"Ermənistanı Rusiyanın caynağından qopara biləcək güc yoxdur" - AÇIQLAMA
“Hazırda Cənubi Qafqazda Rusiya – Qərb qarşıdurmasının episentri Ermənistan ərazisidir. Ermənistan Rusiyanı şantaj etməklə Qərbə doğru sürətlə irəliləmək niyyətindədir”.

Bunu Konkret.Az-a açıqlamasında politoloq Tural Əliyev deyib.
Onun fikirincə, Paşinyan elə hesab edir ki, Qərb Rusiyanın hücumundan Ermənistanı müdafiə edəcək: “Məsələyə təkcə Rusiya – Ermənistan kontekstində deyil, regional baxmaq lazımdır. Rusiyanın regiona dair özünün baxış bucağı var. Hazırda Ermənistan iqtisadiyyatı bütövlükdə Rusiyadan asılıdır. Rusiya ilk növbədə sanksiya tətbiq etsə, embarqo qoysa, Ermənistan iqtisadiyyatı tamamilə dağılacaq. Belə olan halda Qərb Ermənistanı xilas edə bilərmi? İlkin olaraq müəyyən dərəcədə yardımlar edə bilər. Amma Ukrayna məsələsində görünür ki, Qərb nə qədər silah yardımı göstərsə də, son günlər narazılıqlar var. Cəbhədə də müəyyən çətinliklər mövcuddur, Ukrayna ordusu irəliləyə bilmir. Ermənistanı isə Rusiyanın əlindən heç bir qüvvə ala bilməyəcək. Hazırda Rusiyanın Ermənistana təsir rıçaqları yetərincədir. Rusiya müəyyən dərəcədə müşahidəçi mövqeyi tutub. Diplomatik kanallarla öz mesajlarını çatdırır və Ermənistan tərəfə bildirir ki, son addımları dost münasibəti kimi qəbul etmirlər. Deməli, bunun bir cavabı olmalıdır. Ermənistanda kütləvi mitinqlər hələlik alınmır. Amma bu hadisələr fonunda elə proseslər cərəyan edə bilər ki, vəziyyət həqiqətən nəzarətdən çıxar və Paşinyan hökuməti üçün mənfi nəticələrə səbəb olar. İstənilən halda Ermənistan hakimiyyəti hazırda intihar yolunu seçib. Əgər Qərb Ermənistanı Azərbaycanla şərti sərhəddə təxribata cəlb edərsə və göndərdiyi silahlar Azərbaycana qarşı tuşlanarsa, bu, Ermənistan üçün çox ağrılı cavabla nəticələnəcək. Çünki Azərbaycan Ordusunun gücünü görüblər. Cənubi Qafqazda yeni bir gərginlik ocağı yaratmaq Qərbin marağındadır. Amma Ermənistan düşünməlidir ki, bunlar erməni dövlətçiliyi üçün nə ilə nəticələnə bilər. Rusiyanın bundan qabaq istər Gürcüstan, istərsə də Ukraynadakı addımlarının qarşısında Qərb heç nə edə bilmədi. Çox güman ki, Ermənistanla münasibətdə də eyni ssenari təkrarlanacaq. Ermənistanı Rusiyanın caynağından qopara biləcək güc yoxdur”.
 

Dünyapress TV

Xəbər lenti