Ardını oxu...
Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynin görüşü olub.

Amos Hoxşteyn COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.

ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru hələ 1990-cı illərdən Azərbaycan ilə ABŞ arasında əməkdaşlığı və Xəzər dənizinin karbohidrogen resurslarının dünya bazarına çıxarılmasını ehtiva edən layihələrdə Prezident İlham Əliyev ilə birgə tərəfdaşlığı məmnunluqla xatırladı, Azərbaycanın regionda strateji əhəmiyyətə malik ölkə olduğunu diqqətə çatdırdı.

Görüşdə Orta Dəhlizin inkişaf etdirilməsi və Azərbaycanın bu prosesdə rolu müzakirə olundu, COP29 çərçivəsində əməkdaşlıq məsələlərinə toxunuldu.

Söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinə dair fikir mübadiləsi aparıldı.

19:13

Münxendə fevralın 16-da Azərbaycan Prezidenti İlham Əliyev ilə ABŞ Prezidentinin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynin görüşü olub.

Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, görüş qarşı tərəfin müraciətinə əsasən baş tutub.

Xatırladaq ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya səfər edib. Konfrans fevralın 16-18-də keçiriləcək.
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Fevralın 16-da Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harmsın görüşü olub.

"Cebhe.info" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, görüş qarşı tərəfin müraciətinə əsasən baş tutub.

Xatırladaq ki, Prezident İlham Əliyev Münxen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya səfər edib. Konfrans fevralın 16-18-də keçiriləcək.
Ardını oxu...
 
Ardını oxu...
Ukrayna Prezidentinin saytında Kiyevlə Tehran arasında diplomatik münasibətlərin kəsilməsinin zəruriliyi ilə bağlı petisiya qeydə alınıb.

“Etiraf etmək lazımdır ki, bu ölkə uzun müddətdir Ukraynaya düşmən münasibət bəsləyir. Bu, Ukrayna Prezidentinin Xarici İşlər Nazirliyinə və Nazirlər Kabinetinə Ukrayna və İran arasında diplomatik münasibətlərin dayandırılmasının məqsədəuyğunluğu üzrə təkliflər hazırlaması ilə bağlı göstəriş verməsi üçün kifayət qədər arqumentlər təqdim edir. Ukrayna Prezidentindən xahiş edirəm, bu təşəbbüsü dəstəkləsin və öz səlahiyyətləri daxilində müvafiq tədbirlər görsün”, - deyə müraciətin mətnində deyilir.

Bildirilib ki, İran Rusiyanı silahlarla, Ukraynada döyüş əməliyyatlarında istifadə edilən pilotsuz uçuş aparatları ilə təmin edir.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin müraciətə cavab verməsi üçün cümə axşamı qeydə alınan petisiya 25 min səs toplamalıdır.

oxu.az
Ardını oxu...
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda “Gələcəyin hökumətlərini formalaşdırmaq” mövzusu üzrə keçirilən Dünya Hökumətlər Zirvəsində fəxri qonaq qismində iştirak etdi.
Çıxış edən Ərdoğan Türkiyənin daxili siyasi konyunkturu, dövlətin xarici siyasəti haqqında danışaraq Ankaranın regional və qlobal miqyasda strateji böyüməsi vizyonunu ortaya qoydu.
Ərdoğan BƏƏ-dən sonra Misirə gedib ki, bu da Ankaranın ərəb ölkələri ilə aktiv təmasları fonunda Türkiyənin Yaxın Şərqdə oynadığı rolu vurğulayır.
Ərdoğan ərəb dünyası ilə keçmişdəki problemlərə artıq tarix kimi baxır. Onun BƏƏ və Misirə səfər proqramı gələcəyə yönəlmiş addım kimi xarakterizə edilə bilər.
Türkiyənin BƏƏ və Misirlə əlaqələrinə diqqət yetirməsi Ankaranın İsrail-Fələstin münaqişəsində ikincinin maraqlarını müdafiə etməsinin fonunda baş tutur.
Bu, Türkiyənin Fələstin münaqişəsində dəstək qazanaraq geosiyasi çəkisini artırmasına işarə edir. Türkiyə Fələstin probleminin həlli ilə regional təhlükəsizlik qarantı olmaq missiyasını isbat etməyə çalışaraq daha böyük ölçüdə strateji genişlənməsini reallaşdırmaq istəyir.
Burada Türkiyənin BƏƏ və Misirlə əlaqələrinin dinamikası təkcə birtərəfli zərurətdən yaranmır, bu, həm də qarşılıqlı vacib ehtiyacların təmini üçün vacibdir.
Çünki beynəlxalq sferada kəskinləşən siyasi münasibətlər və artan hərbi eskalasiya riskləri dövlətləri daha etibarlı təhlükəsizlik tərəfdaşları axtarmağa təşviq edir.
Türkiyənin regionda ağırlaşan çəkisi BƏƏ və Misir üçün cəlbedicidir. Türkiyə isə bu vasitə ilə əldə etdiyi alətləri Yaxın Şərqdəki münaqişələrin həlli arteriyasına yeridir.
Bu, Türkiyənin humanitar liderliyi və müsəlman coğrafiyası içərisindəki ədalətli yanaşmasına qiymətli nemət əlavə edir.
Ancaq Türkiyənin sülh və təhlükəsizliklə bağlı formalaşdırmaq istədiyi müstəvi praktiki olaraq natamamdır və belə yarımçıqlıq Ankaraya əlavə problemlər yaradır. Ərdoğanın BƏƏ və Misirlə təmasları həmin natamamlıqların aradan qaldırılmasına yardımçı olur və Ankaraya yeni regional şərait qurmasında rol oynayacaq rıçaq verir.
Ərdoğanın iki ərəb ölkəsinə səfəri Ankaranın qarışıq regional şəraitdə mürəkkəb tarazlıq oyununu əks etdirir və Türkiyənin formalaşdırmaq istədiyi strateji müdafiə mexanizmlərinin tərkib hissəsidir. Bu tərkibi bulanıqlaşdırmaq istəyənlər də tapılacaqlar ki, burada kənar oyunçuların müdaxilələrindən bəhs edilə bilər.
Çünki Türkiyənin yanaşması həm də PKK ilə mübarizədə dəstək axtarışlarıdır ki, burada Ankaraya rəqib olan güclərin narahatlıqları artacaq.
Ərdoğanın səfərlərinin Türkiyə-Azərbaycan strateji müttəfiqliyinə əsaslanan perspektivi də mövcuddur. Belə ki, Türkiyənin əldə etdiyi razılaşma Azərbaycanın regional miqyasdakı nəzəri və müəyyən praktiki imkanlarına manevr sahəsi təqdim edir. Azərbaycanın həm BƏƏ, həm də Misirlə yaxşı əlaqələri var. Türkiyə ilə həmin ölkələrin yeni razılaşmaları Azərbaycana daha üstün mövqelərə çıxış imkanları deməkdir.
Bu imkanlar Azərbaycanı Cənubi Qafqazdakı geosiyasi üstünlüklərdən təcrid etmək istəyənlərə qarşı dəstək platforması halına da gələ bilər.
Üstəgəl, Azərbaycanla Türkiyə hegemon ambisiyalara qarşı çıxmaq imkan və potensiallarını artıracaqlar.
Aqşin Kərimov,
Siyasi təhlilçi
Ardını oxu...
Özbəkistanın səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

APA xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Qeyd edilib ki, buna səbəb Özbəkistan Milli Media Assosiasiyasının sədri Şerzodxan Kudratxojanın bəyanatları olub.

“Moskva əmindir ki, daxildən və ya xaricdən Rusiya Federasiyası və Özbəkistan xalqları arasında çəkişmə cəhdləri uğursuzluğa məhkumdur. Rusiya Federasiyası gözləyir ki, Özbəkistan Xarici İşlər Nazirliyi Kudratxojanın bəyanatlarına prinsipial qiymət verən rəsmi şərh təqdim edəcək”, - məlumatda deyilir.

Qeyd edək ki, Şerzodxan Kudratxoja 1966-cı il zəlzələsindən sonra Daşkəndə gələn rusların hələ də özbək dilini öyrənməmələrini tənqid edərək deyib ki, onlar seçim etməlidirlər, axmaqdırlar yoxsa, istilaçı.
 

Ardını oxu...
13 fevral tarixində Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə birgə mətbuat konfransı zamanı Azərbaycan əleyhinə əsassız iddialarını pisləyir və rədd edirik.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

"Ali nümayəndə Cozep Borrellin hərbi təcavüz törətmiş Ermənistan tərəfinə bəraət qazandırması, Ermənistanın hərbi təxribatına göz yumulması kimi qiymətləndirilir. Təəssüf ki, Aİ tərəfi 5 ay sabitlik hökm sürəndən sonra heç bir təhrikedici amil olmadan snayper atəşi nərticəsində Azərbaycan hərbi qulluqçusunun yaralanmasına etinasız yanaşır.

Azərbaycan tərəfindən təxribata cavab olaraq atılmış addımlar tam adekvat və lokal xarakterli idi. Bu tədbirlər həmçinin Ermənistan tərəfindən hərbi eskalasiyanın genişlənməsi cəhdlərinin qarşısını alıb.

Bununla yanaşı, bir daha vurğulamaq istərdik ki, Avropa İttifaqının ali nümayəndəsinin silahlı qüvvələrin geri çəkilməsi barədə heç bir praktiki əhəmiyyətə malik olmayan təklifi təəssüf doğurur. Aİ tərəfi nəzərə almalıdır ki, Ermənistan tərəfindən sərhədyanı bölgələrdə “Avropa İttifaqı Missiyası himayəsi” altında yerləşdirilmiş muzdlular Azərbaycan hərbçilərinin və mülki əhalisinin həyatına təhdiddir.

Azərbaycanın Qarabağ iqtisadi rayonunu könüllü olaraq tərk etmiş erməni əsilli sakinlərin məcburi köçkün kimi qələmə verilməsi və Azərbaycanın ərazisi olan bu bölgəyə münasibətdə “Dağlıq-Qarabağ” kimi mövcud olmayan adlardan istifadə edilməsi qəbuledilməzdir. Azərbaycan tərəfi dəfələrlə erməni sakinlərin öz evlərində qalması üçün müraciətlər etdiyi Aİ tərəfinə yaxşı məlumdur.

Əfsuslar olsun ki, ərazini tərk etmiş erməni sakinlərə münasibətdə hətta ermənilərin dilə gətirmədiyi əvvəlki rəqəmlərə istinada ali nümayəndə tərəfindən düzəliş edilməsinə baxmayaraq, bu məsələdə də nümayəndənin erməni təbliğatının təsirində olduğu aydın görünür.

Bir daha təəssüflə qeyd edirik ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin sülhə yönəlmiş təşəbbüslərinə baxmayaraq, xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə birtərəfli ermənipərəst mövqe tutaraq Azərbaycanla Avropa İttifaqı təsisatları arasında uçurum yaradır və özünü nəticə etibarilə, Azərbaycan-Ermənistan normallaşma prosesindən tamamilə təcrid edir", - deyə nazirlik qeyd edib.
Ardını oxu...
Baydenin tərəfdarlarının 68 faizi prezidentin lehinə deyil, Trampın əleyhinə səs verirlər...
Amerika demokratları Donald Trampın mümkün yeni prezidentliyini vahimə ilə təsəvvür edirlər.
Amma bu respublikaçıya rəqib olaraq yenə Co Baydeni, 81 yaşlı indiki prezidenti seçirlər. Onun
isə reytinqi rəqibində dörd il əvvəl, seçkini uduzduğu zaman olduğundan daha aşağıdır.
Keçid namizədi
Co Bayden yalnız bir kadensiya prezident olacağını heç zaman vəd etməyib, amma dəfələrlə
buna eyham vurub.
“Özümü keçid namizədi hesab edirəm”, – 2020-ci ildə deyirdi.
Həmin kampaniya zamanı onun 78 yaşı vardı və əsas vəzifəsi məlum idi: Donald Trampın ikinci
dəfə seçilməsinin qarşısını almaq. Demokratların tərəfdarları Baydenin prezidentliyinin gənc
nəsil siyasətçilər qarşısında güclü əngəl olacağından əndişə keçirsələr də, onun qələbə şansının
digər namizədlərdən çox olması ilə razılaşırdılar. Xüsusən də söhbət elə bil bir kadensiyadan
gedirdi – Baydenin 81 yaşında ikinci müddətə gedəcəyini az adam təsəvvür edərdi.
Tərəfdarlarını sakitləşdirmək üçün Bayden özünü ölkənin gələcəyini formalaşdıracaq gənc nəsil
və keçmiş siyasətçilər arasında körpü ilə müqayisə edirdi. Həmin vaxt səhnədə onun yanında
Miçiqanın 48 yaşlı qubernatoru Qretxen Uitmer və keçmiş rəqibləri – 55 yaşlı Kamala Harris və
50 yaşlı Kori Buker dururdu.
“Keçid namizədi” fikri demokratların çoxunu inandırdı ki, Bayden 2024-cü ildə öz yerini üçlükdən
birinə – öz vitse-prezidenti seçəcəyi adama verəcək. Daha doğrusu, ikisindən – Uitmer və Harris
– birinə, çünki vitse-prezidentliyə namizədin qadın olacağı artıq şübhə doğurmurdu.
Bayden seçimini Kamala Harrisin üzərində saxlayanda əksəriyyət əmin idi ki, xanımın siyasi
karyerası sürət yığacaq. Jurnalistlər onun haqqında yazırdılar: ABŞ vitse-prezidenti postunda ilk
qadın, ilk qaradərili, ilk Asiya kökənli. Amma tarixə belə parlaq şəkildə qədəm qoyan Harris yeni
vəzifədə uğurlarını artıra bilmədi.
Vitse-prezident ölkədə populyar deyil (rəyi soruşulan 538 nəfərin 53,5 faizi ona etimad etmir).
Hətta tərəfdarları belə şəxsi söhbətlərdə etiraf edirlər: Harris partiyanın gələcək liderinin məhz o
olacağını seçicilərə sübut edə bilmədi, hələ ölkə liderliyi kənara qalsın.
Trampa qalib gələ biləcək başqa demokrat namizədlər varmı? – jurnalistlər Baydendən
soruşmuşdular. “50-yə yaxın, yəqin ki. Ona qalib gələcək yeganə adam deyiləm. Amma mən
bunu edəcəyəm”, – prezident cavab verib.
Bayden, deyəsən, səmimi deyil. Axı öz partiyadaşlarına müraciət edərkən deyirdi ki, məhz o –
daha təcrübəli və hazırlıqlı siyasətçi, – Trampın Oval kabinetə qayıdışının qarşısını almağa
qadirdir.
Amma görünür, gələn seçkilərdə təkcə təcrübə və bacarıq rol oynamayacaq.
ABŞ-ın yeni tarixində fəaliyyətdə olan prezidentin ikinci müddətə getməməsi nümunəsi çox
deyil. Sonuncusu 1969-cu ildə öz postunu tərk edən Lindon Conson olub. Seçilə bilməyən
prezidentlər son 100 ildə beş nəfər olub və son vaxtlar Baydeni onlarla müqayisə edirlər.
Cimmi Karterin birinci müddətinin sonunda daxili və xarici siyasətdə uğursuzluqlar, neft və enerji
böhranı, işsizlik və inflyasiya üzündən reytinqi çox aşağı idi. Buna baxmayaraq, ikinci müddətə
namizəd olmaq qərarına gəldi. Praymerizdə rəqibi Edvard Kennedi idi. Karter nominasiyada
çətinliklə qələbə çaldı, amma seçkilərdə respublikaçı Ronald Reyqana uduzaraq, Oval kabineti
tərk etdi.
Amma ən azı bir kontekstdə Karterin Baydenlə müqayisəsi korrekt deyil: iqtisadi.
Bədbin respublikaçılar
Co Baydenə bəxtinə COVİD sonrası ölkə düşdü. Böyük depressiyadan sonra işsizlik görünməmiş
həddə idi, karantin milyonlarla iş yerini məhv etmişdi, inflyasiya rekord vururdu.
“Qiymətlərin qısa müddətdə belə sürətlə artmasını amerikalıların çoxu xatırlamırdı. Amma
nisbətən qısa müddət ərzində inflyasiya 8-9 faizdən 3 faizə düşdü. İndi işsizlik rekord aşağı
səviyyədədir. Bu yaxınlarda iş yerləri üzrə hesabat yayıldı: yanvarda 350 min iş yeri açılıb,
mütəxəssislər isə iki dəfə azını gözləyirdilər. Əmək haqqı inflyasiyadan sürətlə artır. Hər şey
iqtisadiyyatın yaxşı vəziyyətdə olduğunu göstərir. Məntiqlə, amerikalılar həm bunu, həm də
prezidenti müsbət qiymətləndirməlidirlər, çünki ABŞ-da bunlar bir-birinə bağlıdır”, –
amerikaşünas politoloq Yan Veselov deyir.
Ancaq sorğulara inansaq, amerikalılar iqtisadi vəziyyətin yaxşı olmadığını düşünürlər. Əksəriyyət
neqativ rəy verərək, yüksək inflyasiyanı və həyat bahalığını – xüsusən də ərzaq, zəruri mallar və
mənzil – göstərirlər. İqtisadi vəziyyəti pozitiv qiymətləndirənlər isə işsizliyin azalmasını, bəziləri
də inflyasiyanın zəifləməsini və maaş artımını göstərirlər.
“İqtisadiyyatın qiymətləndirilməsində partiya qütbləşməsi son iyirmi ilin mühüm amilidir -– Yan
Veselov deyir. – Yəni əgər Ağ evdə demokratdırsa, respublikaçılar iqtisadi vəziyyətin heç də
yaxşı olmadığını deyirlər. Özü də eyni şərtlər çərçivəsində respublikaçılar demokratlardan daha
aşağı qiymət verirlər. Maraqlıdır ki, insanları öz maliyyə vəziyyətini qiymətləndirməyə dəvət
edəndə hər şeyin qaydasında olduğunu deyirlər. Respublikaçılar sorğularda bədbindirlər, amma
onlar da özləri ilə bağlı hər şeyin yaxşı olduğunu deyirlər. Sadəcə şəxsi rifahı şəxsi amillərlə izah
edirlər, məsələn, “mən çox çalışıram, çox işləyirəm”. İqtisadiyyatın vəziyyəti isə prezidentin
əsəridir”.
Seçkilərə qalan aylar ərzində ciddi sarsıntıların olacağı gözlənilmir: resessiya proqnozaşdırılmır,
inflyasiya, çox güman, indiki səviyyədə qalacaq, işsizlik də həmçinin. Məntiqlə, Co Baydenin
reytinqi də yüksəlməlidir. Amma bu, baş vermir.
Əfqanıstan mirası
“Pew Research Center”in keçirdiyi sorğuya görə, amerikalıların 33 faizi Baydenin prezident
fəaliyyətini bəyənir. Neqativ fikirdə olanların payı isə 65 faizə çatır. Prezidentin reytinqi öz
sələflərinin eyni vaxtda olan reytinqindən daha aşağıdır.
Yan Veselov deyir ki, Əfqanıstandan qoşunların çıxarandan sonra Baydenin reytinqi 50 faizdən
aşağı düşdü. Hazırda 33-39% arasındadır.
Əfqanıstandan qoşunların çıxarılması həmişəlik Baydenin irsi kimi qalacaq, hərçənd, proses
Donald Trampın prezidentliyi zamanı başlamışdı.
Bayden Oval kabinetə keçəndə ABŞ 20 il idi ki, Əfqanıstanda döyüşürdü. Ölkə 2 trilyon dollardan
çox xərcləmişdi, minlərlə amerikalı əsgər və onminlərlə əfqan ölmüşdü. Baydenin seçkiqabağı
vədlərindən biri qoşunların buradan çıxarılması idi – qərarı amerikalıların yarısından çoxu
dəstəkləyirdi. Doğrudur, Bayden prosesin “nizamlı” olacağını vəd etmişdi.
Son nəticədə isə amerikalların 70 faizi prosesdən razı qalmadı. Onlar Kabildən təxliyənin necə
xaosa çevrilməsini televizorda gördülər. 13 ABŞ hərbçisi həlak oldu, taliblərlə mübarizəyə
kömək edən minlərlə əfqan isə ölüm təhlükəsi altında ölkədə qaldılar.
Yekun: taliblər yenə hakimiyyətdədirlər və Amerikanın müdaxiləsinə səbəb olan 11 sentyabr
hadisələrini törədən “əl-Qaidə” ilə yenə də dostluq edirlər.
Qoşunların Əfqanıstandan çıxarılması prezidentin imicini sarsıtdı. Halbuki ona Donald Trampın
əksi olaraq, məhz səriştəli siyasətçi kimi səs vermişdilər. Ağ evin nümayəndəsi Con Kirbi o
zaman deyirdi ki, Bayden heç vaxt reytinqlərə fikir verməyib. O, sadəcə inanırdı ki, müharibənin
bitməsi ABŞ-ın maraqlarına xidmət edir. Amma Trampı yenə udmaq istəyirsə, öz populyarlığına
fikir verməlidir.
Bir namizədin adının seçilməsi
SSRS şirkəti aşkar edib ki, əgər seçkilər indi olsaydı, qeydə alınan seçicilərin 49 faizi Trampa, 45
faizi Baydenə səs verərdi. 5% də “başqa birini” seçərdi.
Bu zaman maraqlıdır ki, hər iki düşərgədən olan seçicilərin əksəriyyəti seçimlərinin Trampla
əlaqəli olduğunu etiraf ediblər. Baydenin tərəfdarlarının 68 faizi etiraf edir ki, prezidentin lehinə
deyil, Trampın əleyhinə səs verirlər. Respublikaçı seçicilərin 60 faizi isə səslərini Baydenin
əleyhinə deyil, məhz Trampın lehinə verirlər.
“Keçmiş və indiki prezidentlərin iştirak etməsi seçki yarışının xarakterini dəyişir. Bu, təkcə yeni
prezidentin seçilməsi deyil, müqayisədir. Namizədlərdən heç biri yoluna ağ vərəqdən başlamır”,
– Corc Vaşinqton universitetindən politoloq Todd Belt deyir.
Donald Tramp özünü elə aparır, sanki respublikaçılar onu artıq prezidentliyə namizəd seçiblər. O,
ənənəvi olaraq, Bayden və Harrisi tənqid edir, həm uğursuzluqlarına görə, həm də elə-belə:
diqqəti öz problemlərindən, o cümlədən qanunla olan problemlərindən yayındırmaq üçün, axı
Trampa qarşı dörd cinayət işi açılıb.
Trampın hücumlarını dəf etmək Bayden üçün asan deyil. Onların keçən dəfəki seçki yarışı
zamanı COVİD başladı, publik tədbirlərin çoxu ləğv edildi. Bu da xarizma və kütləni
elektrikləşdirməkdə öz rəqibindən geri qalan Baydenin xeyrinə oldu.
Onun sağ əli Kamala Harrisdə də eyni problemlərdir. Onun bəzi xüsusilə uğursuz çıxışlarına indi
də gülürlər, hərçənd, natiqlik səhvləri Baydendə də, Trampda da olub. Bəzi analitiklər hesab
edirlər ki, Harrisə yönələn tənqidin çox hissəsi rasizm və ya seksizm təzahürüdür. Digərləri
düşünürlər ki, Harrisə verilən tapşırıqlar ona özünü yaxşı tərəfdən göstərməyə mane olub.
Məsələn, ABŞ-da miqrasiya məsələləri ilə məşğul olan məmur olmaq asan deyil.
Miqrant problemi amerikalıları çox narahat edir. Ötən ilin dekabrında cənub sərhədini qanunsuz
keçənlərin sayı 300 mini keçib – bu, aylıq rekorddur. CBS News sifarişi ilə aparılan sorğunun
nəticələri amerikalıların 70 faizinin Baydenin bu sahədə fəaliyyətini bəyənmədiyini ortaya qoyur.
Tramp demokratların birliyinin qarantıdır
Adətən olduğu kimi, fəaliyyətdə olan prezident Co Baydenin Demokratik partiyanın daxilində
ciddi müxalifəti yoxdur.
Hə, partiyanın daxilində onun ikinci müddətinə şübhə ilə yanaşanlar var, xüsusən də yaşına görə.
Gerçəkdə isə demokratlar Baydenin fəaliyyətini əsasən bəyənirlər – bir qayda olaraq, işsizliyi
tarixi minimuma endirən iqtisadi siyasətinə görə. Amma partiyada həmrəyliyin bərqərar
olmasına kömək edən əsas amil Donald Trampın prezidentlik təhlükəsidir.
Baydenə qarşı çıxa biləcək potensial namizədlər (məsələn, Kaliforniyanın qubernatoru Qevin
Nyusom) bu ideyadan Baydenin siyasətinə inandıqlarına görə deyil, öz siyasi karyeraları naminə
vaz keçdilər. İndi prezidentə qarşı çıxıb ya praymerizdə böyük hesabla uduzacaqsan, ya da
gözlənilmədən qalib gəlib tarixi seçkilər ərəfəsində partiyada xaosun səbəbkarı olacaqsan.
Amerikalılar bütün ölkə boyu seçki məntəqələrinə gedəcəklər, amma prezident kreslosunun
taleyi bir neçə ştatda həll ediləcək. Bunlar çoxsaylı seçimçi kvotası olan mütərəddid Viskonsin,
Pensilvaniya, Miçiqan, Arizona və Corciyadır. Bir də Nevada var, amma orada seçimçilərin sayı
azdır və çətin ki, namizədlər buradakı səslər uğrunda ölüm-qalım mübarizəsi aparsınlar.
Bu ştatlarda noyabrda keçirilən sorğular Trampın liderliyini təsbit etdi, amma seçkilərə hələ bir il
qalmışdı. Bundan əlavə, sorğuları keçirmək metodologiyasının öz problemləri var. Amerikalılar
yaxşı xatırlayır ki, 2016-cı ildə sorğular Hillari Klintonun Tramp üzərində inamlı qələbəsindən
xəbər verirdi, amma Ağ evi Tamp tutdu.
İstənilən seçkilərdə bir qisim seçicilər var ki, son məqama qədər qərar verə bilmir. Sosioloqlar
həmin qrupun son anda hansı tərəfə meyl edəcəyini və bu qərarı hansı meyarlar əsasında
verəcəklərini müəyyənləşdirməyi hələ öyrənməyiblər. İqtisadiyyatla bağlı vəziyyətdə olduğu kimi
burada da obyektiv göstəricilər var, insanların fərdi duyğuları var.
Sorğular üçün insanların seçilməsində də problem var. Məsələn, təhsilli seçicilər daha fəal
olurlar: onlar da 2016-cı ildə əsasən Klintonu dəstəkləyirdilər. Daha az təhsilli adamların seçimi
isə yekun nəticələrdə az əks olunurdu.
O vaxtdan bəri sosioloqlar əsas səhvləri nəzərə alıblar və belə qüsurlara diqqət yetirirlər. Amma
reytinqlər namizədlərin populyarlığı haqda müəyyən təsəvvürlər yaratsa da, seçkilərə hələ 9 ay
qaldığını və hər şeyin baş verə biləcəyini unutmaq olmaz.
Hazırladı: Yadigar Sadıqlı
pressklub.az
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə bağlı ciddi kompromisə getməyə hazırdır.

Redaktor.az "Komsomolskaya pravda"ya istinadən xəbər verir ki, bu barədə amerikalı jurnalist Taker Karlson Dubayda keçirilən Dünya Hökumət Sammitində çıxışı zamanı bildirib.

Jurnalistin fikrincə, Amerika Birləşmiş Ştatları istisna olmaqla, bu planetdə istənilən ölkə rəhbərinin fəaliyyəti onları kompromis axtarmağa vadar edir ki, bu da diplomatiyadır. Taker Karlson əmin edir ki, Rusiya prezidenti də Ukrayna məsələsində ciddi kompromisə getməyə hazırdır.

ABŞ-dan olan jurnalist qeyd edib ki, müsahibədən sonra o, Rusiya lideri ilə qeyri-rəsmi danışıb, lakin söhbətin məzmununu açıqlamayıb.

Qeyd edək ki, Putin daha əvvəl jurnalist Taker Karlsona verdiyi müsahibədə demişdi ki, Rusiya heç vaxt Ukrayna ilə bağlı dialoqdan əl çəkməyib, lakin 2022-ci ilin martında İstanbulda danışıqlar başa çatdıqdan sonra ilk addımı atmaq niyyətində deyil.

Xatırladaq ki, fevralın 12-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Ukrayna Rusiya ilə danışıqlar üçün yeni reallığı tanımalıdır.
 
Ardını oxu...
Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb, İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var.

Axar.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Britaniyanın “Teleqraf” qəzetinə müsahibəsində bildirib.

“Əslində, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin arxitekturası və prinsipləri razılaşdırılıb və ötən ilin sonunda bizə elə gəldi ki, yekun müqavilənin son razılığına çox yaxınıq”, – o qeyd edib.

Paşinyan güman edir ki, Azərbaycanda keçirilmiş prezident seçkilərindən sonra buna nail olmaq mümkün olacaq:

“Deyə bilərəm ki, Ermənistan hökumətinin əvvəlki kimi regionumuzda sülhə nail olmaq və Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün siyasi iradəsi var”.
 
Ardını oxu...
Finlandiyanın yeni – on üçüncü Prezidenti bəlli olub.

Milli Koalisiya Partiyasının namizədi Aleksandr Stubb prezident seçkilərinin ikinci turunda qələbə qazanıb. Stubb dövlət başçısı vəzifəsinin icrasına 2024-cü il martın 1-dən başlayacaq.

Professor Kay-Yoran Aleksandr Stubb hazırda Florensiya transmilli idarəetmə məktəbinin direktorudur. O, 2017-ci ilə qədər Baş nazir, maliyyə naziri, xarici işlər naziri, ticarət naziri vəzifələrində çalışıb, Avropa və milli parlamentlərin üzvü olub.

2014-2016-cı illərdə Finlandiyanın “Kokoomus” Milli Koalisiya partiyasının sədri, 2017-2020-ci illərdə isə Avropa İnvestisiya Bankının vitse-prezidenti vəzifəsində çalışıb.

Aleksandr Stubb doktorluq dərəcəsinə malikdir, London İqtisadiyyat məktəbində Beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi, Bruggedə Avropa Kollecində idarəetmə üzrə magistr dərəcəsi və Cənubi Karolinadakı Furman Universitetində siyasi elmlər üzrə bakalavr dərəcəsi alıb. O, həmçinin Parisdəki Sorbonada fransız dili, mədəniyyəti və sivilizasiyasını da öyrənib.

Stubb Avropa işləri ilə bağlı bir çox kitab və elmi məqalə yazıb və “Financial Times” da daxil olmaqla, bir neçə qəzetdə müntəzəm materialları dərc olunur.

Finlandiyanın yeni prezidenti həm də idman azarkeşi və həvəskar triatlonçudur.
 

Dünyapress TV

Xəbər lenti