Ardını oxu...
Sabiq bankirin həyat yoldaşının Londondan Lüksemburqa köçmə ehtimalı var; Azərbaycana gətirilərsə, onu 12 illik həbs cəzası gözləyir...
İyunun 24-də Londonun “Westminster Magistrates” məhkəməsində Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın işi üzrə proses keçiriləcək. Bu haqda məhkəmə müvafiq qərarı ötən ilin noyabrında verib. Zamirə Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində bu ölkə ərazisindəki sərvətini hansı gəlirlər hesabına alındığını açıqlamalıdır.

Məhkəmənin qərarına görə, bunun üçün Zamirə Hacıyevanın 2019-cu il iyunun 24-dən 28-nə qədər vaxtı var. Sabiq bankirin həyat yoldaşı ayrılan 4 gün ərzində məhkəməyə gəlməli, Britaniya ərazisindəki əmlakların alınmasına sərf olunan vəsaitlərin hansı mənbədən əldə edilməsi haqda əsaslı izahat verməlidir. Zamirə Hacıyeva və vəkili Hüqo Keyt London məhkəməsinin hakimlərini mal-mülkün leqal biznesdən əldə olunan gəlirlərlə alındığına inandırmalıdırlar. Əks halda, Hacıyevlərin illərlə Londona transfer etdikləri milyonlara alınan mal-mülk Britaniya hökumətinin sərəncamına keçə bilər. 

Hazırda Britaniyanın Milli Kriminalla Mübarizə Agentliyi (National Crime Agency, NCA) qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə qanunu çərçivəsində Zamirə Hacıyevanın 10 milyonlarla dollarlıq aktivlərinə həbs qoyub. Məlum olub ki, 7 il əvvəl Britaniyanın Virgin adalarında yerləşən bir şirkət vasitəsilə Londonun qərbində bir evə 11.5 milyon funt (15.13 milyon dollar) ödəyib. Ali Məhkəmə dinləmələrində evin sahiblərinin Zamirə Hacıyeva və onun həyat yoldaşı Cahangir Hacıyev olduqları aşkara çıxıb. 2013-cü ildə Zamirə Hacıyevanın nəzarət etdiyi başqa bir şirkət Berkshire qraflığında, Ascot kəndinin yaxınlığında təmtəraqlı qolf kursu və əmlakını almaq üçün 10 milyon funt (13.15 milyon dollar) xərcləyib. O, son 10 il ərzində “Harrods”da 16 milyon funt (21.04 milyon dollar) xərcləyib. Bu, gündə 4000 funtdan çox xərcləmə deməkdir. Rəsmi məlumatlar Hacıyevlərin “Harrods”un bahalı avtomobil parkında 2 xüsusi yerə sahib olduqlarını və Zamirə Hacıyevanın 42 milyon funta (55.24 milyon dollar) “Gulfstream G550" jet təyyarəsini aldığını da ortaya çıxarıb. Zamirə Hacıyevanın müsadirə olunmuş əşyaları arasında 20 min funt-sterlinq dəyərində mirvari və 100 min funtluq ”Boucheron" sapfir boyunbağılar, 20 min funtluq “Magic Alhambra” bilərziyi var.

Hacıyevlərin başı qalda ikən daha bir ciddi problemlə üz-üzədirlər. Zamirə Hacıyeva illərdir Böyük Britaniyada bu ölkənin Daxili İşlər Nazirliyinin varlı sahibkarlar üçün nəzərdə tutulmuş vizası ilə yaşayır. Britaniyada əcnəbi sahibkarlar Tier 1 (Entrepreneur) vizasını almaq üçün ölkəyə 200 min funt sterlinq investisiya qoymalıdırlar. Bundan sonra ilkin olaraq 3 il 4 aylıq viza verilir. Müddət başa çatdıqdan sonra ehtiyac yaranarsa, vizanı daha 2 il müddətinə uzatmaq mümkündür. Bu viza ilə sahibkar 180 gün ərzində ölkənin hüdudlarından kənarda da yaşaya bilər. 3 il sonra isə bu, sahibkara ölkədə daim yaşamaq hüququ da qazandıra bilər. Amma bunun da şərtləri var. Bunun üçün sahibkar 10 yeni daimi iş yeri, 20 isə daimi olmayan iş yeri açmalıdır. 3 il sonra daimi yaşamaq hüququ almaq üçün daha bir variant var. Bu, o halda mümkündür ki, şirkətin 3 illik gəliri 5 milyon funt-sterlinqdən az olmamalıdır. Tier 1 vizası almış sahibkar öz ailəsini də Britaniyaya gətirmək hüququna malikdir. Bunun üçün onların maliyyəşəcəyinə təminat vermək kifayətdir.

Hazırda Zamirə Hacıyevanın vizasının müddəti bitmək üzrədir. Ötən ilin sonunda dünyanın aparıcı nəşrləri Britaniyada bədxərcliyinə görə böyük qalmaqala səbəb olmuş Zamirə Hacıyevadan yazırdılar. Belə bir səs-küydən sonra vizasının uzadılaraq Londonda qalması mümkünsüz kimi görünür. Bu halda, Z.Hacıyeva Britaniyanı tərk etmək məcburiyyətində qalacaq. Barəsində axtarış qərarı olan Zamirə Hacıyevanın hansı ölkəyə sığına biləcəyi maraq doğurur. Britaniyadan çıxarılacağı təqdirdə Zamirə Hacıyevanın Lüksemburqa sığına biləcəyi ehtimalı var. Belə məlumatlar dolaşır ki, onun Avropa İttifaqının 3 paytaxtından biri olan Lüksemburqa üz tuta bilməsini şərtləndirən əsas amil kürəkəni Anar Mahmudovun orada biznesinin olmasıdır. Zamirə Hacıyeva orada yaxın qohumlarının qonağı kimi uzun müddət yaşaya bilər.

Avropa İttifaqının ən yüksək ədliyyə hakimiyyəti olan Avropa Ədalət Məhkəməsi burada yerləşir. Anar Mahmudov Eldar Mahmudovun oğludur. O, Zamirə Hacıyevanın qızı Leyla ilə 2012-ci ildə ailə həyatı qurub. Azərbaycanda, Türkiyədə, İspaniyada və Lüksemburqda şirkətləri var. Anar Mahmudovun Bakıda təsis edilən “Caspian Crystal Holdinq”ə dəbdəbəli restoranlar, bahalı içki mağazaları və brend avtomobillər şəbəkəsi daxildir. Onun bir neçə tikinti şirkəti də var.

Sabiq bankirin həyat yoldaşı Azərbaycana ekstradisiya olunsa, onu uzunmüddətli həbs cəzası gözləyir. 2016-cı ilin iyununda Nərimanov Rayon Məhkəməsi dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, külli miqdarda dövlət əmlakını mənimsəməkdə təqsirləndirilərək həbs edilən Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın barəsində həbs-qətimkan tədbiri seçib və onun axtarışa verilməsi barədə qərar çıxarıb.

Qərar çıxarılandan sonra Zamirə Hacıyevanın Azərbaycana ekstradisiyası üçün Londona istintaq qrupu göndərilmişdi. Lakin həmin vaxt “İzahedilməz Sərvət Sərəncamı” qəbul edilmədiyindən, sabiq bankirin həyat yoldaşının varlı sahibkarlar üçün nəzərdə tutulmuş vizasının qüvvədə olması səbəbi ilə ekstradisiya baş tutmamışdı. Artıq şərtlər dəyişib və Zamirə Hacıyeva gələn ay Azərbaycana gətirilə bilər. Bunun üçün hüquqi cəhətdən hər hansı əngəl qalmayıb.

Z.Hacıyevaya qarşı Azərbaycanda Cinayət Məcəlləsinin 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 179.3.2-ci (Mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə) maddələri üzrə ittiham irəli sürülüb. İttihamlar təsdiqini taparsa, Zamirə Hacıyeva Azərbaycanda əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Ardını oxu...

Rusiya paytaxtında Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə Azərbaycan Günü təşkil edilib və iftar verilib.

Mayın 14-də Rusiya Müftilər Şurasının dəstəyi ilə Moskvada “Poklonnaya qora”dakı məscidin yaxınlığında təşkil olunan tədbirdə ictimai təşkilatların, Azərbaycanın bu ölkədəki səfirliyinin, Heydər Əliyev Fondunun və azərbaycanlıların digər diaspor təşkilatlarının nümayəndələri, eləcə də müxtəlif millətlərdən olan dindarlar, ümumilikdə 1000-dən çox insan iştirak edib.

Əvvəlcə “İxlas” Fondunun nümayəndəsi Anas Məmmədov müqəddəs ayın mahiyyətindən, oruc tutmağın faydasından danışıb.

Tədbirdə çıxış edən “Əhli-beyt” cəmiyyətinin sədri Nizami Baloğlanov bildirib ki, Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən iftar süfrəsi ilk öncə Azərbaycanda islam dininə olan hörmətin göstəricisidir.

Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev çıxış edərək, səfir Polad Bülbüloğlunun salamlarını qonaqlara çatdırıb. O, 1993-cü ildən Ramazan bayramının Azərbaycanda dövlət səviyyəsində qeyd olunduğunu bildirərək, müsəlmanların bayramını təbrik edib.

Rəsmi çıxışlardan sonra müğənni Samir Salam dini mahnılar və xalq mahnıları ifa edib. Sonra müqəddəs Qurani-Kərimdən surə və iftar duası oxunub. Həmvətənlərimiz iftar süfrəsinə düzülmüş Azərbaycan milli yeməklərindən və şirniyyatlarından dadıblar.

Tədbirdə Azərbaycan haqqında videoçarx nümayiş etdirilib. “Baku” jurnalının nüsxələri, multimedia diskləri, ölkəmizin gözəl məkanlarının əks olunduğu açıqcalar paylanılıb.

Qeyd edək ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi artıq 14 ildir, Rusiya Müftiləri Şurasının “Ramazan çadırı” layihəsində iştirak edir. (Report)


Ardını oxu...

Mayın 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın Buzovna qəsəbəsindəki 1 saylı psixonevroloji sosial xidmət müəssisəsinin sakinlərini ziyarət edib.

“AzPolitika” AZƏRTAC-a istinadla xəbər verir ki, 1974-cü ildə yaradılan 1 saylı psixonevroloji sosial xidmət müəssisəsi Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunaraq bu ilin fevral ayında istifadəyə verilib. Yenidənqurma işlərindən sonra burada yaşayanların sağlamlığı və rahatlığı üçün müasir standartlara uyğun şərait yaradılıb.

Heydər Əliyev Fondu növbəti dəfə burada xüsusi qayğıya ehtiyacı olan insanlar üçün şənlik təşkil etdi.

Fondun vitse-prezidenti Leyla Əliyeva tədbirə gələrək müəssisənin sakinləri ilə görüşdü, onlarla söhbət etdi, burada yaradılan şərait, bu kateqoriyadan olan insanların müalicəsi ilə maraqlandı.

Xüsusi qayğıya ehtiyacı olanlar 1 saylı psixonevroloji sosial xidmət müəssisəsində gün ərzində gördükləri işlərdən danışdılar, necə əyləndiklərini söylədilər, təəssüratlarını bölüşdülər.

Müəssisəyə sosial xidmətə ehtiyacı olan psixotik simptomatika mərhələsinə çatmayan şəxslər qəbul edilir.

Ölkəmizdə sağlamlıq imkanları məhdud olan, xüsusi qayğıya ehtiyac duyan şəxslərin tibbi və sosial reabilitasiyasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Dövlət bu qəbildən olan şəxslərin çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət və texniki-bərpa təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Dövlət səviyyəsində bu istiqamətdə reallaşan tədbirlərə Heydər Əliyev Fondunun da xüsusi töhfəsi var. Bu cür layihələrin icrası həm də onu göstərir ki, nəcib təşəbbüsləri və layihələri ilə seçilən Heydər Əliyev Fondunun xüsusi qayğıya ehtiyacı olanların sosial məsələlərinin həlli, onların müalicə və reabilitasiya işinin yüksək səviyyədə təşkil edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər davamlı xarakter alıb.

1 saylı psixonevroloji sosial xidmət müəssisəsinə Heydər Əliyev Fondunun hədiyyələri təqdim edildi.


Ardını oxu...

Mayın 8-də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) Prezident İlham Əliyevin bu il fevralın 28-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2019-cu il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə əlaqədar qurumun aparatının, eləcə də yerli idarə, şöbə və bölmə rəislərinin iştirakı ilə müşavirə keçirilib. 

Müşavirədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində yol verilmiş nöqsanlar təhlil edilib, çatışmazlıqların aradan qaldırılması və gələcəkdə təkrarlanmamasına dair göstərişlər verilib. Şəxsi heyətin Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi riayət etməsinin, hərbi nizamnamələrin tələblərini dəqiq yerinə yetirməsinin zəruriliyi vurğulanıb, həlli vacib məsələlərlə bağlı konkret qərarlar qəbul edilib.

Müşavirədə kadr dəyişiklikləri həyata keçirilib. Xidmətin Bakı şəhəri Sabunçu və Suraxanı rayon idarələrinin, Cəlilabad, Ağcabədi və Gəncə şəhərinin Nizami rayon şöbələrinin rəisləri tutduqları vəzifələrdən azad edilərək sərəncama götürülüblər.

Müşavirəyə yekun vuran general-leytenant Arzu Rəhimov görüləcək işlər və xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunması barədə tapşırıqlar verib


Ardını oxu...

Cennifer Qarner planetin ən gözəl qadını seçilib.

Trend-in məlumatına görə, 47 yaşlı məşhur aktrisa “People” jurnalının apardığı sorğu əsasında bu titulu qazanıb.

Qeyd edək ki, o, “Cəsus”, “Timoti Qrinin qəribə həyatı” kimi filmlərdə rol alıb.

“People” 1990-cı ildən başlayaq hər il dünyanın 50 ən gözəl qadınının siyahısını hazırlayır.

WhatsAppFacebookFacebook Messenger

Dünyapress TV

Xəbər lenti