Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 6-da Avropa İttifaqının (Aİ) zirvəsindən əvvəl keçiriləcək Avropa Siyasi Birliyinin toplantısına qatılacaq.

DİA.AZ teleqraf.com-a istinadla xəbər verir ki, toplantı üçün Çexiyaya gedəcək Türkiyə liderinin gündəmində Ermənistanla münasibətlərin normallaşdırılması məsələsi də var.

Rusiya-Ukrayna müharibəsi başda olmaqla regional məsələlərin həllində Qərb tərəfindən bölgənin ən mühüm aktorlarından biri kimi görülən Türkiyə və lideri toplantıda sülh, təhlükəsizlik, enerji, iqlim, iqtisadiyyat, miqrasiya və nəqliyyat kimi mövzuları qaldıracaq.

Prezident Ərdoğan toplantı çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyanla görüşəcək.

Görüşdə Ərdoğanın Paşinyana xüsusi nümayəndələr arasındakı təmasların üçüncü ölkələrdə deyil, Türkiyə və Ermənistanda növbə ilə keçirilməsinə, bölgədə gərginliyin daha da artmaması üçün Azərbaycana qarşı təxribatlara yol verilməməsinə və Azərbaycanla yekun sülh sazişinin imzalanmasına dair mesajlar verəcəyi gözlənilir.

Ardını oxu...
O Baş katibinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə köməkçisinin müavini, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Brüsseldə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.

“Report” xəbər verir ki, bu barədə Xavyer Kolomina tviterdə yazıb.
O qeyd edib ki, görüşdə regiondakı vəziyyət və oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov ilə Zöhrab Mnatsakanyan arasındakı görüşdən sonra danışıqların statusu müzakirə edilib.

NATO rəsmisi əlavə edib ki, təmsil etdiyi qurum Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyir.
 
 
 
Ardını oxu...
Rusiyanın Ukraynaya hücumu fonunda Qafqazda geosiyasi güc balansı dəyişir. Bəzi erməni təhlilçilərin fikrincə, 12-14 sentyabrda baş verən hərbi toqquşmalar Rusiyanın Ermənistanın köməyinə gəlib-gəlməyəcəyini yoxlamaq üçün bir test idi. Son hadisələr həqiqətən də Ermənistanın nə qədər zəif olduğunu hər iki tərəfə nümayiş etdirdi.

Ermənistanda Regional Araşdırmalar Mərkəzinin direktoru Riçard Giraqosyan deyir ki, baş verənlər sadəcə Ermənistana qarşı deyildi: "Bu hücumlar Rusiyanın maraqlarına meydan oxumaqdır”.

Xatırladaq ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərindən sonra Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Nyu Yorkda Dövlət katibi Entoni Blinkenlə görüşüb sülh danışıqlarını müzakirə ediblər.

2020-ci ildə atəşkəs Rusiyanın vasitəçiliyi ilə əldə olunmuşdusa, hazırda iki ölkə arasında dialoqu təmin etmək üçün ABŞ və Aİ, xüsusən də Avropa Dövlət və Hökumət Başçıları Şurasının Prezidenti Şarl Mişel daha çox təşəbbüs göstərir. "Müharibədə heç kim köməyimizə gəlmədi. İndi insanlar soruşur ki, Rusiya nəyimizə lazımdır... Bu, Azərbaycan üçün yaxşı məqamdır. ABŞ, Britaniya və İranın başları qarışıqdır”, - bunu isə İrəvanda yerləşən “Qafqaz İnstitutu” adlı beyin mərkəzinin təhlilçisi Aleksandr İsgəndəryan deyib. O bildirir ki, Azərbaycanın "məcburedici diplomatiyası" Ermənistanı çətin durumda qoyur: Yəni, ya tələblərimizlə razılaş, ya da yeni hücumlarla üzləş.

"Həm Rusiya, həm də Aİ-nin münaqişənin həlli, o cümlədən Qarabağın gələcək statusu ilə bağlı sülh sazişləri hazırladığı bildirilir. Zəif Ermənistanın indiki durumda bu danışıqlara hansı rıçaqlarla qatılacağı aydın deyil. Azərbaycanın tələblərinə – mövcud atəşkəsin sülh sazişi ilə əvəz edilməsi və Zəngəzur dəhlizinin açılması şərtlərinə razılaşmaq Ermənistanda əhali tərəfindən müsbət qarşılanmayacaq", - o vurğulayır.

"Hal-hazırda özümüzü kiçik və düşmənlər arasında sıxışdırılmış hiss edirik. Türkiyə ilə sərhədlərimiz bağlıdır, Azərbaycanla isə müharibədəyik”. Bunu isə erməni jurnalist Tatev Hovhannisyan deyir. İrəvanda yerləşən Siyasi və İqtisadi Strateji Araşdırmalar Mərkəzinin təsisçi direktoru Benyamin Poğosyan isə bildirir ki, KTMT-nin adət halını almış fəaliyyətsizliyinə rəğmən Ermənistanın bu qurumdan rəsmən çıxması ehtimalı çox aşağıdır. "KTMT-ni tərk etmək Rusiya tərəfindən düşmənçilik hərəkəti kimi qəbul olunardı. İran da bunu qərbyönlü jest kimi görərdi. Nəticədə, Ermənistanın yeganə dost qonşusu da ondan təcrid olunardı”, – o deyir.

Erməni siyasi təhlilçi Tiqran Qriqoryan isə deyir ki, KTMT-nin yanvarda Qazaxıstan rəhbərliyinə kömək üçün bu ölkəyə ordu göndərməsi, ancaq Ermənistana yardım etməməsi faktı erməniləri daha çox qəzəbləndirməyə başlayıb: "KTMT-nin bütün üzvləri Qazaxıstana ordu göndərdi. Putinsə bu addımı regionda “rəngli inqilabın” qarşısının alınması adlandırdı. Nəzərə alınmalıdır ki, KTMT-nin yalnız xarici hücuma məruz qalan suveren əraziyə kömək etmək öhdəliyi var. Rusiyanın Ermənistanın dadına çatmamasının daha bir səbəbi onun Qərb sanksiyaları fonunda Türkiyə və Azərbaycandan get-gedə daha çox asılı olması ola bilər. Hətta Putinin Ukraynaya hücumundan əvvəl Azərbaycan və Rusiya prezidentləri iki ölkə arasında diplomatik və hərbi əməkdaşlığı dərinləşdirən geniş saziş imzalamışdılar. Qərb bunu anlamır. Azərbaycanın Rusiya ilə daha sıx əlaqələri var. Azərbaycan Rusiyanın ondan asılılığını anlayır. Rusiya Azərbaycan və Türkiyə ilə qarşıdurma istəmir. Rusiya Azərbaycanın qarşısını almağa nə qadirdir, nə də bunu istəyir”.
 
 
 
Ardını oxu...
Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Kipr Respublikasının Pentaqonun Milli Qvardiya Bürosunun Dövlət Tərəfdaşlığı Proqramına daxil edilməsini pisləyib.

Bu barədə Türkiyə XİN-in bəyanatında deyilir.

Qeyd olunub ki, iki həftə əvvəl Kipr Respublikasına qarşı silah embarqosunu ləğv edən ABŞ-ın bu yeni addımını izah etmək üçün mümkün deyil.

Bəyanatda ABŞ-nın bu addım ilə adada iki tərəf arasındakı balansı pozaraq tərəf tutduğu vurğulanıb:

“ABŞ belə addımlarla Kipr probleminin ədalətli, daimi və davamlı həllinə nail olunması prosesində konstruktiv rol oynamaq imkanını da itirir. Türkiyə qarant ölkə olaraq Kipr türk xalqının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi addımları atmağa davam edəcək”.
 
Ardını oxu...
ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bazar günü İstanbulda Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalınla görüşərək Ukrayna ətrafındakı vəziyyəti, Kiyevə dəstəyi, Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına dəstəyi, eləcə də Finlandiya və İsveçin NATO-ya qoşulması prosesini müzakirə edib.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Onlar Rusiyanın təcavüzü qarşısında Ukraynaya davamlı dəstəyi müzakirə ediblər, o cümlədən Rusiyanın Ukrayna ərazilərini qanunsuz ilhaq etmək cəhdlərini pisləyiblər”, - açıqlamada qeyd olunur.

“Sallivan Türkiyənin Ukrayna taxılının ixracını asanlaşdırmağa yönəlmiş yardım vasitəsilə dünyada ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyəti yaxşılaşdırmaq səylərinə görə minnətdarlığını bildirib”, - açıqlamada deyilir. Bundan əlavə, Amerika Prezidentinin köməkçisi Türkiyə tərəfinə Rusiyada saxlanılan iki Amerika vətəndaşının azad edilməsi ilə bağlı diplomatik işlərə görə minnətdarlığını bildirib.

“Onlar həmçinin regional təhlükəsizlik məsələlərini, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına dəstəyi, Şərqi Aralıq dənizində hər hansı fikir ayrılığının həlli üçün dialoq və diplomatiyanın vacibliyini, eləcə də Finlandiya və İsveçin NATO-ya üzvlüyü istiqamətində irəliləyişi müzakirə ediblər”, - Ağ Evdən əlavə edilib.
 
 
 
Ardını oxu...
Ukrayna tərəfdaşları ilə razılaşmalıdır ki, NATO-ya daxil olmamışdan əvvəl ölkənin İsveç və Finlandiya kimi müvəqqəti təhlükəsizlik zəmanətləri olsun.

Axar.az xəbər verir ki, bunu Ukraynanın sabiq xarici işlər naziri və NATO-dakı missiyasının keçmiş rəhbəri Vladimir Xandoqiy deyib.

"NATO-ya qoşulmazdan əvvəl təhlükəsizlik zəmanətləri modeli Ukraynaya tətbiq oluna bilər və tətbiq edilməlidir. Biz başa düşürük ki, sabah rəsmi olaraq 5-ci maddə bizə şamil edilməyəcək. İstənilən halda biz bunu təklif etməliyik. Üzvlükdən əvvəlki dövr üçün biz İsveç və Finlandiya kimi müvəqqəti zəmanətlər almalıyıq. Üstəlik, bu gün biz zəmanətlər haqqında danışıqlar aparırıq. Onlar Ukraynanın NATO-ya tam üzv olması üçün müvəqqəti struktur olmalıdır”, - Xandoqiy bildirib.
 
Ardını oxu...
Ermənistan XİN-in 2 oktyabr 2022-ci il tarixli, Azərbaycan Silahlı Qüvvələri tərəfindən hərbi cinayətlərin törədildiyini iddia edən bəyanatı onilliklər ərzində təcavüzkar siyasət yürüdən, bir milyona yaxın insanın fundamental hüquqlarını tapdalayan, hərbi və mülki şəxslərə qarşı çoxsaylı hərbi cinayətlər törədən bir ölkənin riyakarlığının nümunəsidir.

Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumatda aşağıdakılar bildirilir: “Vurğulayırıq ki, Ermənistandan fərqli olaraq Azərbaycan öz beynəlxalq öhdəliklərinə ciddi yanaşır və hərbi əməliyyatlar zamanı törədilən cinayətlərlə bağlı iddialar müvafiq dövlət qurumları tərəfindən araşdırılır.

Belə ki, 17 sentyabr 2022-ci ildə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu sosial şəbəkələrdə yayılan videoların həqiqi olub-olmaması, habelə videolardakı görüntülərin çəkildiyi zaman və məkan, onlarda əks olunan hərbi qulluqçuların şəxsiyyəti, eləcə də obyektiv həqiqətin müəyyən edilməsi üçün hərtərəfli araşdırmalara başlanıldığını bəyan edib.

Xatırladırıq ki, Ermənistan silahlı qüvvələri tərəfindən hələ birinci Qarabağ müharibəsindən etibarən nəinki azərbaycanlı hərbçilərə, eləcə də mülki şəxslərə qarşı misli görünməmiş qırğınlar törədilib, yalnız bir gecədə 1992-ci ilin 26 fevral tarixində Xocalı şəhərində 613 mülki şəxs xüsusi qəddarlıqla qətlə yetirilib, bu günədək 4000-ə yaxın azərbaycanlının taleyi barədə heç bir məlumat verilməyib.

2020-ci oktyabrında Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir şəhərlərinin mülki əhalisini raket hücumuna tutaraq insanlıq əleyhinə cinayətlər törədilib.

Ermənistanın səbəbkarı olduğu mina təhlükəsi bu gün bölgədə insanların həyatına ciddi hədədir. 2020-ci ilin noyabrından bu günədək əksəriyyəti mülki şəxs olmaqla 250-dək insan mina qurbanı olub. Azərbaycan ərazilərində aşkarlanan minaların 2021-ci ildə Ermənistanda istehsal olunması faktı isə Ermənistanın bir tərəfdən mina xəritələrini hələ də tam olaraq Azərbaycana verməyərək, digər tərəfdən yeni minalar basdırmaqla Azərbaycanlılara qarşı hərbi cinayətlərini davam etdirdiyinin sübutudur.

Ermənistan hökuməti bu günədək törədilən hərbi cinsyətlərn qarşısının alınması və ya törədilmiş cinayətlərə görə aidiyyəti şəxslərin məsuliyyətə cəlb edilməsi istiqamətində bugünədək heç bir əməlli tədbirlər görməyib.

Ermənistanın əsassız iddialar yayaraq beynəlxalq ictimaiyyəti yanıltmaq və öz məsuliyyətini gizlətmək cəhdlərini qətiyyətlə qınayırıq.

Ermənistandan beynəlxalq öhdəliklərinə əməl etməyi və çoxsaylı hərbi cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin qanun qarşısında cavab verməsini tələb edirik”.
Ardını oxu...
Rusiya BMT Təhlükəsizlik Şurasının Ukraynanın dörd regionunda keçirilən “qeyri-qanuni referendumları” pisləyən qətnaməsinə veto qoyub.

Bu qətnamə “referendumların” etibarsız olduğunu bəyan edib və bütün ölkələri ərazinin Moskva tərəfindən “iddia edilən ilhaqını” tanımamağa çağırıb.

15 üzvdən ibarət Təhlükəsizlik Şurasında qətnaməyə səsvermə zamanı 10 üzv lehinə, 1 üzv (Rusiya) əleyhinə səs verib. Çin, Hindistan, Braziliya və Qabon səsvermədə iştirak etməyib.

Qeyd edəki ki, ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild səsvermədən əvvəl bildirib ki, Rusiyanın veto qoyacağı təqdirdə, qətnamənin sponsoru olan ABŞ və Albaniya onu heç bir veto hüququ olmayan 193 üzvün olduğu Baş Assambleyaya çıxaracaq və dünyaya nümayiş etdirəcəklər. Ölkələr hələ də suverenliyin və ərazi bütövlüyünün qorunmasının tərəfindədir.

Rusiyanın veto qoyması ilə sənədin BMT Baş Assambleyasına çıxarılması dəqiqləşib.
 
Ardını oxu...
Rusiyanın Riqadakı səfiri Mixail Vanin Latviya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Latviya xarici işlər naziri Edqar Rinkeviç məlumat verib.

Nazir qeyd edib ki, bu, Rusiyaya yeni ərazilərin birləşdirilməsi ilə bağlıdır.

“Səfir Rusiyaya yeni subyektlərin qəbulu ilə bağlı çağrılıb”, - deyə Rinkeviç bildirib.

Mənbə: news.ru
 

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 30-da Bolqarıstan Respublikasına rəsmi səfərə gəlib. Bu barədə dövlət başçısının mətbuat xidmətinin məlumatında deyilir. Səfərin proqramı açıqlanmır.

Xatırladaq ki, bu ilin iyulunda Bolqarıstanın baş naziri Kir Petkov Bakıda səfərdə olub. Onun Əliyevlə apardığı danışıqlarda əsas müzakirə mövzusu qaz tədarükü olub.

Dünyapress TV

Xəbər lenti