Ardını oxu...
Son günlər JEK-lərin əhalidən mənzil haqqlarını artırılmış tariflə yığmağa başlaması barədə xəbərlər yayılıb. Artım onunla əsaslandırılıb ki, 30 noyabr 2018-ci il tarixində “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna edilmiş dəyişiklik nəticəsində mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib.Bununla bağlı danışan iqtisadçı Samir Əliyev deyib ki, qeyd edilən tarixə qədər köhnə binalarda mənzil haqlarının tarifi Nazirlər Kabinetinin 40 saylı qərarı ilə tənzimlənirdi:
“Həmin qərara əsasən, özəlləşdirilmiş mənzillər 1 kv.m. yaşayış sahəsi üçün ayda 1,5 qəpik, dövlət və ictimai mənzil fondu üzrə yaşayış sahəsindənki evlər üçün isə ayda 2 qəpik müəyyən edilmişdi. JEK-lər bu qərara istinad edərək əhalidən pul yığırdılar. Hətta vəziyyətdən sui-istifadə edərək özəlləşdirilmiş mənzillərdən də 2 qəpikdən mənzil haqqı alırdılar. İnsafən tarif yüksək deyildi, hətta deyərdim insafsızcasına aşağı idi. Müqayisə üçün qeyd edim ki, yeni tikililərdə ən aşağı tarif 20 qəpikdir. Köhnə tikililərdə mənzil sahələri çox da böyük olmadığından aylıq ödəniş 1-2 manat arası dəyişirdi. Hətta bu məbləği də vaxtında ödəməyən əhali üçün əslində aylıq məbləğ çox deyildi. Əhali JEK-lərin xidmətindən narazı olsa da, tarifin aşağı olması səbəbində ödədikləri pulların qarşılığında heç nə istəmirdilər. Çünki onları yeni tikililərin yüksək tarif təcrübəsi qorxudurdu. İndi vahid tarif ləğv edilib və nəzəri olaraq liberal tarif, yəni bazarın tənzimlədiyi tarif mexanizmi işə düşüb”.
Ekspert qeyd edib ki, Azərbaycanda mənzil idarəçiliyinin Konstitusiyası olan Mənzil Məcəlləsi JEK-lərin mənzil idarəçiliyində iştirakını istisna edir və özəl mülkiyyətin 3 idarəetmə formasının heç birində “JEK” adında qurumun adı çəkilmir:
“Əhalidən artırılmış tariflə pul yığan JEK istinad etdiyi qanunun 13-cü maddəsi ilə yanaşı, 14-cü maddəyə də diqqət etsə yaxşı olar. Çünki 14-cü maddədə deyilir ki, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərə ancaq müqavilə ilə xidmət göstərə bilərlər. Əgər bu müqavilə yoxdursa, JEK-lərin əhalidən pul yığmaq ixtiyarı yoxdur. JEK-lər, daha doğrusu onların tabe olduqları rayon/şəhər icra hakimiyyəti qurumları qanunsuzluq edərək əhalidən pul yığırlar. Əhalinin tam hüququ var ki, JEK-lərə mənzil haqqı verməsin”.
aktualxeber
 
 

Ardını oxu...
Mən Həsənov Cavid Sahib oğlu, 16 ilə yaxın Xüsusi Təyinatlıda xidmət etmişəm, Vətən Müharibəsində yaralanaraq qazi olmuşam. Bu il avqustun 22-də sakini olduğum Zərdab rayonunun icra başçısı Mərdan Camalovun qəbuluna getdim. Məni qəbul etdiyi üçün icra başçısına təşəkkür etdim və bildirdim ki, mənə kənd təsərrüfatı ilə məşğul olmaq üçün torpaq ayrılmasını xahiş edirəm. Cənab Mərdan Camalov məni heç dinləmək də istəmədi və sözümü kobud şəkildə kəsib başladı deyinməyə. "Hamınız üstümə gəlirsiniz, elə bil bura bankdır, mən pul paylayanam?!" - bu cür sözlərlə məni acılamağa başladı. Daha sonra yanındakı köməkçisinə üz tutaraq bildirdi ki, bunun sənədlərini araşdırın, ümumiyyətlə bu kimdir, haranın qazisidir.
Dedim ki, mən bura dilənməyə gəlməmişəm. 2 ildir müharibə bitib və mən həm əliləm, həm onkoloji xəstəyəm. Sosial ödənişlərlə ailəmi dolandıra bilmədiyim üçün torpaq götürüb əkin-biçinlə məşğul olmaq istəyirəm. Buna mənim haqqım var. İcra başçısı məni heç dinləmədi, torpaq-filan yoxdur, sənədlərini gətir 100-200 manat verərik - deyib otaqdan çıxdı.

İcra başçısının qazi və şəhid ailələri ilə iş üzrə köməkçisi Zinhar müəllim isə mənim 20 ilə yaxındır rayonda yaşamadığımı deyərək guya mənim haqsız olduğumu bildirdi. Dedim ki, mənim rayonda yaşamamağım təbiidir, çünki mən 16 il XTD8-də xidmət etmişəm. Siz rayon rəhbərliyi olaraq heç öz sakinləriniz olan qazilərlərlə maraqlanmısınız? Mən 2 ildir qaziyəm və yaralı, ağır vəziyyətdə olduğum zaman Zərdab rayonunun nə icra hakimiyyəti, nə deputatı mənimlə maraqlanmayıb. Yalnız rayonun polis şöbəsinin rəisi cənab Azər Əfəndiyev mənimlə danışıb, müəyyən köməklik göstərib. Bunları deyəndə icra başçısının köməkçisi dedi ki, sən gərək zəhmət çəkib sənədlərinlə bizə müraciət edərdin. Ona dedim ki, axı mən yataq xəstəsi olaraq necə gələ bilərdim bura? Mənimlə maraqlanmaq sizin işinizdir axı. Cənab Prezident bunu icra başçılarına dəfələrlə tapşırıb.
Son olaraq icra başçısının köməkçisi dedi ki, sənə torpaq verə bilmərik, sənədlərini gətir sənə 100-200 manat yardım verərik. Mən sanki dilənçiyəm kimi davrandı və demək olar ki, məni qovdu. Dedim ki, mənə olan bu münasibətiniz doğru deyil və mən bununla bağlı cənab Prezidentə, ictimaiyyətə müraciət edəcəm. O heç narahat da olmadı və görüş beləcə bitdi. Rayonda yaşayanlar bilir ki, Zərdabın demək olar ki, bütün kəndlərdində, eləcə də mənim qeydiyyatda olduğum Otmanoba kəndində torpaqları icra başçısı və yaxınları zəbt edib, əkiblər. İnanıram ki, Zərdab rayonunda icra hakimiyyətinin bu özbaşınalığına son qoyulacaq. Cənab Prezidentin qazi və şəhid ailələrinə qayğı ilə bağlı verdiyi tapşırıqları heçə sayan məmurlar öz cəzasını alacaq.
Teref.az
 

Ardını oxu...
DİA.AZ: - Ucar rayon Xalac kənd sakini Qasımov Alim Əlimürsəl oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:

"Ailəliyəm, bir övladım var. Anam, həyat yoldaşım və övladım olmaqla ailəm 4 nəfərdən ibarətdir. 3 hektar pay torpaq sahəmiz var. Rəsmi qaydada işləyənimiz yoxdur. Pensiya, ünvanlı sosial yardım, təqaüd və sosial müavinət almırıq. İri və xırda buynuzlu heyvanımız yoxdur. Ancaq qazanc yerimiz həmin 3 hektar pay torpaq sahəsindəndir.Bu pay torpaq sahəsindən gələn gəlir ilə yaşamaq çox çətindir. Yəni bu torpaq sahəsi ailəmi qazancla təmin etmir. Dolanışığımız ağır vəziyyətdədir.

Özünüməşğulluq proqramından yararlanaraq inək heyvanı almaq məqsədi ilə 2021-ci ilin yanvar ayından Dövlət Məşğulluq Agentliyinin Ucar rayon şöbəsinə müraciət edərək qeydiyyatdan keçmişəm. Özünüməşğulluq fəaliyyətini qurmaq üçün potensial imkanlara malik şəxs kimi Agentliiyin əməkdaşları tərəfindən 24-ü aprel 2022-ci il tarixində qeydiyyata alınmışam. Lakin biznesin təşkili ilə bağlı kurslara cəlb olunmaq üçün dəfələrlə Dövlət Məşğulluq Agentliyinin Ucar rayon şöbəsinə müraciət etsəmdə məni süründürürlər. Məndən sonra qeydiyyatdan keçənlər təlim kurslarına cəlb olunublar. Sonuncu dəfə Dövlət Məşğulluq Agentliyinin Ucar rayon şöbəsində olanda, mənə sual verdilər ki, «Sən hələ təlim kurslarına cəlb olunmamısan?»

Ailəm yoxsulluq səviyyəsindən aşağı yaşayır. İş tapa bilmirik.Eyni zamanda özünüməşğulluq proqramından yararlana bilmirik. İki ilə yaxındır ki, qeydiyyata alınmışam.Daha nə qədər gözləyim? Bu proqramdan imkanl, həyətində maşını, malı-qarası olanlar yararlanır.Yerində yoxlanılarsa bu qeyd etdiyim faktlar öz təsdiqini tapacaq.

Ailəmin faktiki olaraq pay torpağı var. Həyətimizdə böyük tövləmiz var. Amma yuxarıda qeyd etdiyim kimi özünüməşğulluq proqramından yararlana bilmirik.İndidə Ucar Rayon Məşğulluq İdarəsindən mənə deyirlər ki, «Sən hələ təlim kurslarına cəlb olunmamısan?»

Sizdən xahiş edirəm mənim bu müraciətimi şəxsi nəzarətinizə götürəsiniz. Özünüməşğulluq proqramından yararlanmaq üçün mənim təlim kurslarına cəlb olunmağıma və heyvan verilməsinə köməklik edəsiniz".
Ardını oxu...
“Banklar kredit verməmişdən öncə vətəndaşın kredit tarixçəsinə baxırlar. Əvvəllər kredit ödənişində hər hansı problem olduğunu görürlərsə, çox vaxt kredit vermirlər. Qanun banklara və bank olmayan kredit təşkilatlarına həmin şəxslərə kredit verməyi qadağan etmir. Özləri vermirlər”.

Mövzu ilə bağlı “Kaspi” qəzetində yazı yayımlanıb.

2015-ci il devalvasiyası zamanı dolların məzənnəsi artdı və bu valyuta ilə götürülən kreditlərin ödənilməsində bir çox vətəndaş problem yaşadı. 2019-cu ilin fevralında Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə əsas borcun artan hissəsinə güzəşt tətbiq edildi və dollarla götürülən kreditlərlə bağlı problem həllini tapdı. Deməli, bankların “qara siyahı”sında olan həmin şəxslər də bəraət almış oldular. Amma bu gün həmin şəxslər banklara kredit üçün müraciət etdikdə “sizin kredit tarixçəniz problemlidir” cavabı alırlar. Problemlə üzləşən digər şəxslər isə 2020-ci ildə Vətən müharibəsində iştirak edənlərdir. Müharibə başladı, çağırış gəldi və həmin şəxslər ordu sıralarına getdilər. 3 ay evdən uzaq düşdülər və kreditlərini ödəmək imkanları olmadı. Qayıdandan sonra kreditlərini ödəməyə davam etsələr də, məlum olur ki, artıq onlar da “qara siyahı”dadırlar. Yəni banklar hətta vətəni qorumağa gedən, obyektiv səbəbdən krediti ödəyə bilməyənlərə də güzəşt etmir.

Vətəndaşların məsuliyyətsizliyindən yox, obyektiv səbəblərdən krediti ödəyə bilməyənlərlə bağlı yanaşma necə olmalıdır?

Qanun qadağan etmir, özləri vermirlər

Azərbaycan Kredit Bürosuna göndərdiyimiz sorğumuza cavab olaraq bildirildi ki, “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən, Kredit bürosu topladığı məlumatı son dəyişiklikdən sonra 10 il müddətində saxlayır və həmin məlumatın istifadəçilərə verilməsini təmin edir. Qeyd olunur ki, şəxslərin kredit tarixçəsində gecikmə günlərinin mövcud olması onların kredit əldə etməsini qadağan etmir. Lakin kreditin verilməsi ilə bağlı qərarın və bununla bağlı yaranacaq risklərin müəyyənləşdirilməsində kredit verən təşkilatlar sərbəstdir.

Maliyyə və bank məsələləri üzrə ekspert Əkrəm Həsənov deyir ki, bankların “Qara siyahı”sı yoxdur: “Kredit bürosu var, orda vətəndaşın kredit tarixçəsi toplanır. Banklar və bank olmayan kredit təşkilatları vətəndaşa kredit verməmişdən öncə onun kredit tarixçəsinə baxırlar. Əvvəllər kredit ödənişində hər hansı problem olubmu? Problem olduğunu görürlərsə, çox vaxt kredit vermirlər. Qanun banklara və bank olmayan kredit təşkilatlarına həmin şəxslərə kredit verməyi qadağan etmir. Özləri vermirlər”.

“Kredit tarixçəsini düzəltmək olar”

Ə.Həsənov deyir ki, ödənişdə problemin hansı səbəbdən yaranması fərq etmir, yubanma olubsa, kredit tarixçəsində əks olunur: “Sizdə nə vaxtsa problem olubsa, orada qalacaq. Səbəbin fərqi yoxdur, avtomatik baş verir. Ola bilər ki, səbəb üzrlüdür, amma baş verib və kredit tarixçəsində əks olunub. Hansı səbəbdən problem yarandığını banka müraciət edəndə bildirə bilər. Bunu nəzərə alıb-almamaq artıq bankların özünə bağlıdır”.

Ə.Həsənov deyir ki, kredit tarixçəsini düzəltmək olar: “Yaxşı girov qoymaqla, yaxud yüksək maaşı olan şəxsi zamin etməklə bankdan kiçik məbləğlərdə kredit götürmək olar. Aldığınızı vaxtında qaytarırsınız, bu da tarixçənizə yazılır. Sabah sizə böyük məbləğdə kredit lazım olanda, bank baxacaq ki, nə vaxtsa problem olub, amma sonra siz növbəti kreditləri alıbsınız, vaxtında ödəyibsiniz. Bu zaman artıq sizə böyük məbləğdə kredit verməkdən çəkinməyəcəklər”.

Bankların “6 ay sonra” qaydası

Bank məsələləri üzrə ekspert Xəyal Məmmədli deyir ki, hansı müştəriyə kredit verilə biləcəyi, hansılara “yox” deyiləcəyi ilə bağlı bankların vahid qaydası yoxdur: “Hər bank daxili qaydaları ilə müraciət edən şəxsin kredit tarixçəsini qiymətləndirir və qərar qəbul edir. Mərkəzi Bank hansısa banka deyə bilməz ki, filan müştərilərə kredit ver, filan müştərilərə yox”.

X.Məmmədli deyir ki, bir sıra iri banklardan kredit götürmək üçün kredit tarixçəsində son 6 ayda ödənişlə bağlı problem yaşanmaması kifayətdir: “Bir sıra iri banklarda belə qayda var ki, ödənişlə bağlı gecikmənin üzərindən 6 ay keçdikdən sonra o gecikməyə baxılmır. Bunun devalvasiya dönəmində, ya başqa vaxt olmasının fərqi yoxdur. Gecikmə olub, sonra həmin kredit bağlanıb və üstündən 6 ay keçib. Onlara kredit verilir. Əgər kredit müqaviləsi mövcuddursa - kredit ödənişində gecikmə olub, sonra ödəniş normal gedirsə, bu, aktiv gecikmə sayılır. Bu halda əksər banklar kredit ayırmır.

Əksər hallarda güzəşt olunur

Digər banklarda isə - hansılarda ki 6 ay, 1 il qaydası yoxdur, bu məsələ nəzərə alınır. Çünki həmin vaxt o qədər müştəridə gecikmə olub ki. Ona qalsa, gərək banklar heç kimə kredit verməsinlər. Banklar da kredit verməkdə maraqlıdırlar. Baxırlar ki, bu adam dollarla kredit götürüb, ödənişi vaxtlı-vaxtında edib. Devalvasiya dönəmində ödənişdə problem yaranıb, dövlət güzəşt edib, sonra borcu bağlanıb və s. hamısı görünür. Əksər hallarda belə şəxslərə güzəşt olunur”.

Xüsusi qeyd yerləşdirilib

X.Məmmədli qeyd etdi ki, banklar müharibə iştirakçılarının ödənişində gecikmə olmasını da nəzərə alırlar: “6 ay qaydası olan böyük banklarda bu məsələ də gündəmdən düşmüş olur. Çünki müharibənin üstündən 6 aydan çox vaxt keçib, onlara kredit verilə bilir. Belə qaydalar olmayan digər banklarda da bu məsələlər nəzərə alınır. Müharibə dönəmində ödənişində problem olanlardan kimsə bankdan kredit götürmək istəyirsə, müharibədə iştirakını təsdiq edən sənədi banka təqdim edir. Sübut olunur ki, bu adam müharibədə iştirak edib, ödəmədə problem ona görə yaranıb. Banklar da bunu nəzərə alırlar”.

Kredit Bürosundan bildirildi ki, Vətən Müharibəsi iştirakçıları və habelə, zərər çəkən mülki şəxslərlə bağlı xüsusi yanaşma Büro üçün həssas məsələdir: “Odur ki, məlumat təchizatçıları olan borcverən təşkilatlar tərəfindən təqdim edilmiş siyahılar əsasında həmin şəxslərin kredit hesabatlarının korlanmaması məqsədilə müvafiq tarixçələrdə şəxsin Vətən müharibəsi iştirakçısı olması ilə bağlı xüsusi qeyd yerləşdirilib. Qeyd etmək lazımdır ki, xüsusi qeyd hər bir məlumat istifadəçisi, o cümlədən həm kredit tarixçəsinin subyekti, həm də kredit verən təşkilatlar üçün açıqdır”.
 
 
 
Ardını oxu...
Astara rayonunun Səlivə və Süparibağ kənd sakinləri ünvanlı dövlət sosial yardım almaq üçün etdikləri müraciətlərə dəfələrlə imtina cavabı almaqdan şikayətçidir.

"Bütün ümidimi bu yardıma bağlamışdım. İndi də imtina cavabı gəldi. Mən səhərə qədər əsəbdən yatmamışam", dörd uşaq atası olan Səlivə sakini Seyhun İbrahimov BBC News Azərbaycancaya deyir.

Təkcə müsahibimiz deyil, kənddə çətin şəraitdə yaşadığını deyən başqa ailələr də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq qurumlarının müxtəlif bəhanələrlə onların ünvanlı dövlət sosial yardım almasına əngəl olduqlarını, ünvanlı sosial yardımı təyin etmək üçün evinə yoxlanışa gələn komissiyadan narazı olduqlarını bildirirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan bu iddialar "əsassız" adlandırıb.

Ünvanlı dövlət sosial yardımı nədir?
Ünvanlı dövlət sosial yardımı — aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır. Ünvanlı dövlət sosial yardım orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan az təminatlı ailələrə verilir.

2022-ci il üçün ehtiyac meyarının həddi 200 manatdır.

Ünvanlı dövlət sosial yardımı almaq üçün elektron qaydada müraciət edilməlidir.

DSMF-in saytında ünvanlı dövlət sosial yardımın təyinatı belə misal çəkilib - 4 nəfərdən ibarət ailənin orta aylq gəliri 400 manat təşkil edir. 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat müəyyən edildiyindən, həmin ailənin ehtiyac meyarının məcmusu 200*4=800 manat təşkil edir. Bu halda ailəyə 800-400=400 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilə bilər.

"Uşaqlarıma verməyə çörək tapa bilmirəm"
Seyhun İbrahimov uşaqlarından birinin sağlamlıq problemi olduğunu söyləyir. "Amma ünvanlı sosial yardım müraciətimə torpaq yerini düzgün yazmadığımı əsas göstərib, imtina veriblər" - deyə, o şikayətlənir.

"Uşağımın sinəsində əyrilik var, xəstədir. Ayda-ildə 200 manat qazanıram, o pulla bu uşaqları necə saxlayım? Bir kisə unu 40 manata satırlar, o pula mən ancaq çörək ala bilərəm. Guya mən iki əsgər böyüdürəm", - o bildirir.

Onun sözlərinə görə, əsəb xəstəsi olduğundan həkim ona stressdən uzaq olmağı məsləhət görüb, amma "övladlarının qayğısı onun xəstəliyini daha da artırıb".

"Siz görərdiniz bizim evə gələn komissiya mənə necə yuxarıdan-aşağıya baxırdı. Yəni ki, siz aşağı səviyyədəsiniz. Mən başa düşə bilmirəm ki, kasıblar adam deyil? Qarşıdan məktəb gəlir. Övladlarıma hansı pulla məktəb bazarlığı edəcəyəm, bilmirəm", Seyhun İbrahimov deyir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sözçüsü Rəşad Mehdili BBC News Azərbaycancaya deyib ki, təmsil etdiyi qurumun əməkdaşlarının vətəndaşlara yuxarıdan-aşağı baxması məsələsi "subyektiv və əsassız iddiadır".

Seyhun İbrahimov deyir ki, məmurlardan ona övladlarını uşaq evinə göndərməyi məsləhət edənlər də olub, o da çarəni bunda görüb.

"İnanırsınız, qərarlaşdırmışdım ki, balalarımı uşaq evinə verim. Sonradan ürəyim dözmədi, verə bilmədim. Amma mənim yanımda qalanda da onlara verməyə çörək tapa bilmirəm".

Kəndin digər sakini Bəylər İbrahimov da ünvanlı dövlət sosial yardımı ala bilməməkdən şikayətçidir. Üç uşağına baxmağa imkanı olmadığını deyən atanın sözlərinə görə, "hər dəfə bir səbəblə" ona imtina cavabı verilir.

"Nə üçün imtina gəlib, nəyə görə? Bu daxmada yaşadığımıza görə? Nə qədər göz yaşı tökməliyəm? Dövlət uşaqlarıma sahib çıxsın. Bu komissiya nəyə görə bizə imtina verib, nə etməliyik? Sentyabrın 15-də məktəb başlayacaq mən bu uşaqları dərsə yola sala bilmirəm. Onların geyimlərini, ehtiyaclarını ala bilmirəm", - deyə, o əlavə edir.

"İcra başçısı dedi ki, get, dilənçiliyini elə" - Astara sakini
DSMF-in sözçüsü Rəşad Mehdili BBC-yə deyib ki, Səlivə kənd sakinləri - Bəylər və Seyhun İbrahimovlara ünvanlı dövlət sosial yardımı təyinatından imtina edilməsi vətəndaşların müraciət edərkən torpaqyanı sahələrinin həcmini düzgün göstərməmələri ilə bağlı olub:

"Bəylər İbrahimovun sonuncu - avqustun 22-də etdiyi müraciətinə 15 gün ərzində cavab veriləcək", o əlavə edib.

Astaranın Süparibağ sakini Bəxtiyar Məmmədov ünvanlı sosial yardımı təyin etmək üçün evinə yoxlanışa gələn komissiyadan narazıdır:

"İmtina imtinanın dalınca gəlir"
"Mənə heç bir xəbardarlıq etmədən həyətə girəndən çəkməyə başladılar. Mənə deyirlər ki, gördüyümüz hər şeyi çəkməliyik. Dedim, onda gəl, mənim cırıq ciblərimi çək. Qızım onkoloji xəstə olan anasına dəyməyə gəlib. Qızımı da evin sakini kimi çəkirlər. Qızımın şəxsiyyət vəsiqəsini göstərirəm ki, burda qeydiyyatda deyil, anasına görə gəlib. Deyir, yox, o da burda yaşayır".

Kənd sakini Fondu sosial müavinət təyinatı üçün şərtləri qəlizləşdirməkdə ittiham edir.

"Bunların məqsədi yalnız imtina verməkdir. İmtina imtinanın dalınca gəlir. Gah mənə imtina verirlər ki, sənin pay torpağın var, bəlkə oranı icarəyə vermisən? Mən heç o pay torpağının yerini belə bilmirəm".

DSMF sözçüsü Rəşad Mehdili Bəxtiyar Məmmədovun şikayətini araşdırdıqlarını deyib:

"Vətəndaşın iddiaları əsassızdır. Bizim əməkdaşlar çəkilişə başlamazdan öncə mütləq vətəndaşa xəbərdarlıq edir. Bəxtiyar Məmmədovun evində çəkiliş aparılarkən, o, qızının onlara qonaq gəldiyini bildirib. Əməkdaşlarımız da bu məlumatı dəqiqləşdirmək üçün əlavə suallar verib, lakin vətəndaş çəkilişi dayandırmağı tələb edib. Əməkdaşlarımıza maddi-məişət şəraitinin müayinəsini yekunlaşdırmağa imkan yaratmadığı üçün onun ailəsinə sosial yardım təyinatından imtina qərarı verilib".

Sadə hüquq platformasının həmtəsisçisi, hüquqşünas Sübhan Həsənli BBC-yə bildirib ki, nazirlik əməkdaşları vətəndaşın evinə çatanda çəkilişə başlamaq üçün mütləq icazə almalıdır:

"Əgər bu icazə alınmasa, bu, mülkiyyət hüququnun pozulması deməkdir. Vətəndaş istəmirsə, çəkilişdə ailə üzvlərinin üzünün görünməsinə də etiraz edə bilər. Amma çəkilişə tamamilə icazə verməsə, bu, onun imtina cavabı almasına səbəb olacaq. Çünki bu çəkiliş vətəndaşın maddi-məişət şəraitinin yoxlanılması üçün vacibdir".

Hərçənd ki, Sübhan Həsənli rəsmilərin vətəndaşların evini yoxlamaq mexanizmini doğru hesab etmir:

"Əvvəllər qayda belə idi ki, vətəndaşların evinə sadəcə yerli qurumların əməkdaşları gedirdi. Bu, prinsipcə məntiqli idi. Çünki məsələn, xüsusilə kiçik rayonlarda kimin evindən kimin qonaq, kimin sakin olduğunu müvafiq qurumların yerli nümayəndələri bilir. Onlar həmin ailələri tanıyır. Amma dövlət korrupsiya amilini əsas gətirərək, bu sistemi ləğv etdi və komissiya üzvlərinin yalnız Bakıdan gəlməsinə qərar verdi. Bu isə müəyyən mənada ədalətsizliyə səbəb oldu".

Sübhan Həsənlinin sözlərinə görə, hazırda ƏƏSMN-in ünvanlı dövlət sosial yardım təyinatı ilə bağlı bir sıra hallarda ədalətsizliklər var:

"Bəzən biz görürük ki, 50 min əhaləsi olan rayondan 50 nəfərə, 30 min əhaləsi olan rayondan isə 400 nəfərə ünvanlı dövlət sosial yardımı təyin ediblər. Rayonların iqtisadi-inkişafına baxanda isə təxminən eyni vəziyyətdə olduğunu görürsən. Bunun səbəbi isə bilinmir. Yəni, eyni qanunun icrası qonşu rayonlarda belə, fərqli icra olunur. Burada insan amili çox önəmli rol oynayır. Məncə, dövlət bunu standartlaşdırmalıdır. Bu komissiyanı aparan əməkdaşlara xüsusi təlimlər keçirilməlidir. Yanaşmalar yenidən təkminləşdirilməli və yoxlanışı yerli məmurlar həyata keçirməlidir".

Dövlət Sosial Müavinət Fondundan BBC-yə ünvanlı dövlət sosial yardıma dair qanunvericiliyin müxtəlif rayonlarda fərqli icrası ilə bağlı iddialarla bağlı şərh verilməyib, amma qeyd edilib ki, ünvanlı dövlət sosial yardımı təyinatı ilə bağlı yoxlanış aparan əməkdaşlarına təlimlər keçirlər.

"Qanunvericiliyə əsasən ünvanlı dövlət sosial yardımı üçün müraciət edən ailənin maddi-məişət şəraitinin müayinəsi aparılır. Ailənin Ərizə-bəyannamədə qeyd etdiyi məlumatların yoxlanması və dürüstləşdirilməsi üçün aparılan bu müayinə ailə təmsilçisinin iştirakı ilə, video, foto çəkilişi və səs yazısı əsasında, şəffaf qaydada, obyektiv şəkildə aparılır", Rəşad Mehdili əlavə edib.

Qurumdan bildirilib ki, 1 avqust 2022-ci il tarixə 44 min ailəyə (195 min nəfərə) ünvanlı sosial yardım ödənilir və ünvanlı dövlət sosial yardımının hər ailə üzrə orta aylıq məbləği son 4 ildə 2,2 dəfə, son bir ildə isə 40 faizədək artaraq 368,11 manata çatıb.

İzolda Ağayeva
BBC News Azərbaycanca
 
Ardını oxu...
 
 

 "2007-ci ildən İmişlidə "Azərsun" şirkətinə məxsus Şəkər Zavodunda işləyirəm". DİA.AZ bildirir ki, İmişli şəhər sakini Elnur Uluxanov əlil olmasına rəğmən "Azərsun" Holdinq tərəfindən başına açılan oyunlardan danışır.

 

Şikayətçi deyir ki, 8 illik sığorta haqqı ödənilsə, o, əmək pensiyası ala bilər, amma buna baxmayaraq İmişli Şəkər Zavodu bu ödənişi etməkdən imtina edir və dövlətin qanunlarını pozur.

DİA.AZ bildirir ki, "Azərsun Holdinq"in prezidenti Abdolbari Goozala mürciət edən Elnur Uluxanov eyni zamanda dövlətin müvafiq qurumlarından da kömək istəyir.

Daha ətraflı aşağıdakı videoda:

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

 

XalqXeber.Az
Ardını oxu...
Hökumət neft-qaz satışından gələn milyardların bir hissəsini əhaliyə niyə vermək istəmir?

“Bu yay mövsümündə ancaq təqaüd aldığım gün bir-iki kilo meyvə ala bilmişəm. Pensiyam dərmanlarıma güc-bəla ilə çatır. Əti də eləcə, ayda bir kiloqram alarıq, ya yox…”

Bu sözləri “20-ci sahə”də yerləşən supermarketlərdən birində piştaxtalar arasında dolaşan Həmidə Səfərova deyir. Hərdən bir məhsulu vitrindən qaldırıb, qalın şüşəli eynəkli gözünə yaxınlaşdırıb, baxır, sonra qaytarıb yerinə qoyur. “10 gün qabaqla müqayisədə yenə 10-15 qəpik artırıblar, camaatı fikirləşən yoxdur, mənim kimi qəpiyi qəpiyin üstünə qoyub yaşamağa çalışan adamlar necə alsınlar?!” – deyib dərindən ah çəkir.

Yaxınlıqda sıralanan ət dükanlarının birindən çıxan Şahlar isə əlindəki torbanı yellədərək, gülümsünür: “Adam aldığından utanır, vallah. Əvvəl bir dəfəyə 3-4 kilo alırdım, indi ancaq dolmalıq 1 kilo 200 qram ət almışam. Yoldaşım tapşırıb ki, belə al, içinə düyüdən-ədviyyatdan qataq, uşaqların qarnı doysun”. Şahlar bildirir ki, 3 uşaq atasıdır, kirayədə qalır, tikintidə çalışır: “Rayonlarda dolanışıq heç yoxdur, torpağı çoxdan satmışam, puluna da şəhər ətrafından 1-2 sot yer almaq istəyirdim, amma böyük uşaq xəstələndi, əməliyyat etdirəsi olduq, güc-bəla ilə çatdı. Naşükür deyiləm, əvvəlkindən də az qazanmıram, amma pulun bərəkəti yoxdur, 100 manatın “başını kəsirsən, canı çıxır”.

İki ilə yaxındır, Azərbaycanda bahalıq cəmiyyətin başlıca mövzusudur. Qiymətlərin artması isə bilavasitə dövlət qurumlarının qərarları, ondan doğan fəsadlar, ümumiyyətlə, ölkə iqtisadiyyatında hökmranlıq edən inhisarçı şirkətlərin nəzarətsiz fəaliyyəti ilə bağlıdır. Məsələn, son bir ayda ölkədə Aİ-95 markalı yanacağın və çörəyin qiyməti xeyli artırılıb. Hökumət hər iki qiymət artımını dünya bazarlarındakı tendensiya ilə izah edir. Amma müstəqil ekspertlər bu arqumentləri qəbul etmirlər, bildirilir ki, xarici faktorlardan qaynaqlanan bahalığı dövlət kompensasiya etmək iqtidarındadır. Çünki yarım ildə təkcə neft-qaz satışından milyardlarla əlavə vəsait əldə edib, onun bir hissəsinə əhalini bahalıqdan qorumaq olardı. Xatırladaq ki, Maliyyə Nazirliyin yarım illə bağlı açıqladığı rəqəmlərə görə, büdcədə 2.5 milyard manatdan artıq profisit yaranıb.

İqtisadçı Nemət Əliyev isə deyir ki, ölkədə bu dərəcədə bahalaşmanın qarşısında nə sosial müavinət, nə təqaüd, nə pensiya, nə də maaş duruş gətirər. “Təsəvvür edin ki, ötən ilin iyulunda kilosu 78 qəpiyə satılan pomidor bu ilin iyulunda 1 manat 50 qəpiyə ticarət edilib. Bahalaşma səviyyəsi 92%-dir”, – o qeyd edir.

N.Əliyevin sözlərinə görə, hazırda Bakının iri market şəbəkələrində bu məhsul müştərilərə 2-2.5 manata təklif edilir: “81%-dən çox bahalaşan baş soğanın kilo qiyməti isə 53 qəpikdən 96 qəpiyə yüksəlib. İkinci çörək hesab etdiyimiz kartofun kiloqramı ötən ilin iyulunda 71 qəpiyə alınıb-satılırdısa, bu ilin iyulunda bu məsulun qiyməti 48% artaraq, 1 manat 5 qəpiyə qalxıb. Badımcanın qiyməti 82%-dən, göy lobyanın qiyməti isə 54%-dən çox artıb. Orta hesabla, tərəvəzlər 62%, meyvələr 24% bahalaşıb”.

Ardını oxu...

İqtisadçı vurğulayır ki, Azərbaycan əhalisinin başlıca qidası olan əla növ buğda çörəyinin qiyməti 38%-ə yaxın bahalaşıb:

““Qreçka” kimi tanıdığımız qarabaşaq yarmasının qiyməti 37%-dən çox, günəbaxan yağı 32%, şəkər tozu 25%-ə yaxın bahalaşıb”.

Ekspert deyir ki, Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan rəsmi məlumatların müqayisəsi bu mənzərəni üzə çıxarır. Onun sözlərinə görə, qida rasionumuzda tez-tez istifadə etdiyimiz ərzaq məhsullarının bahalaşma səviyyəsi, sözün həqiqi mənasında, heyrət doğurur.

İqtisadçı daha sonra qeyd edilən dövrdə qeyri-ərzaq məhsullarının və xidmətlərin qiymətinə diqqət çəkir:

“Dəftərxana ləvazimatları 43%, mobil telefonlar 29%, noutbuklar 41%, poçt xidmətləri 58% bahalaşıb. Ötən ilin əvvəllərindən hökumətin rəvac verdiyi və hazırda da davam etdirdiyi bahalaşma dalğasının tempi hələ də səngimək bilmir”.

N.Əliyev əmindir ki, orta aylıq əməkhaqqı, pensiya, sosial müavinət artımları bu bahalaşma faizlərinin heç 100 metr yaxınlığına da düşə bilməz. “Bəs davamlı gəlir yerləri, iş yerləri olmayan milyonlarla bicarələr belə bir acınacaqlı şəraitdə nə etməlidirlər, haralara, kimlərə pənah aparmalıdırlar?”, – o, sual edir.

İqtisadçı bildirir ki, əgər hökumət üzərinə düşən sosial öhdəliyi yerinə yetirə bilmirsə, xaricə satdığımız xam neft, neft məhsulları və təbii qazın bahalaşmasından son il yarımda qazanılan 26 milyard manatdan bahalaşmanın ölkə daxilində yaratdığı neqativ təsirlərin neytrallaşdırılması məqsədlərinə xərcləmək istəmirsə, heç olmasa, əhalinin əl-qolunu bağlamamalı, təcili şəkildə quru sərhədləri açmaqla sərbəst ticarətə imkan yaratmalı, Gömrük Komitəsində fəaliyyət göstərən süni və qanunsuz qiymətartırma mexanizmini ləğv etməli, simvolik faizlərlə kredit verilişini təmin etməli, xarici investorların Azərbaycana gəlişinin şərtlərinin yaxşılaşdırılması üçün təxirəsalınmaz tədbirlər həyata keçirməlidir. “Əks halda, böyük müflisləşmə dalğasının qarşısını almaq çox çətin olacaq”, – Nemət Əliyev xəbərdarlıq edir.
 
 

Ardını oxu...
“İnflyasiyanın olduğu bir vaxtda maaşları həmişə eyni səviyyədə saxlamaq düzgün deyil. Özəl sektorda çalışan sahibkarlar insanların həyat şəraitini nəzərə almalı və maaşları müəyyən qədər artırmalıdır”.

Bu fikirləri millət vəkili Vahid Əhmədov deyib.

O bildirib ki, işçilərin sosial vəziyyətini nəzərə alaraq maaş artımı məsələsi gündəmə gəlməlidir:

“Bahalaşma varsa, deməli, inflyasiya davam edir. Bahalaşma istər dövlət büdcəsi, istərsə də özəl təşkilatlardan maliyyələşən hər kəsə təsir edir. Belə hallarda dövlət tədbirlər həyata keçirir, büdcədən müəyyən yardımlar ayırır. Düzdür, özəl təşkilatlarda maaşlar onların daxili işidir. Lakin onlar da işçilərin sosial vəziyyətini nəzərə alaraq maaş artımı məsələni gündəmə gətirməlidir. Sahibkarlar başa düşməldir ki, qiymət artım işçilərin də büdcəsinə mənfi təsir edir. Ona görə iri marketlər, iaşə obyektləri, özəl sektor rəhbərləri çalışanların maaşlarına əlavələr etməlidir. Nə olsun özəl sektordur? Yaşayış minimumu, orta aylıq əməkhaqqı mütləq nəzərə alınmalıdır. Doğrudur, Vergilər Nazirliyi tərəfindən yoxlama aparılanda özəl sektora öz tövsiyələrini verirlər ki, maaşlar bu səviyyədən aşağı olmasın. Ola bilər, bəzi sahibkarlar maaşları aşağı səviyyədə göstərir ki, vergini az versin. Bu da gizili iqtisadiyyatın bir növüdür”.

V.Əhmədov antiinflyasiya tədbirlərinə də diqqət çəkib:

“Dövlət antiinflyasiya tədbirləri çərçivəsində sosial layihələrə diqqət yetirir. Az maaşı olanlar, müavinət alanlar, pensiya ilə yaşayan insanlara müəyyən qədər təminatın artırılması gözlənilir. Sosial tədbilər planında bunların hamısı nəzərdə tutulub. Çünki sosial tədbirlər paketi genişdir. Vəziyyətdən asılı olaraq həyata keçirilir. Son vaxtlar bahalaşmanın artmasıma görə aztəminatlı ailələr, pensiyası aşağı olanlara müəyyən yardım etmək lazımdır”. (Bakupost.az)
 
Ardını oxu...
"Təcili pensiyalar və əmək haqları qaldırılmalıdır ki, vətəndaş dilənçi vəziyyətinə düşməsin"
Azərbaycanda ən zəruri gündəlik tələbat malları və ərzaq məhsulları bahalaşır. Manat dəyər itirdikcə, əhalinin onsuz da azalmaqda olan gəlirləri bir qədər də dəyərsizləşir və nəticədə yoxsulluq həddində yaşayanların, rifah səviyyəsi aşağı düşənlərin sayı artır. Bütün bu baş verənlərin fonunda hökumət əhalinin sosial müdafiəsini gücləndirmək üçün hansı addımlar ata bilər?

TEREF.AZ-ın məlumatına görə, mövzu ilə bağlı SİTAT.İNFO-nun sualını cavablandıran deputat Fazil Mustafa bildirdi ki, qiymət artımı fonunda hökumət bu istiqamətdə vətəndaşın problemini qarşılamalıdır: "Hökumət bu cür bahalaşmanın qarşısında vətəndaşın əzilməsinə imkan verməmlidir. Buna görə də təcili sosial paket təqdim olunmalıdır. Burada inflyasiyasının səviyyəsinə görə, ən az ona yaxın səviyyədə vətəndaşların aztəminatlı hissəsinin müdafiəsi istiqamətində addım atılmalıdır".

Deputat vurğuladı ki, hazırda özəl sektor da ağır vəziyyətdədir: "Malı gətirənlərində böyük əksəriyyəti dollarla alır və qiymət dəyişimində bu özünü göstərir. Xaricdə bahalaşıb deyə burada da qiymət qalxır. Çünki idxaldan asılı ölkəyik, bir çox məsələlərdə hələ ki, istehsalımızı qura bilmədik. İllərimizi boşa keçirdik. Buna görə də indi çətinliklərimiz daha çox özünü büruzə verəcəkdir. Daxili bazarımızı gücləndirmək üçün bir sıra sahələrdə iş görülməlidir, məsuliyyətsizlik indi özünü göstərməkdədir. Hökumətin bu istiqamətdə addımı qaçılmazdır".

F.Mustafa vurğuladı ki, bu süni qiymət artımı deyil: "Bu dünya bazarı ilə bağlı artımdır. Amma bir çox hallarda iş adamları da bu artıma maraqlı olmamalıdırlar. Amma onlar məcburdular buna getməyə. Belə bir məcburiyyət qarşısında artım varsa vətəndaş nə etməlidir? Vətəndaşın maaşı yetərli deyil. Ona görə də təcili surətdə pensiyalar, əmək haqları qaldırılmalıdır ki, bu inflyasiyanın qabağında Azərbaycan vətəndaşı dilənçi vəziyyətinə düşməsin. Bu istiqamətdə də bütün resursları hərəkətə gətirməliyik ki, bu dövrü çalxalanma olmadan, təlatümsüz çıxmağa imkan tapa bilək".
 

Dünyapress TV

Xəbər lenti