Elşad Həsənov: “Azərbaycan Prezidenti öz çıxışında demişdi ki, bu yol açılacaq”

Cənubi Qafqazda kommunikasiyaların açılması kontekstində Ermənistan ərazisindən keçən istənilən avtomobil və dəmir yolu xətti Ermənistanın nəzarətində olmalıdır. Bunu Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirib.

O qeyd edib: “Birincisi, bir neçə ay əvvəl (təqribən may ayında) Moskvada Prezident Əliyev baş nazir Paşinyan və prezident Putinin iştirakı ilə keçirdiyi görüşdə çox aydın şəkildə bildirdi ki, yolun “dəhliz” adlandırılması ekstraterritoriallıq demək deyil. Bəli, onu "dəhliz" adlandırarkən, bildiyiniz kimi, biz Avropada mövcud olan və heç vaxt ekstraterritoriallığı ehtiva etməyən müxtəlif dəhlizləri nəzərdə tutaraq “nəqliyyat dəhlizləri” deyirik.

Beləliklə, açıq-aydın nöqteyi-nəzərimizdən Ermənistan ərazisindən keçən istənilən avtomobil yolunun, yaxud dəmir yolunun Ermənistanın nəzarətində olması tamamilə məntiqlidir. Yaxud Azərbaycan ərazisindən keçən və ya Almaniyanın ərazisindən keçən hər hansı avtomobil və ya dəmir yolu bu ölkənin nəzarətindədir. Buna görə də bu tamamilə yeganə məntiqi tənzimləmədir.

Məsələn, belə olan halda Azərbaycan öz vətəndaşları və yüklərinin Ermənistan ərazisindən keçərkən təhlükəsiz olacağına təminat əldə etmək istəyir. Bu tamamilə məntiqli və normaldır. Amma bunun necə ediləcəyi Ermənistan hakimiyyətinin məsuliyyətidir”.

Göründüyü kimi, Klaar Zəngəzur dəhlizinin əleyhdarı və Paşinyanın "dünya kəsişməsi" layihəsini tam dəstəkləyicisi kimi çıxış edir. O, həmçinin “3+3” layihəsi çərçivəsində Azərbaycan- Ermənistan sazişinə inanmadığını bəyan edib. Klaarın bu mövqeyini necə izah etmək olar?

Siyasi şərhçi Elşad Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Klaarın fikri aydındır: “Ancaq onu da bildirmək lazımdır ki, biz Zəngəzur dəhlizinin açılmasını 2020 - ci il noyabr ayının 10 - da bağlanan bəyannamədən sonra dəfələrlə müzakirəyə qoymuşuq. Hətta ora qədər olan avtomobil yolunu çəkib hazırlamışıq. Ancaq baxmayaraq Azərbaycan Prezidenti dəfələrlə bunu tələb etdi, Ermənistan qulaqardına vurdu. Axırda onlar bunu etmədiyi üçün biz İranla müqavilə bağladıq və İran ərazisindən keçilməsi qərarlaşdırıldı. O zaman ermənilər başa düşdülər ki, çox böyük səhv etdilər. Avropa və Amerika bu işə müdaxilə etməyə başladı. Yenidən, Ermənistan yeni bir proektlə çıxdı. Burada məqsəd nədir? Məqsəd Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır. Əvvəllər həmin dəhlizə nəzarət Rusiya Federal Təhlükəsizlik xidmətinin üzərində idi. Ancaq Ermənistan bunu istəmir və onun tərəfdaşları Rusiyanı buradan çıxarmaq üçün tələb edirlər ki, həmin yolun təhlükəsizliyinə, yüklərin daşınmasına Ermənistan cavabdeh olsun. Mən düşünürəm ki, biz də bu məsələyə razı olacağıq. Çünki eyni ilə Ermənistan da bizim ərazidən keçəcək, Gülüstan vasitəsi ilə Qazax yolu, Tiflisə gedən magistral yol açılacaq. O yollara nəzarətə Ermənistan hakimiyyəti məsuliyyətlə cavab verərsə, təbii ki, heç bir problem olmaz. Hətta bunun üçün onların təhlükəsizlik orqanlarında xüsusi bir bölmə yarandı. Əsas da burada Amerika çox narahatdır. Onlar bu yolda İranın olmasını istəmir. Tələb edirlər ki, həmin dəhliz açılsın və təhlükəsizliyinə Ermənistan cavabdeh olsun və Azərbaycanla Şimal - Qərb dəhlizi işə düşsün. Bu da çox böyük bir arteriyadır. Artıq Ermənistan əl-ayağa düşüb ki, bu yol açılsın. Düşünürəm ki, bizim diplomatlarla, siyasilərlə danışıqlar aparıb bu yolu işə sala bilərik. Yadınızdadırsa, Azərbaycan Prezidenti öz çıxışında demişdi ki, bu yol açılacaq. Bəli, bu yol mütləq açılacaq”.

Məhəmmədəli QƏRİBLİ

Dünyapress TV

Xəbər lenti