“Məcəlləyə dəyişiklik kölgə iqtisadiyyatını genişləndirəcək” - Natiq Cəfərli
"Məlum olduğu kimi, Vergi Məcəlləsinin 102 və 106-cı maddələrinə təklif olunan dəyişikliyə əsasən, gələn ildən kiçik sahibkarların gəlir vergisinə 75 faiz güzəşt qismən ləğv edilir. Bu güzəşt yalnız o sahibkarlara şamil olunacaq ki, onların azı 3 əməkdaşı olsun və sosial sığorta borcu olmasın. Maraqlıdır, hökumət niyə bu addımı atır? Məqsəd vergi daxilolmalarını artırmaqdır? Axı bu güzəştin ləğvi büdcə gəlirlərinin ciddi artımına səbəb olmayacaq, maksimum 40-50 milyon manat əlavə vəsait daxil ola bilər".
Bu fikirləri Bakupost.az -a iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, bütün dünyada hökumətlər kiçik sahibkarlara dəstək olmağa çalışır:
"Bir çox ölkələrin sabitlik formulu odur ki, orada büdcə gəlirlərinin 60-70 faizini kiçik və orta sahibkarlar təmin edir. Məhz bu zaman sabit inkişaf yolu yaranır”.
N.Cəfərli qeyd edib ki, Azərbacyanda sözügedən dəyişikliklə guya kiçik sahiblkarları 3 iş yeri açmağa “təşviq” edirlər:
"Məqsəd də aydındır, sonra Prezidentə məruzə etmək istəyirlər ki, aparılan siyasət nəticəsində yeni iş yerləri açılıb. Ancaq kiçik sahibkar baxacaq ki, dövriyyəsi 200 mini keçən kimi ƏDV ödəyicisinə çevrilir, gəlir 200 mindən aşağı olanda bunun 4-6 min manatını vergi verməlidir. O, oturub hesablayacaq ki. əgər 3 nəfər qohumunu formal, minimum əmək haqqı ilə rəsmiləşdirsə, onların Sosial Müdafiə Fonduna ödənişləri il boyu 2-3 min arası olacaqsa, edəcək, yox, əgər bu baş ağrısıdırsa, etməyəcək. Qeyri-rəsmi fəaliyyətə üstünlük verəcək. Məcəlləyə edilən dəyişiklik ölkədə kölgə iqtisadiyyatını genişləndirəcək".
 
 
 

Dünyapress TV

Xəbər lenti