Ardını oxu...
Rusiyanın “Birinci kanal”ı Prezident İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfəri barədə reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyevin Kremldəki təkbətək görüşdə Moskva ilə Bakı arasında münasibətlərin inkişafı, regional təhlükəsizliyin həssas məsələləri və müxtəlif sahələrdə əməkdaşlığı müzakirə etdikləri bildirilir.
Materialda, həmçinin qeyd olunur ki, Rusiya Prezidenti Azərbaycanın dövlət başçısını Baykal-Amur Magistralının - əfsanəvi BAM-ın tikintisinin başlanmasının 50 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyə dəvət edib: “Bu, İlham Əliyev üçün həm də şəxsi hekayədir. Atası Heydər Əliyev hökumət komissiyasına rəhbərlik edib, başqa sözlə, “əsrin tikintisinə” nəzarəti həyata keçirib.
 
 
 
Ardını oxu...
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri Azərbaycanın qazandığı iki böyük nəticənin ardınca baş tutdu.
Birincisi, Azərbaycan öz ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin vaxtından əvvəl regionu tərk etməsinə nail oldu.
İkincisi, Azərbaycan Qazaxın Ermənistanın nəzarətində olan yeddi kəndindən dördünün geri qaytarılmasını təmin etdi.
İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə bu hadisələrdən sonrakı danışıqları regional reallıqlarda:
- Konseptual mənada Bakı ilə Moskvanın bir-birlərinin maraqlarını diqqətlə nəzərə alaraq əlaqələrini daha da genişləndirməyi ehtiva edir;
- Detallı olaraq iki ölkənin təhlükəsizlik sferasındakı əməkdaşlığını, iqtisadi-ticari həcmləri dərinləşdirməyi hədəf qoyur;
- Daha qlobal prizmadan yanaşdıqda, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizindəki yarımçıq qalan işlərin sürətləndirilməsinə baxışı özündə cəmləşdirir.
Qeyd edilən üç istiqamət Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi fonunda qiymətləndirilir.
Azərbaycan istəyir ki:
- Regional eskalasiya riski yaranmasın, Moskva ilə Qərb rəqabətini Bakı-İrəvan gündəliyinə sirayət etdirməsin,
- Regionda Rusiya ilə gələcək əməkdaşlığın motivlərində Moskvanın hərbi təmsilçilik istəkləri yaranmasın.
Kremlə gəlincə, o, maksimal şəkildə çalışır ki:
- Ukraynadakı müharibə səbəbi ilə qlobal təchizat marşrutlarında üzləşdiyi problemləri Azərbaycanın iştirakı ilə həll etsin,
- Azərbaycanla İran arasında hərbi-siyasi gərginlik olmasın və tərəflər diqqəti Şimal-Cənub Nəqliyyat Dəhlizinə kökləsinlər,
- Azərbaycan-Ermənistan sülh gündəliyində moderatorluğu yenidən qazanıb Qərbə meydan oxumaq tərzini yeniləsin.
Ehtimal vermək olar ki, Moskva Azərbaycan və Ermənistan liderlərinin görüşünü təşkil etməyə can atsın və Putin bunun üçün Əliyevə arqumentlər təqdim etsin.
Ancaq Ermənistanın baş naziri Nikol Paşinyanın belə bir təklif olarsa belə, buna reaksiyası mənfi ola bilər. Azərbaycan üçün isə görüş yerinin elə də əhəmiyyəti yoxdur, Bakı, sadəcə, tələb edir ki, onun strateji maraqları ilə ziddiyyət təşkil edən məsələlər müzakirəyə çıxarılmasın.
Buna görə də Əliyev Putinlə danışıqlar zamanı Azərbaycanın regional geosiyasi vəziyyətdə güclənən mövqelərini bir daha diqqətə çatdıra bilər. Bununla yanaşı, Əliyev Azərbaycanla Ermənistan arasında ikitərəfli formatdakı danışıqların daha məhsuldar nəticələnməsinin aktual olduğunu qeyd edə bilər.
Aqşin Kərimov
 
 
 
Ardını oxu...
ABŞ Konqresinin Nümayəndələr Palatasının İsrailə hərbi yardım haqqında qanun layihəsini təsdiq etməsindən sonra bəzi fəallar və ölkənin tanınmış müsəlman təşkilatlarının liderləri qarşıdan gələn prezident seçkilərində prezident Co Baydeni dəstəkləməyəcəklər.

"Report” xəbər verir ki, bu proqnozla NBC televiziyası çıxış edib.

Qeyd olunub ki, bir çox müsəlman amerikalılar İsrailin Qəzza zolağındakı hərəkətlərini dəstəklədiyi üçün Bayden administrasiyasına artıq qəzəblənib.

İndi onlar Baydenin Konqresdən keçən İsrailə yardım paketinin mümkün imzalanmasını geri dönüş nöqtəsi və mütləq fəlakət adlandırırlar.

Amerika-İslam Münasibətləri Şurasının hökumətlə əlaqələr üzrə direktoru Robert Makkau deyib: "Əgər Bayden İsrailə yardımı özündə ehtiva edən qanun layihəsini imzalayarsa, bu qərar Ağ Evin Amerika müsəlman icması və Qəzzada müharibəyə qarşı çıxan digər amerikalılarla münasibətləri üçün geri dönüş nöqtəsi ola bilər”.

Belə bir vəziyyət Baydenin 2020-ci ildə prezident seçkilərində az fərqlə qalib gəldiyi ştatlarda əleyhinə işləyə bilər. Söhbət ilk növbədə Arizona, Corciya, Miçiqan ştatlarından gedir.

Televiziya xatırladır ki, Bayden ictimai tədbirlərdə çıxış etməyə davam edir, baxmayaraq ki, o, çıxışlarını dayandıran müharibə əleyhinə etirazçılarla qarşılaşmalı olur.
 
Ardını oxu...
"Moskvada dövlət rəhbərləri səviyyəsində baş tutacaq görüşdə ikitərəfli münasibətlərin inkişafı ilə yanaşı regional məsələlələr də müzakirə olunacaq".

Bu sözləri politoloq Rəşad Bayramov "Cebhe.info"-ya açıqlamasında aprelin 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında baş tutacaq görüşün ilkin gözləntilərini şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu görüş Azərbaycan-Rusiya münasibətlərinin möhkəmlənməsi üçün xüsusi əhəmiyyət kəsb edir:

"Rusiya sülhməramlıların vaxtından əvvəl Qarabağı tərk etməsindən sonra faktiki olaraq Azərbaycan-Rusiya münasibətlərində yeni mərhələ başlayacaq. Hazırkı dövrdə Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin və əməkdaşlığın möhkəmlənməsi üçün münasib imkanlar yaranıb. Hesab edirəm ki, iki dövlət rəhbəri arasında məhz bu istiqamətdə konkret danışıqlar aparılacaq.

Eyni zamanda həm Prezident İlham Əliyev, həm də Vladimir Putin görüş zamanı Cənubi Qafqazda hazırkı geosiyasi vəziyyət və regional münasibətləri də müzakirə edəcəklər. Bildirim ki, Qərb güc mərkəzlərinin Ermənistana maliyyə və hərbi dəstək verməsi onların bu regionda Azərbaycan, Türkiyə, Rusiya və İranın maraqlarına zidd hərəkət ediklərini göstərir. Buna görə də Azərbaycan və Türkiyə regionda öz addımlarını bir-birilə koordinasiya edir və bu istiqamətdə mütəmadi danışıqlar aparırlar.

İran tərəfi ilə bu kimi məsələlərin müzakirəsinə ehtiyac yoxdur. Faktiki olaraq, İran Cənubi Qafqazda Rusiyanın yerini doldurmaq istəyir. Tehran, hətta Ermənistanda Qərblə gizli sövdələşməyə də əl ata bilər. İran hakimiyyətinin Ermənistanın Qərblə yaxınlaşmasına susması bunu sübut edir.

Regionun güclü dövlətləri - Azərbaycan, Türkiyə və Rusiyanın geosiyasi maraqlarının koordinasiyası üçün birgə addımların atılmasına ehtiyac var. Sözsüz ki, iki dövlət rəhbəri arasındakı növbəti görüşdə bu məsələ əsas müzakirə predmenti olacaq".
 
Ardını oxu...
Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynaya hərbi yardımı ehtivan edən qanun layihəsini təsdiqlədiyinə görə ABŞ Konqresinin Nümayəndələr Palatasına təşəkkürünü bildirərək sənədin Senatda da dəstəklənəcəyinə ümid etdiyini söyləyib.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkədə paylaşım edib.

“ABŞ Konqresinin Nümayəndələr Palatasına, hər iki partiyaya və şəxsən spiker Mayk Consona tarixi doğru yolda saxlayan qərara görə minnətdaram.

Demokratiya və azadlıq həmişə qlobal önəmə malik olacaq və Amerika onu qorumağa kömək etdikcə, heç vaxt uğursuz olmayacaq. ABŞ Nümayəndələr Palatasının bu gün qəbul etdiyi həyati vacib yardım haqqında qanun layihəsi müharibənin genişlənməsinin qarşısını alacaq, minlərlə və minlərlə insanın həyatını qurtaracaq və hər iki xalqımızın daha da güclənməsinə kömək edəcək.

Ədalətli sülh və təhlükəsizlik yalnız güclə əldə edilə bilər.

Ümid edirik ki, qanun layihələri Senatda dəstəklənəcək və Prezident Baydenin masasına göndəriləcək. Təşəkkürlər, Amerika!”, – o qeyd edib.

Xatırladaq ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün 61 milyard dolların ayrılmasını təsdiqləyib. Daha sonra qanun layihəsi əksəriyyətin Ukraynaya yardımı dəstəklədiyi Senata ötürüləcək.
Ardını oxu...
“Sərhəd komissiyalarının işi və hüquqi sənədlər, 1991-ci il Almatı sazişi əsasında delimitasiya prosesinin başlanması ilə bağlı ümidverici xəbərlər var”.

Bu barədə Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar “X” hesabında bildirib.

Diplomat vurğulayıb ki, Aİ Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesini dəstəkləyir:
“Avropa İttifaqı danışıqlar prosesini, hərtərəfli və davamlı nizamlanma məqsədlərini tam dəstəkləyir”, - Klaar yazıb.

Ardını oxu...
2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası Baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.

APA xəbər verir ki, görüş zamanı komissiyalar aşağıdakılar barədə razılığa gəliblər:

-Delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis (ER) - Bağanıs Ayrım (AR), Voskepar (ER) - Aşağı Əskipara (AR), Kirants (ER) – Xeyrımlı (AR) və Berkaber (ER) - Qızılhacılı (AR) yaşayış məntəqələri arasında bilavasitə keçməsini razılaşdırıblar.

-Qərara alınıb ki, sərhəd xəttinin bu hissələrinin təsviri koordinatları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib edilsin və bu, Tərəflər arasında 15 may 2024-cü il müddətinədək müvafiq Protokol-təsvirlə sənədləşdirilərək razılaşdırılmalı və imzalanmalıdır.

-Razılaşdırılıb ki, Tərəflər sərhəd xəttinin razılaşdırılmış hissələrində öz sərhəd xidmətlərinin eyni vaxtda və paralel yerləşdirilməsi üçün tədbirlər görmək məqsədilə öz hökumətlərinə müraciət edəcəklər. Həmçinin razılaşdırılıb ki, delimitasiya prosesi tam başa çatana qədər Protokol-təsvirdə göstərilən sərhəd xəttinin hissələri delimitasiya edilmiş hesab olunsun.

-Paralel olaraq, Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə Komissiyanın Birgə fəaliyyəti haqqında Əsasnamə layihəsinin razılaşdırılması üzrə işin 1 iyul 2024-cü il müddətinədək başa çatdırılması və dövlətdaxili razılaşdırmalar prosesinə və müvafiq qaydada Tərəflərin dövlətlərinin qanunvericiliyinin tələblərinə uyğun olaraq Əsasnamənin təsdiqinə başlamaq barədə razılığa gəlinib.

-Tərəflər razılaşıblar ki, onlar delimitasiya prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinə əsaslanacaqlar. Tərəflər, həmçinin həmin baza prinsipini Əsasnamə layihəsində təsbit etmək barədə razılığa gəliblər (əgər gələcəkdə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında Sazişdə başqa cür qərara gəlinərsə, o zaman Əsasnamənin müvafiq bəndi bu Sazişlə müəyyənləşdirilmiş prinsiplərə uyğunlaşdırılacaq).

-Tərəflər Əsasnaməni təsdiq etdikdən sonra növbəliliyi razılaşdırmaq və sərhədin bütün digər hissələrinin, o cümlədən anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər.

Görüşün nəticəsində protokol imzalanmışdır. Növbəti görüşün keçirilməsi tarixinin və yerinin işçı qaydada razılaşdırılması qərara alınıb.
 
Ardını oxu...
Türkiyə ilə Tanzaniya arasında investisiyaların təşviqi və asanlaşdırılması, ali təhsil, arxiv işi və ali təhsil təqaüdləri sahələrində 6 müqavilə imzalanıb.

Bu barədə Anadolu agentliyi məlumat yayıb.

Qeyd edək ki, Tanzaniyanın Prezidenti Samia Suluhu Hassan bu gün Türkiyəyə səfər edib.
 
Ardını oxu...
NATO Baş katibi Yens Stoltenberqlə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.

Axar.az xəbər verir ki, bu barədə Stoltenberq X sosial şəbəkə hesabında məlumat paylaşıb.

Telefon danışığında Ukraynanın təcili ehtiyacları və NATO-nun dəstəyi məsələləri gündəmə gətirilib.
 
Ardını oxu...
Tərəflər Rusiya ilə Ukrayna arasında davam edən müharibə və İsrail-İran gərginliyi haqqında da fikir mübadiləsi aparıblar.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri, səfir Akif Çağatay Kılıç ABŞ dövlət katibinin müavini Con Bassla görüşdə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesini müzakirə edib.
“Anadolu” agentliyinin yaydığı xəbərə görə, Prezident İqamətgahında keçirilən görüşdə, həmçinin Ankara ilə Vaşinqton arasındakı ikitərəfli əlaqələr barədə danışılıb.
Bundan başqa, tərəflər Rusiya ilə Ukrayna arasında davam edən müharibə və İsrail-İran gərginliyi haqqında da fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, C.Bass Türkiyədə səfərdədir.
Sputnik
 

Dünyapress TV

Xəbər lenti