Azərbaycan yeni müharibəyə hazırlaşır?
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya səfəri zamanı növbəti qalmaqallı bəyanatla
çıxış edib. O, bildirib ki, Azərbaycan Ermənistana qarşı yeni müharibəyə hazırlaşır.
Paris Sülh Forumunda keçirilən panel müzakirələri zamanı Paşinyan bəyan edib ki, Ermənistan
Azərbaycanla Brüssel danışıqlarında səslənən üç prinsip əsasında sülh müqaviləsi imzalamağa
ümid edir.
Onun sözlərinə görə, bu prinsiplərdən birincisi ondan ibarətdir ki, Ermənistan və Azərbaycan
29,8 min və 86,6 min kvadrat kilometr hüdudlarda bir-birinin ərazi bütövlüyünü tanıyır.
İkinci prinsip ondan ibarətdir ki, sərhədlərin delimitasiyası və demarkasiyası 1991-ci il Alma-Ata
Bəyannaməsinə uyğun aparılmalıdır.
Üçüncü prinsip regional kommunikasiyaların keçdiyi ölkələrin suverenliyi, yurisdiksiyası və
qanunvericiliyi çərçivəsində açılmasına aiddir.

Bununla yanaşı, o, iddia edib ki, Azərbaycan Ermənistana qarşı yeni müharibəyə hazırlaşır:
“Azərbaycan ermənilərin etnik təmizlənməsi planını uğurla həyata keçirəndən sonra Ermənistan
Respublikasını Qərbi Azərbaycan adlandırmağa başlasa da, mən bura sülh barədə danışmağa
gəlmişəm. Azərbaycanda məktəblər, universitetlər və kütləvi informasiya vasitələri Qərbi
Azərbaycan konsepsiyasını Ermənistan Respublikasına qarşı yeni müharibəyə hazırlıq kimi aktiv
şəkildə təbliğ edirlər. Sülh müqaviləsinin bağlanması perspektivi nə qədər real görünsə də,
Azərbaycanın yuxarıda göstərilən məsələlərin həllində maraqlı olması ilə bağlı şübhələr var”.
Beləliklə, Ermənistan beynəlxalq tribunada Azərbaycana qarşı növbəti dəfə iftira atmaqda
davam edir. Bu iftira sülh müqaviləsinin tərəfdarı kimi çıxış edən və bu müqavilənin altından
imza atmalı olan şəxs tərəfindən səsləndirilir.
Həqiqət necədir? Əvvəla, Azərbaycan etnik təmizləmə aparmayıb, bu, danılmazdır. Azərbaycan
öz ərazisində anti-terror əməliyyatı keçirib və separatçıları Azərbaycan qanunlarına tabe olmağa,
ərazi bütövlüyünü tanımağa məcbur edib.
Anti-terror əməliyyatında iştirak edən hər bir əsgər, sərhəddə dayanan hər bir polis, sərhəd
xidməti, gömrük əməkdaşı isə bütün naqisliklərə, düşmənçiliyə, azərbaycanlılara qarşı edilən
vəhşiliklərə baxmayaraq, ermənilərlə maksimum dərəcədə etik davranmaq, onlara nəinki ağır
söz demək, əksinə, getməmək üçün dilə tutmaq təlimatı almışdı. Elə buna görə də, nə
beynəlxalq müşahidəçilər etnik təmizləmə faktını təsdiq edə, nə də Ermənistan rəhbərliyi etnik
təmizləmə ilə bağlı bir fakt göstərə bildi.
Qarabağda yaşayan ermənilər (onlar özləri də bilirlər, biz də bilirik ki, oradakı hər bir erməninin
əli bu və ya digər formada azərbaycanlıların qanına batıb) isə törətdikləri əməllərdən sonra
yaşamağın çətinliyindən qorxaraq, Qarabağdan getməyi üstün tutdular.
İttihamın absurdluğu da ondan ibarətdir ki, bunu vətəndaşı olan azərbaycanlıların son nəfərə
kimi qovulduğu ölkənin baş naziri deyir. O ölkənin ki, birbaşa hərbi müdaxiləsi nəticəsində həm
də Qarabağdakı azərbaycanlılar 30 il öz evlərindən didərgin düşüblər. Necə deyərlər, utanmasan,
oynamağa nə var?
Paşinyan Azərbaycan məktəblərində, universitetlərində, KİV-də Ermənistanın Qərbi Azərbaycan
adlandırılmasından narahat olub. Və yenə də ritorik suala qayıdaq: bu həmin baş nazirdir ki, son
bir ildə “Qarabağ Azərbaycandır” deyərək sülh tərəfdarı kimi çıxış etsə də, hakimiyyətə gələn
kimi Xankəndi şəhərinin mərkəzi meydanında “Qarabağ Ermənistandır və nöqtə” şüarını
səsləndirmişdi. İndi bu siyasətçi Ermənistan Respublikasının 100 il əvvəl hansı sərhədlər
daxilində yarandığını nəzərə almadan, tarixi xəritəyə, sənədlərə baxmadan, Azərbaycan
torpaqlarının nə zaman Ermənistana verildiyini görmədən (və ya baxıb, görməzdən gələrək)
“Qərbi Azərbaycan” kəlməsindən narahat olur, Azərbaycanı yeni müharibə hazırlığında ittiham
edir.
Paşinyan Azərbaycanı müharibəyə başlamaqda ittiham edərkən nədən bəhs edir? Ermənistan
və Azərbaycanın 29,8 min və 86,6 min kv. km. hüdudlarda bir-birinin ərazi bütövlüyünü
tanımasından.
Ermənistan təbliğatı beynəlxalq arenada daim iddia edir ki, Azərbaycan Prezidenti İlham
Əliyev Ermənistanın ərazi bütövlüyünü tanımır və “Ermənistanı 29,8 min kv. km. ərazidə
tanıyıram” demir. Birinci hissə tamamilə yalandır, çünki İlham Əliyev tərəflərin bir-birinin ərazi
bütövlüyünü tanımasını Paşinyandan çox əvvəllər şərt kimi qoyub və son dövrlər də daxil
olmaqla dəfələrlə təkrar edib ki, Azərbaycanın Ermənistanın ərazisində gözü yoxdur. 29,8 min kv.
km. rəqəminin səslənməməsi məsələsində isə həqiqət payı var. Azərbaycanda hələ heç kim bu
rəqəmləri səsləndirmir. Niyə? Bəlkə ona görə ki, rəqəmlər yalnız delimitasiya və demarkasiya
başa çatandan sonra səslənməlidir? Bəlkə ona görə ki, Ermənistanın ərazisi 29,8 deyil, 29, 743
kv. km.-dir? Bəs əlavə 57 kvadrat kilometr haradan çıxdı? Bəlkə Azərbaycanın hələ də geri
qaytarılmayan anklavlarının hesabına? Xatırlatmaq yerinə düşər ki, Ermənistan rəhbərləri, o
cümlədən Paşinyan özü bu ərazilərin qaytarılması məsələsini şübhə altına alıblar.
Azərbaycan Prezidenti Xankəndidə son çıxışında da təkrar etdi ki, rəsmi Bakının yeni müharibə
istəyi və ideyası yoxdur. Bəs Azərbaycan niyə yeni müharibəyə getməz?
Söhbət “Zəngəzur dəhlizi” ideyasından gedirsə, rəsmi Bakı dəfələrlə bildirib ki, bu dəhlizi zor
gücünə açmaq niyyətində deyil. Artıq Azərbaycan Ermənistandan keçəcək kommunikasiyaya
alternativ olan İran marşrutunu (“Araz dəhlizi”) plana salıb və bu nəqliyyat sistemi tezliklə
istifadəyə veriləcək. Üstəlik, Azərbaycan Gürcüstan ərazisindən keçən kommunikasiya
xətlərindən istifadə edə bilir.
Ermənistan marşrutu isə onsuz da gec-tez açılacaq. Çünki İrəvan Gürcüstandan keçən və qışda
çox zaman bağlı qalan “Yuxarı Lars” keçid məntəqəsinin və o qədər də fayda verməyən İrana
çıxışının ümidinə qalıb. Yəni, Ermənistan Azərbaycan və Türkiyə ərazisindən keçəcək xətlərə
qoşulmaq istəyirsə, bir qədər sonra özü minnətçi düşəcək.
“Zəngəzur dəhlizi” isə tarixi Azərbaycan torpağı olsa da, bu gün Ermənistanın dünya ölkələri
tərəfindən tanınan ərazisindən keçir. Rəsmi Bakı 44 günlük müharibə zamanı işğal edilən
ərazilərinin azad edilməsi zamanı, eləcə də beynəlxalq ictimaiyyət tərəfindən tanınan ərazisində
– Qarabağda anti-terror əməliyyatı zamanı bəzi qüvvələrin hansı ittihamlar irəli sürdüyünü, hansı
oyunlardan çıxdığını unutmayıb. Belə bir məqamda Azərbaycanın hansısa oyuna gedərək yeni
müharibəyə başlamaq, bununla da düşmənlərinin əlinə oynayacağını düşünmək sadəlövhlük
olardı. Azərbaycaınn xarici siyasətdə demək olar ki, qüsursuz oyun apardığı danılmaz faktdır.
Bəs Paşinyan niyə ittihamlar irəli sürür? Ona görə ki, xaricdə özünə dəstək axtarır və “qaniçən
Azərbaycan” tərəfindən əzilən, məzlum sima alır. Bu “yazıq” siması ona milyonlar və yüz
milyonlar vəd edir. Ona görə ki, Rusiyadan ayrılmaq yolunu tutub və sabah kimisə nədəsə
ittiham etmək üçün zəmin hazırlayır. Ona görə ki, yuxarıda da yazdığımız kimi, o, bu gün
“Qarabağ Azərbaycandır” desə də, vaxtilə “Qarabağ Ermənistandır” deyən həmin baş nazirdir.
Yəni, Paşinyanın bu ittihamı səsləndirmək üçün özünün yüzlərlə oyunu, düşüncəsi və bəhanəsi
ola bilər.

Amma… Yuxarıda da qeyd etdiyimiz kimi, Ermənistan hələ də vaxtilə işğal etdiyi Azərbaycan
anklavlarına nəzarət etməkdə davam edir və geri qaytarmaq niyyətindən uzaqdır. Azərbaycan
tərəfi isə anklavları geri istəyir. Sonuncu dəfə Azərbaycan XİN Ermənistana anklavları
qaytarmaqla bağlı müraciət edib. Ölkə prezidenti də bildirib ki, bizim heç kimin torpağında
gözümüz olmasa da, öz torpaqlarımızın bir qarışından da keçən deyilik. Yəni, İrəvan həmişə
olduğu kimi, anklavların qaytarılması prosesini uzatsa və öhdəliyini yerinə yetirməsə, problemi
Azərbaycan ordusu həll etməli olacaq.
Bəlkə Paşinyan indidən Azərbaycana qarşı ittiham səsləndirməklə zəmin hazırlayır?
Bu, artıq başqa bir mövzudur.
Press Klub
 

Dünyapress TV

Xəbər lenti