Neft bazarında savaş: kim başladı, kim qazanclı çıxacaq
Mart ayın 6-dan etibarən dünya neft bazarında nüfuz savaşı gedir. OPEK+ razılaşmasının Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı ziddiyyət üzündən pozulması neftin qiymətini 57 dollardan 25 dollara qədər çəkib. Günlərdir dünya analitik mərkəzləri OPEK+ razılaşmasının daha çox hansı tərəfin üzündən pozulduğuna dair müzakirələr aparırlar. İlkin mərhələdə problem yaradan tərəf kimi Rusiyanın adı daha çox hallandı – çünki məhz Moskva hasilatın daha da azaldılmasına razılaşmadı. Lakin bir həftədən sonra məlum oldu ki, Rusiya ən azı mövcud razılaşmanın müddətinin uzadılmasına razı olub. Lakin Səudiyyə Ərəbistanı öz təklif etdiyi variantda təkid edib – hasilatın əlavə olaraq gündəlik 1,7 milyon barel azaldılması variantında. Rusiya isə bazardan çəkiləcək neftin yerini AB, şist neftinin tutacağını əsas gətirməklə bu variantla razılaşmadı və nəticədə mövcud razılaşmanın da müddəti uzadılmadı.


6 mart Vyana iclasından sonra baş verənlər isə göz önündədir: bütün hasilatçılar apreldən bazara daha çox neft çıxaracaqlarını bəyan edirlər.Nəticədə, koronavirusun yaratdığı qlobal iqtisadi durğunluğa görə neftə tələbatın azalması fonunda qiymətlər sürətlə üzüaşağı gedir. Bəs neft bazarlarında qiymət müharibəsində qazanan və uduzanlar kimlər olacaq?
Bu sualı cavablandıran iqtisadçı-ekspert Elman Sadiqov
ABŞ-da Respublikaçı senator Kevin Kramerin Prezident Donald Trampa Rusiya və Səudiyyə Ərəbistanından neft idxal etməmək və neft idxalına embarqo qoyaraq hər 2 ölkəni cəzalandırmaq çağırışını xatırladır: “İlk baxışda sadə bir müraciətdir, deyilmi? Amma ilk baxışda sadə görünsə də, dərin məsələləri əhatə edən müraciətdir və ABŞ-ın hər bir hadisəni və vəziyyəti peşəkarlıqla öz lehinə necə çevirə bilməsi bacarığını göstərir. Məsələni təhlil edək. Birincisi, hazırda ucuz neft qiymətləri kimə daha çox sərf edir? Neft idxalçısı olan ölkələrə - ABŞ, Çin, Avropa, Yaponiya, Cənubi Koreya və sair. Sual oluna bilər ki, ABŞ özü ən çox neft istehsal və ixrac edən ölkədir. Ucuz neft qiymətləri zərərli deyilmi? Bəli, daha yüksək maya dəyəri olan şist neft istehsalçısı olan ABŞ şirkətləri zərərdədir. Lakin ABŞ hazırda dünya bazarlarında Rusiya və Səudiyyə Ərəbistanı neftini ən çox alan ölkələrdən biridir. Bareli 25-30 dollardan neft alaraq bütün anbarlarını doldurur. Bu anbarlardakı artıq neft koronavirusun təsirləri getdikdən sonra artan tələbi qarşılamaq üçün ucuz və səmərəli neft ehtiyatlarıdır”.
Ekspertin sözlərinə görə, hazırda neft təklifi tələbdən gündəlik olaraq 1.5-3 milyon barel çoxdur: “Burada dəqiq statistika yoxdur. Çünki hər ölkə son 8-9 gündə imkanı olduğu qədər neft çıxarıb satır. Müxtəlif mənbələr müxtəlif rəqəmlər səsləndirir. Əslində neftin qiyməti daha çox düşməli və ya çökməli idi. Deməli, alışlar da tələbin düşməyinə rəğmən artıb. Bəs alınan neft hara gedir? Ehtiyat anbarlarına. Məsələn, ABŞ davamlı olaraq neft alır. Bir bareli 45-50 dollardan almalı olduğu nefti indi 25-30 dollardan alır, aradakı fərq (qazanc) isə zərərdə olan neft şirkətlərinə (subsidiya, 0 faizli kredit, dəstək paketi və sair adlar altında) kompensasiya şəklində veriləcək. Rusların atalar sözlərində deyildiyi kimi: Quzular sağ, qurdlar da tox qalır. Deməli, ABŞ, Çin və digər neft idxal edən ölkələr öz anbarlarını doldururlar. Unutmayaq ki, ABŞ nefti öz buraxdığı dollarla (kağızla) alır”.
Bəs sonra nə olacaq? E.Sadiqova görə, sonra olacaqlar anbar və tankerlər dolduqdan sonra baş verəcək: “Niyə ABŞ 9 martdan indiyə qədər susur və konqresmen məhz bu günlərdə müraciət edir? Çünki anbarlar dolmaq üzrədir. ABŞ neft almamağa başladıqda neftin qiymətləri daha kəskin enməyə başlayacaq. Məhz bu anda Rusiya, Səudiyyə Ərəbistanı və digər dövlətlər danışıqlara başlamağa məcbur olacaqlar. Çünki elə bu qiymətlərlə (25-30 dollar) Rusiya iqtisadiyyatında problemlər başlayıbsa, 15-20 dollar neft qiymətləri onlar üçün qəbuledilməz olacaq. Son günlər səsləndirdiyim fikri bir daha təkrarlayım: neftin qiymətlərinin 25 dolların altına enməsi (diqqət etdinizsə 25 dollara endikdə alışlar daha da artdı və qiymətlər 1-1.5 dollar yuxarı qalxdı) və hətta 20 dollar ətrafında olması bizim üçün daha xeyirli olar, nəinki 30-35 dollar ətrafında yubanması. Rusiya bu vəziyyətdən uduşla çıxa bilməyəcəyini və ABŞ-ın iqtisadi imkan və manevr qabiliyyətinin, təsir rıçaqlarının daha çox olmasını düzgün hesablamamışdır. Rusiyanın bu addımı özünün müstəqil olaraq atması daha ağlabatandır. Çünki son 2 ildə buna hazırlaşan Rusiya bir ildir ki, iqtisadiyyatının neftin 30 dollara qədər enməsinə hazır olduğunu eşitdirirdi. Ehtimal: Əcəba, bu eşitdirmələri (bəyanatları) nəzərə alaraq, Rusiyanı Səudiyyə Ərəbistanı vasitəsilə buna sövq etmədilərmi?
İkincisi, bu ucuz neft hazırda kəmiyyət yumşalmaları, faiz dərəcələrinin endirimləri, pul inyeksiyaları edən ABŞ, Avropa, Çin, Yaponiya və digər böyük dövlətlər üçün inflyasiyanın artmasına imkan verməmək, iqtisadi geriləməni yavaşıtmaq, ilin ikinci yarısında artacaq tələbi daha ucuz enerji qiymətləri ilə qarşılamaq üçün hava, su kimi lazım idi. İlk baxışda doğru zamanlama etdiyini düşünən Rusiya bu “doğru zamanlama”nı kim(lər) üçün etdi?
Üçüncüsü, ABŞ bir müddət sonra neft almayaraq, neft şirkətlərinə dotasiya ödəyərək istehsalı saxlasa neft qiymətləri həddən artıq ensə nə olacaq? Neft bazarından kənarda qalan Venesuela, İran kimi ölkələri neft bazarına qaytarıb, Liviya, İraq kimi ölkələrdə neft istehsalını artırıb istənilən ölkəni neft bazarından sıxışdıra bilər. Qeyd etdiyim bu ölkələrin və ABŞ-ın özünün artan şist neft istehsalının gündəlik həcmi Rusiyanın gündəlik 5-6 milyon barellik neft ixrac həcmini rahatlıqla əvəzləyə bilər. Deməli, bu vəziyyət nəinki yeni neft qiymətlərinin formalaşması, həm də neft bazarının daha sərt bir şəkildə yenidən bölüşdürülməsi prosesidir”.
Ekspert bildirir ki, ciddi volatillik olacağı ehtimalı artır: “Bu vəziyyətin uzun davam etməyəcəyi aydındır. Neft ixrac edən ölkələrin valyutalarındakı ciddi volatillik (hətta hazırda ucuzlaşan valyutalar neftin qiymətləri qalxdıqdan sonra bahalaşsa da) həmin ölkələrin iqtisadiyyatlarına ciddi mənfi təsirlərini göstərəcək. Belə bir vəziyyətdə səbr, təmkin, diqqət və stabillik nümayiş etdirməyə ehtiyatları və manevr imkanları çatan ölkələr isə həmin ölkələrə nisbətən daha az mənfi təsirə məruz qalacaqlar”.

Bölmənin digər xəbərləri

03 Aprel 2020 İcra başçıları Fonda nə qədər pul köçürüblər? – TAM SİYAHI
03 Aprel 2020 Trampdan neft hasilatının ixtisarı ilə bağlı daha bir proqnoz
02 Aprel 2020 "Bank of Baku” "EvdəQal" çağırışına əməl edən müştəriləri faizlərlə yükləyir - İDDİA
02 Aprel 2020 COVID-19-la mübarizə üçün 80-dən çox ölkə BVF-dən yardım istəyib
02 Aprel 2020 Neft bahalaşdı – Son qiymət
02 Aprel 2020 Cəzalara görə əmək müfəttişlərinə ödənilən məbləğ azaldılır
02 Aprel 2020 Alman ekspertlərdən şok proqnoz: Qıtlıq yaranacaq...
01 Aprel 2020 Energetik içkilərin satışı və saxlanılmasında uşaq əməyindən istifadə qadağan edilir
01 Aprel 2020 Neft səbətində “ölümcül ucuzlaşma”: YENİ RƏQƏM
01 Aprel 2020 Vüsal Qasımlı: "Yenidən problemli kreditlər burulğanı yaratmaq istəmirik"
31 Mart 2020 KTN işçi haqqını beləmi qoruyur? - ARAŞDIRMA
31 Mart 2020 DÖVLƏT KİMLƏRƏ VƏ NƏ QƏDƏR YARDIM GÖSTƏRƏCƏK? - Mikayıl Cabbarov açıqladı
31 Mart 2020 "Böyük əzablar": şist sənayesi tənəzzülə doğru gedir
30 Mart 2020 Koronavirus mənzil bazarını da “vurdu” – Qiymətlər dəyişdi
30 Mart 2020 Hindistan Səudiyyə Ərəbistanından qaz idxalına başlaya bilər –Açıqlama
29 Mart 2020 Fonda 1 manat köçürənlərə demək istəyirəm ki... - Prezident
29 Mart 2020 Dünya ulduzları koronavirusla mübarizəyə MİLYONLAR AYIRIR - SİYAHI
29 Mart 2020 Fitch Böyük Britaniyanın kredit reytinqini 'AA-' səviyyəsinə endirib
28 Mart 2020 Neft $25 - Rusiya nə qədər davam gətirəcəyini - AÇIQLADI
26 Mart 2020 “Dünyanı iqtisadi geriləmə və işsizlik gözləyir…” – 25 milyon insan işini itirəcək

Dünyapress TV

Xəbər lenti