“RUSİYADAN QOYULAN QADAĞALARIN İQTİSADİ TƏHLÜKƏSİNİ GÖRDÜK" -
Deputat: “Gələcəkdə dövlətlər yetəri qədər innovasiyalara sahib olmasalar, ciddi problemlər yaşayacaqlar”

Tahir Mirkişili: “Azərbaycan ərəb ölkələri bazarına meyvə-tərəvəz ixracında yer tuta bilər”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili yeni il, yeni çağırışlar, ötən il pandemiyanın doğurduğu iqtisadi fəsadlar, dünya və Azərbaycan iqtisadiyyatındakı mühüm məsələlər, 2021-ci ildə gözlənilər dollar-manat məzənnəsi və s. məsələlərlə bağlı Modern.az-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Tahir müəllim, 2020-ci ildə ölkəmizin həyatında Azərbaycan durduqca yaşanacaq nəticələr əldə etdik. Bunun sosial, siyasi, mənəvi tərəfilə yanaşı, iqtisadi tərəfləri də olduqca əhəmiyyətlidir. Bu baxımdan Vətən müharibəsindəki zəfərin Azərbaycan iqtisadiyyatına qatqısı nədən ibarət olacaq?

- Azərbaycan 2020-ci ildə Müzəffər ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə, ordumuzum rəşadəti və şəhidlərimizin qanı bahasına möhtəşəm bir zəfər əldə etdi. Tarixən Dağlıq Qarabağda münaqişəsinin yaranmasında xarici qüvvələrin rolu böyük olub. Ermənistan və onun havadarlarının dəstəyi və birbaşa müdaxiləsi nəticəsində bölgə və onun ətafındakı rayonlar işğal olundu. Bu qüvvələrin də əsas məqsədi Azərbaycanda, eləcə də regionda münaqişə yaratmaqla ölkələr arasındakı inteqrasiyaya mane olmaq, regionun sürətli iqtisadi inkişafının qarşısını almaq, müstəqil Azərbaycanı öz maraqlarına tabe etdirmək və onun iqtisadi resurslarına sahib çıxmaq idi.

Azərbaycanda siyasi hakimiyyətin və ordunun demək olar ki olmaması şəraitindən istifadə edən Ermənistan Qarabağı işğal edərkən də bilirdi ki, Azərbaycana qarşı tək dura bilməzlər, çünki anlayırdılar ki, Azərbaycan istənilən halda güclənərək öz ərazi bütövlüyünü bərpa edəcək. Bu müddət ərzində onları dəstəkləyən qüvvələr də Azərbaycana daim təzyiq göstərir, müstəqilliyimizi təhdid edir və güclənməmizi qəbullana bilmirdilər.

Ona görə münaqişənin həllinə yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması baxımından deyil (təbii ki, bu əsas mühüm faktdır), eyni zamanda regionun gələcəkdə daha sürətli inkişafında yeni bir mərhələnin başlanğıcı kimi baxmaq lazımdır. Çünki münaqişə regiona xarici investisiya axınını əngəlləyirdi, Qərblə Şərq arasında Azərbaycandan keçən nəqliyyat dəhlizi layihələri üçün risklər yaradırdı. Müharibə vaxtı Ermənistanın ən çox hədələdiyi hədəflərdən biri məhz Qərblə Şərq arasında körpü rolunu oynayan Bakı-Tibilisi-Qars, Bakı-Tibilisi-Ceyhanı xətlərini vurmaq idi.

Bu qələbə Azərbaycanın gücünü və iradəsini bütünü dünyaya göstərdi. Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış 10 noyabr bəyanatında əks olunan məsələlərdən bir neçəsi iqtisadi məsələlərdir. Zəngilan rayonu ilə Naxçıvan MR arasında iqtisadi dəhlizin açılması regionun gələcək inkişafı üçün mühüm məsələdir.

Münaqişənin siyasi və mənəvi əhəmiyyəti olduqca böyükdür, çünki Azərbaycan son 200 il ərzində ilk dəfədir ki, itirilmiş torpaqalarını geri qaytarıb. Bu, şanlı qələbə olmaqla yanaşı, azərbaycanlıların özünə güvənini artıran mühüm bir amildir. Müasir iqtisadiyyat insan amili üzərində qurulduğundan hazırda insanın özünə güvəninin artması iqtisadi inkişafda həlledici rol oynayır. Əgər biz XX əsr iqtisadiyyatı dedikdə inkişafın əsas amili kimi kapital, investisiya, istehsal, zavod, fabrik başa düşülürdüsə, XXI əsrin iqtisadiyyatı dedikdə isə əsas amil kimi insan, onun ağlı, dünyagörüşü, özünə güvəni, bir sözlə, insan kapitalı başa düşülür.

Bunlarla yanaşı, münaqişənin həlli həm də regionun sabitliyi və iqtisadiyyatının inkişafında mühüm mərhələnin başlanması deməkdir. Azərbaycan ərazisinin 20 faizinin işğalda qalması bizim kənd təsərrüfatı resurslarımızın təqribən 12 faizinin itirilməsinə gətirib çıxarıb. Su resurslarımızın təxminən 75 faizi işğal altında olan ərazilərdən formalaşır. Əkinə yararlı toraqlarımızın, dağ-mədən resurslarının bir hissəsi Qarabağda yerləşir. Bu cəhətdən Qarabağın digər bölgələrimizə inteqrasiya olunması iqtisadiyyatımızı daha da inkişaf etdirəcək, onu yeni resurslarla təmin edəcək. Eyni zamanda, Qarabağın zəngin turizm resursları var. Bu cür imkanlar 2021-ci ildə Azərbaycan iqtisadiyyatının daha da sürətli inkişaf etməsinə imkan yaradacaq. Ortamüddətli dövrdə münaqişənin həllinin Azərbaycan iqtisadiyyatına verəcəyi ən böyük töhvələr yeni imkanlar hesabına iqtisadiyyatın sürətli artımını təmin etmək, insanların özünə güvənini artırmaqla insan kapitalına əsaslanab müasir iqtisadiyyatın qurulmasına zəmin yaratmaq olacaqdır.

- Qarabağdakı quruculuq planlarında sənaye məhəllələrinin yaradılması, hava limanları, dəmir və asfalt yolların yenilənməsi kimi klassik ehtiyatları, məşğuliyyətləri kənara qoysaq, hansı yenilikləri reallaşdıra bilərik? Qarabağ ərzaq təhlükəsizliyi məsələsində təbii ərzağın yetişdirildiyi bir yerdir. Komitə rəhbəri, həm də iqtisadçı olaraq bu barədə fikirlərinizi öyrənmək istərdik.

- Bu gün Qarabağ deyəndə, göz önünə bütün infrastrukturu məhv olmuş, dağıdılmış bir ərazi gəlir. Ərazi 30 ilə yaxın işğalda olub, Ermənistan ərazilərimizi talayaraq məhv edib, yeni heç nə qurmayıb. Ona görə, Azərbaycan Qarabağda nə edəcəksə, hamsını sıfırdan başlayacaq.

Amma ərazilərimizdə insan yaşayışı olmadan, qurub-yaratmaq qeyri-mümkündür. Yəni biz insanların öz yurdlarına qayıdışı üçün zəruri infrastrukturu təmin etməsək, orada hansısa iqtisadi inkişafdan söhbət belə gedə bilməz.

Dövlət başçısının da qeyd etdiyi kimi, ilkin olaraq, infrastruktur qurulmalıdır ki, insanların rahat yaşayış tərzi təmin edilsin. Mövcud infrastrukturla Bakıdan Şuşaya getmək üçün xeyli vaxt lazımdr. İqtisadiyyatda resursların sürətli hərəkət etməsi iqtisadi inkişaf üçün mühüm amildir. Ona görə ilk həll olunası məsələ nəqliyyat və kommunal infrastrukturun qurulmasıdır. Daha sonra insanların yerləşdirilməsinin təmin edilməsidir. Bütün bunların əsasında isə iqtisadiyyatın inkişafı planları qurulmalıdır. Əmək qüvvəsi, yaşayış stadanrtları, məşğulluq və iqtisadi resursların optimal əlaqəsini yaradılması regionun inkişafı üçün mühüm şərt olacaqdır.

Azərbaycanın son 10 il ərzində regionların inkişafı ilə bağlı sənaye məhəllələrinin yaradılmasında böyük təcrübəsi var. Sumqayıt, Neftçala, Mingəçevirdə bu cür təcrübələr yaxşı nəticələr verib. Qarabağda sənaye məhəlləsi və parkların tətbiq edilməsi metodunun seçilməsi əvvəlki təcrübədən irəli gələ bilər. Eyni zamanda, nəzərə almaq lazımdır ki, məhəllə və parklarda stimullaşdırıcı tədbirlərdən istifadə edilir. Vergidən, texnologiyanın idxalı zamanı gömrük rüsumlarından azad olması və s. sürətli şəkildə bölgəyə investisiya axınına, yeni müəssisələrin yaradılmasına xidmət edə bilər.

İkinci mühüm məsələ, bölgənin yaşıl enerji bölgəsi olması ilə bağlı planlardır. Cənab Prezidentin müşavirədəki çıxışında da bildirdiyi kimi, XXI əsrin iqtisadiyyatında yaşıl enerji, innovasiyalar üzərində bərqərar olacaqdır. Regionun inkişafında bilik iqtisadiyyatınının üstünlüklərindən istifadə ilə bağlı müxtəlif fikirlər mövcüddur. Bunlar Qarabağ universitetinin yaradılması, informasiya texnologiyaları, tibb sahələrinin inkişafına nail olmaqdır.

Bu gün müasir iqtisadiyyat qarşısında üç mühüm amil durur.

Bunlardan biri sağlamlığın qorunması- artıq insanlar yeni bir mərhələyə qədəm qoyur ki, bu mərhələdə tibb sənayesini inkişaf etdirmədən fiziki təhlükəsizliyi təmin etmək qeyri-mümkündür. İkincisi - informasiya texnologiyalarıdır. Üçünücüsü isə insan amili, onun təhsili və proseslərə hazırlıqlı olmasıdır.

Qeyd edilən amillər sürətli şəkildə inkişaf etdirilərsə, nəinki Qarabağ bölgəsinin, eləcə də Azərbaycanın sürətli inkişafına nail olmaq mümkündür. Dövlətin də siyasəti bu istiqamətdədir. Qarabağda bərpa işlərinin sıfırdan başlanması Azərbaycanın indiyə qədər topladığı ən yaxşı təcrübənin bölgədə tətbiqinə imkan yaradacaq.

- Tahir müəllim, bölgənin inkişaf etdirilməsi üçün insan amilinin, məskunlaşmanın vacibliyini vurğuladınız. Qayıdışla bağlı hansı təşviqedici proqramlar hazırlana bilər ki, proses daha sürətli şəkildə həyata keçirilsin.

- Hökumət bu proqramıların üzərində işləyir. Həm iqtisadi cəhətdən stimullaşdırma mexanizmləri, həm də əhalinin qayıtması üçün məşğulluğun təmin olunması, onların həmin yerlərdə yaşayış şəraitinin lazımi səviyyədə olması üçün dövlət tərəfindən görüləcək işlər barədə müxtəlif araşdırmalar aparılır. Prosesə iqtisadi cəhətdən baxsaq, bölgədə turizm və bəzi sahələrin vergidən azad olması böyük stimullaşdırıcı tədbir kimi öz böyük effektini verə bilər. Vergidən azadolma həmin bölgənin inkişafı üçün mühüm amildir. Bu üsulun sənaye parklarında tətbiqi bir çox yeni müəssisələrin yaranmasına imkan yaratdı, qeyri-neft sənayesi inkişaf etdi.
Bununla yanaşı, regiondakı işçilərin müəyyən müddətə Sosial Müdafiə Fonduna köçürmələrdən azad olması ilə bağlı təkliflər səslənir ki, bölgədə işləmək daha əlverişli olsun, insanlar daha az vergi verməklə daha çox qazansınlar və həmin qazancı özlərinin istədiyi əlavə şəraitin yaradılması üçün sərf etsinlər. Bununla yanaşı, mən kifayət qədər sayda insan tanıyıram ki, məcburi köçkün olmasa da, həmin bölgəyə köçüb orda yaşamaq istəyir.

Qarabağ bölgəsi Azərbaycanın ən gözəl və səfalı bölgəsidir. İqtisadiyyatın inkişafı üçün dövlət dəstəyi proqramları, maliyyə əlçatanlığının asan olması, vergilərdən azad olma, eyni zamanda Naxçıvana iqtisadi dəhlizin açılması ilə bölgənin Türkiyə kimi bazara çıxışının təmin olunması ərazidəki iqtisadi subyektlər üçün mühüm iqtisadi gəlirlər əldə etmək imkanı yaradacaq. Onu da qeyd edim ki, bölgədə orqanik bağçılığın inkişafı üçün çox böyük imkanlar var. Təbii şəkildə yetişdirilən meyvələrin Türkiyə və Avropa bazarlarına çıxışı bu sahənin inkişafına mühüm təkan verə biləcək.

- Ölkə başçısı dəfələrlə vurğulayıb ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycana vurduğu zərərin təzminatı mütləq ödətdiriləcək. Bir iqtisadçı olaraq, təzminatın məbləği və işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulması üçün lazım olacaq ilkin vəsaitin məbləği ilə bağlı konkret rəqəmlər səsləndirməniz mümkündürmü?

- Tədqiqatlar göstərir ki, işğal nəticəsində Azərbaycana 30 il ərzində ciddi maddi və mənəvi ziyan dəymişdir. Belə ki, 900-ə yaxın yaşayış məntəqəsi, 2389 sənaye və kənd təsərrüfatı müəssisəsi, 140 min ətrafında ev, 1100 məktəb, 798 səhiyyə obyekti dağıdılmış, regionun bütün infrastrukturu yerlə bir edilmişdir. Cənab Prezident sonuncu müşavirədə çox maraqlı məqama toxundu. O bildirdi ki, təzminat yalnız vurulmuş ziyanı deyil, eyni zamanda işğal müddətində regiondan əldə edə biləcəyimiz gəlirləri də əhatə edəcək. Çünki bu ərazilər işğal olunmasaydı burda yerləşən müəssisələr xeyli gəlir əldə edə bilərdilər. Dünyada təzminatın vurulan ziyan və itirilmiş gəlirlərlə birgə hesablanması yanaşmaları mövcuddur.

Təhlillərin bu istiqamətdə getməsi göstərir ki, Azərbaycan da bu metodologiyadan istifadə edəcək. Bütövlükdə indiyədək işğaldan azad olunmuş ərazilələrə dəyən ziyanla bağlı müxtəlif rəqəmlər səsləndirilib. Amma beynəlxalq metodologiya üzrə təhlil zamanı ortaya çıxan rəqəmlər daha dəqiq olacaq, nəinki indiyədək səslənən rəqəmlər. Burada söhbət təkcə dəymiş ziyandan getmir, eyni zamanda, talan olunmuş gəlirlərimiz, ekologiyaya vurulmuş ziyandan gedir. Azərbaycan ərazisində ermənilər təxminən 50 min hektardan çox meşə sahəsini məhv ediblər. Dövlət büdcəsindən qaçqın və məcburi köçkünlərin həyat şəraitini təmin etmək üçün büdcədən milyardlarla vəsait xərclənib. Əgər işğal faktı olmasaydı, Azərbaycan bu vəsaiti həmin bölgənin inkişafına sərf edə bilərdi. Mən hələ mənəvi ziyandan bəhs etmirəm.

- Bəs Ermənistan bu təzminatı ödəməkdən imtina edərsə?

- O zaman məhkəmələrə müraciət edəcəyik. Bu, bütün dünyada qəbul olunmuş praktikadır. Düşünürəm ki, Azərbaycan da bu praktikadan mütləq istifadə edəcək. Ölkə başçısının verdiyi tapşırıqlar və siyasi iradə, eyni zamanda ədalət də bundan yanadır. Ədalətli olaraq Ermənistan Azərbaycana vurduğu ziyanı mütləq ödəməlidir. Çünki heç bir günahı olmadan Azərbaycan və əhalisinə dəyən bu cür ziyana görə onlar məsuliyyət daşımalıdır. Mən inanıram ki, Azərbaycan dövlətinin gücü Ermənistanı bu təzminatı hansısa formada ödəməyə məcbur etdirəcəkdir.

- İnsanların Qarabağa geriqayıdışı üçün ilkin vəsaitlə bağlı rəqəmlər bəllidirmi?

- Bu gün bölgənin bərpası üçün Azərbaycanın 2021-ci il dövlət büdcəsindən 2,2 milyard manat vəsait ayrılıb. Bizim növbəti üç il üçün Milli Məclisə təqdim olunmuş büdcə layihəsində 2022-23-24-cü illərdə ilkin olaraq, əlavə 1,5 milyard manatın cəlb olunması planlaşdırılır. Amma bu, ilkin planlaşdırmadır. Rəqəmlər daha böyük də ola bilər, həmçinin əlavə resurslar da cəlb edilə bilər. Regionun bərpası üçün sahibkarların ianələri və beynəlxalq təşkilatların qrantlarından istifadə üçün də mexanizmlər yaradılmaqdadır. Bərpa işi kifayət qədər düşünülmüş və planlı aparılacaqdır. Müasir yaşayış məskənlərinin salınma metodologiyaları 30 il bundan öncəsindən xeyli fərqlənir. Düşünürəm ki, regiondan ən yeni metodologiyalardan istifadə olunacaqdır.

- Dünyanın maliyyə qurumlarının yenidənqurma işlərinə cəlb olunması prosesi nə yerdədir? Eyni zamanda, imkanlı azərbaycanlılarının yenidənqurma işlərinə cəlb olunması, sərmayə qoyması, bölgənin onlara gəlir vəd etməsi üçün hansı güzəştlər təklif edə bilərik?

- Beynəlxalq təşkilatların belə bir təcrübəsi var. Ərazilərin minalardan təmizlənməsi, yaxud bərpa prosesləri üçün texniki və maliyyə dəstəyinin təqdim olunması, beynəlxalq fondlardan istifadə olunması, əhaliyə yardım və s. beynəlxalq təşkilatların funksiyalarıdır. İşğaldan azad olumuş ərazilərə dəyən ziyanın qiymətləndirilməsi üçün beynəlxalq əməkdaşlıq işlərinə artıq start verilib. Bərpa və inkişaf prossesində iştirak etmək istəyən xaricdə və Azərbaycanda yaşayan iş adamlarının cəlb olunması üçün Qarabağ Dirçəliş Fondu yaradılıb. Fondun maliyyə mənbələrində yerli və xarici iş adamlarından ianələr, beynəlxalq təşkilatlardan olan qrantlar və s. nəzərdə tutulub. Yaxın günlərdə Fondun əsasnaməsi təsdiq ediləndə mexanizmlər barədə dəqiq məlumatlar olacaq. Təsəvvür edin ki, bölgədə 100 mindən çox ev dağıdılıb. Bunu bərpa etmək üçün həm kifayət qədər böyük vəsait, həm də işçi qüvvəsi lazımdır. Düşünürəm ki, Qarabağın bərpası üçün əlimizdən gələni etmək hər birimiz üçün fəxrdir.

- Son günlər demokratiyanın beşiyi sayılan ABŞ-da baş verənlər bütün dünyada böyük təəccüb və maraqla izlənilir. Hadisələrin dünya və Azərbaycan iqtisadiyyatına təsirləri nədən ibarət ola bilər?

- Ümumiyyətlə, son 5 ildə ABŞ-da baş verən hadisələr və bunun doğurduğu nəticələr dünya iqtisadiyyatına da mühüm təsir etmişdir. Çünki ABŞ dünyanın ən güclü iqtisadiyyatına sahibdir. ABŞ-ın qlobal iqtisadiyyatda davranışları və formalaşmış oyun qaydalarını dəyişmək cəhdləri son illər iqtisadçılar tərəfindən birmənalı qarşılanmır. Dünyada iqtisadiyyatın dayanıqlı inkişaf etməsi üçün böyük dövlətlərin məsuliyyəti var. İri iqtisadiyyatlara malik ölkələr mövcud qaydaları dəyişəndə iqtisadiyyatlar böhrana girir, kiçik ölkələrdə bu böhranın qarşısını almaq müşkülə çevrilir. ABŞ-da baş verən son hadisələr prezident seçkilərindən sonra yaşanan hadisələrin pik həddi idi. Düşünürəm ki, heç bir halda zorakılığa və qanun pozuntularına haqq qazandırmaq olmaz. Hesab edirəm ki, bu məsələlər qısa müddətdə tənzimlənəcək, səbəblər araşdırlacaq və lazımi tədbirlər görüləcək.

Bildiyiniz kimi, ABŞ-da dövlət başçısı dəyişir. İndiki halda düşünmürəm ki, ABŞ-da baş verənlər dünya iqtisadiyyatında böhranın daha da dərinləşməsinə səbəb olsun. Yeni prezident və yeni hökumətdən dünya ölkələrinin gözlədiyi ən böyük gözlənti ABŞ-ın partnyorları ilə münasibətdə daha çox beynəlxalq iqtisadi qaydalara uyğun davranmasıdır. Çinlə və digər ölkələrlə iqtisadi müharibələr, protoksionist siyasətinin yürüdülməsi, iqtisadi sanksiyalar və s ABŞ üçün beynəlxalq ticarətdə daha az qayda ilə oynayan bir dövlət imicini yaratmışdır. Cənab Bayden hökumətindən dünya iqtisadiyyatının qaydalarına uyğun, dünyanın iqtisadi inkişafı üçün dəstəkverici funksiyaları işə salmaq gözləntiləri var. Bu gözləntilər özünü doğruldarsa, dünyada iqtisadi böhrandan daha sürətli çıxış müşahidə ediləcək. 2021-ci ildə dünya iqtisadiyyatının 5.2 faiz böyüməsi planlaşdırılır.

2020-ci ildə dünya iqtisadiyyatı 4.4 faiz azaldısa, 2021-ci ildə 5.2 faiz böyüməsi gözlənilir. Bütövlükdə dünya iqtisadiyyatının 2021-ci ildə bütün ölkələrdə sürətli inkişafı planlaşdırılır. Çünki ikinci kvartaldan etibarən pandemiyanın idarə olunacağı, apreldən etibarən vaksinasiyanın dünya iqtisadiyyatında məhdudiyyətlərin aradan qaldırılmasına imkan verəcəyi kimi proqnozlar var. Ona görə düşünülür ki, bütün ölkələrdə olduğu kimi, ABŞ-da da iqtisadiyyatın inkişafı, sabitliyin bərpa olunması dünyada təlatümlərin, iqtisadi böhranlar qarşısını almağa kömək edəcək.

- ABŞ-da baş verənlər fonunda 2021-ci ildə dollar-manat məzənnəsi üçün hansı proqnozlarınız var?

- Manatın dollara nisbətən kursunun müəyyən olunması Azərbaycanın valyuta daxilolmalarının həcmi, tədiyyə balansının vəziyyəti, ölkədə büdcə xərclərinin həcmi, eyni zamanda strateji valyuta ehtiyatlarımızın həcmi və digər amillərdən asılıdır. 2021-ci ildə Azərbaycan iqtisadiyyatının 3,4 faiz artması planlaşdırılır, həmçinin dünyada neftin qiymətinin büdcədə nəzərdə tutulandan daha yüksək olması proqnozlaşdırılır. Biz büdcədə neftin 1 barrelini 40 dollardan götürmüşük, amma gedişat göstərir ki, qiymətlər 50 dollardan yuxarı olacaq. Bu o deməkdir ki, Azərbaycanın valyuta gəlirləri, tədiyyə balansında profisitin həcmi daha da artacaq. İqtisadiyyatın artımı ixracın artımı deməkdir. Eyni zamanda, büdcə gəlirlərinin təmin olunmasında qeyri-neft sektorunun payının artması, Azərbaycan iqtisadiyyatının şaxələnməsi deməkdir. Bütün bu amillər 2021-ci ildə Azərbaycan manatının kursunun sabitliyi və dəyişməz olacağı proqnozunu verir ki, bu büdcədə də əks olunub.

- Adətən bir dövlətin iqtisadiyyatının inkişafı, həm də onun partnyorları ilə əməkdaşlığına söykənir. Bu mənada, zaman Azərbaycanın hansı ölkələrlə partnyorluğunu diqtə edir?

- Bütövlükdə iqtisadi münasibtlərdə Türkiyə, Rusiya, Avropa Birliyi və Çinlə əlaqələrimiz mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın xarici ticarət əlaqələrində qonşu ölkələr kimi Türkiyə və Rusiya 17% və 10%-lik payla mühüm paya malikdirlər. Hər iki ölkə ilə qeyri-neft sektorunda çox ciddi iqtisadi əlaqələrimiz mövcuddur. Rusiya bazarı qeyri-neft sektoru ixracında bizim üçün ilk sırada durur. Nəzərə alsaq ki, Rusiya bizim böyük qonşumuzdur və ölkəmizin qeyri-neft sektoru üçün ənənəvi bazardır, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı kifayət qədər stratejidir. Türkiyə neft-qaz sektorunda olduğu kimi, qeyri-neft sektorunda da bizim əsas partnyorlarımızdandır və Azərbaycanın Avropa bazarlarına çıxışını təmin edir.31 dekabrdan etibarən Azərbaycan qazı Avropaya çatdı. Bu o deməkdir ki, Azərbaycanla Avropa Birliyi arasında iqtisadi əlaqələrdə yeni dövr başlayır.

Çünki Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın müstəqil olaraq rolu getdikcə artır. Eyni zamanda, Avropa bizim üçün texnologiya və biliklərin idxal olunduğu mühüm bazardır. Türkiyə və Azərbaycanın güclərini birləşdirməklə daha çox nəticə əldə etmək potensialına sahib olmasını bütün dünya da gördü. Azərbaycan-Türkiyə əlaqələrinin daha çox inteqrasiya olunması, bir-birinə daha çox investisiya yatırması, eyni zamanda hər iki ölkənin iqtisadi gücünün digər bazarlarda da özünə yer etməsi anlamına gəlir. Eyni zamanda, Azərbaycanla Türkiyə arasındakı dəmir yolu, eyni zamanda Mehridən keçən dəhlizin açılması, hansı ki, buna bəzən “Türk yolu” da deyirlər, Azərbaycan və Türkiyənin türk dünyası ilə əlaqələrinə, bütövlükdə bölgədə iqtisadiyyatın inkişafına səbəb olacaq.

Son dövrlərdə Azərbaycan-Çin münasibətləri sürətli inkişaf edir. Çin böhranlarda ümumi daxili məhsulda neqativ azalma qeydə alınmayan yeganə ölkədir. İpək Yolunun bir istiqaməti kimi Azərbaycanın Çini prioritet seçməsi tamamilə doğru strateji qərardır. Son illər ərzində Azərbaycandan Çinə ixracda dəfələrlə artım qeydə alınıb.

- Tahir müəllim, yeri gəlmişkən, ölkə başçısı keçirdiyi sonuncu müşavirədə bildirdi ki, Rusiyanın Azərbaycan pomidorlarına sanksiya qoyması, əslində bizi yeni bazar axtarışlarına təşviq etməlidir. Bu mənada Azərbaycanın daha hansı ölkələrlə iqtisadi əlaqələr qurması real və əlverişli görünür?

- Ümumiyyətlə, iqtisadiyyatda bir mənbədən asılı olmaq həmişə riskdir. İqtisadiyyatımızın neftdən asılı olması riski də hər zaman aktualdır. Ona görə risklərin dversifikasiya olunması önəmli məsələdir. Azərbaycanın iqtisadi siyasəti və aparılan islahatlar da bu yönümdədir. Burada söhbət yalnız bir sektordan getmir. Bizim pomidorların Rusiya bazarlarına ixrac olunması zamanı bu ölkə tərəfindən qoyulan qadağaların hansı nəticələrə gətirib çıxara biləcəyi təhlükəsini gördük. Ona görə qoyulan tapşırıq və bu tapşırığa əməl olunması Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün gələcəkdə risklərin aradan qaldırılması baxımından da çox böyük rol oynayır. Azərbaycan zamanında Ərəb ölkələrinə, o cümlədən Dubaya meyvə-tərəvəzin ixracı ilə bağlı bir çox işlər gördü, bu istiqamətdə Qətərə ixracla bağlı bəzi layihələr də həyata keçirildi. Ərəb ölkələrinə meyvə-tərəvəz, bağçılıq məhsullarının ixrac olunması biz böyük ixrac potensialına sahib olmaq imkanı yaradar. Çünki həmin bazarlarda əsasən, Hindistandan gələn meyvə-tərəvəzlər daha böyük paya sahibdir. Bu cəhətdən Azərbaycan sahibkarları bu istiqamətdə düzgün iş görərsə, qeyd edilən ölkələrin bazarlarında da yer tutmaq mümkündür.

Digər tərəfdən, unutmamalıyıq ki, bizim meyvə-tərəvəzlər daha çox yaşıl, daha az gübrə verilməklə yetişdirildiyindən, daha az geni dəyişdirilmiş meyvə olduğundan Avropa Birliyi bazarlarına daxil olmaq şanslarımız yüksəkdir. Biz hökmən standartları və sertifikatlaşmanı Avropa Birliyi stadartları səviyyəsinə çatdırmalıyıq.

Artıq Azərbaycan sahibkarları Çin bazarına məhsul ixrac etməyə başlayıb. Ona görə bu bazarı yaddan çıxarmaq olmaz. Meyvə-tərəvəz, xüsusilə yaşıl və geni az dəyişdirilmiş meyvələrə tələbat böyükdür. Məndə olan məlumata görə, Azərbaycan məhsullarının Çin bazarındakı qiyməti Rusiya bazarındakı qiymətindən təxminən 2-3 dəfə çoxdur. Sadəcə, bizim sahibkarların daha böyük bazarlara baxışına ehtiyac var. Bəzən sahibkarlar çalışır ki, yaxın bazar olsun, qısa müddət ərzində məhsulumuzu sataq. Amma standartları qaldırmaqla daha uzaq bazarlara daxil olmağı da reallaşdırmalıyıq. Bu, həm də sahibkarlara böyük və sabit gəlir vəd edir. Bir bazardan asılılıq həmişə böyük təhlükədir.

- Hazırda pandemiya gözümüzün alışdığı, klassik sahələrin inkişafına imkan vermir. Bu mənada yeni çağırışlar və Azərbaycanın bu çağırışlara cavabı nədən ibarətdir?

- Pandemiya vaxtı münasibələtin məhdudlaşdırılması onu göstərdi ki, müasir iqtisadiyyat qlobal inteqrasiya ilə yanaşı, virtual formada inkişaf etməyi də bacarmalıdır. İnformasiya texnologiyalarının inkişaf etməsi ölkələr, insanlar arasında əlaqələrin inkişafında mühüm rol oynayır. Eyni zamanda, təhsil və səhiyyənin qarşısında duran mühüm çağırışlar göstərdi ki, gələcəkdə də dövlətlər yetəri qədər biliyə və innovasiyalara sahib olmasalar sağlamlıq və iqtisadi məhduduiyyətlər ilə bağlı ciddi problemlər yaşayacaq. Bu gün dünya iqtisadiyyatında dördüncü sənaye inqilabı baş verir. Bu inqilab bütün münasibətləri-istehsal, zavod və fabriklər, məşğulluq, peşə ixtisasları, döyüş texnologiyaları kimi ənənəvi sistemi dəyişdirir. XXI əsrin iqtisadiyyatı fiziki əməkdən daha çox zehni əməyin üzərində qurulmaqdadır. Texnologiyaların tətbiqilə indiyədək minlərlə insanın birgə gördüyü işin bir neçə robot tərəfindən görülməsinə imkan yaradır. Bu baxımdan sürətli qərarların verilməsinə və çevik reaksiyalara ehtiyac getdikce çoxalır.

- Maraqlıdır, robotların əhəmiyyətinin artdığı bir dövrdə insanların rolu nədən ibarət olacaq?

- Bu sualın bir neçə cavabı var. Birincisi, insan daha çox elmlə, ixtiralarla, zehni əməklə, yaradıcı işlərlə məşğul olmalıdır. Hansı işlərin ki, avtomatlaşdırılması mümkündür, onların hamısı avtomatlaşdırılmaldır. Avtomatlaşma olmadan rəqabətə dözmək qeyri-mümkündür. Digər tərəfdən, yeni iqtisadiyyatda sürət böyük önəm daşıyacaq. Ənənəvi olaraq, bir məhsulun digər yerə daşınması saatlar, günlərlə vaxt alırdısa, indiki halda dronların inkişafı, hava nəqliyyatında daha ucuz vasitələrin tapılması daşınmanı daha sürətli edəcək. Bu halda coğrafi amillərin az rol oynayacağı ortaya çıxacaq. Bütün bu prossesləri idarə etmək üçün isə “smart” insanlara böyük ehtiyac yaranacaqdır. İnsanların rolu gələcəkdə qərar vermək, ixtiralar etmək, elmin manələrini dəf etmək və kosmosda məskunlaşmaq olacaqdır.

- Yeni çağırışlar mərhələsində bank sektorunun rolu, Azərbaycanda bank-müştəri münasibətlərini necə qiymətləndirirsiz, hansı ki, indiki məqamda insanların banka inamsızlığı müşahidə edilir. Ümumiyyətlə, bank sektorundakı boşluqları aradan qaldırmaq üçün hansı yeniliklər gözlənilir. Siz qanunverici orqandasınız, bunun düsturu sizdən gəlməlidir ki, insanlar da buna uyğun hərəkət etsinlər.

- Bank sektoru iqtisadiyyatın ən həssas sektorudur. Bank sektoruna iqtisadiyyatın arterial damarı deyirlər. Bank sektoru inkişaf etmədən iqtisadiyyatın inkişafı qeyri-mümkündür. Ümumiyyətlə bank sektoruna müxtəlif zamanlarda müxtəlif münasibətlər olub. Sovet sistemində bankirə düşmən kimi baxırdılar. Kapitalist sistemində bankirə qəhrəman kimi baxırdılar. Ümumiyyətlə, bank sektorunun iflas olması insanlarla yanaşı, dövlətə də ən böyük zərər verən məsələlərdən biridir. Ona görə bütün dünyada bank sektoruna olan inamı qorumaq üçün bankların fəaliyyətinə çox sərt nəzarət mexanizmləri tətbiq edilir. Tətbiq olunan çoxsaylı nəzarət mexanizmləri bankların müflisləşməsinin qarşısını əsasən alır.

Azərbaycanda bu məqamlarla bağlı qanunvericilikdə müəyyən boşluqlar var. Məsələn, bizdə bağlanan bankların idarə edicilərinin məsuliyyətə cəlb olunması ilə bağlı mexanizmlərin təkmilləşməsinə ehtiyac var. Eyni zamanda, banklara nəzarətin gücləndirilməsi, bank fəaliyyətinin şəffaflığının artırılması, vətəndaşların bank hesabatlarına əlçatanlığının daha çox təmin olunması kimi məsələlərin həlli üçün bank qanunvericiliyinə dəyişiklər üzərində iş gedir. Düşünürəm ki, yaxın zamanlarda bu paket Milli Məclisə daxil olacaq. Mərkəzi Bank tərəfindən bu boşluqlar nəzərə alınmaqla iş aparılır. Ümid edirik ki, nəticələr ürəkaçan olacaq. 2015-ci ildən sonra dünya iqtisadiyyatındakı böhran, manatın devalvasiyası bir neçə bankın bağlanmasına gətirib çıxardı, o banklarda olan yoxlamalar, eyni zamanda əhalinin pullarının qaytarılması ilə bağlı ortaya çıxan situasiya son nəticədə dövlətin müdaxiləsinə və 800 mindən çox insanın problemli kreditlərinin dövlət büdcəsi hesabına həll olunmasına gətirib çıxardı. Bütün bunlar göstərdi ki, bu sahədə ciddi tənzimləmələrə ehtiyac var. Bununla bağlı biz iqtisadçıların da ümumi narazılıqları mövcuddur. Çünki bütün dünyada iqtisadi inkişafda bank kreditlərinin rolu ümumi daxili məhsulda təxinən 60-65 faiz təşkil edir. Bizdə bu rəqəm 20-25 faizdir. Biz hesab edirik ki, bankın rolu yalnız kredit vermkdən ibarət olmamalıdır. Bank iqtisadiyyata yoxlayıcı, nəzarətedici funksiyası daşıyır. Qərbdə belə bir yanaşma var ki, bank hansısa sahəyə kredit veribsə, deməli, o sahəni yoxlayıb, iflas olmamasına əmin olub ki, ona kredit verib. Bizdə bir çox hallarda bankın kredit verdiyi müəssisə sonrada ya işləmir, ya iflas olur. Bu istiqamətdə bankın rolu ilə bağlı ciddi dəyişikliklərə ehtiyac var. Düşünürəm ki, qanunvericiliyə ediləcək dəyişikliklər bankların rolunun inkişaf etdirilməsinə gətirib çıxaracaqdır.

- Tahir müəllim, sonuncu sualımız ekspertlərlə bağlıdır. Cəmiyyətin fikirlərini müxtəlif platformalara daşıyanlar jurnalistlər, QHT sektoru, eyni zamanda iqtisadçılardır. Bundan əvvəlki fikirlərinizdə ekspertlər məsələsinə toxundnuz. Bu gün insanlar daha çox hansısa deputatın, rəsmi şəxsin fikirlərindən çox ekspertlərin fikrinə inanır. Amma Azərbaycanda bütün sahələrdə, xüsusilə iqtisadiyyat sahəsində ekspert qıtlığı yaşanır.

- Mənim müşahidələrimə görə, cəmiyyətin peşəkar, qərəzsiz, siyasiləşməyən ekspertlərə böyük ehtiyacı var. Dünyanın hər yerində daha çox araşdıran, daha çox reallığı bilən və müstəqil fikir ifadə edə bilən ekspertlərə önəm verilir. Çünki ekspertlər siyasi cəhətdən bir bağlılığı olmadığından, araşdırmalarla daha çox məlumata sahib olduğundan reallığı daha kəskin çatdıra bilirlər. Həqiqət acı olsa da, ekspertlər bunu deyirlər, yaxşını da qısqanmadan söyləyirlər. Azərbaycanda iqtisadiyyat sahəsində müəyyən sayda ekspertlər var, bir çox məsələlərdə öz fikirlərini ifadə edirlər. İqtisadi qərarlarımızı tənqid də edəni var, reallığı düzgün deyəni də var, eyni zamanda reallığı təhrif edənlər də var. Biz ekspert deyəndə, siyasətdən uzaq olan, reallığı qəbul edən, eyni zamanda məsələlərə adekvat yanaşan insanları nəzərdə tuturuq. Biz komitə olaraq, onlarla işləyirik, görüşürük, fikirlərini dinləyirik, məqalələrini analiz və müzakirə də edirik. Şəxsən özüm bir çox iqtisadçı ekspertlərin yazılarını oxuyuram.
Ümumilikdə fakt bundan ibarətdir ki, ekspertlərin sayı kifayət qədər deyil. “Ekspertlərin sayı niyə azdır” sualına cavab axtarsaq, ekspert öz üzərində daha çox işləyən adam olmalıdır. Ekspert olmaq daha çox oxumaq, daha çox analiz etmək deməkdir. Bu gün dünyanın hər yerində bu sahəyə insanların daha az həvəsli olması müşahidə edilir. Getdikcə populizmin, informasiya texnologiyalarının daha çox inkişaf etməsi, planlaşdırmanın daha çox kompüter proqramlarının üzərində qurulması ekspertlərin bir çox funksiyalarının aradan çıxmasına səbəb olub. İndiki halda ekspert daha çox qeyri-standart düşüncəyə sahib olan insanlar qrupundan seçilməlidir. Çünki müasir iqtisadiyyat bir çox hallarda qeyri-standart qərarların, həllərin verilməsini özündə ehtiva edir. Standart qərarlar verirsiz, kitabda yazılanları tətbiq edirsiz, nəticədə iqtisadiyyat böhrana gedir. Belə bir halda, ekspertlər qeyri-standart yanaşma, təfəkkür, analitik təhlil etmə qabiliyyətinə malik insanlar olmalıdır. Bizdə də bu insanlara böyük ehtiyac var.
Biz parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi olaraq daim onlarla işləyirik, onların axtarışındayıq, çünki bizim onlara ehtiyacımız var. Bu, bütün sahələrdə belədir. Məsələn, pandemiya şəraiti göstərdi ki, Azərbaycanda tibb sahəsində ekspertlərə ciddi ehtiyac var. Dünyada belə bir praktika var ki, insanlar daha çox ekspertlərin dediyinin daha doğru olduğuna inanırlar. Ekspert həqiqəti daha çılpaq, daha açıq, qərəzsiz, peşəkar və doğru formada deyə bilmək bacarığına sahib olduğuna görə bundan sonra da dünyada ekspertlərə böyük ehtiyac olacaq. Amma əsl eksperlərə...

Dünyapress TV

Xəbər lenti