Zərdüşt Əlizadə hansı mövzudan danışmasından asılı olmayaraq müxalifəti qaragüruhçu, səviyyəsiz kimi təqdim etməyə, xalqın isə onun dahiyanə ideyalarını anlamaq qabiliyyətində olmadığını sübut etməyə çalışır. Son müsahibəsində də sosial şəbəkə istifadəçilərinin 98 faizinin kəmsavad, 1-2 nəfəri çıxmaq şərtilə müxalifət təmilçilərinin də zəka sahibləri olmadığını iddia edərək belə qanmaz adamların indi sosial şəbəkələrdə cəmiyyətə ağıl dərsləri keçməsinə etiraz edib. Əslində həmişə hamıya ağıl dərsi keçmək iddiasında olan elə Zərdüşt Əlizadənin özüdür. Sözügedən müsahibəsində də Zərdüşt bəy adəti üzrə yenə bizlərə ağıl dərsi keşməyə cəhd edib. Fransanın hazırda tutduğu mövqe ilə əlaqədar müxbirin verdiyi konkret suala cavab verməkdən ustalıqla yayınan Zərdüşt bəy hesab edir ki, barış yolu tutulsaydı indinin özündə “sıfır itki ilə” torpaqlarımızı işğaldan azad etmək olardı. Belə düşünməyin ki, hörmətli Zərdüşt bəy iqtidardan narazıdır. Xeyr, o iqtidardan çox razıdır. Hətta hesab edir ki, müxalifətçilər qələbə münasibəti ilə təbrik etmək üçün əl uzatsalar belə, İlham Əliyev onlara əl uzatmalı deyil. Çünki, “müxalifətçi rolunu oynayan siyasi artistlərə” onun ehtiyacı yoxdur. Yaltaqlığın incəliyinə bir baxın. Hər adamın bacardığı bir iş deyil. Söhbətin konkret hansı müxalifətçilərdən getdiyi müsahibədə konkret deyilməsə də, görünən odur ki, “realçılar” müxalifət daxilində olan bir - iki nəfər zəkalı qrupuna, “cəbhəçilər” isə (Musavatın adını tutmasa da, şübhəsiz ki, bu konteksdə AXC - Musavat cütlüyü nəzərdə tutulur) kəmsavad siyasi artistlər qrupuna aid edilib. Adam sosial - demokrat ideolojisinin tərəfdarı olduğunu iddia edir. Sosial - demokratlar həm də cəmiyyətdə həmrəylik tərəfdarı olmalıdırlar. Bu necə həmrəylik tərəfdarıdır ki, hər fürsətdə xalqa həqarət edir, müxalifətçiləri aşağılayır. 33 il əvvəl cəbhədaxili siyasi mübarizədə məğlub olması ilə yaranan incikliyi səbəbindən “cəbhəçilərə” qarşı kini adama hələ də rahatlıq vermir. 90 - cı illərdə fəaliyyət göstərən otuzadək siyasi partiya və ictimai qurumun birləşdiyi “Dəyirmi Masa” adlı qurumda hörmətli Zərdüşt Əlizadə ilə bir müddət sıx əməkdaşlıq etmişik. Həmin qurumda icra orqanının rəhbəri (əslində “qara fəhləsi”) kimi ölkədə milli birliyə nail olmaq üçün çox çalışdım. Zərdüşt bəy xalq hərəkatının tanınmış simalarından biri kimi “Dəyirmi Masa”da çox fəal idi. Həmin illərdə Qarabağ ermənilərinə ən yüksək statusun verilməsi çərçivəsində rəsmi danışıqlar gedirdi. Azərbaycan vasitəçilər tərəfindən təklif olunan iki layihəni qəbul etmişdi, amma ermənilər həmin layihələri qəbul etmədilər. Üçüncü layihəyə görə, həmin vaxt 9 milyon əhalisi olan Azərbaycan qondarma “DQR”-lə “ümumi dövlət” yaratmalı, xarici siyasətini “DQR”-lə razılaşdırmalı idi. Heydər Əliyev bu təklifi rədd etdi və sonradan həmin layihələr hətta Azərbaycanın rəsmi mətbu orqanlarında dərc olundu. Göründüyü kimi, Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarının nəticəsində nəinki işğaldan azad olunan torpaqlarımızı azad edə bilməzdik, hətta suveren hüquqlarımız belə qondarma qurum tərəfindən məhdudlaşdırılırdı. Həmin dövrdə indi kimlərisə “müxalifətçi rolunu oynayan siyasi artistlərə” bənzədən “zəka və ağıl dəryası” cənab Əlizadə məhz iqtidarın o vaxt dəstəklədiyi “ən yüksək muxtariyyət” modelinə siyasi dəstək verir, həmin mövqenin “Dəyirmi Masa”da qəbul edilməsinə çalışırdı. “Dəyirmi Masa”nın iclaslarından birində Zərdüşt bəyin bəlağətlə təbliğ etdiyi “Aland modeli”nin (Finlandiyada isveçlilərə verilən muxtariyyət) faktiki anneksiya olunan Qarabağda tətbiq olunmasının qeyri-mümkünlüyünü arqumentlərlə izah etdikdən sonra müəllifi olduğum “Ədalətli sülh konsepsiyasının” müddəalarını yığıncaqda iştirak edənlərin diqqətinə çatdırdım və iclasdakılar mənim mövqeyimi tam dəstəklədilər (Bu gün də aktual olduğunu nəzərə alaraq həmin konsepsiyanın “Milli kitabxana” saytında saxlanan qısa versiyasını şərhlər bölümündə yerləşdirirəm). Yaxşı yadımdadır, iclasdan sonra Zərdüşt bəy qapının qarşısında iştirakçılarla sağollaşanda mənə dedi ki, əslində müharibə konsepsiyası yazıb, adını da sülh konsepsiyası qoyubsan. Mən də cavabında dedim ki, sülh yolu ilə Qarabağı vermək olar, almaq olmaz. Zərdüşt bəy iclasda qəbul edilmək üçün hazırladığı qərar layihəsi olan kağızı hirslə əlində sıxıb əzərək yerə vurdu və dönüb otağına getdi. Həmin gündən sonra “Dəyirmi Masa”nın heç bir iclasına da gəlmədi. Sonradan mətbuatda məni nəzərdə tutaraq yazmışdı ki, bəzi müxalifətçilər hələ də 1988-ci il səviyyəsində qalıblar. Mətbuatda dərc olunan ilk böyük analitik yazımda (“Kuda mı idem”, “Müxalifət” qəzeti, 15.10. 1991). “simmetrik status” ideyasını irəli sürmüşəm. Bu gün də eyni mövqedəyəm. Yəni, azərbaycanlılar Ermənistana qayıtmasa, ermənilər də Azərbaycanda yaşamayacaq. Əgər köçkün ermənilərin qayıtmasına tərəfdarsansa, onda eyni sayda azərbaycamlıların da Ermənistana qayıtması tələbini qoymalısan. Ədalətli sülh hər iki tərəf üçün məqbul olan sülhdür. Bu mənim dəyişməz mövqeyimdir. Zərdüşt bəy isə əvvəlki kimi “qrantpərəst” (oxu: “ermənipərəst”) mövqeyindədir, ermənilərin Qarabağa qayıdışına tərəfdardır. Vaxtılə “vuruşmadınız, torpağı qoyub qaçıb gəldiniz Azərbaycana” deyərək həqarət etdiyi Qərbi azərbaycanlıların öz yurdlarına qayıtması tələbini heç vaxt qoymur, silah gücünə zorla evlərindən qovulan soydaşlarımızın hüquqlarının qorunmasını beynəlxalq təşkilatlar qarşısında qaldırmır, çünki buna görə ona qrant verən olmayacaq. “Siyasi artistlik” deyilən məsələ də məhz budur. Merkantil maraqların əsiri olan birinin xalqa ağıl dərsi vermək iddiasında olması özü qəbahətdir, amma həmin adamın xalqı kəmsavad, müxalifəti zəkasız hesab etməsi isə tam anormallıqdır. Vaqif Hacibəyli Teref.az