“Putinin dostu Rotenberq, Rza Zərrab…”
Kremlin adamı Arkadi Rotenberq Avropanın ən böyük banklarından biri vasitəsilə milyonlarla dollarlıq əməliyyatlar həyata keçirib.

Bu Birləşmiş Ştatlar və Avropa Birliyinin (AB) ona sanksiyaları qüvvəyə minəndən sonra baş verib. Bunu yeni sızdırılmış sənədlər üzə çıxarıb.

Rusiya Prezidenti Vladimir Putinin uşaqlıq dostu olan Rotenberq 2012-2016-cı illərdə “Advantage Alliance” adlı şirkət adından “Barclays” bankı vasitəsilə 60 milyon dollarlıq tranzaksiyalar həyata keçirib. BBC bu haqda sentyabrın 20-də ABŞ Xəzinədarlığının Departamentinə istinadla yazıb.

Birləşmiş Ştatlar və AB Rotenberqə 2014-cə ildə, Rusiya Ukraynanın Krım vilayətini qanunsuz ilhaq edəndən sonra sanksiyalar tətbiq edib. ABŞ Xəzinədarlığı Rotenberqin qardaşı Boris və oğlu İqoru da sanksiya siyahısına salıb. Sanksiyaların məqsədi Rusiya hakimiyyətinə yaxın çevrənin üzvlərini cəzalandırmaq, onları beynəlxalq maliyyə sistemindən təcrid etməkdir.

“Barclays” 2016-cı ilin sonuna yaxın “Advantage Alliance” şirkətinin hesabını bağlayıb, amma Rotenberqə məxsus olduğu iddia olunan “Ayrton Development Limited” hesabı 2017-ci ilədək açıq qalıb.

Bu ilin iyulunda ABŞ Senatının araşdırması Rotenberq qardaşlarının sanksiyalardan yayınmaq məqsədilə dəbdəbəli incəsənət əsərləri aldığını iddia edib. Əməliyyatda iştirak edən şirkətlər sırasında “Advantage Alliance” də vardı.

Rotenberqin hesabları barədə informasiya ABŞ Xəzinədarlığının Maliyyə Cinayətləri ilə Mübarizə Şəbəkəsindən (FinCEN) “Buzzfeed” portalına sızdırılan 2100 sənədin içindədir. “Buzzfeed” isə bu sənədləri Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu və dünyada 400-dən çox jurnalistlə paylaşıb.

Araşdırmaya qoşulan xəbər agentlikləri sentyabrın 20-dən sızdırılan sənədlərlə bağlı əhvalatları yaymağa başlayıblar.

Sənədlərə görə, 1999-2017-ci illər ərzində qlobal banklar 2 trilyon dollardan artıq şübhəli görünən ödənişlərlə bağlı əməliyyatlar həyata keçiriblər. Bu isə maliyyə qurumları və hökumətlərin qanunsuz pul axınını dayandırmaqdan ötrü yetərincə iş görməməsi ilə bağlı suallar doğurub.

“JPMorgan” və “Deutsche Bank” kimi böyük bankların pulların hərəkət etdirilməsi və gizlədilməsində kriminal şəbəkələrə kömək etdiyi bildirilir.

1990-cı illərdə çox da tanınmayan biznesmen olan Rotenberq Putinin 20 illik hakimiyyəti dövründə milyarderə çevrilib. O, pulunu daha çox dövlətə məxsus şirkətlərlə kontraktlardan qazanıb.

Sənədlərdən o da bəlli olur ki, türkiyəli qızıl alverçisi Rza Zərrabın şəriki olduğu şirkət Rusiya və ofşor şirkətlərlə 1.25 milyard dollarlıq şübhəli əməliyyat həyata keçirib.

20 il müddətində Rusiyaya və oradan 11 milyard dollarlıq, Ukraynaya bağlı 470 milyon dollarlıq əməliyyatın gerçəkləşdiyi bildirilir.

“FinCEN”-in sənədləri Şübhəli Fəaliyyət Hesabatlarından (SARS) ibarətdir. Banklar tranzaksiyanının qanuniliyindən narahat olanda FinCEN-ə SARS təqdim edirlər.

Son illər ABŞ və digər hökumətlər bankları qanunsuz pul axını ilə mübarizəyə məcbur edən qanunvericilik qəbul ediblər. Əks halda banklar böyük cərimələrlə üzləşə bilərlər.

Təkcə ötən il dünya üzrə bankların 2 milyondan çox SARS təqdim etdiyi bildirilir. Təhlilçilərin fikrincə, 333 işçisi olan “FinCEN”-in korrupsiya ilə mübarizədə yetərincə işçisi və maliyyəsi yoxdur.

“FinCEN”-in sızdırdığı sənədləri üzərində işləyən xəbər təşkilatlarının gələn günlər ərzində əlavə məqalələr təqdim edəcəyi gözlənir.Bu, 2017-ci ildən bəri sızdırılan ən böyük gizli maliyyə sənədləridir. Həmin il “Appleby” və “Estera” ofşor hüquqi və korporativ xidmət provayderlərinin sızdırdığı “Cənnət sənədləri” siyasətçilərin, tanınmışların, biznes liderlərinin ofşor maliyyə əməliyyatlarını üzə çıxarmışdı. (azadliq.org)

WhatsAppFacebookFacebook MessengerTwitterShare

Bölmənin digər xəbərləri

24 Oktyabr 2020 Türkiyədə koronavirusla bağlı son vəziyyət
23 Oktyabr 2020 “Ermənistan mülki obyektlərin içərisində raket qurğuları yerləşdirib” - Litvalı jurnalist
22 Sentyabr 2020 Rusiyalı ekspert: "Ermənistan əsas zamini olan Rusiyanı da bezdirib"
22 Sentyabr 2020 Tehran Vaşinqtona sarsıdıcı cavab “vəd etdi”
22 Sentyabr 2020 Çavuşoğlundan Ermənistana XƏBƏRDARLIQ: "Ağlını başına yığsın"
22 Sentyabr 2020 İlahiyyatçıdan şok açıqlama: “Türkiyədə vətəndaş müharibəsi hazırlanır”
21 Sentyabr 2020 Akardan yunanlara xəbərdarlıq: İcazə vermərik!
21 Sentyabr 2020 Rus hərbi maşınından PKK/YPG -li terrorçular çıxdı - Terrorçulara dəstək belə ifşa olundu (ŞOK VİDEO)
21 Sentyabr 2020 LATIŞ HƏKİM RUSCA DANIŞMADIĞI ÜÇÜN QÜRUR DUYUR – Rus dilinə qarşı qlobal nifrət artır!
21 Sentyabr 2020 Rusun “Vaqner”ini, PKK terrorçularını “ölümsüz” saymayaq. Suriyada, Donbasda milçək kimi məhv edilən də onlardır.
20 Sentyabr 2020 Prezident: "Ermənistanın başçısı Sorosdur"
19 Sentyabr 2020 Kraliça qalmaqallı prodüserin medalını geri aldı
19 Sentyabr 2020 Toyu karantinə görə təxirə düşənlərə 6 min pul veriləcək
19 Sentyabr 2020 ABŞ prezidenti "WikiLeaks"in qurucusunu bağışlayacaq - bir şərtlə
19 Sentyabr 2020 Rusiyanın ən varlı dövlət qulluqçuları və deputatları - SİYAHI
18 Sentyabr 2020 Belarus iki ölkə ilə sərhədlərini bağladı –Lukaşenkodan bəyanat
18 Sentyabr 2020 Çeçen bloger Kadırovu ölümlə hədələdi
17 Sentyabr 2020 Navalnının Nobel mükafatına namizədliyi irəli sürüldü
17 Sentyabr 2020 Uxan 8 aylıq fasilədən sonra beynəlxalq uçuşları bərpa edib
17 Sentyabr 2020 ABŞ-ın bu şəhəri sular altında qaldı

Dünyapress TV

Xəbər lenti