Ardını oxu...
2024-cü il mart ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 216,6 min nəfər olmuş, onların 42,3 faizini (91,6 min nəfərini) qadınlar, 57,7%-ni (125 min nəfərini) kişilər təşkil etmişdir. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 436 manat olmuşdur.

Bu, Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilib.

2024-cü il martın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 250,9 min nəfər olmuş, onlardan 4 milyon 964,1 min nəfərini məşğul əhali, 286,8 min nəfərini (5,5%-ni) işsiz əhali təşkil etmişdir.

Cari il fevralın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1 milyon 725,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 901,7 min nəfər, qeyri-dövlət sektorunda isə 823,4 min nəfər təşkil etmişdir.

İqtisadiyyatın neft-qaz sektorunda 31,4 min nəfər, qeyri neft-qaz sektorunda isə 1 milyon 693,7 min nəfər çalışmışdır.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,5 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,3 faizi emal sənayesində, 6,3 faizi tikintidə, 3,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,0 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,9 faizi mədənçıxarma sənayesində, 1,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olmuşdur.

Xidmət sahəsində işləyənlərin 19,2 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,5 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,0 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,7 faizi peşə, elmi və texniki fəaliyyət, 3,1 faizi istirahət, əyləncə və incəsənət, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 1,9 faizi informasiya və rabitə, 1,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,0 faizi digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışmışlar.

Əslində işsizlərin real sayının daha çox olduğu ilə bağlı fikirlər var.

Maraqlıdır, işsizliklə bağlı açıqlanan rəqəmlər reallığı əks etdirir?

İqtisadçı Natiq Cəfərli "Cebhe.info"-ya açıqlamasında bildirib ki, rəqəmlər çox zaman reallığı əks etdirmir:

"Azərbaycanda rəsmi muzdla çalışanların əmək müqaviləsi ilə çalışanların sayı 1,7 milyondan bir az çoxdur. O zaman sual yaranır ki, o məşğul əhali hansı ki, rəsmi statistikada sayı 4,9 milyon qeyd olunur, onun 4,2 milyonu harada çalışır, necə çalışır?

Bununla bağlı hökumətin daha detallı açıqlama verməsinə ehtiyac var. Çünki hökumətin rəsmi statistikasında bir neçə sot torpağı olanları belə fermer kimi qeydə alırlar. Onların da sayı 1,5 milyona yaxındır. Yəni, onlar belə rəsmi statistikada işləyən sayılır. Bu doğrudurmu? Bu kimi detallar çoxdur. Hökumət məşğul olan əhalinin statistikasını açıqlamalıdır ki, rəqəmlər inandırıcı olsun".
 
Ardını oxu...
Azərbaycanda pensiyaçıların sayı azalır.

2023-cü ilin əvvəlində pensiyaçıların sayı 1 milyon 114 min 200, bu ilin müvafiq dövründə isə 1 milyon 96 min təşkil edib. Yəni bir il ərzində pensiyaçıların sayı 18 min 200 nəfər azalıb.

Bu tendensiya davam edərsə, ölkədə pensiya yaşı da azaldıla bilərmi?

Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirir ki, komitədə sosial sahədəki dəyişikliklər barədə mütəmadi müzakirələr aparılır və müvafiq təkliflər hazırlanır. Yəni Pensiya sahəsində islahatların dərinləşməsi gündəmdə olan məsələlərdəndir.

Millət vəkili deyir ki, xanımlarla kişilərin orta aylıq əməkhaqqı arasında fərq mövcuddur. Ona görə də, pensiya yaşının differensial olaraq müəyyənləşdirilməsi təklif edilir.

Vüqar Bayramov bu istiqamətdə maliyyə yükünün hesablanmasını və islahatların genişləndirilməsini məqsədəuyğun hesab edir.

Daha ətraflı “Xəzər Xəbər”in süjetində:

 
Ardını oxu...
Bir günlük dayə xidməti 30 manat, 40 manat, 50 manat....

Xezerxeber.az xəbər verir ki, son vaxtlar sosial şəbəkələrdə bu cür elanların sayı çoxalıb. Hətta bunun üçün elan səhifələrində məlumatlar paylaşılıb, xüsusi proqramlar belə hazırlanıb.

Psixoloqlarların sözlərinə görə, hər yaşdan uşağın gündəlik dayə xidmətindən yararlanması məsləhət görülmür.

Psixoterapevt Elmir Əkbər deyir ki, sözügedən xidmət üçün şəxslər tibbi müayinədən keçməli və işə qəbul üçün xüsusi tələblər olmalıdır.

Gündəlik dayələrin sağlamlıqları ilə yanaşı digər ailələrdən tövsiyə məktublarının və sosial şəbəkə hesablarının əl çatan olması da məsləhət görülür.

Ətraflı süjetdə:

 
Ardını oxu...
Ali Məhkəmədə ər və arvadın ümumi əmlakının bölünməsi ilə bağlı Plenum qərarı qəbul edilib.

Gununsesi.info-nun məlumatına görə, qərarda maraqlı məqamlardan biri nikahı pozulan cütlüyün evlilik müddətində lotereya və mərc oyunlarında qazandıqları gəlirlə bağldır.

Məsələn, əgər ər birgə yaşayış vaxtı hər hansı lotareya, mərc və ya intellektual oyunda gəlir əldə edibsə, artıq həmin gəlir də ailənin ümumi əmlakı hesab ediləcək. Qayda ondan ibarətdir ki, sözügedən oyunlarda iştirak üçün verilən vəsait ər-arvadın ümumi əmlakından xərclənir. Bununla da gələcəkdə boşanma işlərində tərəflər bu məsələni də müzakirəyə çıxara bilərlər.

Bundan əlavə, digər məsələ ər-arvadın birgə nikah dövründə ipoteka krediti ilə alınan əmlakı ilə bağlıdır. Qərara əsasən, sözügedən əmlak ümumi hesab edildiyi kimi bankdan götürülən kredit də ər-arvadın birgə öhdəliyi sayılır. Yəni nikah pozulsa belə, krediti hər iki tərəf ödəməlidir.
 
Ardını oxu...
Müqəddəs bayramlar içərisində Ramazan bayramı mühüm yer tutur. Bakıda yerləşən bir çox restoranlar iftar menyuları ilə qonaqlarını qarşılayırlar. Hər il olduğu kimi, bu il də Bakıda fəaliyyət göstərən bəzi restoranların təklif etdiyi iftar menyularının qiyməti, həqiqətən, olduqca bahadır. Müşahidələr göstərir ki, "Ramazan kampaniyası" adı altında müştəri cəlb etməyə çalışan bir çox restoranların qiymətləri həddindən artıq bahadır və müştərilərin haqlı narazılığına səbəb olur.

Referans.az yerli metbuata istinadən restoranların təqdim etdiyi kampaniyalara uyğun hazırda iftar menyularının qiymətini təqdim edir:

"Etçi Umut Baku" - bir nəfər üçün 95 AZN

"Günaydın" restoranı - bir nəfər üçün 90 AZN

"Fairmont Baku" - bir nəfər üçün 80 AZN

"360 Ruby Baku" - 2 nəfər üçün 80 AZN

"Mənzərə" restoranı - bir nəfər üçün 75 AZN

"Abşeron Marriot" - bir nəfər üçün 72 AZN

"Ocakbaşı" - restoranı bir nəfər üçün 70 AZN

"Prive Steak Gallery" - bir nəfər üçün 55-65-80 AZN (menyudan asılı olaraq)

"Teleqüllə" - restoranı, 1-ci mərtəbə iki nəfər 60 AZN

"Elvet Steak House" - bir nəfər üçün 40 AZN

"Hilton Cilantro" - restoranı 1 nəfər 39 AZN

Məlum olur ki, bir sıra restoranlar iftar menyularının qiymətini olduqca bahalaşdırıb. Qiymətlərin baha olmasının səbəbi ilə bağlı adı çəkilən restoranların bir neçəsi ilə əlaqə saxladıq. Bəzi restoranlar menyuların bazar qiymətlərinə uyğun olduğunu, bəziləri isə keçən ilə nisbətən ərzaq məhsullarının bahalaşdığı üçün menyularda da bahalaşma olduğunu qeyd etdi.

Məsələ ilə bağlı danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Referans.az-a bildirib ki, azad bazar iqtisaddiyatında hər şey tələb və təklif üzərinə reallaşır:

“Qiymət siyasətinə dövlət müdaxilə etmir və biznes qurumları qiymət qoymaqda sərbəstdirlər. Lakin biznes qurumlarının vəziyyətdən sui-istifadə etməsi düzgün deyil. Dövlət orqanları biznes qurumları üçün son dərəcə toxunulmaz bir şərait yaradıb, onlar da bu vəziyyətdən sui-istifadə edir. Bəzi insanların isə iftar süfrəsi açmaqla savab qazanmaq niyyətləri var. Yaxşı bir əməldir, lakin insanların bu istəyindən biznes qurumları yararlanır. Restoranlarda halal qidanın verilib-verilməməsi ümumiyyətlə ayrı bir məsələdir”.

Qurum rəsmisi deyir ki, kimsə süfrə açıb insanları toplayıb özünü tanıtdırmaqdansa, ad, soyadını gizli saxlamaqla kiməsə hər hansı bir yardım etməsi daha məqsədəuyğundur. Onun sözlərinə görə, bu gün savab qazanmaq istəyən insanlar özlərini tanıtmaq üçün iftar süfəri arxasında oturmaqdansa, yoxsul birinə əlt tutmaqları daha düzgündür.

Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, restoranlar özəl sektor olduğu üçün onlar öz qiymətlərini özləri təyin edir:

“Restoranların özəl sektor olduğunu unutmamaq lazımdır. Əgər xoşlarına gəlmirsə, orada iftar açmasınlar. Yəni insanlar daha çox evlərində iftarı açmağa üstünlük versələr yaxşı olardı. Bu məsələdə əslində restoranların üzərinə getmək məntiqli görünmür. Çünki onlar qiyməti qoyurlar, istəyən getsin, istəməyən getməsin. Bu rəqabət mühitidir, insanlar baxsınlar ki, hansı sərfəlidir, hara daha uyğundur ora getsinlər”.

Deputat qeyd edir ki, bunların hamısı tələb-təklifdən asılıdır və bu kapitalizmin reallıqlarıdır.
 
Ardını oxu...
Bildiyimiz kimi, bir insanın öz sağlamlığını və həyat fəaliyyətini minimum səviyyədə davam etdirə bilməsi üçün minimum istehlak səbətinə daxil olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərdən istifadə etməsi lazımdır.
Yeniavaz.com xəbər verir ki, ölkədə minimum istehlak səbətinin tərkibi Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilib.
Minimum istehlak səbəti isə insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.
Bəs görəsən minimum istehlak səbətini “doldura” bilmək üçün, yəni bir insanın öz sağlamlığını və həyat fəaliyyətini minimum səviyyədə davam etdirə bilməsi üçün nə qədər vəsait lazımdır?
Yeniavaz.com Nazirlər Kabinetinin açıqladığı aylıq normalar və Dövlət Statistika Komitısinin açıqladığı qiymətlər əsasında minimum istehlak səbətinin dəyərini hesablayıb. Hesablama göstərir ki, insanın öz sağlamlığını və həyat fəaliyyətini minimum səviyyədə davam etdirə bilməsi üçün ən azı 283 manat lazımdır.
Ardını oxu...
 
Ardını oxu...
Paytaxtımızda müvafiq strukturlar nəqliyyat sektoru, o cümlədən taksi fəaliyyəti ilə fəal məşğul olmağa başlayıb. Ötən yay bu xidmətin qiyməti artsa da, Bakıda taksilər ucuzluğuna görə hələ də populyardır. Onlar adətən ünvana tez çatırlar və siz kifayət qədər rahat şəraitdə səyahət edirsiniz.

Amma paytaxt sakinlərinin vaxtaşırı şikayət etdikləri çatışmazlıqlar da var. Təhlükəli sürücülük, kobudluq, sizi təyinat yerinə çatdırmaqdan imtina etmək, pulun qalığını qaytarmamaq və s. Bəzi müştərilər bu kimi problemlərlə üzləşirlər. Həm də ona görə ki, heç bir kriteriyaya cavab verməyənlər də taksi sürücüsü olurlar.

Bu vəziyyəti dəyişmək üçün indi “Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən, taksi sürücüləri avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən etik standartlar və qaydalar üzrə xüsusi təlim keçməlidirlər. Təlimi müvəffəqiyyətlə bitirənlərə sertifikatlar verilir və yalnız onlar sürücülük fəaliyyəti ilə məşğul ola bilərlər. Bundan başqa, taksi kimi istifadə olunan avtomobillərin xarici görünüşünə və texniki göstəricilərinə qoyulan tələblərlə bağlı layihələr hazırlanıb.

Lakin dəyişikliklər taksi sürücüləri üçün bununla da bitmədi. Ola bilsin ki, yaxın gələcəkdə onların sayı xeyli azalacaq. Belə olan halda taksi qiymətlərinin qalxacağını və işsizlərin sayının nəzərəçarpacaq dərəcədə artacağını güman etmək məntiqlidir.

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bu yaxınlarda taksilərin sayını 20 minə qədər azaltmağın planlaşdırıldığını açıqlayıb. Onun sözlərinə görə, ötən yaydan etibarən qanunvericiliyə edilən dəyişikliklərlə taksilərin sayı 67 mindən 60 minə düşüb. Rəsmi şəsx qeyd edib ki, bu, 40 min insanın işsiz qalacağı anlamına gəlmir və bizdə ictimai nəqliyyatda sürücü çatışmazlığı var, yükdaşımalarda da sürücülərə ehtiyac var.

Nəqliyyat sahəsi üzrə ekspert, “Sürücülərin Maarifləndirilməsinə Yardım” İctimai Birliyinin sədri Fazil Məmmədov mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, paytaxt taksilərinin mövzusu çox mürəkkəbdir: “Konkret şəhərin imkanlarından asılı olaraq, onun üçün tələb olunan taksilərin sayı hesablanır. Bu, orta hesabla bir taksiyə 300-500 nəfərdir. Məsələn, 400 rəqəmini götürsək, onda dörd milyona yaxın əhalisi olan Bakıya 10 min taksi bəs edər. Paytaxtda taksilərin real sayı açıqlanan rəsmi rəqəmlərdən xeyli çoxdur. Bakıda 200 minə yaxın insan taksi sürücüsü işləyir və bunların çoxu iş yerinin olmaması səbəbindəndir. Buna görə də şəxsi avtomobili olan bir çoxları sürücülüklə məşğul olurlar, çünki bir şeylə yaşamaq lazımdır. Və sual olunur: daha taksi sürücüsü işləyə bilməyənlər nə etməlidir? Rəsmi statistikanı götürsək belə, 40 minə yaxın insan gəlirsiz qalacaq, onlardan cəmi 500-ə yaxını avtobus sürücüsü ola biləcək”.

Xatırladaq ki, rəsmi statistikaya görə, hazırda Bakıda 2000-ə yaxın avtobus işləyir. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayevin sözlərinə görə, Bakıya xətt üzrə hərəkət edən avtobusların sayı qrafikdə göstəriləndən xeyli azdır - 2200 deyil, 1700. O bildirib ki, avtobusların sayı artırılmalıdır: pik saatlarda onlara olan tələbatı ödəmək üçün 2500 avtobus lazımdır.

Yükdaşıma ilə məşğul olmaq təklifinə gəlincə, F.Məmmədovun dediyi kimi, çətin ki, hazırda orada kadr problemi olsun: “Bu bazar artıq formalaşıb və zəbt olunub, ona görə də çox az adam orada iş tapacaq. Mən tamamilə tərəfdarıyam ki, nəhayət, taksi sənayesində nizam-intizam yaradılsın və onların şəhərdə lazım olan qədər olması təmin edilsin. Amma sonra hazırda taksi sürücüsü işləyənləri başqa işlərdə işə götürmək lazımdır. İnkişaf etmiş ölkələrdə iş tapa bilməyənlər sosial müavinət alırlar. Bu, bizim üçün asan deyil”.

“Ancaq başa düşməliyik ki, əgər bir insanın mövcud gəlirini əlindən alsanız və əvəzində dəyərli bir şey təklif etməsəniz, yoxsulların sayı artacaq və cinayətlər də arta bilər. Ona görə də ilk növbədə iş yerləri yaratmalıyıq ki, insan bir iş sahəsindən digərinə nisbətən ağrısız keçə bilsin. Bu, problemin həlli olardı, lakin tez-tez qeyd etdiyim kimi, bütün məsələlər kompleks şəkildə həll edilməlidir, nəinki belə”, - deyə mütəxəssis vurğulayıb.

Taksi sahəsindəki digər yeniliklərə, xüsusən də etika kurslarına toxunan həmsöhbətimiz bunun zəruri və vacib olduğunu düşünür: “Taksi sürücüsü xidmət sektorunda işləyir və hər gün müxtəlif müştərilərlə, o cümlədən bu və ya digər səbəbdən onun üçün xoşagəlməz müştərilərlə qarşılaşır. Amma o, heç bir müştəriyə qarşı kobud davranmamalıdır və təbii ki, taksi sürücüsü belə işə peşəkarcasına uyğun olmalıdır. Həm də lazımdır ki, hər reysdən əvvəl taksi sürücüsü tibbi müayinədən keçsin, özü də bu təkcə “quş qoymaq” üçün deyil, real olmalıdır. Və təbii ki, avtomobil texniki cəhətdən sağlam və təmiz olmalıdır. Bütün bunlar qanunda göstərilib, lakin həyata keçirilməlidir”.

“Üstəlik, ölkədə taksilərin icbari sığortasını tətbiq etmək lazımdır. Əgər taksi sürücüsünün təqsiri üzündən yol-nəqliyyat hadisəsi baş verərsə və şəxs dünyasını dəyişərsə və ya əlil olarsa, belə taksi sürücüsünü işə götürən şirkət zərərçəkmişlərə və ya onların ailə üzvlərinə kompensasiya ödəməlidir. Bir şəxs bədbəxt hadisə nəticəsində əlillik alırsa, təminat ömürlük olmalıdır. Bunu taksi sürücüsünün özü ödəyə bilməyəcək. Əgər şirkətlər, o cümlədən aqreqatorlar bunun üçün pul ödəsələr, onlar hər yoldan keçəni işə götürməkdən və ya hər hansı bir şəxslə əməkdaşlıq etməkdənsə, kadrları daha diqqətlə seçəcəklər”, - deyə Məmmədov fikrini yekunlaşdırıb.
 
Ardını oxu...
Sudanda beş milyona yaxın insan yaxın aylarda fəlakətli aclıq təhlükəsi ilə üzləşə bilər.

Bu barədə Birləşmiş Millətlər Təşkilatı (BMT) məlumat yayıb.

Təşkilat döyüşən tərəfləri yardımın çatdırılmasına icazə verməyə çağırıb.

BMT Baş katibinin müavini Martin Qriffitsin sözlərinə görə, təhlükəsizlik vəziyyəti pisləşdikcə, Qərbi və Mərkəzi Darfurda insanlar aclıqla üzləşəcəklər. Çaddan Sudan bölgəsinə yardımın transsərhəd çatdırılması “kritik həyat xətti”dir.

Qriffits vurğulayıb ki, hazırda təxminən 730 min sudanlı uşaq qida çatışmazlığından əziyyət çəkir.

Qeyd edək ki, Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələri (RRF) arasında silahlı qarşıdurma 15 aprel 2023-cü ildə başlayıb. Toqquşmalara səbəb RRF-nin ordu strukturuna inteqrasiyası məsələsi olub. Paytaxt Xartumda gedən döyüşlər ölkənin digər bölgələrinə də yayılıb.

Mənbə: octagon.media
Ardını oxu...
"Nişan və toy məclislərində ər-arvada ayrıca hədiyyə edilən əmlaklar da ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" qərarda öz əksini tapıb".
TEREF xəbər verir ki, bu barədə Oxu.Az-a Ali Məhkəmənin Mülki Kollegiyasının hakimi Abidin Hüseynov "Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında" qəbul edilən plenum qərar layihəsinin məzmunu barədə sualları cavablandırarkən deyib.
Onun sözlərinə görə, əgər hədiyyə ər-arvada ayrı-ayrılıqda hədiyyə edilirsə, onların ayrıca əmlakı sayılır:
"Bu zaman həmin əşyalar onların şəxsi əmlakı hesab edilir və ümumi əmlak bölgüsündə nəzərə alınmır. Birlikdə, yəni ailəyə hədiyyə edilən, bağışlanan əşyalar istisnadır. Məsələn, nişan dövründə gəlinə, bəyə verilən hədiyyələr onların ayrıca əmlakı sayılır".
"Nikah dövründə ailənin ümumi əmlakının bölünməsi də çox vacib məsələlərdən biridir. Tərəflər bunu nikaha daxil olan zaman nikah müqaviləsi ilə tənzimləyə bilərlər. Qanunvericilik buna şərait yaradır. Ər-arvad nikah müqaviləsi ilə əmlak rejimini müəyyən edə bilirlər. Qanun buna ər-arvadın əmlakının müqavilə rejimi deyir. Müqavilə rejimində tərəflər birgə nikah dövründə əldə ediləcək əmlakların taleyini həll edə bilərlər.
Məsələn, tərəflər nəzərdə tuta bilərlər ki, nikah dövründə əldə edilən əmlak kimin adına qeydiyyata alınırsa, o, artıq onun özünün sayılsın. Qanunla bu, mümkündür. Yox, əgər tərəflər nikah müqaviləsi bağlamayıbsa, ər-arvadın mülkiyyəti qanuni rejimdə hesab edilir. Qanuni rejimə görə birgə nikah dövründə əldə edilmiş bütün əmlak üzərində ər-arvadın bərabər payları tanınır. Mübahisə halında tərəflər məhkəməyə müraciət edirlər. Daha çox məhkəməyə daşınmaz əmlaklar, qeyri-yaşayış sahəsi, avtomobillər üzərində payların müəyyən edilməsi ilə bağlıdır. Bu gün mövcud təcrübəyə görə həmin əmlaklar üzərində ər-arvadın 1/2 payı təmin edilir.
Daha bir məsələ tərəflərin birgə nikah dövründə birdən artıq ümumi əmlakının olmasıdır. Bu gün məhkəmə təcrübəsində əmlak bölgüsündə iki mülk varsa, hər iksində 1/2 pay müəyyən edir. Lakin plenum qərarda məhkəməyə tövsiyə edilir ki, ər-arvadla danışıqlar aparıb əsl istəklərini dəqiqləşdirsinlər. Daha sonra tərəflər əmlakın tam ayrılmasını istəyirsə, bütün əmlakların dairəsi müəyyən edilsin. Buraya həm aktiv, həm passiv həm hüquqlar, öhdəliklər, həm də əşyalar daxildir. Yekun olaraq tərəflərin payları müəyyən edildikdən sonra həmin paya müvafiq olaraq bütün əşyaların tərəflər arasında bölünməsi təmin edilməlidir. Bu tərələr arasındakı mübahisənin tez həllinə, məhkəmənin yükünün azalmasına səbəb olmaqla yanaşı, bir prosesin içərisindən fərqli digər proseslərin yaranmasının da qarşısını alacaq".
 
Ardını oxu...
Azərbaycanda rus dilində təhsilə maraq artmaqdadır. Valideynlər övladlarının rus dilində təhsil almasına can atırlar. Bunu hər il rus bölməsində yaşanan şagird sıxlığında da görmək mümkündür.

Dəfələrlə bu sıxlığın aradan qaldırılması üçün hansı addımların atılacağı müzakirə olunur. Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlər üçün keçirdiyi sonuncu brifinqdə məsələyə toxunaraq rus bölməsində əlavə siniflərin artırılmamasının səbəbinin müəllim çatışmazlığı olduğunu qeyd edib.

Lakin ilbəildən niyə belə həvəsin artdığı maraq doğurur. Təcrübə göstərir ki, rus dilini bilməyən və övladlarının dərslərinə elementar formada kömək edə bilməyən valideynlər niyəsə uşaqlarını rusca təhsilə yönləndirirlər.

Bəs rus dilini bilməyən valideynlər övladını niyə rusca təhsilə yönləndirir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil sahəsi üzrə ekspert Elşən Qafarov övladının rus bölməsində təhsil almasını istəyənləri üç qrupa bölüb:

"Birinci kateqoriyaya aid olanlar özləri rusca təhsil alanlar, ailədə rusca danışanlardır. Onlar ölkədə rusca təhsilin verildiyini düşünüb övladlarını bu bölməyə yönəldirlər. İkinci, rus bölməsində təhsil alan uşaqların bir-birinə davranışları, münasibətləri daha mədənidir. Nəticə etibarı ilə fikirləşirlər ki, mənim övladım rus bölməsində oxuyursa, onun da davranışı, xarakteri o şəkildə olacaq. Üçüncü, kateqoriyada olan insanlar isə sadəcə “mənim də övladım rus bölməsində oxusun” prinsipini əsas götürürlər.

Birinci kateqoriyadan olanları başa düşürük. Düzdür, dövlət dilimiz Azərbaycan dilidir, biz milli xüsusiyyətlərimizi qoruyub saxlamalıyıq. Amma istənilən halda ailədə rusca danışılır və o səbəbdən də rus bölməsinə müraciət edirlər".

Ekspert Azərbaycan və rus bölməsi arasındakı fərqlərə toxunub:

"Rus bölməsində müəllimlər və uşaqlar arasında ümumi davranış, ünsiyyət doğru-düzgün seçilir. Azərbaycan bölməsində bu belə deyil. Nəticə etibarı ilə bu iki bölmə arasında tərbiyə sistemində ciddi fərqlər meydana gəlir.

Birinci növbədə ölkənin bütün ümumtəhsil müəssisələrində bilməlidirlər ki, 2014-cü ildə Təhsil Nazirliyinin qərarı ilə müəllimlərin etik davranış qaydaları müəyyən olunub. Həmin qaydalarda konkret olaraq göstərilib ki, müəllim şagirdlə ünsiyyət zamanı doğru ünsiyyət tərzi seçməlidir. Müəllim şagirdə soyadla, rəsmi müraciət etməlidir. Yəni pərdəni qaldırmamalıdır".

O, bunun digər tərəfini isə xarici dilin tədrisindəki axsamalarda görüb:

"Rus dili xarici dildir, hər hansı xarici dili bilmək insana əlavə şərait yaradır. Valideyn də fikirləşir ki, övladım ən azı bir xarici dili bilmiş olacaq. Bunun da qarşısını almaq üçün ümumi təhsil məktəblərində xarici dilin tədrisini yaxşılaşdırmalıyıq. Ölkənin təhsil sistemində 30 minə yaxın xarici dil müəllimi var, onların 1 faizi, 300 nəfəri, bəlkə də tədris etdiyi dildə normal ünsiyyət saxlaya bilir”.

Ekspert əlavə edib ki, təhsil haqqında qanunlara baxsaq görərik ki, konkret şəkildə tam orta məktəbi bitirən məzunlar bir və ya bir neçə xarici dildə ünsiyyət saxlamağı bacarmalıdır:

“Hazırda məktəblərdə işləyən xarici dil müəllimləri özləri tədris etdiyi fəndən ünsiyyət saxlaya bilmirlərsə, şagird və məzunlar necə saxlasınlar?! Xarici dil müəllimlərinin peşəkarlığına diqqət etmək lazımdır. Təklif edirik ki, xarici dil müəllimlərinin sertifikasiyanın müsahibə mərhələsi yarım saat olsun və tədris etdikləri dildə aparılsın. Müəllimlərin işə qəbulunda da, xarici dil müəllimlərinin hazırlığında da bu məsələ olmalıdır. Bu məsələlərə diqqət olunsa, rus bölməsinə axın azalacaq.

Eyni zamanda, tədris tamamilə Azərbaycan dilinə çevrilməlidir. Kim istəyir ödənişli əsaslarla başqa dildə təhsil alsın. Düşünürəm ki, bu da uzaqda deyil, yaxın iki ayda məktəblərin publik hüquqi şəxsə çevrilməsi ilə bağlı addımlar atılacaq. Məktəblər artıq ödənişli şəkildə təhsil vermək hüququnda olacaqlar".
 
 
 

Dünyapress TV

Xəbər lenti