəməyə cürət edə bilməyən "kişi" restoranda ofisianta "tez ol", "cəld ol", "nə oldu, harada qaldın?!" kimi tələblər qoyur, sanki ürkək dananın otunu-suyunu gecikdirmisən”.

Sevil Gültən: “Restorana çox da getmirəm. Arabir məcbur olub hardasa yemək yeyəndə heç vaxt pulun qalığını götürmürəm. Lap 50 qəpik də olsa, qalır. Gün ərzində 20 nəfər onlara 50 qəpik versə, 10 manat edər. Bilirəm ki, onlara verilən maaş əziyyətlərinin tam haqqı deyil”.

Rauf Muradov: “Mən xoş rəftar, işinin ustası olan ofisianta bəxşiş verirəm. İngiltərədə maraqlı bir şeyin şahidi olmuşam, bəzi restoranlarda verilən bəxşişləri bir qutuya yığıb işin sonunda ofisiantlar arasında bölürlər. Bəzi restoran sahibləri isə bəxşişləri ofisiantlardan alıb özünə götürürlər”.

Amil Əhmədov: “4 il tələbə vaxtı, 2 il əsgərlikdən sonra ofisinat kimi işləmişəm. Buna görə sözügedən sahəyə yaxşı bələdəm. Hər kəsin nazı ilə oynamaq lazımdır, amma müştəri həddi aşmayana qədər. Yeməyi qabağına qoyub qaçmayan ofisianta bəxşiş verirəm. Saatlarla ayaqüstə dayanan, geyiminə fikir verən, səliqəli ofisinatlar çox əziyyət çəkirlər. Bəxşiş onların haqqıdır”.

Azər Qismət: “Ofisiant yaxşi qulluq edəndə “çaypulu” verirəm. Pis baxanda “sağ ol” da demirəm. Hər halda bəxşiş verərkən xoş ünsiyyəti və gözəl servisi nəzərə almaq lazımdır. Araşdırmalara görə, ən çox “çaypulu” verən ölkə Amerikadır. Almaniyada isə müştərilər bu əməldə xəsislik edənlər sırasındadırlar. Azərbaycanlı müştərilər isə “nəm-nüm” edirlər. Səbəb də budur ki, onsuz da ofisiant öz pulunu hesaba əlavə edir və bəxşişə ehtiyac yoxdur. Bəlkə də haqlıdırlar”.

Gülər Seymurqızı: “Baxır necə ofisiantdır. Elələri var ki, həqiqətən onlara bəxşiş verməyə dəyər. Çünki insanlığı, hərəkətləri və mədəniyyəti adamı heyran edir. Düzdür, belələrinə çox az rast gəlirəm. Amma ofisianta bəxşiş verməyə ümumilikdə yaxşı baxıram. Təbii ki, heç düşümənədən, cibimdə pul olanda bəxşiş verirəm”.

Adəm Abbaslı: “Şəxsən mənim paytaxtın bir neçə yerində oturub yemək yeyə biləcəyim, nə isə içə biləcəyim kafe, restoran var. İnanın ki, oranın ofisiantları məni görəndə sevinirlər. Bilirsiniz niyə? Çünki mən hər dəfə onlara 2-3 manat əlavə verirəm ki, könülləri xoş olsun. Bəlkə də inanmazsınız, bir neçə dəfə ofisiantlar mənim üstümdə savaşıblar da. Administrator gəlib mənə deyib ki, “ay müəllim, bu uşaqları pis öyrədibsiniz”. “Müəllim xoş gəldin" deyən də var, “əmi”, “dayı” deyən də. Tez gəlib masanı təmizləmək, gülab suyu təklif etəmək, "nə qulluq eləyək?" sualını elə ürəkdən deyirlər ki, adam az qalır orada nə var hamısını yesin. Yəni mən o əlavə pulu onlar az maaş alır, imkanları aşağıdır deyə vermirəm. Mənim üçün "xoş əziyyət" çəkdikləri üçün verirəm. Halal xoşları olsun!”.

Nəticə: Sorğuda iştirak edən respondentlərin əksəriyyəti gülərüz, səliqəli xidmət müqabilində ofisianta bəxşiş verdiyini deyir. Çoxluğun fikrincə, ofisinatların maaşı az olduğuna görə, xidmət haqqı hesaba əlavə edilmirsə, bəxşiş vermək bir mədəniyyətdir.

Müəllif: Aləmdə Nəsib

Dünyapress TV

Xəbər lenti