Nahid Bağırov şəkil çəkdirir, Turizm Agentliyi bəhanələr gətirir, “Kapitalbank” isə…
İsmayıllı rayonun Zeyvə kənd sakinləri,hazırda Bakıda müalicə və reabilitasiyada olan Vətən Müharibəsinin qazi qardaşları – Naxçıvanda N saylı xüsusi təyinatlı hərbi hissəsinin MAXEsi,Baxışov Məhəmmədəli Rəşad oğlu və könüllü döyüşçü olmuş Baxışov Baxış Rəşad oğlu tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya,Baş naziri Əli Əsədova,Prezident Adminstrasiyasının rəhbərı Samir Nuriyevə, Prezidentin hüquq işləri üzrə köməkçisi Fuad Ələsgərova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova, Müdafiə naziri Zakir Həsənova, Maliyyə naziri Samir Şərifova, İqtisadiyyat naziri Mikayıl Cabbarova, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevə, Dövlət Turizm Agentliyinin sədrinə, “KAPİTAL BANK” ASC-nin İdarə Heyətinin sədrinə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevaya və müstəqil Kütləvi İnformasiya Vasitələrinə kiçik sahibkar olmuş atalarına qarşı olan ayrıseçkiliyin dərhal aradan qaldırılması və “Kapitalbank” tərəfindən götürdüyü 3000 manat kreditin əməkhaqqı kartından tutulmasının dayandırılmsı” barədə müraciət ünvanlanıb.

Aktualinfo.org qazi qardaşların, Məhəmmədəli Baxışov və Baxış Baxışovun qeyd olunan dövlət orqanlarına müraciətini olduğu kimi oxuculara təqdim edir.Onlar yazırlar:

Çox hörmətli Ali Baş komandan. Biz Baxışov qardaşları Sizin əmrinizlə Azərbaycanın işğal altındakı torpaqlarımızı azad etmək uğrunda 44 günlük qızğın müharibədə əvvəldən axıradək iştirak etmiş və hər ikimiz də Şuşa şəhəri azad etdikdən sonra ağır yaralanmışıq. Biz Vətən, Millət qarşısında borcumuzu layiqincə yerinə yetirmişik. Hazırda mən, Məhəmmədəli Baxışov Müdafiə Nazirliyinin Mərkəzi Hospitalında,mən Baxış Baxışov isə Mərdəkandakı Reabilitasiya Mərkəzində müalicələrimizi davam etdiririk. Amma bu gün şox təəssüflənirik ki, bizi ən çox incidən xarici düşmən raketlərinin zərbəsindən aldığımız yaralar deyil, daxili məmurlarımızın atamız Rəşad Arazxan oğluna qarşı törətdikləri mənəvi rəzalətlərdir. Belə ki, atamız biz də daxil 5 nəfərlik ailəsini dolandırmaq üçün İsmayıllı rayonun Bizlan kəndinin girəcəyində, Basqal kəndinə yaxın olan yol kənarındakı 6×4 ölçüdə olan qəssab dükanını və balaca kafesini 2020-ci ildən yol genişlənməsi bəhanəsilə qonşuluqda olan obyektlərlə birlikdə götürüblər. Lakin atamdan başqa digərlərinin budka maqazinləri Dövlət Turizm Agentliyi tərəfindən İsmayıllı rayon İcra hakimiyyəti başçısının razılığı əsasında yenidən daşdan səliqəli formada tikilib təhvil veriblər.

Budur 1 ildir ki, atama yerli məmurlar imkan və icazə vermirlər ki,qazilərin atası da işsiz qalmasın, şərait yaradaq dolansın. Dövlət Turizm Agentliyinə atamız müraciət edəndə də deyirlər ki, başçı razılıq versin sizə də obyektin tikintisində köməklik edək. Amma cənab başçı nədənsə kasıbçılığıma görə hələlik icazə vermir. Və bilir ki, mənim hər iki oğlum müharibədə ağır yaralanıblar. Yaxşı ki, mən Baxış müalicədən bir müddət evə buraxılanda İsmayıllı rayon Səfərbərlik rəisilə birlikdə kənddəki evimizə gəlib mən Baxışla şəkil çəkdirib getdilər. Yenə də sağ olsunlar ki, maddi dəstək olmasalar da, 20 dəqiqə mənəvi dəstək oldular.

Mən, Məhəmmədəli Baxışov İsmayıllıdakı ailəmizin dolanacağı üçün “Kapital Bank”dan 3000 manat kredit götürmüşdüm. Müharibəyə getdiyim üçün ödənişi müvəqqəti dayandırdılar. Budur, fevral və mart aylarından yenə də maaş kartımdan tutmağa başlayıblar. Baxmayaraq ki, cənab Prezidentin xüsusi sərəncamı vardır ki, kredit götürən şəhid ailələri və qazilər nəzərə alınsın. Ona görə də ailəmə köməklik göstərə bilmirəm.

Atamız 1 ildir ki, ona qarşı törədilən ayrıseçkiliyə görə işsiz qalıb. Bilmir ki, borc alıb Bakıya bizi yoluxmağa gəlsin, yoxsa 3 nəfərlik ailəsinə quru çörək alsın.

Cənab Ali Baş komandan biz qardaşlar müharibəyə gedəndə heç vaxt inana bilməzdik ki, qanımız Vətən torpağına töküləndə yerli məmurlar tərəfindən ailəmizə qarşı belə etinasız yanaşma olacaq, ayrıseçkilik olacaq, “Kapitalbank” prezident tapşırığını qulaqardına vuracaq. Amma düşmənlə müharibədə erməni polkovnikinin iki oğlunu da özü də məhv edildi, İspaniyadan, Fransadan gəlmiş məşhur biznesmanləri, Qafan şəhərinin merinin oğlu, deputatların oğulları və digər yüksək ranqlı məmur övladları silahdaşlarımızın sərrast atəşlərilə məhv edildilər. Biz isə həm məmur oğullarının, həm də öz yerimizə vuruşduq, bu da sonda bizə olan münasibət. İndi kim utanmalıdır? Atamız, yoxsa ona qarşı laqeyid olan məmurlarımız? Şuşada ona görə döyüşmədik ki, bu gün atamız Rəşad 4-cü kateqoriyalı bir kasıb adam hesab olunaraq dolanacaq üçün işlətdiyi balaca obyektini söküb tullasınlar?

Cənab Ali Baş Komandan! Biz bilirik ki, Siz həmişə məmurları xalqımıza xidmət göstərməyə dəvət etmisiniz və şəxsi nümunə göstərmisiniz. Ona görə xalqımız içində biz qarışıq Sizin əmrinizi ləyaqətlə yerinə yetirdik və yetirəcəyik. Amma çox xahiş edirik ki, atamız Rəşadın bizim yanımızda imkansızlıqdan mənəvi və maddi əziyyət çəkməsinin qarşısının alınması üçün ona da bir kiçik sahibkar kimi öz əvvəlki işilə məşğul olmağa köməklik göstərilməsinə, Dövlət Turizm Agentliyi rəhbərliyi qarşısında məsələ qaldırılmasına və mənim “Kapitalbank”dan götürdüyüm kredit borcumun silinməsinə köməklik etməyinizi xahiş edir və əvvəlcədən minnətdarlığımızı bildiririk. Allah Sizi və Millətimizi qorusun. Amin!

Dünyapress TV

Xəbər lenti