b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_2d64e994ef4ff9833000af4249acfcf1.jpg
  42  27.09.2024 09:15  Siyasət A  A 

 “Azərbaycan hökumətinin Ermənistana qarşı qaldırdığı təzminat tələbi beynəlxalq məhkəmə tərəfindən öz təsdiqini taparsa...

Sülh danışıqları nəticəsiz qaldıqca, proses uzandıqca Ermənistanın yeni xülyaları, əsassız iddiaları ortaya çıxır. Bu isə faktiki olaraq sülhə dair ümidləri azaldır. 

Görünən budur ki, Ermənistan sülhə yox, yeni siyasi təxribatlara meyllidir və onun sülh müqaviləsindən yayınmasının tək səbəbi də elə budur. 

“Ermənistanın Azərbaycana torpaq kompensasiyası gündəmə gələ bilər”. 

Bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. (APA) 

O deyib ki, Azərbaycan və Ermənistan arasında hazırda sülhlə bağlı çərçivə prinsiplər sazişi ilə əlaqədar danışıqlar aparır: “Daha sonra konkret mövzularda danışıqlar davam etdiriləcək. Çünki məlumdur ki, delimitasiya və demarkasiya prosesinin yekun mərhələsində sərhəd, kommunikasiya mövzusu tam şəkildə həllini tapa bilər. Bunun ardınca isə humanitar məsələlər aktual mövzuya çevrilir. Humanitar mövzuda müxtəlif məsələlər öz həllini tapmalıdır. Bunlardan birincisi siyasi məsuliyyətdir. Yəni münaqişə baş verib və burada siyasi məsuliyyəti kim daşıyır, bu, mütləq çərçivə sazişdə əksini tapmalıdır. Ona görə ki, Ermənistan dövlət olaraq Azərbaycana qarşı rəsmən ərazi iddiaları irəli sürüb, torpaqlarımızı işğal edib, ərazimizdə etnik təmizləmə aparılıb, dağıntılara yol verilib, dövlətimizə, insanlarımıza ziyan dəyib. Danışıqlar yolu ilə Ermənistan dövlət olaraq öz məsuliyyətini qəbul edərək Azərbaycana təzminat verə bilər. Məsələn, Almaniya faşizmə görə məsuliyyəti üzərinə götürüb, dövlət olaraq müxtəlif dövlətlərə, insanlara təzminat ödəyib. Təzminat ödənişi prosesi yaxın vaxtlara qədər davam edib”.

Sabiq xarici işlər naziri qeyd edib ki, əgər Ermənistan danışıqlar yolu ilə təzminat ödəməyi qəbul etməsə, Azərbaycan dövlət olaraq Ermənistanı beynəlxalq məhkəməyə verə bilər: “Eyni zamanda Azərbaycan vətəndaşlarının da hüquqları var ki, işğal nəticəsində onlara dəymiş ziyanlarla bağlı müxtəlif məhkəmə instansiyalarına müraciət etsinlər. Beləliklə də bunu sübut edərək Ermənistan dövlətindən dəymiş ziyanın ödənilməsini tələb etsinlər”.

Bəs Ermənistanın təzminatı ərazi kompensasiyası formasında ola bilərmi?

Tofiq Zülfüqarov nəzərə çatdırıb ki, əgər birbaşa danışıqlar olarsa, ərazi kompensasiyası da daxil olmaqla, müxtəlif qərarlar qəbul oluna bilər: “Təzminat məsələsi beynəlxalq məhkəmələr vasitəsilə həllini tapacaqsa, digər variantlar mümkün olmayacaq. Yəni beynəlxalq məhkəmələr yalnız hansısa məbləğdə təzminatla bağlı qərar qəbul edə bilər. Əgər təzminat məbləğinin ödənişi mümkün olmayacaqsa, ikinci mərhələdə Ermənistan müxtəlif variantları təklif edə bilər. Başqa sözlə, Ermənistan görsə ki, tələb olunan təzminat məbləği böyükdür, danışıqlar vasitəsilə torpaq kompensasiyası gündəmə gələ bilər. Beynəlxalq təcrübədə ərazi məsələsi ilə əlaqədar danışıqlar olub. Məsələn, Uzaq Şərqdə dənizə çıxış əldə etmək istəyən Çin SSRİ-yə hansısa torpaqları dəyişmək təklifi verirdi. Yəni beynəlxalq təcrübədə belə hallar var. Amma öncə bu mövzu gündəmə gətirilməlidir”.

Sabiq nazir nəyə işarə etdi? Azərbaycana vurulan milyardlarla ziyanın əvəzində Ermənistan hansı əraziləri kompensasiya kimi verə bilər? Burada söhbət Başkənddən və Mehridən gedə bilərmi?

fikret.jpeg (167 KB)

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov dünya praktikasında olan bu təcrübənin Azərbaycanın da işinə yaraya biləcəyini qeyd etdi: “Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması yaxın zamanın məsələsi deyil. Ən azından Ermənistan Konstitusiyası başda olmaqla, milli təhlükəsizliyə və milli müdafiəyə dair bir sıra hüquqi aktlarda Azərbaycan torpaqlarına qarşı iddianın aradan qaldırılmasını təmin etməlidir. Ermənistan artıq bəyan edib ki, bu mövzuya 2027-ci ildən tez qayıda bilməyəcək. Bu da növbəti erməni yalanıdır, heç şübhəsiz Ermənistan 2027-ci ildə də vaxtı uzatmaq üçün yeni bəhanələr tapacaq. Beləliklə, sülh müqaviləsi ən azından 2030-cu ilə qədər  olmayacaq. Lakin torpaqlarımızın işğalı dövründə ermənilərin törətdikləri dağıntılara görə Azərbaycan hökumətinin Ermənistana qarşı qaldırdığı təzminat tələbi beynəlxalq məhkəmə tərəfindən öz təsdiqini taparsa (biz buna şübhə etmirik), o halda Ermənistan həm sülh müqaviləsi bağlamağa və həm də təzminat ödəməyə məcbur olacaq. Bunun da alternativi yoxdur. 

Təbii ki, ümumi daxili məhsulu 20 milyard ABŞ dolları ətrafında olan bir ölkənin bir neçə yüz milyard dollar təzminat ödəmək imkanı olmayacaq. Bu halda dünya praktikasında indiyə qədər işlənmiş təcrübə bizim də işimizə yaraya bilər. Yəni Ermənistan təzminatı natural formada - torpaqlarının bir hissəsini Azərbaycana verməklə bu yükün altından çıxa bilər. Əslində Ermənistan bizə bizim öz torpaqlarımızı qaytaracaq. Ancaq nə edək ki, vaxtilə düşmənlərimiz bu torpaqları bizdən yağmalayıb orada özlərinə belə bir qaraçı forpostu yaradıblar..."

Rəşad Bayramov: “Azərbaycan nümayəndə heyəti 2016-cı ildə İranda təzyiq  altındamı olub?” » Ovqat.com

Rəşad Bayramov

AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramovun sözlərinə görə, 30 illik işğal dövrü ərzində Ermənistan tərəfindən ölkəmizə külli miqdarda ziyan vurulduğu faktdır və bunu təkcə Azərbaycan deyil, işğaldan azad olunmuş ərazilərə səfər edən beynəlxalq ekspertlər də təsdiqləyir: “Söhbət həm dağıdılmış, viran qoyulmuş infrastrukturdan, yaşayış məskənlərindən, həm talan edilmiş təbii sərvətlərdən, həm də torpaqlarımızın işğal altında qalması səbəbilə sosial-iqtisadi sahəyə vurulan ciddi ziyandan gedir.

Bütün bunlarla bağlı təbii ki, Azərbaycanın beynəlxalq məhkəmələrə müraciət etmək və təzminat tələb etmək hüququ var və bildiyim qədərilə bu istiqamətdə müəyyən fəaliyyət də həyata keçirilir. Artıq bəzi ərazilərdə beynəlxalq ekspert dəyərləndirilmələri də aparılıb. Beynəlxalq hüququn tələblərinə görə, təcavüzkar, təcavüzə məruz qalmış dövlətə vurduğu zərərin tam həcmində təzminat ödəməlidir.

Bu gün ilkin hesablamalara görə, dəymiş ziyanın dəyəri yüz milyardlarla ölçülür və təbii ki, Ermənistanın belə bir məbləği ödəmək imkanları yoxdur. Rəsmi məlumatlara əsasən, işğal nəticəsində 900 yaşayış məntəqəsi, 150 min ev, 7093 ictimai obyekt, o cümlədən 1107 təhsil müəssisəsi, 855 uşaq bağçası, 521 səhiyyə müəssisəsi, 4 sanatoriya və müalicə müəssisəsi, 927 kitabxana, 706 tarixi abidə, 22 muzey, 100 mindən çox muzey eksponatı, 12 dövlət arxivi və 401 min dövlət arxiv sənədi məhv edilib, qarət və talan olunub.

İşğal dövründə 2000 km uzunluğunda qaz kəməri, 34 qazpaylayıcı qurğu, 76 940 km elektrik xətti, 7586 km su kəməri, 598 rabitə qovşağı, 3052 km rabitə xətti, 28 980 km kabel-kanalizasiya qurğusu və 325,8 km dəmir yolu məhv edilib.  

Azərbaycanın işğala məruz qalmış ərazilərində mineral sudoldurma Turşsu və İstisu zavodları, Qarabağ və Ağdam mərmər zavodları, daş karxanaları, məşhur və yüksək keyfiyyətli Ağdam şərabları və digər şərab məhsullarını istehsal edən zavodlar mövcud olub. Bundan əlavə, Azərbaycanın işğala məruz qalmış ərazilərində südçülük, toxuculuq, ayaqqabı fabrikləri, Qarabağ ipək kompleksi və digər müəssisələr fəaliyyət göstərirdi ki, bunların da hamısı məhv edilib.

Mən hələ işğal olunmuş ərazilərdə meşələrin qırılması, qəsdən yanğınların törədilməsi, flora və fauna növlərinin məhv edilməsi, çayların və çay qollarının çirkləndirilməsi, münbit torpaqların məhv edilməsi, təbii sərvətlərin qanunsuz istismarı Azərbaycanda ətraf mühitə uzunmüddətli və bərpa olunmayan ziyan vurulmasından, mədəni irsin, muzey, kitabxana, eksponatlar, tarixi abidələrin məhvindən danışmıram".

Politoloq onu da qeyd etdi ki, Azərbaycana dəyən bütün ziyanı Ermənistanın ödəmək imkanı yoxdur: “Ermənistan Mərkəzi Bankının məlumatına görə, 2024-cü ilin avqust ayına ölkənin valyuta ehtiyatları cəmi 3,4 milyard dollardır ki, bu məbləğin də bir hissəsi xarici öhdəliklərə bağlıdır.  

Odur ki, Azərbaycanın beynəlxalq təcrübəyə uyğun olaraq maddi təzminat yerinə torpaq tələb etmək hüququ var. Belə ki, dünya tarixində də baş vermiş müharibələrdən sonra kompensasiya, reparasiya və digər təzminat növləri ilə bağlı müxtəlif təcrübələr olub. Məsələn, 1919-cu ildə Almaniyanın və müttəfiqlərinin məsuliyyətini qeyd edən Versal Sülh Müqaviləsinin tələblərinə görə, 269 milyard qızıl marka - təxminən 100 min ton qızılın ekvivalentində təzminat təyin olunub. İkinci Dünya müharibəsində də Almaniya və müttəfiqlərinin üzərinə reparasiya yükü qoyulub. 1945-ci ildə Yalta Konfransında qəbul edilmiş qərara əsasən, Almaniyadan SSRİ-yə təxminən 400 min dəmir yolu vaqonu yük, (bunlardan 72 min tikinti materialları), 2885 fabrik avadanlıqları, 96 elektrik stansiyası avadanlıqları, 340 min maşın, 200 min elektrik mühərriki, 1 milyon 335 min baş heyvan, 2,3 milyon ton taxıl, bir milyon ton kartof və tərəvəz, yarım milyon ton yağ və şəkər, 20 milyon litr spirt, 16 ton tütün aparılıb. 

Almaniya tərəfindən digər ölkələrə də reparasiya ödənişi mərhələlərlə həyata keçirilib. Fransa kömür yataqlarından istifadə etmək niyyəti ilə 1947-1956-cı illərdə Saar protektoratına nəzarəti üzərinə götürüb. Hollandiya 1949-cu ildə təxminən 69 kvadrat kilometr alman ərazisini özünə birləşdirib. Həmin torpaqlar yalnız 1960-cı ildə, yəni Qərbi Almaniyanın Hollandiyaya 280 milyon alman markası ödəməyi qəbul etdikdən sonra torpaqlar geri qaytarılıb. 1951-ci ildə İsrail hakimiyyəti Almaniyaya təzminat üçün iddia qaldırıb və təzminat alıb. Eyni şəkildə Yaponiya və İndoneziya arasında münaqişənin nəticəsi olaraq 20 yanvar 1958-ci ildə imzalanmış sülh və təzminat müqavilələrinə əsasən, Yaponiya 12 il ərzində İndoneziyaya 223 milyon dollar ödəməli olub. Belə faktlar çoxdur.

Ermənistan da ya müvafiq ziyanı ödəməli, ya da İkinci Dünya müharibəsində Almaniyada olduğu kimi, torpaqlarının bir hissəsini Azərbaycana təzminat formasında verməlidir. Konkret hansı əraziyə gəldikdə isə bu artıq sonranın mövzusudur. İndi vacib olan bu təzminat davalarını açmaq və müvafiq qərarların qəbuluna nail olmaqdır. Ondan sonra uyğun ərazilər göstərilə bilər. Təbii ki, bizim üçün ən məqbulu tarixi Azərbaycan torpağı sayılan Qərbi Zəngəzurun geri qaytarılması olardı. Bu torpaqların geri qayıtması həm Naxçıvanı Azərbaycanın digər əraziləri ilə birləşdirmək, həm də ümumilikdə Türk dünyasının birliyi baxımından mühüm əhəmiyyət daşıyır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Dünyapress TV

Xəbər lenti