İrəvanla Bakı Tiflisdə ANLAŞACAQ...
“Azərbaycanla Ermənistan arasında sülh sazişi nə zaman imzalanacaq” sualıyla yanaşı bir başqa sual da aktuallaşıb: “Sülh sazişi harada imzalanacaq?”. Azərbaycan və Ermənistan qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüklərini tanıyıblar. Bu mənada sülh sazişinin imzalanması bu il baş verməsə də, gələcək ildə reallaşması mümkündür. Böyük dövlətlər sülh sazişinin imzalanacağı məkan uğrunda diplomatik mübarizəyə başlayıblar. Sülh sazişinin 4 paytaxtdan birində – Vaşinqtonda, Brüsseldə, Moskvada və ya Tbilisidə imzalanması mümkündür. Vaşinqton və Brüssel Ermənistanın baş naziri Nikol Paşinyana təzyiq edirlər ki, o Rusiyanın vasitəçiliyindən uzaq dayansın. Bu səbəbdən Paşinyan Müstəqil Dövlətlər Birliyinin (MDB) Bişkəkdə keçirilən sammitinə qatılmadı, xarici işlər nazirini də Qırğızıstan paytaxtına göndərmədi. Çünki həmin sammitdə Paşinyan Vladimir Putin və İlham Əliyevlə üçlü görüşə qatıla bilərdi ki, Ermənistanın baş naziri bunu istəmir. Sülh sazişinin Qərb paytaxtlarından birində imzalanması isə Kremlin maraqlarına cavab vermir. Vladimir Putinin Bişkəkdə MDB sammitində çıxışının mahiyyəti bu idi ki, Azərbaycanla Ermənistanı yaxınlaşdırmaq və sülh sazişini imzalamaq üçün illərdir vasitəçilik edən Rusiyanın zəhməti hədər getməməli, iki dövlət arasında yekun sənəd Moskvada imzalanmalıdır. Azərbaycan prezidenti üçün sülh sazişinin harada imzalanmasının fərqi yoxdur, bu Brüssel də ola bilər, Moskva da, təki bölgədə sülhə yol açan sənəd imzalansın. Buna rəğmən, Azərbaycan prezidentinin danışıqlar məkanı kimi Tbilisiyə üstünlük verdiyi onun Gürcüstanda verdiyi açıqlamalardan da aydın oldu.

Azər FİKRƏTOĞLU - DİA.AZ
 

Dünyapress TV

Xəbər lenti