Parlament seçkilərindən sonra Gürcüstanda toqquşmaların və iğtişaşların baş verməsi "demək olar, qaçılmazdır". Çünki hökumət də, müxalifət də qələbəyə ümid edir.
Böyük Britaniyanın "Financial Times" nəşri belə yazır.
Seçki kampaniyasının sonlarına doğru həm hakim partiyanın, həm müxalifətin reytinqləri ilə bağlı sorğu nəticələri açıqlandı. "İmedi" telekanalının açıqladığı nəticələrə görə, hakim "Gürcü arzusu" partiyası seçicilərin 60 faizinin səsini ala bilər. Hökumətin "vahid "Milli Hərəkat" adlandırdığı müxalifət partiyaları isə, birlikdə 50 faizlik nəticəyə ümid bağlayıb.
"Gürcü arzusu" ən başdan bəri öz qarşısına seçkilərdə "Konstitusion çoxluq" qazanmaq hədəfini qoyub. Bu, həm hökumətin təkbaşına formalaşdırılması, həm də prezident Salome Zurabişviliyə qarşı impiçment prosedurunu başa çatdırmaq üçün lazımdır. "Gürcü arzusu" partiyası indiki prezidenti vəzifəsindən götürdükdən sonra öz içindən prezident seçəcək. Bu, birmənalıdır. İndiki Prezident Salome Zurabişviliyə "Gürcü arzusu" reneqat kimi baxır. O, hakim "Gürcü arzusu" partiyasının verdiyi səslər hesabına prezident seçilsə də, sonradan cinahı dəyişib, müxalifətin tərəfinə keçib. Parlamentdə ona qarşı impiçment proseduru keçiriləndə isə Mixeil Saakaşvilinin qurucusu və lideri olduğu Milli Hərəkat Partiyasının dəstəyi ilə Zurabişvili öz postunu qoruyub saxlaya bilmişdi. İmpiçmentin formal səbəbi isə Prezidentin dəfələrlə hökumətlə razılaşdırmadan xarici səfərlərə getməsi olub. Bu addımların Konstitusiyaya zidd olduğunu daha əvvəlki impiçment cəhdi ərəfəsində Gürcüstanın Konstitusiya Məhkəməsi də təsdiq etmişdi. Üstəlik Zurabişvilinin həmin səfərlər zamanı Qərb ölkələrindən və beynəlxalq təşkilatlardan istədiyi "Gürcü arzusu" iqtidarına və şəxsin partiyanın qurucusu və fəxri sədri Bidzina İvanişviliyə qarşı sanksiyaların tətbiqi idi. Hazırda da Zurabişvili faktik olaraq müxalifət lideri, müxalifət alyansının birləşdirici fiquru kimi çıxış edir. Onun egidası altında bu seçkilərdə müxalifət partiyaları "Gürcü Xartiyası" imzalayıb. Bu sənədə imza atan partiyalar 5 faizlik baryeri aşaraq parlamentə seçilsələr, "Gürcü arzusu" ilə hökumət koalisiyasına getməmək, eləcə də, müxalif alyansın qələbəsi olarsa, baş nazirin namizədliyini verməyi Salome Zurabişviliyə həvalə etmək öhdəliyi götürüb. "Gürcüstan Xartiyası" ilə müxalifət partiyaları faktik olaraq Zurabişvilini özlərinə lider seçiblər. Hərçənd Gürcüstan Konstitusiyasına görə ölkə prezidenti partiyalarüstü bir vəzifədir. O, heç bir siyasi partiyanın üzü ola bilməz. Prezidentin vəzifəsi onun tərəfsiz olmasını tələb edir. Salome Zurabişvili heç bir partiyada təmsil olunmasa da, siyasi baxımdan tərəf tutub və bu da hakim partiyanın gözündə və ümumiyyətlə, tərəfsizliyini itirməsi ilə nəticələnib. Zurabişvili bununla da Konstitusiyaya zidd gedib. İndi onun öz vəzifəsində, siyasətdə və hətta azadlıqda qalması "Gürcü arzusu" partiyasının deyil, müxalifət alyansının qələbəsindən asılıdır. Ona görə də seçkiqabağı son müsahibəsində deyib: "Gürcü arzusu" qalib gəlsə, məni həbs edib türməyə göndərəcək". Ona görə də hakim partiyanın qələbə qazanmaq ehtimalını hətta müzakirə etmək belə istəməyib.
Belə görünür ki, Gürcüstanda, doğrudan da, inqilab ssenarisi işə salınacaq. Əlbəttə, əgər "Gürcü arzusu" qələbə qazansa. Nəzərə alınsa ki, "Gürcü arzusu" partiyasının siyasi reytinqi daha yüksəkdir, deməli, hətta Konstitusion çoxluğu götürə bilməsə də, ən azı parlamentdə sadə çoxluğu qazana bilər. Ən pis halda koalision hökumət qura bilər. Bu da o deməkdir ki, Qərbin Gürcüstanda hakimiyyəti inqilab yolu ilə dəyişməkdən başqa variantı qalmaz (əlbəttə, əgər "Gürcü arzusu" koalisiya ortağına möhtac qalacağı təqdirdə müxalifətdən ortaq tapa bilməsə). İnqilaba cəhd ediləcəyi təqdirdə isə, Qərb bunu keçid dövrü üçün prezident Salome Zurabişvilinin üzərində qurur. Başqa sözlə, Qərb Zurabişvilini "rəngli inqilab"ın lideri təyin edib. Müxalifət qələbə qazanarsa, "texniki hökumət" quracağı, partiyasız baş nazir seçəcəyi haqda Zurabişvilinin bəyanatı da bundan xəbər verir.
"Gürcü arzusu"na gəlincə, seçkilərdən gözləntisini ən yüksək həddə çatdırsa da, əks-inqilabları da qurub. Artıq bu mümkün inqilabın maliyyə və informasiya infrastrukturuna qarşı əməliyyatlar həyata keçirilir. Həbslər, axtarışlar, yeni cinayət işləri var.
Xatırladaq ki, bir neçə gün əvvəl Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti də seçkilərə və seçkidən sonrakı proseslərə mümkün müdaxilə haqqında bəyanat vermişdi. Əməliyyat şəraitinin nəzarət altında olduğunu da söyləmişdi.
Beləliklə, parlament seçkilərindən sonra Gürcüstanda inqilaba cəhd olunacağı "Financial Times" nəşrinin yazdığı kimi, "demək olar, qaçılmazdır". Ancaq Gürcüstan hökuməti "lokal müharibə partiyası" adlandırdığı müxalifətin siyasi hakimiyyəti qanunsuz yolla ələ keçirməsinə imkan verməmək əzmindədir. Siyasi ekspertlər də hesab edir ki, inqilabın qarşısını almaq üçün kifayət qədər legitim resurslar var.
Orxan, Bizimyol.info