Qazi və müharibə iştirakçılarının evlə təminatı ilə bağlı əla təklif var...
"Təklif edərdim ki, qazi və müharibə iştirakçılarının ailə üzvləri ev almaq istəyərkən onlara 0 faiz tətbiq edilsin. Gələcəkdə isə eyni addımı bu şəxslərin övladları üçün atmaq olar" - Elnur Azadov.
Azərbaycanda əhalinin müəyyən qrupunun mənzil imkanlarının yaxşılaşdırılması üçün addımlar atılır, sosial layihələr icra olunur. Bu layihələr sırasında şəhid ailələri üçün güzəştlər də nəzərdə tutulur. Eyni zamanda da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən I Qarabağ müharibəsində iştirak edən, əllilliyi olan insanlar var ki, onlara 90-cı illərdən etibarən mərhələli şəkildə evlər verilir. Artıq məcburi köçkünlər üçün tikilmiş evlərin şəhid ailələrinə veriləcəyi də açıqlanıb. Bu evlər həmin ailələrə pulsuz olaraq veriləcək. Şəhid ailələri, Milli Qəhrəmanların bu gün Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan güzəştli mənzilləri almaq hüquqları olsa da, qazilər və müharibə iştirakçılarının bu imkandan yararlanmaq şansı yoxdur. II Qarabağ müharibəsi iştirakçıları və qazilər də MİDA-nın sərəncamında olan bu mənzilləri güzəştli faizlərlə almaq istəyirlər.

Sentyabrın 29-dan II Qarabağ müharibəsinə yollanan, 31 dekabrda tərxis olunan Elvin Şeydayev də kirayədə yaşayır. Ailədə tək işləyən özüdür, yaş yarımlıq və yeni doğulmuş bir körpəsi var. Bunadək də kirayələrdə yaşayan E.Şeydayev deyir ki, övladlarını kirayədə böyütmək istəmir: "MİDA-nın verdiyi güzəştli mənzillərdən yararlanmaq istəyirəm, lakin heç ilkin ödənişi vermək imkanım yoxdur".

Maraqlıdır, II Qarabağ müharibəsi iştirakçılarının, qazilərin də mənzil şəraitinin yaxşılaşdırılması üçün Mənzil İnşaatı Dövlət Agentliyinin güzəştli mənzillər kateqoriyalarına bu qruplardan olan şəxsləri də əlavə etmək olarmı?

İqtisadçı-ekspert Fikrət Yusifov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Düşünürəm ki, bu mövzunun müzakirəyə ehtiyacı yoxdur. Aidiyyəti qurumlar bunu müzakirə etməməlidir, dərhal icra etməlidirlər, güzəştli mənzillər ilk olaraq məhz bu kateqoriyadan olan şəxslərə, yəni, şəhid ailələri, qazilər və müharibə iştirakçılarına verilməli və onların mənzil şəraiti yaxşılaşdırılmalıdır. Ümumiyyətlə, ilk olaraq bütün verilə biləcək güzəştlər bu kateqoriyalardan olanlara şamil edilməlidir".

Digər iqtisadçı-ekspert Əkrəm Həsənov isə "YAŞAT" və bu kimi digər fondların da fəaliyyətləri zamanı şəhid ailələri ilə yanaşı, qazi və ümumiyyətlə Qarabağ müharibəsi iştirakçılarını da nəzərə almalarının, onlara mənzillə bağlı güzəştlərin edilməsinin tərəfdarıdır: "Bu cür addımlar "YAŞAT" Fondu ilə birgə icra olunmalıdır. Təkcə mənzillə bağlı deyil, ümumiyyətlə, istənilən sahələrdə bu kateqoriyalardan olan şəxslər üçün bir kvotanın nəzərdə tutulması yaxşı olardı".

Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, MİDA-nın güzəştli mənzillər kateqoriyasında II Qarabağ müharibəsi iştirakçıları və qazilər üçün də müəyyən bəndlər ayrılmalıdır: "Bir məsələ var, MİDA mənzilləri pulla satır. Gərək ki, müharibə iştirakçısının, qazinin yüksək gəliri olsun ki, şərtləri, tələbləri ödəyə bilsin. Bunun üçün maaş yüksək olmalıdır ki, o, həm krediti ödəyə bilsin, həm də ailəsinin dolanışığını təmin edə bilsin. Bunun üçün rəsmi iş yerinin olması da vacibdir".

"Onlar normal işlə təmin olunarsa, hətta ipoteka kreditlərindən də yararlana və istədiyi ərazidən mənzil ala bilərlər. Yəni, MİDA-da seçim imkanı yalnız Yasamal və Hövsan ərazisi ilə yekunlaşırsa, vətəndaş adi ipoteka ilə ev alarsa, istədiyi ərazidən mənzil seçə biləcək", - deyə ekspert əlavə edib.

Azərbaycanın Rieltorlar Birliyinin sədri Elnur Azadov deyir ki, gələcəkdə nəzərdə tutulub ki, məcburi köçkünlərdən alınacaq evlər müharibə iştirakçıları və qazilərə hədiyyə olunsun: "Bundan başqa, təklif edərdim ki, qazi və müharibə iştirakçılarının ailə üzvləri ev almaq istəyərkən onlara 0 faiz tətbiq edilsin. Gələcəkdə isə eyni addımı bu şəxslərin övladları üçün atmaq olar".

İqtisadçı-ekspert Rəşad Həsənov MİDA-nın güzəştli mənzil kateqoriyalarına yenidən baxılmasına ehtiyac olduğunu bildirib: “Müxtəlif layihələrdə qazilər üçün mənzillərin tikilərək dövlət tərəfindən ödənişsiz şəkildə verilməsi nəzərdə tutulurdu. Bu proqramlar yenə də həyata keçiriləcək. Ehtimal ki, böyük köç başlayanda boşalan mənzillərin əhəmiyyətli hissəsi sürətli şəkildə qazilər, şəhid ailələri və müharibə iştirakçılarına paylanılacaq. 2020-ci ildə də inşa edilən mənzillər dövlətin balansına verilib. Artıq bu evlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən çıxarılaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib. Ehtimal ki, bu il ərzində həmin mənzillər də qazilərə paylanılacaq”.

“Lakin sırf MİDA ilə bağlı danışırıqsa, qeyd edim ki, resurslar məhdud olduğundan müharibə iştirakçılarını bu kateqoriyalara daxil etmək çox çətindir. Baxın, il ərzində 1000-1500 mənzil bazara təklif edilsə də, mənzil hüququna sahib kateqoriyalar genişdir, tələb isə daha böyükdür. Yaxşı olardı ki, qazilərin də MİDA-dan ev alma imkanları olsun və müəyyən kateqoriya əlavə edilsin. Bunun üçün yaxşı olardı ki, güzəştli mənzil kateqoriyalarına yenidən baxılsın, düzəlişlər edilsin”, - deyə ekspert əlavə edib.

R.Həsənov deyir ki, hətta MİDA-da qazilərlə bağlı kateqoriya olarsa belə, bu o demək deyil ki, şəxs ordan ev ala biləcək. Yəni, problemlər çoxdur: “Mənzil İnşaatı Dövlət Agentliyinin satış mexanizmi bir qədər fərqlidir. Burada, "pulumu verib mənzil alıram", demək elə də asan deyil. Hətta orada qazi və müharibə iştirakçıları üçün kateqoriyalar olsa belə, bu o demək deyil ki, siz oradan ev ala bilirsiniz. MİDA-nın güzəştli mənzil almaqla bağlı mexanizmi çox çətin və əlçatmazdır. Özləri bunu şəffaf adlandırsalar da, əslində bazarın arxa tərəfi şəffaf deyil. Böyük bir haker qrupu bu alış prosesdə iştirak edir. Digər problem isə mexanizmlərlə bağlıdır. Ümumiyyətlə, mexanizmlərdə də problem var. Yəni, mənzil alan şəxslərin bu tip layihələrdən istifadə hüququ məhdudlaşdırılmalıdır. Son bir il ərzində mənzilini başqasının adına keçirən, yaxud da adına başqa mənzillər olan şəxslərin bu mexanizmdən istifadə hüquqları məhdudlaşdırılmalıdır. Yalnız bu zaman bazar kiçiləcək və mənzillər daha əlçatan olacaq. Çünki hər il 60-70 min yeni ailə quran şəxslər də bu bazara üz tutur”.

“Təsəvvür edin ki, bir var ki, 200 mənzilə 6 min şəxs müraciət etsin, bir də var ki, 200 mənzilə 2 min 500 şəxs müraciət etsin. Mənim əsas təklifim bundan ibarətdir. Gəliri 1500-2000 manatdan yuxarı olan ailələrin bu sosial müdafiə mexanizmlərindən istifadə hüquqları məhdudlaşdırılmalıdır. Əks halda bu layihələrin əsas iştirakçıları, alıcıları yenə də imkanlı kateqoriyalar olacaq. Yaxud da xüsusi dövlət qulluğunun iştirakçısı nə üçün bu imkandan yararlanmalıdır?! Onların maaşı yüksəkdir. Resursların məhdud olması və bu kimi nüanslar əlçatanlığı aşağı salır. Yəni, təkcə kateqoriyanın dəyişməsi heç nə vəd etmir”.
 
 

Bölmənin digər xəbərləri

02 Mart 2021 Bakı üzrə pensiyalar BU VAXTDA ÖDƏNİLƏCƏK
02 Mart 2021 Bakıda “Ağ Şəhər”də “Yalnız ağ adamlar üçün” yazısı olan reklam lövhəsi ilə bağlı açıqlama
01 Mart 2021 Martda 14 gün iş olmayacaq
28 Fevral 2021 Bir milyon nizamnamə kaptalı olan sığorta şirkəti vergi borcun niyə ödəmir? – Fotofakt
28 Fevral 2021 MDB dövlətləri arasında əvvəlki illərlə müqayisədə pensiyaçıların sayı ən yüksək templə Azərbaycanda azalır.
27 Fevral 2021 Pensiya yaşının azaldılması gözlənilirmi – Nazirlikdən və deputatdan cavab
26 Fevral 2021 Məcburi köçkünlərin pulundan 5 manat tutuldu
25 Fevral 2021 Hərbi bileti olmayanlar harda işləyə bilər? - Azərbaycanda qadağa yox imiş...
25 Fevral 2021 “Toylar çox böyük sosial bəladır”
25 Fevral 2021 Müavinət alanlara şad xəbər
25 Fevral 2021 Pensiyaçılara mühüm xəbər - 1 iyuldan... - RƏSMİ
23 Fevral 2021 Zəncirvari intihar: Bu Sevil o "SEVİL" ola bilmədi - Səbəb alt qatda
20 Fevral 2021 Cəzasızlığın ayaq səsləri - Cəmiyyətdə pedofiliya sevgisi formalaşır
19 Fevral 2021 Azərbaycanda elektrik enerjisinin qiyməti iki dəfə artırılır? – RƏSMİ AÇIQLAMA
18 Fevral 2021 Min ilin problemi – erkən nikahlar: Anlamaq lazımdır ki, fəsadı çox ağırdır
17 Fevral 2021 Xaricdə məktəb müəllimləri nə qədər maaş alır?
16 Fevral 2021 Şəhid ailələri ilə bağlı MÜHÜM SƏRƏNCAM: Əməkhaqqının bir hissəsini dövlət ödəyəcək
16 Fevral 2021 Reabilitasiya sahəsində Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq layihəsinə başlanır
15 Fevral 2021 Bu gündən xüsusi məktəblərdə ənənəvi tədris bərpa edilir
13 Fevral 2021 “Qızıl amnistiya” olarsa... - ““Dəmir yumruq” ab-havası güclənəcək”

Dünyapress TV

Xəbər lenti