Burda kimin başbilən olduğunu onlara göstərərik:
Təlimlərin rəsmi məqsədi – Ukrayna ordusu ilə NATO qoşunları arasında qarşılıqlı fəaliyyətin təşkilidir.
Minlərlə əsgər, yüzlərlə zirehli texnika, onlarla təyyarə və gəmi — Ukrayna NATO ilə birgə son illərin ən irimiqyaslı "Sea Breeze 2021" təliminə hazırlaşır. RİA Novosti-nin şərhçisi Andrey Kots yazır ki, Moskva əmindir: qoşunların döyüş hazırlığının yoxlanmasından başqa Pentaqonun başqa, gizli məqsədləri də var.

Aşkar məqsəd

Ukrayna ərazisində "Sea Breeze" təlimləri 1997-ci ildən etibarən praktiki olaraq hər il keçirilir. Lakin indiyə qədər təlimlərdə bu qədər insan iştirak etməyib. Belə ki, Ukrayna silahlı qüvvələri ilə yanaşı təlimlərdə əksəriyyəti NATO-ya daxil olan 27 ölkənin əsgər və zabitləri iştirak edəcəklər.

Ukrayna Müdafiə Nazirliyinin rəsmi press-relizlərinə əsasən, manevrlərə 4 minə qədər hərbi qulluqçu, 40 döyüş gəmisi, kater və təminat gəmisi, 30 təyyarə və vertolyot, habelə 100-dən çox yerüstü texnika cəlb olunacaq.

Təlimlərin rəsmi məqsədi – Ukrayna ordusu ilə NATO qoşunları arasında qarşılıqlı fəaliyyətin təşkilidir. Ssenariyə əsasən, koalisiya qüvvələri "qonşu dövlətin hərtərəfli yardım göstərdiyi" "qanunsuz silahlı birləşmələrin" fəaliyyəti nəticəsində yaranan "böhran vəziyyətinin nizamlanması"na cəlb olunacaq. "Qanunsuz birləşmə" dedikdə söhbətin "Donetsk xalq respublikası" və "Luqansk xalq respublikası"nın xalq milisi bəlmələrindən getdiyini başa düşmək üçün politoloq olmaq gərək deyil.

Təlimlərin dənizdə keçiriləcək hissəsi çoxmillətli gəmi birləşməsinin yaradılması, donanmanın quru qoşunları və aviasiya ilə qarşılıqlı fəliyyətinin təşkili, dəniz desantının tətbiqi məqsədi daşıyır.

Quruda isə əməliyyatların NATO standartlarına uyğun qərargah planlaşdırılması, canlı qüvvə və vasitələrin yerinin dəyişdirilməsi, dənizkənarı istiqamətdə hücum məşq ediləcək. Aviasiya havadan kəşfiyyat aparacaq, hədəflərə zərbələr endirəcək, habelə qoşunları və yükləri daşıyacaq.

Manevrlər iki mərhələdə keçiriləcək. İyunun 28-də başlanacaq birinci mərhələ çərçivəsində idarəetmə və rabitə məntəqələri qurulacaq, əməliyyatlar planlaşdırılacaq, döyüş gəmiləri dəstələri yaradılacaq və aviasiyanın yeri birləşmə aerodromlarına dəyişdiriləcək.

İkinci mərhələdə müttəfiq qoşunlar bütün mümkün atəş vasitələrindən şərti düşmənin suüstü və sualtı gəmilərinə zərbələr endirəcək, yürsütü hədəflərə hücum edəcək, habelə hava hücumundan və sualtı qayıqlardan müdafiəni təşkil edəcəklər.

Xüsusi təyinatlılara ümid

Bütün bunlar Moskvanı narahat etməyə bilməz. Belə ki, təlimlərin ən aktiv fazası Rusiya sərhədlərinin bilavasitə yaxınlığında keçiriləcək. Rusiya Müdafiə Nazirliyinin rəsmisi general-mayor İqor Konaşenkovun sözlərinə görə, onun təmsil etdiyi qurum "Sea Breeze"in gedişini diqqətlə izləyəcək və yaranmış vəziyyətə adekvat reaksiya verəcək.

"Təlimlər Qərb ölkələrinin Rusiyanın cənubi-qərb sərhədlərində hərbi potensialının gücləndirilməsi ilə bağlı bitməyən ittihamları fonunda keçirilir. Bundan əlavə, manevrlər adı altında NATO Ukraynaya müasir silahlar, sursat və Ukrayna qoşunları üçün əmlak gətirməyi planlaşdırır. Gələcəkdə, əvvəlki illərdə olduğu kimi, bütün bunlar Ukrayna silahlı qüvvələrinə və Donetsk və Luqanskın Kiyevin nəzarətində olmayan rayonları yaxınlığında yerləşən millətçi birləşmələrə ötürüləcək", - deyə Konaşenkov bildirib.

General onu da bildirib ki, adı çəkilən təlimin həm adı, həm də statusuna görə dəniz təlimi sayılmasına baxmayaraq, hərbi fəaliyyətlərin həqiqi sərhədləri Qara dəniz akvatoriyasının Ukraynaya məxsus hissəsindən çox kənara çıxır.

Konkret olaraq məlumdur ki, müxtəlif ölkələrin xüsusi təyinatlı qüvvələri tərəfidən tapşırıqların bigə həlli, onların paraşütlər və hücum taktikası ilə - vertolytlardan əraziyə desant edilməsi, habelə xüsusi təyinatlı döyüşçülərin təchiz olunmamış sahilə çlxarılması tapşırıqları məşq olunacaq.

Kiyevdə dəfələrlə Rusiya xüsusi əməliyyat qüvvələrinin (XƏQ) "işğal olunmuş" Krımda əməliyyat keçirməyə hazır olduunu dilə gətiriblər. Aşkar görünür ki, Qərb müttəfiqləri bunu təcrübədə yoxlamaq istəyirlər.

Güc nümayişi

"Sea Breeze" — NATO-nun son zamanlar Qara dəniz regionunda Rusiyaya qarşı etdiyi yeganə hərəkəti deyil. Belə ki, mayın 28-də Portuqaliya sahillərində "Steadfast Defender" hərbi-dəniz təlimləri başlanınb ki, onlar da yaxın vaxtlarda Qara dənizə keçirilməlidir. Birləşmiş eskadranın flaqmanı Böyük Britaniyanın gəmidaşıyan "Queen Elizabeth" gəmisidir. Həmin gəmi ilk dəfədir ki bu qədər uzaq məsafəyə səyahət edir, ümumilikdə isə təlimlərdə iyirmiyə qədər gəmi iştirak edir.

İngiltərənin "Daily Mail" qəzetinin məlumatına görə, bu təlimlər qəsdən iyunun ortalarında Cenevrədə keçirilməsi planlaşdırılan yüksək səviyyədə Rusiya-ABŞ danışıqlarına həsr olunub. Məcmuənin qənaətinə görə, Vladimir Putinlə Co Baydenin görüşü ərəfəsində NATO qəsdən hərbi-dəniz qüdrətini nümayiş etdirir və bununla da Kremlə müəyyən siqnallar verir.

Lakin eyni zamanda Şimali Atlantika alyansı nümayəndələri and içərək bildirirlər ki, manevrlərin Rusiyaya heç bir dəxli yoxdur və yalnız Qərbin regionda nüfuzunun möhkəmləndirilməsinə yönəlib. Lakin ingilis jurnalistləri bunun güc nümayişi olduğunu təsdiq edirlər. Brüssel, çətin ki, boş yerə Qara dənizə bu qədər güclü eskadra və doqquz min hərbi qulluqçu göndərərdi. Təəccüblü deyil ki, planetin ən güclü hərbi blokunun bu cür hərəkətlərinə reaksiya vermək, həm də, əksər hallarda adekvat reaksiya vermək lazım gəlir.

İyun ayında bu ilin sentyabrında Belarus və Qərb hərbi dairəsinin poliqonlarında keçiriləcək "Qərb-2021" Rusiya-Belarus birgə təlimlərinə hazırlığın aktiv fazası başlanıb. İki ölkənin qoşunları ehtimal olunan düşmənin müttəfiq dövlətin ərazisinə təcavüzünün dəf olunmasını — konkret olaraq, şəhərləşdirilmiş ərazilərdə həmlə qruplarının müştərək hərəkətlərini məşq edəcəklər.

Dünyapress TV

Xəbər lenti