Bu addım Qərbə görə deyil də, öz sivil inkişafımıza görə atılmalıdır.
Qərb mediasında, institutlarında, siyasətçilərin açıqlamalarında Azərbaycana yönəlik haqlı-haqsız, əsaslı-əsassız tənqidlər artıb. Azərbaycanda bu tənqidlərə reaksiyalar isə təəccüb doğurur, yəni, məsələn, dünyada milyonlarla oxucusu olan “New York Times” qəzetində çıxan tənqidi məqaləyə Azərbaycanda 15 nəfərin oxuduğu “Səs” qəzetində palaz boyda cavab yazırlar, ya da, məsələn, dünyanın 100-ə yaxın ölkəsində yayımlanan CNN-də gedən tənqidə AZTV cavab verir – belə yanaşma ilə təbliğat, və ya, əks-təbliğat aparmaq olmaz, bu effektiv deyil.
İndi gələk tənqidlərin haqlı və əsaslı tərəflərinə - dəfələrlə demişik, yazmışıq ki, 21-ci əsrdə Azərbaycanda siyasi məhbus olmamalıdır, bu ayıbı birdəfəlik qapatmalıyıq. Bu addım Qərbə görə deyil də, öz sivil inkişafımıza görə atılmalıdır. Media azadlığı ilə bağlı əsaslı tənqidlərə cavab olaraq ölkə daxilində media ciddi inkişaf edib mövzu çərçivəsinin genişlənməsinə şərait yaradılmalıdır. Hökumət anlamalıdır ki, daxildə media resurlarını sıxdıqca, azadlıqlarını məhdudlaşdırdıqca, camaat xaricdən yayımlanan, müxtəlif maraqlara xidmət edən, kontenti daha çox söyüş-yalan olan, bəzən elə ölkə daxilində bəzi pullu qrupların sifarişləri ilə yayımlar təşkil edən İnternet Tv-ləri populyarlaşdırırlar. Bu sadə korelyasiyanı görmürlərmi? Görürlərsə, nədən daxildə yayımlanan media resurslarına normal şərait yaratmırlar?!
Əsaslı tənqidlərdən biri də QHT, sivil toplum sektorunun acınacaqlı durumudur. Sivil toplum nümayəndələrinə qarşı açılan cinayət işlərinin əsas iddiası nədir – bəli, qaçaqmalçılıq. Nədən bu ittiham verilib – iddia edilir ki, o şəxslər kanardan nəğd pul gətirərək ölkədə layihələr həyata keçiriblər. Yaxşı, nədən bu durum yarandı – bəli, ona görə ki, ölkə daxilində QHT qanunvericiliyi sərtləşdirildi, işləmək üçün imkan daraldıldı, ona görə də, bu sahədə müxtəlif üsullarla maliyyələşmə imkanları yarandı. Dövlət də bu maliyyədən xəbərsiz qaldı – yaxşı, əvvəl necə idi?! Qanunlar sərtləşdirilənə qədər bütün layihələr Ədliyyə Nazirliyində bildiriş üsulu ilə qeydiyyatdan keçirdi, QHT-lər Azərbaycan banklarında hesab açırdılar – bütün vəsait dövriyyəsini dövlət orqanları açıq görürdülər. Yaxşı, sizin tam nəzarətinizdə olan bu sistemi nədən pozub bu sektoru qeyri-leqal fəaliyyətə doğru itələdiniz ki, bundan da Qərbin bəzi dairələri istifadə edib sektoru tam nəzarətə almağa çalışdı?! Yaxşı olmazmı ki, REAL Partiyasının 3 il əvvəl QHT qanunvericiliyinə təklif etdiyi 4 təməl dəyişiklikləri qəbul edək, QHT sektorunu LEQAL və ŞƏFFAF sahəyə çəkək, bundan sonra qeyri-leqal fəaliyyət göstərənləri cəzalandıraq?! Bu axı çox sadə bir yoldur, cözüm yoludur.
İndi gələk Qərbin haqsız, əsassız, mənasız, qərəzli və qəbuledilməz fikirlərinə və bu fikirləri siyasi arqumentlərlə darmadağın edilməsi yollarına:
1) İlk növbədə Qarabağ canilərinin, separatçılarının adlarının “siyasi məhbus” kimi təqdim edilməsinin qarşısı kəskin şəkildə alınmalıdır. Bunun üçün Ukrayna örnəyini (ümumiyyətlə, Rusiyanın Ukraynaya təcavücü və Ukraynanın mücadiləsi beynəlxal aləmdə bizim məsələnin izahı üçün çox yaxşı təməldir) qabartmaq lazımdır – Ukrayna, öz ərazisində, Krım, Donbas, Zaparojye, Xerson separatçılarını, kollabarantları harda əli çatırsa məhv edir, imkan düşəndə isə həbs edir, bu gün Ukrayna zindanlarında onlarla separatçı var – yaxşı, Qərb bunlarıdamı “siyasi məhbus” sayır?! Ukrayna haqlı olaraq separatçıları məhv edəndə Qərb Kiyevin əlindənmi tutur?! Təbii ki, yox, hətta kəşfiyyat məlumatları ilə kömək edir. Bu məsələni beynəlxalq miqyasda məhz bu arqumentlə təqdim etməliyik,
2) Qərbin bəzi dairələrinin Azərbaycanın 44 günlük savaşı və 2023-cü ildə apardığı anti-terror əməliyyatına qərəzli və mənasız münasibətini də Ukrayna “case” ilə gözəl izah etmək olar – Ukrayna nə deyir və istəyir?! Bəli, 1991-ci il sərhədlərinə çıxmaq, separatizmi və işğalı biritmək istəyir. Bunun üçün Qərbin onlarla ölkəsi Ukraynaya silah-sursat, maddi yardım edir. Azərbaycan nə etdi – bəli, 1991-ci sərhədlərini bərpa etdi, separatizmin kökünü qazdı. Yaxşı, Ukrayna eyni məqsəd üçün çalışır – dəstək görürsə, eyni addımları Azərbaycan atanda nədən etiraz edirlər?! Qərb separatizmi dəstəkləyir?! Yaxşı, dəstəkləyirsə, Rusiyaya haqq qazandırsın da, Rusiya separatizmi Ukraynada yaymaqla, Ukraynanın ərazi bütövlüyünü çeynəməklə məşğuldur, eyni şeyi 30 ildir ki, Ermənistan, elə həmin Rusiyanın birbaşa dəstəyi ilə edirdi – Azərbaycan məhz Ukrayna kimi davrandı, amma Ukraynadan fərqli olaraq bu işi bacardı, öz suverenliyini tam bərpa etdi,
3) Qərbin bəzi dairələrinin, “Azərbaycan etnik təmizləmə edib”, kimi axmaq iddialarını da Ukrayna örnəyi tam çürüdür. Müharibə zamanı şanlı Ukrayna Ordusu öz əzmkarlığı və böyük itkilər hesabına Xarkov, Xerson, Zaparojye vilayətlərinin Rusiya tərəfindən işğal etdiyi, elə bizim Qaradağ qədər ərazini Rusiya tapdağından, işğaldan azad etdi. Ukrayna ordusu öz torpaqlarını düşməndən azad edərkən, hücuma keçib ərazi bütövlüyünü bərpa etməyə çalışarkən, elə həmin ərazilərdə yaşayan 250-300 minə yaxın Ukrayna vətəndaşı öz ölkəsinin ordusunun gəldiyini görərkən Rusiya tərəfinə keçdi, həmin ərazilərdən Rusiya ərazisinə köç etdilər, daha çox Volqa çayı boyu ərazilərə getdilər, Rusiya pasportunu qəbul etdilər – bir daha, söhbət könüllü olaraq Rusiya pasportunu Krım və Donbasda qəbul edən 3 mln. dan çox ukraynalıdan getmir, söhbət məhz müharibə dövründə Ukrayna Ordusunun öz ərazilərini işğaldan azad edən zaman Rusiya tərəfinə köçmüş adamlardan gedir – yaxşı, Qərbin bəzi dairələrinin şikəst məntiqi ilə Ukrayna ÖZ ərazisində etnik təmizləmə hayata keçirib, eləmi?! Təbii ki, yox, Qərb də bunu bilir, Ukraynanın bu addımlarına heç bir irad bildirmir. Yaxşı,birə-bir eyni situasiyada, hətta Azərbaycanın daha çox humanist davrandığı şəraitdə, Azərbaycan ordusunun gəldiyini görüb Azərbaycanda yaşamaq istəməyərək dinc şəkildə, heç bir təhlükəli vəziyyət yaşamadan Ermənistana köçdülər – bunun harası “etnik təmizləmədir”?! Bunu elə adlandırırsınızsa, Ukraynanın etdiyinə nə deyirsiniz?!
Bu məsələr ciddidir, ağıl, səbr, hekəya quruculuğu bacarı tələb edir və ən əsası – ölkəmizə yönəlik haqlı tənqidlərin səbəbləri tam aradan qaldırılmalıdır ki, nəticə də dəyişsin.
Natiq Cəfərli
TEREF
 

Dünyapress TV

Xəbər lenti