Ardını oxu...
Moskvanın Qarabağa göndərdiyi erməni milyarder hamilərinin üzünə ağ olmağa başlayıb

Ruben Vardanyanın partiyası Sergey Lavrovun Alma-Ata Bəyannaməsi ilə bağlı sözlərini tənqid edib.

“Həyat üçün ölkə” partiyası regionda sabit və uzunmüddətli sülhün bərqərar olmasının prioritetliyini birmənalı olaraq qəbul edərək hesab edir ki, Rusiya Federasiyası xarici işlər nazirinin Alma-Ata Bəyannaməsinin ilkin şərt olmadan imzalanması ilə bağlı şərhində bəzi qeyri-müəyyənliklər var. News.am xəbər verir ki, bu barədə partiyanın yaydığı bəyanatda deyilir.


Bəyanatda vurğulanır:

“Qeyd olunan Alma-Ata Bəyannaməsinin əsasını təşkil edən və müstəqil dövlətlər arasında əməkdaşlığın qurulmasını nəzərdə tutan saziş 1992-ci ilin fevralında Ermənistan Respublikasının Ali Soveti tərəfindən xüsusi şərtlərlə ratifikasiya edilib. Ermənistan üçün sazişin 5-ci maddəsi aşağıdakı mühüm məzmuna malikdir: “Tərəflər xalqların öz müqəddəratını təyinetmə hüququnu, bir-birinin ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını tanıyır və ona hörmət edir”.

Bəyannamədə istifadə olunan “bir-birinin ərazi bütövlüyünün və mövcud sərhədlərin toxunulmazlığının tanınması və hörmət edilməsi” sözləri mövcud sərhədlərə aid idi və Azərbaycana gəldikdə, bu, “Artsax Respublikasının” (Qarabağ – red.) mövcudiyyətini tanımaq anlamına gəlir. Bu isə Ermənistan və Azərbaycan arasında dəqiq demarkasiya olmaması deməkdir.

SSRİ-nin inzibati-ərazi bölgüsü isə uti possidetis juris prinsipinin məntiqinə görə dövlət sərhədi ola bilməzdi. Çünki birincisi, bu, mexaniki fəaliyyət prinsipi deyildi, aydın razılaşma əsasında və çox sərti olaraq yalnız Cənubi Amerika və müstəmləkəlikdən xilas olan bəzi Afrika dövlətlərinə tətbiq edilirdi. İkincisi, Ermənistan və Azərbaycan müstəqil dövlətlər kimi sözügedən bəyannamənin ratifikasiyasına qədər heç vaxt demarkasiya və delimitasiya aparmayıblar və bəyannamədə qeyd olunan sərhəd mövcud olmayıb.

Eyni zamanda, Minsk Qrupu çərçivəsində iki onillikdən də çox davam edən danışıqların məqsədi cənab Lavrovun Alma-Ata Bəyannaməsini ilə bağlı şərhinin təsdiqlənməsinə deyil, məhz “Artsaxın” statusu məsələsi üzrə razılıq əldə etməyə yönəlib.

MDB çərçivəsində xalqların öz müqəddəratını təyinetmə hüququnun Ermənistan Respublikası üçün prioritet olaraq qalmalı olduğunu bir daha təsdiq edərək vurğulayırıq ki, imzalanmış bəyannamələrdən və sazişlərdən asılı olmayaraq, “Artsax” Azərbaycanın bir hissəsi olmayıb, ola bilməz və olmayacaq”.

Beləliklə, ortaya nə çıxır? Kremlin qeyri-qanuni olaraq Qarabağa gətirdiyi şəxsin partiyası hamıya beynəlxalq hüququ öyrədərək, hansısa beynəlxalq xarakterli planlar cızmağa çalışır. Ermənistanın vaxtilə Alma-Ata Bəyannaməsini hansısa şərtlə imzaladığını əldə rəhbər tutan bu “siyasətçilər” ən sadə həqiqəti tamamilə unudurlar – həm Ermənistan, həm də Azərbaycan bütün dünya birliyi tərəfindən Ermənistan SSR və Azərbaycan SSR sərhədləri daxilində tanınıb və bu sərhədləri daxilində BMT üzvlüyünə qəbul edilib. Vəssalam! Bu, hər şeyin əsas və başlanğıc nöqtəsidir.

O da diqqət çəkir ki, Ruben Vardanyan özünün “Həyat üçün ölkə” partiyasının bu bəyanatı ilə faktiki kuratorlarına qarşı çıxıb. Axı Lavrov Kremlin nöqteyi-nəzərini ifadə edir. Axı bu keçmiş rusiyalı oliqarx məhz Kremlin xeyir-duası ilə bu yaxınlarda Qarabağda peyda olub və tez bir zamanda “DQR dövlət naziri” kürsüsünə oturub. Nə baş verib ki, birdən-birə ona himayədarlıq edən ölkənin Xarici İşlər Nazirliyinin rəhbərinə qarşı çıxmağa cürət edir? Belə bir vəziyyətdə Vardanyan kimin dəstəyinə arxalana bilər? Onun həqiqətən də xaricdə başqa himayədarları ola bilərmi?

Press Klubun suallarını Rusiyanın tanınmış ekspertləri cavablandırıb.

“Bildiyiniz kimi, “Həyat üçün ölkə” partiyası 2022-ci ilin sentyabrında Ermənistanın Alaverdi şəhərində keçirilən bələdiyyə seçkilərində uğurla çıxış etdi və bu, bir çox ekspertlərin diqqətini çəkdi”, – Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələr üzrə direktoru Mixail Neyjmakov deyir.

– Partiya, əlbəttə ki, 2023-cü ildə Yerevan Ağsaqqallar Şurasına keçirilməli olan seçkilər də daxil olmaqla, dəstək bazasını genişləndirməyə çalışacaq, lakin bu seçkilərin dəqiq tarixi hələ müəyyən edilməyib. Ermənistan əhalisinin üçdə birindən çoxunun paytaxtda yaşadığını nəzərə alsaq, bu kampaniya xüsusi əhəmiyyət kəsb edəcək”.

Təhlilçi hesab edir ki, “Həyat üçün ölkə” partiyasının Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Alma-Ata Bəyannaməsi ilə bağlı şərhini tənqid etməsi gözlənilən idi. Çünki bunu etməsəydi, Ermənistandakı etirazçı auditoriya ilə işini çətinləşdirəcəkdi. “Partiya lideri Mesrop Arakelyan rəsmən Ruben Vardanyanın müşaviri oldu. Vardanyanın prioritet fəaliyyəti isə hamıya məlumdur. Bununla belə, “Həyat üçün ölkə”nin Moskvaya münasibətdə bəyanatının kifayət qədər yumşaq olduğuna diqqət yetirmək lazımdır. Eyni zamanda, onu da unutmayaq ki, siyasətdə ictimai ritorika və faktiki əməkdaşlıq çox zaman fərqli müstəvilərdə olur. Deməli, “Həyat üçün ölkə”nin bu bəyanatı heç də o demək deyil ki, bu partiya və ya Ruben Vardanyanın komandası Moskva ilə münasibətləri həqiqətən gərginləşdirəcək”, – Neyjmakov hesab edir.

Öz növbəsində, rusiyalı politoloq, PolitRUS ekspert və analitik şəbəkəsinin yaradıcısı Vitali Arkov qeyd edib ki, Nikol Paşinyana potensial rəqib olan Ruben Vardanyan bir siyasətçi kimi populyarlığını artırmaq məqsədi daşıyan bəyanatlar vermək hüququna malikdir. “Amma Ermənistan-Azərbaycan münaqişəsinin həllində əsas vasitəçi və Bakı ilə İrəvan arasında danışıqların əsas mediatoru olan Moskvanın mövqeyini rəhbər tutmaq lazımdır. Çünki son söz Moskvada olub, var və qalacaq”.

Moskva isə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun dili ilə həm Azərbaycanın, həm də Ermənistanın üzvü olduğu MDB çərçivəsində sərhədlərin toxunulmazlığına dair Alma-Ata Bəyannaməsinə əməl etmək qərarını dəstəklədiyini bildirir.

“Əslində Qarabağın de-yure Azərbaycanın bir hissəsi olması Ermənistan tərəfindən imzalanan, İkinci Qarabağ müharibəsini dayandıran və regionda sülh prosesinin gələcək inkişafı üçün vektoru müəyyən edən sənədlərdə də qeyd olunur. Bəli, orada əsasən erməni xalqının nümayəndələri yaşayır və buna görə də de-fakto İrəvanın məhdud (mən buna xüsusi diqqət yetirirəm) protektoratı altında qalır. Və bu, təkcə hərbi əməliyyatların dayandırılmasının deyil, həm də erməni tərəfinin öz beynəlxalq öhdəliklərini yerinə yetirmək və işğal olunmuş Azərbaycan torpaqlarını qaytarmaq niyyətində olmadığı məlum olandan sonra Moskvanın Qarabağ münaqişəsinin Bakı tərəfindən hərbi yolla həllinə susqun razılıq verməsi üçün şərtlərdən biri idi.

Nikol Paşinyanın Ermənistanın baş naziri kürsüsünə əyləşməsi də məhz sonuncu hal səbəb oldu – çünki erməni siyasətçilərinin heç biri Artsaxı (Qarabağ və ona bitişik ərazilərin erməni adı) təslim etməyə razı olmurdular. Bu, əhalisi çoxillik millətçi təbliğatla bəslənmiş müasir Ermənistanda siyasi intihara bərabər idi”, – deyə Arkov bildirib.

Qarabağın statusu sülh müqaviləsinin hazırlanması və imzalanması prosesində əsas maneə idi. Ermənistan regionun “Dağlıq Qarabağ Respublikası”nın suverenliyinin tanınmasında israr edirdi. Azərbaycan orada yaşayanlar üçün xüsusi şəraitin yaradılması, məsələn, milli məktəb, o cümlədən ana (erməni) dilində təhsil, milli mətbuat və mədəniyyət mərkəzlərinin açılması, sənədlərin erməni dilində təkrarlanması və s. nəzərdən keçirməyə hazır idi.

“Bildiyiniz kimi, hazırda rəsmi Yerevan Moskvanın tutarlı arqumentlərini dinləyərək Qarabağın statusunun müzakirəsini “sonraya” (ən azı onu şərtlər siyahısından çıxarmağa) təxirə salmağa razılaşıb. Bakı isə regionda yaşayan ermənilərin milli kimliklərinin qorunub saxlanması üçün dialoqa açıqdır. Bu, dövlətlər arasında sülh müqaviləsinin imzalanmasına və xalqlar arasında mehriban qonşuluğun qurulmasına yol açır.

Bununla belə, siyasi məqsədlər üçün Qarabağın statusu kartını oynamağa, hətta revanşist əhval-ruhiyyəni qızışdırmaqda davam edən ayrı-ayrı ictimai xadimlər, ictimai qüvvələr var. Buna qaçılmaz hal kimi yanaşmaq və diqqəti onlara yönəltməmək lazımdır. Məşhur bir atalar sözündən olduğu kimi, karvan öz yolunu davam etditrir”, – Arkov deyir.

“Mənə elə gəlir ki, bu vəziyyəti Ruben Vardanyanın “Kremlin təyinatı” olmaması ilə izah etmək daha asandır”, – deyə öz növbəsində Cənubi Qafqaz üzrə rusiyalı ekspert Konstantin Tasiç bildirib.

– O, “Moskvadakı kuratorlarına və himayədarlarına” qarşı çıxmayıb, çünki onlar yoxdur. O, Qarabağa “kimlərinsə xeyir-duası ilə” yox, şəxsi siyasi ambisiyaları əsasında gəlib. Vardanyanın Qarabağ məsələsinə öz baxış bucağı var, onu dəyişməyib.

Mediada onun adı ilə bağlanan “Həyat üçün ölkə” partiyası Ermənistanda qanuni qeydiyyatdan keçib və yerli siyasi həyatda iştirak edir. O, iqtidarda deyil və hətta parlamentə də daxil olmayıb. Buna baxmayaraq, bir sıra rayonlarda yerli seçkilərdə yaxşı nəticələr əldə edə bildi. Ona görə də, bu nöqteyi-nəzər İrəvanın rəsmi mövqeyini ifadə etmir”.

Rauf Orucov
 
Ardını oxu...
Ağ partiyanın sədri Tural Abbaslı Teleqraf.com-a müsahibə verib.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Separatçı Araik Arutyunyan bir neçə gündür Fransadadır. O, səfəri çərçivəsində fransalı siyasilərlə, Paris meri ilə görüşdü, Senatda oldu, bu ölkənin dövlət telekanalına müsahibə verdi. Sizcə, erməni separatçısını Parisə çağıran Fransa hakimiyyəti nə etməyə çalışır?

- Əvvəla, biz baxmalıyıq ki, o, görüşləri hansı sifətlə və ya siyasi statusla keçirir. Əgər Arutyunyan Fransada keçirdiyi görüşlərdə və verdiyi müsahibələrdə qondarma qurumun rəhbəri kimi təqdim olunursa, təbii k, Azərbaycan buna sərt şəkildə cavab verməlidir. Fransaya nota verməlidir ki, Azərbaycan ərazisindəki separatçı qurumun başçısını “dövlət rəhbəri” kimi qəbul etmək olmaz.

Gələcəkdə ola bilsin ki, Arutyunyan Fransadan sonra Rusiya və ABŞ-a, hətta İrana da getsin və orada kimlərləsə görüşlər keçirsin. Şərt deyil ki, prezident olsun, məsələn, Nyu-Yorkun meri, Tehranın bələdiyyə sədri ola bilər. Bu kimi addımlarla Azərbaycan ərazilərindəki bu separatçı qurumun “legitimləşdirilməsi”nə çalışılır. Guya görüşüb nə imzalayacaqlar, nəyi razılaşdıracaqlar - bunların hamısı önəmsizdir. Əsas məsələ dünyanın siyasi dairələrinə verilən mesajdır. Azərbaycan separatçıların bu təbliğatına kəskin cavab verməlidir.

Ümumiyyətlə, Laçın yolunda belə şəxslərin giriş-çıxışı məhdudlaşdırılmalıdır. Hansı pasportla getdiyi araşdırılmalıdır, çox güman ki, Ermənistan pasportu ilə gedib. Ermənistan pasportu daşıyan adamın Azərbaycanda nə işi var? Düşünürəm ki, bunların hamısı araşdırılmalıdır.

Səhv etmirəmsə, Araik Arutyunyan İnterpolun axtarışına verilib. O, niyə saxlanılmayıb və Azərbaycana məlumat verilməyib? Hesab edirəm ki, prokurorluq orqanlarımız da bununla bağlı etiraz açıqlaması verməlidir.

- Molla rejimi Azərbaycana qarşı təxribatını davam etdirir. Rejimin bu dəfə Ermənistana raket kompleksləri hədiyyə etdiyi üzə çıxdı. Maraqlıdır ki, Tehran niyə Azərbaycanla münasibətlərini az qala qıra biləcək formada addımlar atır?

- Əslində, İran Azərbaycanla münasibətləri qırmaq istəmir. İran bölgədə varlığının ölüm-dirim savaşını aparır. İran başbilənləri düşünür ki, Azərbaycan regionda hazırkı formatda güclənməsi, Qarabağ problemini həll etməsi, bu məsələ üzərindən Rusiyadan asılılığının azalması, eyni zamanda Azərbaycanla münasibətləri fonunda Türkiyənin Cənubi Qafqazda güclənməsi Tehranın maraqlarına uyğun gəlmir. Çünki İran özünü beynəlxalq gücə çevirmək istəyir. Bunun üçün də ən azı regional güc olmalısan. Bölgədən də sıxışdırılırsansa, sən necə regional güc ola bilərsən?

Əslində, bölgədə beynəlxalq səviyyədə bir mübarizə gedir. İran da bu mürəkkəb situasiyada öz imicinin, özü haqda yaratdığı obrazın dərdindədir. Təbii ki, İran Türkiyənin Azərbaycanda və ya öz qonşuluğunda yerləşməsini də qəbul edə bilmir. İrana görə, bu, onun imici və rejimin gələcəyi üçün ölüm-qalım savaşıdır. Yəni rejim özünü düşündüyü üçün Azərbaycana qarşı belə aqressiv, təhdidkar davranış sərgiləyir, nə din qardaşlığına, nə qonşuluğa, nə də tarixi birliyə önəm verərək, açıq-aşkar, həyasızcasına özünü bütün İslam-Türk dünyasına düşmən elan etmiş ermənilərə dəstək verir.

İran öz imicinin hayındadır, amma bu davranışları onun imicini daha da bərbad hala salır. Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki, biz öz ərazilərimizdən İrana qarşı istifadə olunmasına icazə verməyəcəyik. Amma artıq mən düşünürəm ki, İranın bu davranışı davam edərsə, Azərbaycan bu yanaşması üzərində yenidən fikirləşməlidir.

- Bəs Türkiyə-Azərbaycan hərbi müttəfiqliyi və ya ittifaqı ölkəmizə qarşı olan dövlətləri çəkindirəcək qədər güclənibmi?

- Belə olduğunu düşünürəm. Artıq sərhədlərimizdə Türkiyə ilə hərbi təlimlər keçiririk, çay üzərində körpü salıb tankları, xüsusi təyinatlıları keçiririk. Bu, birbaşa İrana cavab mesajı idi.

Xatırlayırsınızsa, onlar da guya Azərbaycanla sərhədlərində təlim keçirmişdilər, çay üzərinə körpü atmışdılar. Yaxud bir gündə başda müdafiə naziri olmaqla Türkiyənin hərbi elitasının bütün üzvləri Azərbaycana səfər etdilər, prezidentlər görüşdülər, türk ordusunun F-16-ları ölkəmizə gəldilər. Bu gün artıq çox rahatlıqla deyə bilərik ki, Türkiyə-Azərbaycan müttəfiqliyi iki dövlət – bir ordu səviyyəsinə gəlib çatıb.

Təbii ki, bu da Fransanı, Rusiyanı və İranı təşvişə salır. Bəziləri Azərbaycana, bəziləri də Türkiyəyə görə təşviş keçirirlər. Türkiyənin regionumuzda güclənməsi, öz geosiyasi nüfuzunu daha da genişləndirməsi və bu fonda qlobal aktor olmaq yolunda irəli addımlaması İran, Rusiya və Fransanın marağında deyil.

Düşünürəm ki, Türkiyə-Azərbaycan müttəfiqliyini daha da dərinləşdirmək olar. Zənnimcə, indiki hədd son hədd deyil, bundan da irəli getmək olar: təkcə hərbi yox, iqtisadi, siyasi, mədəni və digər istiqamətlərdə. Kifayət qədər imkanlar var ki, bunlardan istifadə etmək, yaxınlaşmanı daha da dərinləşdirmək lazımdır.

- Fransa və İranla yanaşı, son zamanlarda Rusiyanın ərazilərimizdəki sülhməramlılarının davranışları da Azərbaycanda etiraz yaradır. Sülhməramlıların jurnalistlərimizi Xocalıya buraxmaması isə səbr kasasını daşıra biləcək addım oldu. Ruslar nə etməyə çalışırlar və ya onların sülhməramlıları niyə bölgədə özlərini ermənilərin qulluqçuları kimi aparırlar?

- Son gəlişmələrdən bu oldu ki, Rusiya hərbçiləri sıravisindən tutmuş generalınadək yerləşdikləri ərazilərin Azərbaycana məxsus olduğunu unudublar. Ya da regiona gələndə o düşüncədə olmayıblar ki, biz Azərbaycan ərazilərinə gəlirik. Onlara elə gəlir ki, buralar “erməni əraziləri”dir və oranı da azərbaycanlılardan müdafiə edirlər.

Jurnalistələrimizin və Ekologiya Nazirliyinin əməkdaşlarının sülhməramlılar qarşısındakı duruşlarını təqdir edirəm. Sıravi rusdan tutmuş Şoyqu və Putinədək hər kəs bildi ki, bu ərazilər azərbaycanlılarındır, lazım olanda da lazımi müdaxilələri etməyi bacarırıq. Düşünürəm ki, son hadisələrdən sonra rus hərbçiləri sülhməramlı kimi üzlərini itirmiş sayılırlar.

Sülhməramlılar bitərəf olur və qarşıdurmaların qarşısını almasına və ya belə bir zəminin yaranmamasına çalışırlar. Amma görünən bu oldu ki, Rusiya bitərəf deyil, ermənilərin mövqelərini müdafiə edir və onların Azərbaycan ərazilərindəki separatçı fəaliyyətlərinə dəstək verir, eyni zamanda bizim öz ərazilərimizdə suverenliyimizi bərpa etməyimizə maneə yaradır.

Azərbaycan bütün bunların hamısını əsas gətirərək, bütün beynəlxalq təşkilatlardan, BMT və digərlərindən tələb etməlidir ki, Rusiyanın ərazilərimizi tərk etməsi üçün lazımi siyasi addımları atsınlar. Əgər Rusiya öz hərbçilərini yerləşdirdiyi əraziləri başqasınınkı hesab edərsə, o zaman Azərbaycan növbəti 44 günlük müharibəsini başlatmalıdır və ərazilərini qeyrilərinin silahlı qüvvələrindən təmizləməlidir.

İstər fars, istər erməni, istər rus, istərsə də fransız olsun – kim olur-olsun... Azərbaycan bütün torpaqlarında suverenliyini bərpa etməlidir.
Ardını oxu...Molla fitnəsi səngimir: Diversantları Qarabağa sızdı
Politoloq Natiq Miri Teleqraf.com-a müsahibə verib.

TEREF.AZ onunla müsahibəni təqdim edir:

- Azərbaycanın tələbindən sonra Laçın yoluna gömrük postu qurulacaq. Sizcə, bu gəlişmə Laçın yolundan Azərbaycana qarşı separatçı-terrorçu fəaliyyətlər üçün istifadə edilməsinin qarşısını alacaqmı?

- Düşünürəm ki, almayacaq. Qənaətimə görə, ora qoyulacaq post və burada quraşdırılacaq ən müasir cihazlara nəzarət Rusiya sülhməramlılarının öhdəliyində olacaqsa, heç nə dəyişməyəcək. Məsələ budur ki, Rusiyanın Qarabağla bağlı siyasəti dəyişməyib. Təklif etdiyi sülh müqaviləsinə baxdıqda da görürük ki, Rusiya bölgəki problemlərin həllini birmənalı olaraq istəmir. Bu kontekstdə də öz hərbçilərinin uzun müddət Qarabağda qalmasını istəyir. Rusiyaya Azərbaycana təzyiq mexanizmi lazımdır ki, bu da Azərbaycan ərazilərindəki separatçılar və Ermənistandır. Ona görə də, düşünürəm ki, Laçın yolunda qurulacaq posta nəzarət Azərbaycan dövlətində olmasa, burada heç bir nəzarətdən söhbət gedə bilməz.

Baxın, Volkovun açıqlamasından iki gün keçməmiş İran xüsusi xidmət orqanlarının casusları və ya terrorçu yetişdirən diversantları qanunsuz olaraq yenidən Azərbaycan ərazilərinə - Qarabağın dağlıq hissəsinə buraxıldı. Bu, bütün sualların cavabıdır. Buna görə də Rusiya ilə heç bir anlaşma keçərli deyil. Ötən illərdə baş verənlər bunu sübut edib. Təkcə Azərbaycana yox, bütün dünyaya bəllidir ki, Rusiyanın atdığı imza suya atılmış imzadır. Yəni etibarsızdır. Necə ki, Rusiya imza atdığı 10 noyabr anlaşmasının müddəalarını yerinə yetirmir, eynilə Azərbaycanın bu ölkə ilə imzaladığı digər razılaşmalar da keçərsizdir. Özümüzü aldatmayaq.

- İrandan Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdikləri ərazilərə gələnlərin sayı da artıb. Ötən dəfə 14, bu dəfə isə 13 nəfər iranlının Azərbaycan ərazilərinə qanunsuz keçid etdiyi müəyyən edilib. Sizcə, İran-Azərbaycan münasibətlərindəki gərginliyin pik həddə olduğu vaxtda bu şübhəli gəlişlər nədən xəbər verir?

- Bu o deməkdir ki, artıq Rusiya bölgədə İranla müttəfiqlik səviyyəsində əməkdaşlığa başlayıb. Hiss olunur ki, Rusiyanın Ukraynada məğlub olması fonunda İranın Cənubi Qafqazda fəallaşmasını istəyirlər. Yəni Rusiya bölgədə İranın imkanlarından istifadə etmək niyyətindədir. Biz bunu Ukraynada da görürük. Çox təəssüf ki, Qarabağ və Ermənistanda da müşahidə edirik. Ona görə də, bu, birbaşa olaraq İran-Rusiya anlaşmasının nəticəsi kimi düşünülməlidir. Anlamalıyıq ki, Rusiya ilə bölgədə sülhün təmin olunmasında, kommunikasiyaların açılmasında və Ermənistan-Azərbaycan münasibətlərindəki problemlərin qalıcı həllində maraqlı deyil. Rusiya ilə əldə edilmiş anlaşmalar da buna imkan yaratmayacaq.

Hesab edirəm ki, Azərbaycan və qardaş Türkiyə Ermənistanla ikitərəfli müstəvidə problemləri çözməyə çalışmalıdır. Bunun üçün ciddi əsas var. Bu gün Ermənistana havadarlıq edən dövlətlərin heç biri bu ölkəni subyekt olaraq görmürlər. Ermənistana söz və müəyyən maraqlarını ifadə etmək haqqı tanıyan yeganə iki dövlət Azərbaycan və qardaş Türkiyədir. Düşünürəm ki, az da olsa, Ermənistanda buna inanan insanlar var. Fəaliyyət də təxminən bu yöndə olmalıdır. İran və Rusiya ilə isə bölgəyə sülh gətirmək mümkün deyil.

- Azərbaycan və Türkiyənin ilk dəfə olaraq İranla sərhədlərimizdə birgə təlim keçirməsi də gündəmin əsas mövzularından biridir. Təlim İran, Rusiya və dünyanın bir çox ölkələrində əks-səda doğurdu. Təlimlərdən sonra Türkiyə müdafiə naziri Hulusi Akarın verdiyi mesaj da kifayət qədər sərt idi. Akar bildirdi ki, Azərbaycana təhdid haradan gəlir-gəlsin, qarşılarında Azərbaycanı Türkiyə ilə birlikdə görəcəklər. Təlimləri və Türkiyə müdafiə nazirinin bu mesajını hansı kontekstdə şərh etmək olar?

- Bu, hər kəsə - İrana, Rusiyaya, Ermənistana və bölgədə qarışıqlıq yaratmaq istəyən digər qüvvələrə verilən mesajdır. Amma bu, təkcə mesaj xarakteri daşımır. Ortada strateji anlaşma var. Bu, Azərbaycan və Türkiyənin təhlükəsizlik sistemlərinin birləşdirilməsi ilə əlaqəlidir. Azərbaycan və Türkiyə orduları bütün məsələləri koordinasiya edərək, birgə fəaliyyət mexanizmi yaradırlar. Bir cümlə ilə desək, bu, iki qardaş dövlətin vahid ordusunun yaradılması prosesi və ya fəaliyyətidir. Son hərbi təlimlərə də bunun sınaqdan keçirilməsi kimi baxmaq lazımdır.

Təbii ki, bu təlimlərin mesaj tərəfi də var. Ancaq artıq buz yerindən təpənib və heç kim bunu dayandıra bilməz. Əgər əvvəllər Türkiyə geosiyasi çərçivədə hərəkət etmək üçün NATO-dan icazə alırdısa, artıq belə bir şey yoxdur. Türkiyə artıq öz müttəfiqlərini özü müstəqil şəkildə seçir vəbu yöndə hərbi fəaliyyətə başlayıb. Türkiyə qlobal gücə çevrilməkdə olan bir gücdür.

Son birgə təlimlər çox ciddi hərbi-siyasi hadisədir. Eyni zamanda, bunun təkcə Türkiyə-Azərbaycanla məhdudlaşacaq proses olmadığına inanıram. Əmin olun ki, Türkiyə və Azərbaycan ordularının birləşdirilməsi Orta Asiyanın türk dövlətlərinə də bu yöndə stimul verir. Bu gün Türkiyə və Azərbaycan arasında olan birlik sabah digər türk dövlətlərini də əhatə edəcək. Ona görə də, bu mesaj sadəcə regional deyil, qlobal xarakterlidir. Alanlar bu mesajı aldılar, almayanlar da gec-tez alacaqlar, ya da bunun nəticələrini görəcəklər.
 
Ardını oxu...
İnstitut rəhbəri: “Rusiya ərazinin Azərbaycandan qoparılmasında yox, hansısa statusu olan ərazidə yerləşməkdə, oraya nəzarət etməkdə və lazım olanda tərəflərə təzyiq etməkdə maraqlıdır”

Dekabrın 5-də Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında görüş keçirilib. Rusiya XİN-in Qəbullar Evində keçirilən ikitərəfli görüşün protokol hissəsində nazirlər çıxış ediblər. Görüşdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi, həmçinin regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsi aparılıb.

Daha sonra görüşün yekunları ilə bağı nazirlərin birgə mətbuat konfransı keçirilib. Konfransda Azərbaycanla Ermənistan arasında imzalanması vacib olan sülh sazişindən danışan Lavrov bildirib ki, tərəflərin sülh müqaviləsinin Alma-Ata Bəyannaməsi əsaslanmasına razı olması yekun işi yüngülləşdirir. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi ilə bağlı mövcud təkliflərdən danışan Rusiya XİN başçısı qeyd edib ki Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı Rusiyanın təklifi çoxdan var: "Bu təklif bu ilin əvvəlində tərəflərə təqdim olunmuşdu. Praqada tərəflər sülh müqaviləsinin Alma-Ata Bəyannaməsi əsasında imzalanması barədə razılığa gəliblər. Tərəflər buna razıdırlar. Bu isə sülh müqaviləsi ilə bağlı vəzifənin həllini yüngülləşdirir".

Bayramov isə rusiyalı həmkarı ilə görüşdə Ermənistanın öhdəlikləri yerinə yetirməməsindən, Üçtərəfli Birgə Bəyanatda göstərilən müddəaların icra olunmamasından şikayətlənib. Nazir rəsmi Bakının mövqeyini Rusiya tərəfinə çatdırıb.

Moskvadakı müzakirələri, Rusiyanın Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması ilə bağlı mövqeyini AYNA-ya müsahibəsində Siyasi Menecment İnstitutunun rəhbəri, politoloq Azər Qasımlı şərh edib. Analitik bildirib ki, Azərbaycanın XİN başçısı Prezidentin göstərişlərinə əməl edir, rəsmi Bakının mövqeyini Moskvanın diqqətinə çatdırır:

- XİN başçısı sərbəst deyil, təkbaşına qərar vermək imkanı yoxdur ki, onun hansısa görüşündə nələrsə əldə edilsin, yaxud edilməsin. Prezidentin tapşırıqlarını rusiyalı həmkarı ilə müzakirə etdi, vəssalam. Hesab edirəm ki, bu görüş hansısa detallar müzakirə olundu. Bu baxımdan, görüşlə bağlı ciddi nələrinsə əldə edildiyini söyləyə bilmərəm.

- Görüşdən sonrakı mətbuat konfransında Lavrov bəyanatlar verdi. Rusiya XİN rəhbəri bildirdi ki, həm Ermənistan həm də Azərbaycan Alma-Ata Bəyannaməsi əsasında sülh sazişinin imzalanmasına razıdırlar. Bu mesajın arxasında nə dayanır?

- Azərbaycan XİN, nazir bu bəyanatın nə demək olduğunu ictimaiyyətə açıqlasaydı, daha yaxşı olardı. Bu görüşdən 2 gün əvvəl Lavrov mətbuat konfransı keçirdi və fərqli-fərqli bəyanatlar verdi. Məsələn, dedi ki, Rusiya və Azərbaycan prezidentləri arasında “centlmen anlaşmalar” var. Amma bunların nələrdən ibarət olduğunu açıqlamadı. İndi isə Alma-Ata Bəyannaməsi əsasında sülh sazişinə razılıqdan danışır. Lakin yenə detalları açıqlamır. Nələr razılaşdırılır, ortaq məxrəc nədən ibarətdir, deyilmir. Yaxşı olardı ki, bizim XİN detalları açıqlayardı. Əks halda, biz sadəcə ehtimal edə bilərik.

- Sizin ehtimalınız nədir?

- Lavrovun bəyanatlarından, bundan qabaq Putinin dediklərindən bu qənaətə gəlmək olar ki, Rusiya tərəfi Qarabağı formal olaraq Azərbaycan ərazisi kimi qəbul edir, amma regionun statusu ilə bağlı bu gün qərar verilməsinin lehinə deyil. Moskva hesab edir ki, Azərbaycan və Ermənistan sülh istəyirsə, hər iki dövlət, hər iki xalq Rusiyanın moderatorluğunu, vasitəçiliyini qəbul etməlidir. Və prosesdə yalnız Moskva olmalıdır, nə Brüssel, nə Ankara olmalıdır. Xüsusilə, Rusiya Qərbin bu prosesdə iştirakını qətiyyən istəmir.

Bununla yanaşı, Rusiyanın mövqeyi budur ki, Qarabağın statusunu gələcək nəsillərə saxlamaq lazımdır. Söhbət hansı “gələcək nəsillər”dən gedir, 15 il, yoxsa 30 il sonradan gedir, bilinmir. Daha bir məqam, gələcək status müəyyənləşənədək Rusiyanın hərbi qüvvələrinin Qarabağda qalmasını istəyirlər. Əslində Rusiyanın dediyi və istədiyi bunlardır. İndi bunamı razılaşıblar, mən deyə bilmərəm.

- Rusiya XİN başçısı həm də “Altılıq platforması”nın inkişafı perspektivləri haqqında danışdı, bunun müzakirə olunduğunu bildirdi...

- Bununla mesaj ötürüldü ki, “3+3” ideyasına qayıtmaq istəyirlər. Həm də “Altılıq platforması” adlanan bu formatda 3 Cənubi Qafqaz ölkəsi – Azərbaycan-Ermənistan-Gürcüstan, 3 isə region ölkəsi – Rusiya-Türkiyə-İran nəzərdə tutulub. Ümumi desək, Rusiyanın mövqeyi ondan ibarətdir ki, Rusiyanın vasitəçiliyindən başqa hansısa platforma olmamalıdır, Ermənistan və Azərbaycan yalnız Rusiya ilə oturub danışmalıdırlar, razılaşdırmalıdırlar. Və bölgənin problemlərin həlli məsələləri Rusiyanın lideriliyi ilə müzakirə oluna bilər, digər bölgə ölkələri – Türkiyə və İranda iştirakçı ola bilər. Ermənilərə də mesaj verirlər ki, ABŞ-dan, Fransadan fərqli olaraq, Rusiya onların hüquqlarını daha yaxşı qoruya bilər. “Valday” Diskussiya Klubunun iclasında bunu Putin açıq şəkildə bildirmişdi. Deməyim odur ki, hər şey göz önündədir.

- Rusiya əvəllər açıq deməsə də, sülhə narazı olduğuna işarələr edirdi. İndi isə Lavrov Alma-Ata Bəyannaməsi əsasında sülhdə razı olduqlarını bildirdi. Sizcə, Rusiyanın mövqeyində dəyişiklik varmı?

- Birincisi, Alma-Ata Bəyannaməsi əsasında sülh razılığı deyəndə nə nəzərdə tutulur, forma nədir, bunu heç bir tərəf açıqlamır. Rusiyanın mövqeyinə gəlincə, mən bunda heç bir dəyişiklik görmürəm. Rusiyanın mövqeyi bundan ibarətdir ki, SSRİ dövründə necə idisə, elə də qalsın. Məsələn, SSRİ dövründə Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti idi. Moskva yenə bu variantın olmasında maraqlıdır. Rusiya heç də istəmir ki, Qarabağ Azərbaycandan qoparılsın Ermənistana verilsin. Buna da razı deyil. Yeri gəlmişkən, Rusiya Dnestryanının Moldovadan, Abxaziyanın, Cənubi Osetiyanın gürcüstandan qoparılmasını da istəməzdi. Kreml sadəcə bu bölgələrdə münaqişəli vəziyyətin davam etməsini, bu səbəblə də hərbi kontingentinin orada yerləşdirilməsində maraqlıdır. Birinci mərhələdə sülhməramlı adı ilə bölgədə yerləşsin, müəyyən müddətdən sonra da hərbi kontingent baza statusu alsın. Abxaziyanın və Cənubi Osetiyanın “müstəqilliklərini” tanıması Rusiya tərəfindən ciddi səhv idi, sonradan bunu özləri də başa düşdülər. Çünki Gürcüstana təsir rıçaqlarını əllərindən vermiş oldular. Demək istəyirəm ki, Rusiya ərazinin Azərbaycandan qoparılmasında yox, hansısa statusu olan ərazidə yerləşməkdə, oraya nəzarət etməkdə və lazım olanda tərəflərə təzyiq etməkdə maraqlıdır. Lavrov deyir ki, “Dağlıq Qarabağ Muxtar Vilayəti Alma-Ata Bəyannaməsinə əsasən Azərbaycanın tərkibində olub”. Diqqət edin, “muxtar vilayət” deyir. Deməli, məsələ aydındır. İstək odur ki, Qarabağ formal olaraq Azərbaycan ərazisi kimi qalsın, amma orada Rusiyanın hərbi bazası olsun. Moskvanın hər zaman istəyi bu olub, məsələ bu qədər sadədir. Buna Rusiyanın mövqeyinin dəyişməsi demək yanlış olar.

Müəllif: Anar Bayramoğlu
 
 
 
Ardını oxu...
“Əslində filmə və seriala çəkilməkdən çox yorulmuşam. Vallah teatrdan yaxşı maaş alsam, heç gedib çəkilmərəm. Çünki başdan-ayağa əziyyətdir. Bütün günü setdə olursan, evdən səhər çıxıb o biri gün evə qayıdırsan. Hal-hazırda “Sevgisizlər” adlı internet serialına çəkilirəm. O ki, qaldı film və seriallara dəvət almamağıma... Mən bahalı aktrisayam, rejissorların pulları çatmır mənim qonorarımı verib, dəvət etsinlər. Ucuz qonorara çəkilmirəm. Onların da qonorarı yoxdur (gülür). Əslində hamısı dost-qardaşdır, amma nə vaxta kimi dosta, qardaşa işləməliyəm?! Onlar bir az artıq versin, mən dolanım. Bəzən deyirlər ki, dostsan, kömək et. Adam nə qədər kömək edər?! Mən uşaqlara yemək yedirtməliyəm, dost-qardaş yox! Onlar bir az artıq versinlər, özümə gün ağlayım, ev tikim. 19 ildir ki, kirayədə yaşayıram”

DİA.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında Şuşa Dövlət Musiqili Dram Teatrının aparıcı aktrisası Mətanət Eres deyib. O, daha sonra əlavə edib.

“Kirayələrdə qalmağıma səbəb sənətimə qiymətin verilməməsi olub. 29 ildir ki, işləyirəm. Bu qədər işləyirsən, ora qaçırsan, bura qaçırsan. Elə də böyük miqdarda pul qazanmırsan ki, özünə gün ağlayasan. Hələ xəstə uşaqla ümumiyyətlə mümkün deyil. Bilmirsən kirayə verəsən, yoxsa kommunal xərcləri ödəyəsən. Hər şey bahalaşıb. Adam hansına qaçsın?! Bəzən deyirlər ki, aktrisalar əla yaşayır. Əslində biz göz önündə olan insanlarıq. Hamı elə bilir ki, dərdimiz, problemimiz yoxdur. Bütün günü deyib-gülürük. O qədər problem, dərd-sərimiz var ki. Sadəcə biz o səhnədə olduğumuz iki saat ərzində hər şeyi unuduruq. Səhnədə səni alqışlayan zaman bütün kommunal xərclərin, kirayə pulu, kredit yadına düşür. Camaat necə, biz də elə dolanırıq. İmkanı olan sənətçilər də var. Onlarda ya təməl elə qurulub, ya da ki, hansısa biznesləri var. Bu sənətlə onları etmək çox çətindir. Bilmirəm, bəlkə də naxışım gətirməyib. Mənim bacardığım bu işdir. Bu işə də verilən maaş, qiymət, dəyər budur. Əlini vəlinin başına qoyub vəlini əlinin başına bu aydan o biri aya ötürə-ötürə gedirik. Ümid edirəm ki, bəlkə bizim tərəfə də gün doğar. 19 ildir ki, gün doğur, sonra buludun arxasına girir. Ümid ancaq ona qalıb ki, uşaqlar böyüyür, bəlkə onlar nəsə edə bilər. Mən bu sənətlə uşaqlarıma gün ağlaya bilmədim, ancaq ehtiyac içərisində yaşayırsan. Uşaqlarıma deyirəm ki, çaşarsınız birdən bu sənətə gələrsiniz! Heç vaxt istəmərəm, imkan da vermərəm” deyə sənətçi bildirib.

Mətanət Eres verilişlərdə ekspert qismində oturan sənətkarları qınayanlardan da danışıb.

“Verilişlərə ekspert qismində çıxan sənətkarların özləri müəyyən həyat məktəbindən keçmiş insanlardır. Bu həyatın şirinini, acısını yaşayanlar, başı daşdan-daşa dəymiş insanlardır. Çünki onlar həmin situatsiyanı yaşayıblar, məsləhət verə bilərlər. Kim nəyi necə görüb, düşünürsə bu hər kəsin öz fikridir. Guya bizim öz dərdimiz, sərimiz yoxdur?! Orada oturan şəxs demək ki, özü kiməsə məsləhət verə bilər. Aktyor adam deyil?! O kiməsə məsləhət verə bilməz?! Biz sadəcə göz önündə olan insanlarıq, ona görə də qınanırıq. Göz önündə olmayanlar elə hoqqa verirlər ki, deyiləsi deyil” deyə aktrisa bildirib.

Ardını oxu...
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko müharibənin gedişi, Ukraynadakı asayişin təmini, görülən işlərlə bağlı UNİAN-a müsahibə verib. DİA.AZ sözügedən müsahibəni AYNA-ya istinadla təqdim edir:

- Elektrik şəbəkələrinin raketlə vurulmasından və söndürmə işlərindən danışaq. Bunun nəticələrinin nədən ibarət olması və problemin aradan qaldırılması prosesinin necə getdiyi barədə artıq danışmaq olarmı?

- Ukrayna xalqı üçün nəticələr odur ki, xalq Rusiya üzərində, Putin rejimi üzərində qələbə ideyası ətrafında daha sıx toplaşır. Bu, Ukrayna Prezidenti Volodimir Zelenskinin ətrafında daha böyük birləşmədir. Ən ağır nəticələri isə təbii ki, liftləri işləmədiyi üçün hündürmərtəbəli binalarında qalan, mərtəbələrinə çıxıb-düşə bilməyən yaşlı həmvətənlərimizə oldu. Xəstəxanaların işində problemlər yarandı, sağlamlıqlarını qorumaq üçün elektrik cihazlarının məcburi istismarına ehtiyacı olan insanların problemləri var. Bu, ölkəmizin bütün enerji sektorunun problemidir.

Ən əsası isə bütün dünya başa düşdü ki, Putin və onun ordusu Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşmək iqtidarında deyil. Onlar transformatorlarla, qadınlarla, uşaqlarla, qocalarla döyüşürlər.

Biz müttəfiqlərimizin Ukrayna ətrafında daha da birləşməsini, bizə kömək etmək üçün səmimi istəklərini görürük. Prezidentin Rusiya işğalının ilk günündən xahiş etdiyi hava hücumundan müdafiə sistemlərində olduğu kimi, bəzən yardımlar təəssüf ki, gecikdirilir. Ancaq hazırda Ukraynaya silahların gəldiyini, yeni hava hücumundan müdafiə sistemlərinin tədarük edildiyini görürük. Amerikanın NASAMS və İRIS-T sistemlərinin Kiyev ətrafında quraşdırılması sayəsində raketlər artıq Kiyevin mərkəzinə çatmır, havada vurulur. Eyni şey tədricən Ukraynanın digər böyük şəhərlərində də həyata keçiriləcək.

Açıq desək, bizə verilən hava hücumundan müdafiə sistemlərinin sayı Ukraynanın bütün ərazisini əhatə etməyə kifayət etmir.

- Mülki obyektlərə raket hücumları gözlənilirmi?

- Putinin Ukrayna ərazisinə və enerji sisteminə zərbələri şübhəsiz ki, olacaq. Və biz aydın başa düşməliyik ki, qarşıda çətin bir qış var. Bununla belə, qələbə əzmimiz qırıla bilməz. Elə şərait yaradılır ki, orada istilik məntəqələri olsun, orada insanlar isti yemək və içki ala bilsinlər. Təbii ki, tamamilə ədalətlidir ki, əgər sizin bu kataklizmləri yaşamamaq üçün müvəqqəti olaraq Ukrayna ərazisini tərk etmək imkanınız varsa, ölkənin müdafiəsi ilə məşğul deyilsinizsə, həyatı təmin etmək üçün zəruri olan müəssisələrdə işləyirsinizsə, o zaman bu, edilsin.

- Siz təkrarlanacaq hücumlardan danışırsınız, amma Putinin hələ də istifadə üçün raketləri var, demək ki. Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Danilov deyir ki, Rusiya Federasiyasında maksimum 3-4 belə hücum üçün raketlər qalıb. Bu kifayətdirmi?

- Mən Ukraynanın enerji sistemini tamamilə çökdürmək üçün qalan zərbələrin sayını ölçməyə hazır deyiləm. Məndə olan məlumata görə, ayrı-ayrı yarımstansiyalarda elektrik kəsilsə də, enerji adaları qalır. Məsələn, Kiyev elektrik enerjisini Kiyev SES-dən ala bilər və bu, müəyyən sayda fəaliyyət göstərən qovşaqlar üçün - metronun, elektrik nəqliyyatının, hərbi sənayenin istismarı üçün kifayət edəcək. Amma aydındır ki, enerji sisteminin bu cür sarsıntılara tab gətirməsinin yeganə yolu sönmələr, planlı işıqlandırmalar və bəzən işıqların kəsilməsidir.

Son zərbədən sonra energetiklər atom elektrik stansiyalarını söndürməli olublar. Yəqin ki, dünya tarixində ilk dəfə olaraq, bir anda hərbi təhlükə səbəbindən üç, hətta dörd, o cümlədən Zaporojye də fəaliyyət göstərən AES-in fəaliyyəti dayandırıldı.

Bu, bütün sivil dünya üçün təhlükədir. Atom elektrik stansiyalarında təhlükəsizlik sistemləri olsa da, atom elektrik stansiyaları 7-10 gündən çox enerjisiz, alternativ mənbələrsiz qaldıqda vəziyyətin necə olacağını heç kim bilmir.

Biz güclü olmalıyıq, başa düşməliyik ki, onsuz da qalib gələcəyik. Putin bu zərbələrlə nəyə nail olmaq istəyir, izah edə bilərəm. Bu yolla o, Ukrayna Prezidentini Rusiya ilə müqavilələr bağlamağa məcbur etmək istəyir. Putin Zelenskinin onunla danışmaq istəmədiyini başa düşə bilmir. O, bu barədə açıq şəkildə bildirib ki, danışıqlar yalnız Rusiyanın gələcək prezidenti ilə ola bilər, Putinlə deyil. Bunu Putin həzm edə bilmir.

- Eenerji sektorunda vəziyyətin xeyli pisləşməsi belə, hakimiyyəti danışıqlar masası arxasına əyləşdirə bilməyəcək?

- Mən əminəm ki, Prezident və Ukrayna xalqı belə danışıqlara razı olmayacaq. Heç kim bu şantaja boyun əyməyəcək. Son sorğular da göstərir ki, ukraynalılar bunu istəmir.

Eyni zamanda, ölkənin enerji sisteminə bu hücumlar Ukrayna Silahlı Qüvvələrinin hücumlarını davam etdirmək qabiliyyətinə təsir göstərmir, çünki Ukrayna Silahlı Qüvvələrinin öz işləri və elektrik üçün lazımi əlavə mənbələri var. Bu fəaliyyət davam edəcək, Zaporojye bölgəsində, Ukraynanın şərqində döyüşlər gedəcək. Və bu, işğalçıların Ukrayna ərazisindən tamamilə qovulması ilə başa çatacaq.

Eyni zamanda başa düşmək lazımdır ki, Rusiya və Putin heç yerə getmir. Bizim həm də işğalçı dövlətlə, həm Belarusla uzun sərhədimiz var. Biz ölkə daxilində güclü müdafiə sistemi yaratmalıyıq. Biz 70 il düşmənlərin əhatəsində yaşayan İsrail kimi yaşamalıyıq. 70 il xəstə və dəli Şimali Koreya rejimi ilə sərhəddə yaşayan Cənubi Koreya kimi yaşamalıyıq. Bütün dünya ukraynalıların cəsarətinə heyrandır. “Ukrayna kimi cəsur” ifadəsi artıq bütün dünya üçün brenddir.

- Sual yaranır ki, Kremlin qarşısına qoyduğu məqsədləri bu raket hücumunun nəticələri ilə nə dərəcədə uyğunlaşır?

- Raket hücumlarında məqsəd enerji infrastrukturuna ziyan vurmaqla yanaşı, Putinin müharibə tərəfdarları olan “Vatniklər” adlanan şəxslərin gözündə öz nüfuzunu xilas etmək cəhdi olub. Onlara başqa "nəsə" olduğunu göstərməlidir.

Döyüş meydanında heç bir uğur qazana bilmirlər. Bu həm də Ukrayna hakimiyyətini enerji şantajı üsulu ilə danışıqlara sövq etmək üçün əsasdır. Amma uğur qazana bilməyəcəklər.

- Xoşagəlməz bir sual var, amma bu barədə danışmaq lazımdır. Düşmən Ukraynanın kritik infrastrukturunun yeri ilə bağlı belə dəqiq məlumatları haradan əldə edir? Hüquq-mühafizə orqanları bu barədə düşünürmü?

- Bunu SBU-dan və ya başqasından soruşmaq lazım deyil. Əslində Ukraynanın yarımstansiyaları ilə bağlı tamamilə bütün məlumatlar sovet illərində nəşr olunan energetika dərsliklərində var. Ukrayna elektrik stansiyalarının yerləşdiyi "İqtisadi coğrafiya" mövzusunda çoxlu şəkillər var - Rivne, Çernobıl, Cənubi Ukrayna atom elektrik stansiyaları... Beş atom elektrik stansiyasının yeri açıqdır. Açığı, onların yaxınlığında yarımstansiyalar var. Dneprdə altı su elektrik stansiyası var. Onların hamısı kosmosdan görünür. Və hər bir elektrik stansiyasının öz transformator yarımstansiyası var. Ona görə də burada heç bir sirr yoxdur. Bütün dünya çoxdan kosmosdan hər yeri görür. İstənilən yarımstansiyanın yeri tam bəllidir.

Ruslar nə edir? Onlar enerji sisteminə zərbə vururlar, sonra onların agenti, tərəfdarı olan adamlar vasitəsilə Kiyevdə, Dneprdə, Odessada elektrik enerjisinin olub-olmaması barədə məlumat alırlar. Və yeni bir zərbəyə hazırlaşırlar.

Digər tərəfdən, bu zərbələrin qarşısını ancaq hava hücumundan müdafiə sistemi gücləndirməklə almaq olar. Təəssüf ki, qanadlı raketlərə qarşı bizə ən təsirli vasitələr verilmir. Bu aviasiyadır. “Kruiz” raketinin mahiyyəti aşağı hündürlükdə uçmaqdır və bizim radarlarımız bunu heç də həmişə tuta bilmir. Eyni zamanda, təyyarə radarları qanadlı raketləri bir baxışda görür. Aviasiyadan istifadə taktikasına görə, qırıcıda olan kəsici qanadlı raketin arxasınca gəlir, onu 100 faiz ehtimalla atəşə tutur və vurur. Belə nümunələrimiz çoxdur. Amma təəssüf ki, bizdə çox az təyyarə var. Qərbli müttəfiqlərimiz isə hələ də bizə aviasiya verməkdən qorxurlar.

Pilotlarımız 9 ay ərzində F-16, F-18 və istənilən digər Qərb qırıcılarını çoxdan mənimsəyəcəkdilər, lakin siyasi qərar lazımdır. Bu mütləq olacaq. Yadınızdadırsa, əvvəlcə məşhur HİMARS-ı bizə verməkdən imtina etdilər, indi isə Ukraynada onları elə reklam edirlər ki.... Bizə NASAMS və IRIS-T kimi güclü hava hücumundan müdafiə sistemləri vermək istəmirdilər, amma nəhayət, onlar da verildi. Düşünürəm ki, bizə yeni tankların, yeni təyyarələrin veriləcəyi gün də uzaqda deyil.

- Başqa bir məsələ də var. Elektrik enerjisi, suyun olmaması ilə bağlı şikayətlərə şahid olduq. Odessalılar yolu bağlayıb etiraz etdilər. Necə düşünürsünüz, bunlar Rusiyanın təxribatları idi?

- Elektrik enerjisi ilə yaşamağa öyrəşmiş insanlar təcili söndürmələri başa düşmür. Atom elektrik stansiyaları yarımstansiyaların sıradan çıxması səbəbindən bağlanıb. Burada isə çıxışlarla, yolları bağlamaqla heç nə əldə etməyəcəklər. Ola bilsin ki, Odessadakı həmvətənlərimizə yerli hakimiyyət başa salmayıb ki, problem hər hansı etirazla həll oluna bilməz. Energetiklərə sakit işləmək imkanı verilməlidir, onlar nə vaxt və nə edəcəyini daha yaxşı bilirlər.

Məsələn, mən ölkənin enerji sənayesinin rəhbərlərini tanıyıram, amma mənim yaşadığım əraziyə nə vaxt elektrik enerjisi veriləcəyini soruşmaq heç ağlıma da gəlməzdi. Niyə? Bəli, energetikləri narahat edə bilməyəcəyiniz üçün. Onların öz planları var, onlar ilk növbədə nə təmin edilməli olduğunu bilirlər - dəmir yolu, metro stansiyaları, hərbi müəssisələr, mühüm dövlət qərarlarının qəbul olunduğu yerlər əvvəlcə elektriklə təmin olunur. Bəli, insanlar səbirli olmalıdırlar. Sistem tədricən bərpa olunur. Ötən gün məsələn, aylarla işıqsız qalan Xersona elektrik verdilər. Ona görə də bütün Ukrayna bərpa olunacaq, çiçəklənəcək. Sadəcə səbir lazımdır.

- Xerson demişkən, indi orada vəziyyət çox ağırdır. Şəhər intensiv atəşə tutulur, çoxlu yanğınlar var. Şəhəri artilleriya atəşlərindən xilas etmək mümkündürmü?

-Təbii ki, ruslar hər dəfə Xersonu atəşə tutanda bizim topçularımız onlara cavab verirlər, ağızlarından vururlar. Çünki mərmilərin yerini müəyyən edən xüsusi radiolokasiya stansiyaları var və ondan sonra bizim mərmilərimiz, HİMARS-larımız artıq ora uçur. Buna görə də, təbii olaraq, hər bir ölü üçün beş qat intiqam olacaq.

- Ümumiyyətlə, sol sahilin azad edilməsi ilə bağlı heç olmasa bir növ proqnoz vermək olar?

- Baxın, bu proqnozlar düzgün deyil. Baş Qərargah var, hücum üçün qüvvə və vasitələrin hesablaması var və onlar bunu nə vaxt edəcəyini daha yaxşı bilirlər. İndi məsələn, çox çətin hava şəraitidir, tanklar Ukraynanın qara torpağında batırlar. Ona görə də düşünürəm ki, hava, deyək ki, əlverişli olanda, yer donanda, ağır texnika irəliləyib hücuma keçə biləndə hücum başlayacaq.

- Rusiyada bizim problemlərimizə baxıb sevinirlər. Ukraynalıları işıqdan, sudan, istilikdən məhrum etmələrini bayram edirlər. Solovyov bir neçə gündür ki, nüvə zərbəsi vəd edir və tamaşaçılarını sevindirir. Eyni zamanda, mühacirətdə olan rus müxalifətçilərinin belə ümid bağladıqları səfərbərlərin iğtişaşlarının boşa çıxmasına diqqət çəkmək istərdim. Sizcə, ruslar nəhayət ki, müharibə ilə barışıblar və hər şeylə razıdırlar, yoxsa gec-tez oyanacaqlar?

- Birincisi, yalnız zaman vəziyyəti daha da pisə doğru dəyişə bilər. Sizə deyə bilərəm ki, müharibələrin tarixinə görə, Birinci Dünya müharibəsini götürsək, 1914-cü ildə də ona daxil olan bütün ölkələrin xalqları - fransızlar, ingilislər, ruslar və almanlar sevinclə daxil oldular. Onlarda hamı qışqırdı: "Ura! Ura! Düşməni mütləq məğlub edəcəyik" və s. Hər kəsin müharibənin onların dövlətlərini tamamilə dağılmasına apardığını başa düşməsi üçün ən azı bir il və yüz minlərlə qurban lazım idi.

Rusiyada aparılan sosioloji sorğulara inanmıram ki, 75 faiz müharibəyə dəstək verir. Birincisi, Rusiya tam qorxu içərisindədir. Orada müharibənin əleyhinə olduğunu deməyə görə 7 il həbs cəzası ala bilərsən. Təbliğatçıların aylarla necə dediklərini xatırlayın: "Bəli, bunların hamısı cəfəngiyyatdır, nə müharibədir, müharibə olmayacaq!". Sonra müharibə başladı, üç günə Kiyevi alacaqlarına söz verdilər. Amma nəinki Kiyevi ala bildilər, beş aydır ki, Baxmuta girə bilmirlər. Bütün digər uğurlarını isə sürpriz faktorla yalnız ilk günlərdə əldə etdilər. Bundan sonra onlar artıq Xarkov vilayətindən, Xerson vilayətindən geri çəkildilər və s. Ona görə də bu proses tədricən davam edəcək. Rus xalqının yoxsullaşması prosesi baş verəcək. Bu gün 2023-cü il üçün Rusiya büdcəsinin üçdə biri ordu və hüquq-mühafizə orqanlarının xərcləridir. Bu o deməkdir ki, insanlar sosial proqramlardan, tibbdən, səhiyyədən puldan məhrum olacaqlar. Bu, gec-tez nifrətin alovlanmasına səbəb olacaq.

- Əvvəlki müsahibənizdə demişdiniz ki, Ukraynada nə qədər çox rus ölürsə, Kremldə çevrilişin vaxtı bir o qədər tez gələcək. Biz artıq Rusiyanın 90 minə yaxın itkisinin olduğunu bilirik. Yəqin ki, bu, Rusiyada çevriliş üçün kifayət deyil, elə deyilmi?

- Putinin qondarma əsgər anaları ilə görüşdüyü zaman görünməmiş bir hadisə baş verdi, baxmayaraq ki, onlar xüsusi seçilmişdilər... Orada oğlu üçün həqiqətən kədərlənən ən azı bir ana gördünüzmü? Bu videonu görmüsünüz? Məncə, orada oğulları ölən analar olmayıb, oğulları döyüşən analar olub. Hətta düşünürəm ki, sonradan oğullarından biri artilleriyamızın və qoşunlarımızın zərbələri altında həlak olanda nə baş verəcəyi maraqlıdır. Mən bu haqda danışıram. Putin artıq öz qabığından çıxıb xalqı ilə ünsiyyət qurmalıdır ki, nə baş verdiyini birtəhər izah etsin. Amma bu izahatlar yumşaq desək, inandırıcı deyil. Bu gün heç kim “Vətən üçün, Putin üçün” qışqıraraq döyüşə getmir. Sovet illərində “Vətən üçün, Stalin üçün” var idi. Rusiya təbliğatı əslində onların düşündükləri qədər güclü deyil.

Yeri gəlmişkən, bu ilin iyul ayından etibarən Rusiya informasiya istifadəçilərinin əksəriyyəti artıq televiziyaya baxmırlar, hazırda hər kəs “Telegram”dadır. Yəni ruslar başa düşürlər ki, Solovyovun, Skabeyevanın və başqalarının televiziyada dediklərini yarıya bölüb 180 dərəcə çevirmək lazımdır. Deyirlər ki, ikinci səfərbərlik dalğası olmayacaq, deməli, mütləq olacaq. Deyirlər ki, inflyasiya olmayacaq, deməli olacaq.

- Putin ötən həftə təkcə analarla görüşdə deyil, KTMT-nin İrəvandakı iclasında da göründü. Lukaşenko dedi ki, ölkəsinə hücum olarsa, KTMT Belarusun müdafiəsinə qalxacaq. Maraqlıdır, Belarusa kim hücum edəcək ki... Eyni zamanda, bu yaxınlarda KTMT-dən belə yardım istəyən və almayan Ermənistan da eyni masa arxasında oturur. İştirakçılar bu təşkilatın onlara nə üçün lazım olduğunu başa düşürlərmi?

- Putin özünü böyük strateq, dünya lideri kimi təsəvvür edirdi. Hesab edirdi ki, bütün dünyanın, bütün kainatın gələcəyi onun qərarından asılıdır. Gözləyirdi ki, Ukraynanın işğalı uğurlu olacaq, Ukrayna yıxılacaq, bütün dünya üçün dəhşətli olacaq, hamı ondan qorxacaq. Bu, alınmadı. Putinin xarici siyasətdə demək olar ki, təcrid olunması onu Mərkəzi Afrika Respublikasının Prezidenti və ya digər Afrika ölkələri ilə görüşməyi şərəf hesab etməyə vadar edir. KTMT Putin tərəfindən yaradılan struktur idi, guya Rusiyanın ətrafında NATO-da olduğu kimi münasibətdə olduğu müəyyən ölkələr var ki, onlar bir-birinin müdafiəsinə qalxsınlar. Amma məlum oldu ki, əslində bunların hamısı saxtadır və bu KTMT Rusiya qorxusu üzərində qurulub. Orta Asiya və Zaqafqaziya ölkələri birdən Putinin axmaq biri olduğunu görməyə başlayanda, məsələn, hətta bir çox məsələlərdə Putindən asılı olan Tacikistanın Prezidenti belə birbaşa ondan açıq şəkildə xahiş etdi ki, onunla ünsiyyətdə olmasın.

Nikol Paşinyana gəlincə, Rusiya Federasiyasının müttəfiqi olan o, birdən-birə Rusiyanın Azərbaycanla münaqişədə Ermənistanı və onun maraqlarını heç bir vasitə ilə, hətta elementar diplomatik yolla, bir sözlə müdafiə etməkdən necə imtina etdiyini gördü. Buna görə də o, bəyannaməni imzalamaqdan imtina etdi. Bundan sonra Putin stolun üzərinə qələm atdı və Lukaşenko çiyinlərini çəkdi. Bu videonu bütün dünyaya nümayiş etdirdik.

Artıq Putinin ətrafında ittifaq yoxdur, o, təkdir. Onun yanındakı bəlkə də bircə adam var – o da Lukaşenkodur. O da ki, qorxudan Putini dəstəkləyir, çünki tamamilə Putindən asılıdır. İran öz siyasətini qurur, sadəcə olaraq Putinə pul müqabilində raket və ya dron satır və Putindən istədiyi hərbi texnologiyanı alır. Hazırda Qərbin fırıldaqlarına məruz qalan Rusiyadan neft və digər resursları almaq Çin üçün sərfəlidir. Putin isə tək qaldı. Bu təcrid Rusiyanı terrorizmin himayədarı kimi tanımaq üçün bütün bu qərarlarla daha da artacaq.

- Düzgün qeyd etdiniz ki, KTMT-nin iclasında yalnız Lukaşenko Putinin müdafiəsinə qalxaraq, Ukrayna ilə bağlı cəfəngiyyatın daha birini səsləndirdi. Sizcə, bu nə idi, o, müharibəyə qatılmaq qərarına gəldi, yoxsa Kremlin xoşuna gəlmək üçün bu ifadələri işlətdi?

- İkinci varianta üstünlük verirəm. Yenə deyirəm, Lukaşenko Putindən tamamilə asılıdır, onun hakimiyyəti tamamilə rus agentlərinin əlindədir - həm xüsusi xidmət orqanları, həm də ordu. Özü də Putinin kuklasıdır, heç nə etmək imkanı yoxdur. Onu saxlayan yeganə şey sağ qalmaq istəyidir ki, özü və ailəsi hakimiyyətdə qalmağa davam etsin. Amma o, Kiyevə, Çerniqova xain hücum üçün Putinə ərazi verdi. O, Belarus ərazisini minlərlə ukraynalının ölümünə səbəb olan xain hava və raket zərbələri üçün təmin edib. Ona görə də bu, Putinlə bərabər ədalət qarşısında cavab verəcək mənliksizdir.

- Görünür ki, bu davranış, Putin üçün kifayət deyil. Çünki amerikalı analitiklər Kremlin Lukaşenkonun fiziki olaraq məhvinə artıq icazə verdiyindən danışmağa başlayıblar...

- Düşünürəm ki, bu, mümkün olmayan ssenaridir. Çünki o zaman Putin Belarusda baş verənlərə nəzarət edə bilməz. Onun Belarus rəhbəri postuna öz varisini təyin edə biləcəyinə və bunun onun üçün ağrısız olacağına dair təminatları kifayət qədər azdır. Mən bu plana inanmıram.

- Bəlkə bu məlumat Kremldən gəlir ki, nəhayət, Lukaşenkonu qorxutsun və o, müharibədə iştirak etməyə məcbur qalsın?

- Əgər Belarus ordusu Lukaşenkonun göstərişi ilə Ukraynaya hücuma cəhd etsə, düşünürəm ki, bu müharibə Minskdə bitəcək. Putin İkinci Dünya müharibəsi zamanı Hitler hansı vəziyyətdə qalmışdısa, indi o vəziyyətdədir. Mussolini və başqaları kimi bütün müttəfiqləri onu yalnız zəiflətdi, qoşunları təsirli olmadı. İkinci Dünya müharibəsi zamanı italyanların necə davrandıqlarını xatırlayın. Onlar silahlarını yerə atıb sovet ordusuna təslim oldular, cəbhənin hissələrini ifşa etdilər və alman ordusunun, Vermaxtın vəziyyətini pisləşdirdilər. Belarus ordusunda da vəziyyət eynidir. Orada heç kim döyüşməyəcək və hücumun effektivliyi olmayacaq.

- Buna baxmayaraq, hazırlaşmağa əhəmiyyət verməliyik...

- Əlbəttə, hazır olmalıyıq. Ukraynanın bütün şimalında "Minalardan ehtiyatlı olun" nişanları var və bütün yerli sakinlər meşə yollarının, keçidlərin, körpülərin minalandığını bilirlər.

Müttəfiqlərimizin peykləri var, kəşfiyyatımız işləyir. Çox sayda məlumat verənlər var. Hətta Belarus müxalifətinin “Belorusski Qayun” adlı ictimai saytı var ki, orada hər gün hansı Belarus və ya Rusiya hərbi maşınının hara getdiyi barədə məlumat verilir. Yəni ki, hər şey o qədər nəzarət altındadır ki, bir növ işğal üçün on minlərlə qoşunu sakitcə toplamaq mümkün deyil. Belarusdan hansısa təhlükənin gəldiyini deməyə çalışan hər kəs ya məlumatsızdır, ya da təxribat edir.

- Siz həm də əla hərbi analitiksiniz. Ona görə də sizdən xahiş edəcəyəm ki, qarşıdakı ayda cəbhələrdə bizi hansı vəziyyət gözlədiyini deyəsiniz?

- Cəbhədə vəziyyət belədir: sağ sahildə qələbəmizdən və düşmənin qaçmasından sonra Xerson vilayətini azad etmək üçün irəliləməli, hərbi əməliyyatlar aparmalı olan on minlərlə yaxşı təlim keçmiş və təchiz edilmiş qoşun azad edildi. Bu qoşunlar Ukraynanın indi vəziyyətin ən çətin olduğu şərqinə (Avdivka, Vuqledar) cəlb olunacaq. Məhz orada bizim təzə qoşunlarımız Rusiyanın irəliləyişini dayandırmağa kömək edəcək. Biz hamımız şərqdə hücumun davamını gözləyirik. Qoşunlarımız Svatovo, Kremennaya hücum edir. Qoşunlarımız bu yaşayış məntəqələrini tez bir zamanda işğaldan azad etsələr, ruslar Lisiçanskdan, Severodonetskdən, Rubijnedən qaçmalı olacaqlar.

Təbii ki, əhval-ruhiyyə çox yüksəkdir. Təəssüf ki, bizim istədiyimiz qədər silah yoxdur. Qərb tərəfdaşlarımız daha çox silah verə bilərdilər. Maşınlarda, yükdaşımalarda müəyyən çatışmazlıqlar var, amma əsgərlərimizin ruh yüksəkliyi o qədər yüksəkdir ki, dayanmaq heç kimin ağlına belə gəlmir.

Hesab sadədir: ruslar nə qədər çox məhv edilsə, bu müharibə bir o qədər tez bitəcək. Enerji strukturuna hansısa zərbə həm Putini, həm də onunla birlikdə bu təcavüzkar müharibəni planlaşdıranları amansız qisasdan xilas etməyəcək. Biz mütləq qalib gələcəyik, buna şübhə yoxdur. Bəli, biz bu çətinliklərə dözməliyik. Bəli, arvadımızın, uşaqlarımızın, qohumlarımızın qayğısına qalmalıyıq. Ukraynanı kim tərk edə bilər, biz bunu dəstəkləməliyik. Amma biz mütləq qalib gələcəyik.
Ardını oxu...
2000-ci ilin əvvəllərində Heydər Əliyevin səhhətində problemlər yarananda ən müxtəlif cinahlardan prezidentlik iddiasına düşənlər oldu. Müxalifət qütbündən İsa Qəmbər, Etibar Məmmədov, iqtidar cinahından Ramiz Mehdiyev.
Bakupost.az xəbər verir ki, bunu Ana Vətən Partiyasının sədri, Milli Məclisin üzvü Fəzail Ağamalı Azpost.info-ya müsahibəsində deyib.
O, həmin vaxt onların hər ikisinə qarşı kəskin mübarizə apardıqlarını qeyd edib:
“2001-ci ildə “Neytral” qəzetində R.Mehdiyevlə bağlı ciddi xarakter daşıyan açıqlamam dərc edildi. Komandaya xəyanətinə görə, onu ittiham etdim. Eyni zamanda müxalifətə də qarşı mətbuatda mübarizəmizi apararaq Heydər Əliyevdən sonra Azərbaycanın dövlətçiliyinə ən layiqli namizəd kimi İlham Əliyevi önə çəkdik. Bu, AVP-nin ilki idi. 1999-cu ildə onunla bağlı – “İlham Əliyev böyük siyasətdə: reallıqlar və perspektivlər” adlı ilk kitabım çap edildi”.
F.Ağamalı hakimiyyət daxilindəki qruplaşmalardan da danışıb:
“İlham Əliyev bütün bu klanları, qruplaşmaları alt-üst etdi. O qruplaşmanın vaxtilə başında dayanan, aparıcı qüvvə Ramiz Mehdiyev idi. O, dövlətimiz üçün böyük problemlər yaradırdı. Hakimiyyətdən və özünün günahı üzündən AMEA-dan uzaqlaşdırılaraq ətrafındakıların əksəriyyəti səlahiyyətlərindən məhrum edildikdən sonra demək olar ki, ölkə daxilində qruplaşma yox dərəcəsindədir. Bu gün ölkə başçısının vahid komandası var, bu komanda kifayət qədər peşəkardır. Dövlətçiliyə xidmət edən bir komandadır. Onun içərisində müəyyən sapmalar olursa, dərhal ölkə başçısı tərəfindən qətiyyətli cavabı verilir. İndiki vəziyyətdə belə bir yanaşmanın olmasını doğru hesab etmirəm. Çünki artıq yox dərəcəsindədir”.

Ardını oxu...
Əməkdar artist, məşhur aktrisa Gülşad Baxşıyeva Moderator.az-ın suallarını cavablandırıb. DİA.AZ həmin müsahibəni təqdim edir:

- Gülşad xanım, uzun illərdir ki, Mədəniyyət və İncəsənət universitetində pedaqoji fəaliyyətlə məşğulsunuz. Hal-hazırda tələbələrinizlə hansı tamaşalar üzərində çalışırsınız?

- Hal-hazırda 4-cü kurs dram və kino aktyoru fakültəsinin tələbələri ilə, Branislav Nuşiçin “Nazirin xanımı” pyesini hazırlayırıq. Rollar bölünüb, prosses gedir. Demək olar ki, 4 pərdəli əsərin 2 pərdəsi hazırdır. Ötən il tələbələrimlə birgə Cəfər Cabbarlının “Sevil” əsərini səhnələşdirib, təhvil verdik. Ümumiyyətlə mənim iş prossesim belədir. Etüddən tamaşaya qədər. 1-ci kursda o dəqiqə tamaşa oynamazlar. Əgər tamaşa oynayırıqsa universitetin fəaliyyətini dayandırmaq lazımdır, çünki biz dərnəyçiliklə məşğul olmuruq. Bu proqram belə işlənməlidir. Etüd prossesini keçdik, pandemiya düşdü, sonra “Sevil” əsəri üzərində işlədik, daha sonra isə “Nazirin xanımı”. Sual verə bilərsiniz ki, mən niyə görə “Sevil” əsərini yox, “Nazirin xanımı”-nı 4-cü kursa çıxarmışam? Bu təbii ki, illərin təcrübəsidir. 3-cü kursda dramatik əsər götürürük, 4-cü kursda isə komediyaya müraciət edirik. İstəyirik ki, bir az oyunçuluq olsun. Tələbə həm dram, həm də komediya janrında bir əsər oynamalıdır. 4 il müddətində o təkcə bir janrda oynamalı deyil. Bu prosses məndə pillə-pillə gedir. Məqsədim də tələbənin peşəkar, akademik səviyyədə aktyor kimi yetişməsidir. Tələbələrin hamısından da olmasa əksəriyyətindən razıyam. Özüm də onlarla birlikdə həmin əsərdə kiçik bir rol almışam.

- Sənətkarlar adətən gənclik illərində deyil, yaşlanandan sonra pedaqoji fəaliyyətlə məşğul olur. Amma siz bu fəaliyyətinizə lap erkən başlamısınız. Müəllimlik peşəsini sizə kim sevdirib?

- Mən bu fikirlə razı deyiləm ki, yaşa dolandan sonra gəlib pedaqoji fəaliyyətlə məşğul olmaq lazımdır. O yaşın da müəyyən bir həddi var. Belə olmaz ki, 60 yaşında gəlib pedaqoji fəaliyyətlə məşğul olmağa başlayasan. Bu bir balaca düzgün deyil. Əlbəttə ki, səhnə görmək lazımdır, özün bu prossesdən keçməlisən, müxtəlif rollar oynamalısan. Şəxsən mən 10 il Şəki Dövlət Dram Teatrında işləmişəm. Bakıya köçəndən sonra da təkcə pedaqoji fəaliyyətlə məşğul olmamışam. Müxtəlif teatrlarda rollar almışam, filmlərdə çəkilmişəm. Məndə həmişə pedaqoji fəaliyyətlə yanaşı, yaradıcı prosses də gedib. Müəllimin səhnə təcrübəsi olmalıdır. Amma bu o demək deyil ki, hər istedadlı aktyor gəlib pedaqji fəaliyyətlə məşğul olmalıdır yaxud da ola bilər. Bəzi hallarda onlar pedaqogikaya meylli olmurlar və yaxud da müəllim ola bilmirlər. Özlərində əldə etdiklərini tələbəyə ötürə bilmirlər. Hər istedadlı sənətkar müəllim ola bilməz. Mənim pedaqoji fəaliyyətim belə başlayıb. O vaxt Bakıya köçəndən sonra hələ müəyyən olunmamışdı ki, mən hansı teatrda çalışacağam?! Belə məsləhət görüldü ki, müəllimlik fəaliyyətimə başlayım. Düzdü bunu çılğınlıq kimi qəbul etdim ki, mən aktrisayam, fəaliyyətimi nə üçün birdən-birə dayandırmalıyam?! Bu mənə çox pis təsir etdi. Yavaş-yavaş teatrda da işləməyə başladım. Amma bəzi etaplardan keçəndən sonra mən qərar verdim ki, artıq yetər! Düşündüm ki, müəllimlik peşəsi ilə məşğul olmaq lazımdır. Müəllimlik peşəsini mənə hələ şagird olarkən Bakının 44 nömrəli məktəbində dərs deyən müəllimlər sevdirib. Onların şagirdlərlə münasibətləri, davranışları o qədər gözəl idi ki! İndi həqiqətən də elə müəllimlər yoxdur. Bəzən elə müəllimlər görürəm ki, mən nifrət edirəm ki, bu cür insanlar necə müəllim ola bilərlər?! Bunlar hansı mənəviyyata qulluq edirlər? Onların müəllim adını daşımağa haqları varmı?! Əlbəttə ki, yox! O cür müəllimlər gənc nəslin beynini, zehnini pozur, darmadağın edirlər. Çox xoşbəxt bir dövrdə yaşamışam ki, o cür müəllimlərim olub. Mənim Anna adında bir müəllimim var idi. Bir qadının davranış qaydalarını, özünü aparmağını, oturub-durmağını, həyata, böyüyə-kiçiyə, övlada münasibətini mən ondan öyrənmişəm. Həyatım boyu o qadına hər zaman borcluyam. Yeri cənnətlik olsun. Baxın görün müəllimin mənim qadın kimi formalaşmağımda necə böyük rolu olub!

- Gülşad Baxşıyeva bu gün ona göstərilən dövlət qayğısından, aidiyyatı qurumların diqqətindən nə dərəcədə məmnundur?

- Çalışdığım Mədəniyyət və İncəsənət universitetində məni sevənlər də var, sevməyənlər də. Amma sevənlər daha çoxdur. Lazım gələndə onlar mənim qayğıma da qalırlar, məni dinləməyi də bacarırlar, bir sözlə onlarla əlaqəyə girə bilirəm. Bu böyük bir şeydir. Qaldı ki, dövlətin qayğısı, diqqəti.. Nə bilim vallah. Mənə hərdən elə gəlir ki, onlar bəlkə də heç məni tanımırlar. Yəni mən yadlarında deyiləm. Amma nə etmək lazımdır ki, mən onların diqqətində olum?! Bunun bir çox yolları var. Mən bu yolları bilsəm də edən adam deyiləm. Çünki mən hər şeyə bir balaca başqa cür yanaşıram. İstəyirəm ki, onlar məni yada salsın, mənim haqqımda düşünsünlər. Düşünməsələr belə onlardan heç nə tələb edən adam deyiləm. İstəmirəm də. Mən istəyirəm ki, mən onların yadına salmayım ki, burada mən varam. Qoy onlar düşünsünlər ki, Gülşad görəsən haradadır?! Nə qədər doğru yaxud səhv olduğunu bilmirəm. Bu mənim düşüncəmdir.

- “Bəxt üzüyü 2” filmi nümayiş olunanda bir çoxları dedi ki, maraqsız alınıb. Siz həmin filmi izləmisinizmi? Əgər izləmisinizsə həmin filmdə nə çatışmırdı?

-Mən bu filmi görməmişdim. Sonra Firəngiz Rəhimbəyova ilə əlaqəli bəzi fraqmentləri yutubda izlədim. Çoxları deyir ki, bu film maraqsız alınıb, bu “Bəxt üzüyü” deyil, biz onu sevmədik, bəyənmədik. Bunu camaat, sənətçilər deyir. Tənqidə də gərək hörmətlə yanaşasan. Onlar istəmirlər, sevmirlər. Mənə elə gəlir ki, filmdə Ramiz Əzizbəyli çatışmırdı. O filmi yaradan Ramiz Əzizbəyli olub. Mən elə düşünürəm ki, “Bəxt üzüyü 2” ni də Ramiz çəkməli idi. Ən azından onun məsləhətləri ilə mütləq oturub-durmalı idilər. Bu mənim düşüncəmdir. Ona görə yox ki, filmə məni dəvət etməyiblər. Bəli, bilmək istəyirsinizsə bu filmə məni çağırmayıblar, amma bəxt üzüyü sırf Saraya aid bir əhvalat, hadisədir. Saranın bəxt üzüyü itib. Necə olur ki, “Bəxt üzüyü 2” də Sara yoxdur?! Bu ən asan variantdır ki, Sara ölüb, qəbirstanlıqdadır. Rejissorlar bir şeyə çarə tapmayanda həmin obrazı öldürürlər. Öldü, bununla da hər şey bitdi. Orada heç Ayşad da yox idi. Komediya yaratmaq istəyiblər. Amma bu komediya deyil. Nə Vaqif Səmədoğlu belə bir ssenari yazmayıb, nə də Ramiz Əzizbəyli belə film çəkməyib. Bu komediya yox, tragikomediyadır. Orada Ramiz Əzizbəylinin rejissorluğu çatışmırdı.

- Həmin filmdə Sevda obrazını oynayan Firəngiz Rəhimbəyova yaddaşınızda necə qalıb?

- Firəngiz çox gözəl müğənni olub. Gözəl səsi var idi, mahnılarını elə o vaxtlar da dinləyirdim, televiziyalarda izləyirdim. Təbii ki, o peşəkar müğənni idi, aktrisa kimi də Ramiz onu filmə dəvət etdi, çəkildi. Firəngiz həm qadın kimi, həm yoldaş, həm də insan kimi çox mükəmməl biri idi. Hər tikəsini bölüşürdü. İnsanlarla insan kimi rəftar edirdi. Onun üçün təbəqə olmayıb ki, bu varlıdır, bu kasıb. Onun üçün sadəcə insan faktoru önəmli idi. Uşaqla uşaq, böyüklə böyük olub. Hər bir insana uyğun rəftar qaydaları olub. Mən Firəngizlə çox yaxın olmuşam. Onunla danışmaq, söhbətləşmək o qədər asan idi ki. Ruhuma yaxın biri idi. Onunla sıxılmırdın, darıxmırdın. Yanında hər şey danışa bilərdin. Bilirsiniz niyə?! Çünki o səni sonra müzakirə etmirdi. Sözü var idisə elə o məqamda deyirdi. Aktrisa kimi də işinə ciddi yanaşırdı. Deyilən tapşırıqları o dəqiqə yerinə yetirirdi. Bir dubla çəkilirdi. Bir sözlə mükəmməl insan olub. Çox heyf! Onun dünyadan köçən yaşı deyildi. Heyflər olsun! Allah ona rəhmət etsin.

- Bir xanım sənətkarımız müsahibələrinin birində demişdi ki, aktrisa kimi çox xoşbəxt olsam da, qadın kimi xoşbəxt ola bilmədim. Gülşad xanım necə, xoşbəxtdirmi?

- Mən ümumiyyətlə son illər xoşbəxt, xoşbəxtlik sözünə çox ironiya ilə yanaşıram. Əvvəla mütləq xoşbəxtlik yoxdur. Qaldı ki, sizin təbirinizcə desəm mənim xoşbəxt olub yaxud olmamağıma?! Ola bilsin ki, elə bir dövrlər olub ki, yaş baxımından daha cavan olmuşam, həyat təcrübəm olmayıb, o dövrdə mən özümü xoşbəxt qadın saymamışam. İllər keçəndən sonra-ümumiyyətlə dırnaqarası xoşbəxtlik nədir, bunu dərk edəndən sonra belə deyə bilərəm ki, sənətdə də, həyatda da çox xoşbəxtəm. Niyə də yox?! Allah təala bu xoşbəxtliyi mənə çox görməsin. Xoşbəxt olmaq üçün insan nə lazımdır?! İnsan özü-özünü idarə etməyi bacarmalıdır. Bir insanın ki, əli, ayağı, gözü, qaşı üstündədirsə, xəstə deyilsə, Allah onu qısır yaratmayıbsa, şükür övladları varsa o xoşbəxtdir. Mənim də şükür Allaha, övladlarım da, övladlarımın da övladları var. Yaşamağa bir damım var, komama girib yaşayıram, başıma qar yağmır. İşləyirəm, maaş alıram, pulum var, özüm-özümü dolandıra bilirəm. Ünsiyyətə girə biləcəyim bir çox adamlar var, 10 adamdan 5-i mənə hörmət edirsə, şükür Allaha! Kimsənin yanında alçalmamışam, yaltaqlıq etməmişəm, söz gəzdirməmişəm. Heç kimin yanında ayıb işim yoxdur ki, onu görəndə başı aşağı gəzim. Şükür Allaha! Bu misalları çox saymaq olar. Mənim aləmimdə, düşüncəmdə xoşbəxtlik sadaladığım misallardır. Bəli, mən bu gün varam, nəfəs alıram, Allahın bizə bəxş etdiyi nemətlərdən istifadə edirəmsə, deməli mən xoşbəxtəm. Bir də görürsən özünü yaxşı hiss etmirsən, övladınla münasibətin pozulur, avtobusda gedirsən, kiminləsə münasibətin pozulur. Bunlar normal hallardır. Onlar olmasa həyat çox darıxdırıcı, yeknəsək olar. Həyat mübarizədir. Mən eyni notda danışsam, siz darıxarsınız. Mən gərək bir az ucadan, bir az yavaş, bir az təsirli danışım. O zaman deyəcəklər ki, bu nə maraqlı danışır?! Bax həyat da belədir. Yuxarı qalxırsan, düşünürsən ki, o təpəyə çıxım. Sonra üzüaşağı dığırlanırsan. Qalxırsan, görürsən ki, dizlərini daş siyirib. Silirsən, yolu gedirsən. Bir az axsıyırsan, sonra yavaş-yavaş görürsən ki, yerişin düzəldi, daha axsımırsan (gülür). Mən həyatı buna bənzədirəm. Kaş üzüüstə yıxılanlardan olmayaq. Yıxılsaq da Allah bizə imkan versin ki, iki əlimizi yerə qoyub qalxa bilək, bir də yenidən yeriyə bilək. Bax bu həyatdır.

      

Ardını oxu...
“İstintaq, məhkəmə dövründə mənə sövdələşmə təklif olunmuşdu ki, yığdıqlarının hamısını qaytar, cəzan yüngül olsun, bir-iki il həbsdə yatıb, sonra üçdə birlə azadlığa çıxacaqsan. Mən razılaşmadım, fikirləşdim ki, azadlıqda olduğum müddətdə o pulları haradan qazana bilərəm? Təbii ki, heç yerdə, bir şans idi, əlimə düşmüşdü. Pulun varsa, həbsdə də adam kimi yaşamaq olar. Ona görə, müstəntiqin təklifi ilə razılaşmadım, mənə 7 il iş verdilər…”

Bu sözləri Pressklub.az-ın əməkdaşı ilə söhbətində ömrünün bir neçə ilini həbsxanada keçirmiş keçmiş məmur danışıb. Dediyinə görə, icarədə olan obyektlərindən yaxşı gəliri var, həbsxanada da əziyyət çəkməyib, indi də dolanışığı çox yaxşıdır.

Bu fikirləri Azərbaycanda orta statistik korrupsioner məmurun manifesti də adlandırmaq olar. Onlar vəzifəyə varlanmaq üçün fürsət kimi baxırlar, bütün vasitələrlə daha çox vəzifədə qalmağa çalışırlar, dövlətdən oğurladıqlarının bir qismini özündən yuxarıdakılarla bölüşür, qalan hissəsini yatırıma çevirib, “qara gün” üçün saxlayırlar. Əksər məmurlar üçün həbsxana perspektivi qorxulu deyil, daha dəqiq ifadə etsək, onlar bir gün vəzifədən gedəcəklərini, müstəntiq qarşısında sorğulanacaqlarını və həbsxanaya düşəcəklərini yaxşı bilirlər. Amma Azərbaycanda hansı işdə risklər, təhlükələr yoxdur ki? Yaxud, hansı biznesdə, hansı işdə bu qədər asan varlanmaq olar ki?!

Uzun illərdir, hökumət müxtəlif sahələrdə islahatlar həyata keçirir, qanunvericiliyi dəyişir, məmur-vətəndaş təmasını azaltmağa çalışır, ASAN Xidmət modelinin əhatə dairəsini genişləndirir, amma nəhəng korrupsiyanın qarşısını kəsmək, azaltmaq mümkün olmur. Əksinə, ölkənin gəlirləri artdıqca, oğurlanan vəsaitlərin həcmi də böyüyür. Nazirlər, onların müavinləri, icra başçıları həbs edilir, hətta dövlət qurumları ləğv edilir, parçalanır, birləşdirilir, gənc kadrlar vəzifələrə çəkilir, amma əli pula çatan hər kəs oğurlamağa, talamağa çalışır. Azərbaycan gündəmi 20 ilə yaxındır ki, bu tip olaylarla zəngindir. Nələr baş verməyib bu ölkədə?

Keçmiş Nəqliyyat naziri Ziya Məmmədov işdən qovulub, dövlət qurumu ləğv edilib, nazirin biznes imperiyası əl dəyişdirib, holdinqləri, bankları bağlanıb, özü azadlıqdadır;

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bütün rəhbər heyəti cəzalandırılıb, əksəriyyəti həbs olunub, yüz milyonlarla manat büdcəyə qaytarılıb, qurumun adı, rəhbərliyi 2-3 dəfə dəyişdirilib. Hazırda bu məmurlardan heç biri həbsdə deyil;

Milli Təhlükəsizlik Nazirliyinin də bütün rəhbərliyi cəzalandırılıb, həbs edilib, qurum ləğv edilib və iki yeni dövlət qurumu yaradılıb. Nazir Eldar Mahmudov istintaqa cəlb edilsə də azadlıqda qalıb. Dövlət içində kök salmış bu mütəşəkkil dəstə nələr etməyib? Adam oğurluğu, reket, qanunsuz haqq yığımı, bir sözlə, mafiyalara xas dürlü cinayət əməlləri. Hazırda rəhbərlikdən bir neçə nəfər həbsdədir, keçmiş nazir cəzasız qalıb, həbsə düşənlərin çoxu artıq azadlıqdadır;

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də kütləvi həbslər aparılıb, o cümlədən eks-nazir Səlim Müslümov bir ilə yaxın həbsdə yatıb, hazırda azadlıqdadır;

Xarici İşlər Nazirliyində əməliyyat keçirildi, idarə rəisləri tutuldu, qısa müddət sonra həbsdən çıxdılar, uşaqlarına ABŞ-da 4 milyon dollara mənzil alan nazir Elmar Məmmədyarova “gözün üstə qaşın var” deyən olmadı;

Müdafiə Nazirliyinin maliyyəçiləri və onların işini kurasiya edənlər həbs edilib, 100 milyona yaxın vəsaitin oğurlandığı məlum olub;

Mədəniyyət Turizm Nazirliyində iki dəfə əməliyyat keçirilib, nazir Əbülfəs Qarayev işdən çıxarılıb, istintaqda, məhkəmədə onun korrupsiya əməliyyatlarına bilavasitə rəhbərlik etdiyi barədə ifadələr olsa da, həbs edilməyib. Ətrafında tutulan şəxslərin bir neçəsi azadlıqdadır;

Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev işdən qovulub, komandasının bəzi üzvləri həbs edilib, amma özü azadlıqdadır;

“Azərxalça” rəhbəri, 8 icra başçısı və onların ətrafı həbs olunub;

Bu günlərdə isə anti-korrupsiya əməliyyatları Naxçıvan Muxtar Respublikasında davam etdirilir. On milyonlarla vəsait oğrulanıb, dövlətin mənafelərinə ağır zərbə vurulub, bir neçə məmur həbs olunub və s…

Fərqli heç nə yoxdur, eyni ssenari, eyni oğurluq, yəqin ki, eyni cəzalandırma üsulu seçiləcək.

İki onillikdə Azərbaycanda korrupsiyaya qarşı mübarizə bu formada davam edib, hökumət nəticəsizliyin fərqində olsa da, metodlarını, sivil dünyanın istifadə etdiyi tədbirləri sınamaq niyyətində olmayıb.

Məmurun həbs edilməsi, yaxud işdən çıxarılması, yığdığı sərvətə əl qoyulması yetərli sayılır. Bəs bu cinayətlər törədilən zaman büdcəyə nəzarət qurumları, maliyyə nəzarəti, hüquq mühafizə orqanları niyə öz vəzifələrinin öhdəsindən gəlməyiblər? Onların gözü qarşısında dövlətin yüz milyonlarla pulu talanıbsa, deməli, onlar da hansısa formada bu cinayətin iştirakçısına çevriliblər. Əks halda, balaca bir qurumun rəhbəri 146 milyonu necə oğurlaya bilərdi?

Məsələn, Maliyyə Nazirliyi, Hesablama Palatası ilboyu dövlət qurumlarını yoxlayır, hesabat tələb edir və s. Necə olur ki, DTX qara maskalıları gələnə qədər sözügedən dəhşətli cinayətlər üzə çıxmır?

Əlbəttə, bunlar ritorik suallardır, Azərbaycanda hələ də məmurların gəlir bəyannaməsi tələb olunmur, Rəqabət Məcəlləsi 22 ildir, parlamentdən keçə bilmirsə, burada bütün məsuliyyəti hökumət daşıyır.

Əgər ölkədə korrupsiyaya qarşı gerçək bir mübarizə olsaydı, ilk növbədə hökumət strukturlarına parlament nəzarəti təmin olunardı, ölkənin müstəqil parlamenti dövlətin hər qəpiyinin hara xərclənməsinə ciddi nəzarət edə bilərdi.

Yaxud, Azərbaycanda məhkəmə hakimiyyəti indiki qədər korrupsiyaşlamış, prokurorluq orqanlarının diktəsi ilə işləyən ölüvay sistemə çevrilməsəydi, ölkədə korrupsiya dərəbəyliyinin miqyası bu səviyyədə olmazdı.

Prokurorluğun da məsuliyyəti ondan az deyil. Necə olur ki, hüquq mühafizə orqanlarının bütün ittiham aktlarına qol çəkən Baş Prokurorluq yüksək çinli məmurların cinayətlərinə, onların cəzalandırılmamasına səssiz qalıb? Məsələn, Eldar Mahmudov, Səlim Müslümov, Əbülfəs Qarayev niyə həbs edilməyib, nədən onların yaxın ətrafı qısa müddətdən sonra azadlığın dadını çıxarırlar?

Ritorik suallar daha çoxdur. Sirr deyil ki, Azərbaycanda qanunvericilik formal xarakter daşıyır, məmurların cəzalandırılması, qovulması, tutulması başqa meyarlarla müəyyənləşdirilir. Hazırda dövlət qurumlarında elə nəhəng korrupsionerlər var ki, onlar “çiçəklənmə” dövrünü yaşayırlar.

Nə qədər ki, sistem dəyişməyib, ölkədə korrupsiyaya qarşı mübarizədən danışmaq olmaz. Belə hay-küylü həbsləri isə hələ çox görəcəyik…
Ardını oxu...
“NATO sərhədlərində müharibə gedirsə, hər zaman insident təhlükəsi olacaq. Məncə, bu, Ukraynaya dəstək toplamağa kömək edir. …Ölkələr Ukraynaya daha çox silahla və iqtisadi dəstək vermək istəyirlər. Mənə qalarsa, lap əvvəldən dəstək yetərincə olmayıb. Mən hətta fevralın 24-dən sonra General Filip Bridlav (keçmiş yüksək rütbəli NATO komandanı) və bəzi başqa generallarla birlikdə NATO-ya məktub da yazdım. Dedim ki, biz Ukrayna üzərində hava üstünlüyü yaratmalıyıq. Bu, NATO tərəfindən qəbul edilmədi. Bunun NATO, yoxsa NATO ölkələri tərəfindən edilməsinin əhəmiyyəti yoxdur. Mənə elə gəlir ki, onlar hələ də Ukrayna üzərindəki hava sahəsinə nəzarət etməlidirlər”.

“AzPolitika.info” xəbər verir ki, 2011-2018-ci illərdə Estoniya Müdafiə Qüvvələrinin komandanı olmuş Riho Terras “Azadlıq” radiosunu gürcü xidmətinə müsahibəsində bildirib.

General vurğulayıb ki, ABŞ, əgər istəsə, müharibəni çox tez bitirə bilər: “Rusiya müharibənin arxasında NATO-nun durduğunu deyir, ancaq NATO hələ gəlib çıxmayıb və onlar artıq uduzurlar. Məncə, bir-iki eskadron F-35 bu müharibəni bitirə bilərdi. Əlbəttə, mən mümkün nüvə təhlükəsini anlayıram. … Ancaq Çinin Rusiyanın nüvə silahı işlətməsini istəməməsi haqda dəyərləndirməylə razıyam. Çünki Çin üçün hazırkı durum, əslində, mümkün ən yaxşı vəziyyətdir. Onlar bu müharibədən pul qazana bilirlər, ancaq nüvə münaqişəsi istəməzdilər. Çünki Çin təkcə nüvə arsenalı üzrə dünya gücü sayılmır. Beləliklə də onlar kiçik qardaş olmaq istəmirlər və Çin, ya da heç olmasa, onun neytral qalması Rusiyaya lazımdır. Buna görə də ruslar üçün Çinin tərəf tutmaması vacibdir. … Nüvə münaqişəsi ehtimalının olduğunu düşünmürəm. Ancaq Rusiyanın bu dəli hökuməti ilə həmişə bir qədər ehtimal var”.
Ətraflı

Rusiyanın NATO ərazisinə hücum etməsi ehtimalı haqda suala cavab verən Terras belə deyib: “Rusiyanın beş fərqli istiqamətdən Ukraynaya hücum edəcək qədər intihara meylli olduğunu da heç kim düşünmürdü. Rusiyanın bəlkə şərqi Ukraynadan, bəlkə Xersondan içəri girə biləcəyinə inananlar var idi. Ancaq adamlar – yəni oxuya, yaza və hesablaya bilən hər kəs tamamilə əmin idilər ki, Rusiya Kiyevə hücum etməyəcək. Ancaq etdi. Beləliklə, sual odur ki, onlar nə qədər uzağa gedəcəklər. Çünki məntiqlə, əgər siz hücum edən Rusiya qüvvələrinin halına baxsaydınız, istənilən hərbi təhlilçi deyərdi: “Məntiqli deyil, mümkün deyil, Rusiya bunu etməyəcək”. Ancaq etdi”.

Terras yada salır ki, Rusiya ukraynalıların “azad olunmalarını” bayram etməyə hazır olmasının xəyalını qurmuşdu: “Putinin ətrafındakı FSB xuntası …elə bir oyun oynadı ki, guya ukraynalılar Rusiya qüvvələrinin onları azad etməsini arzulayır. Kiyevdə buna bənzər bir şeyin baş vermədiyini görəndə isə çox təəccübləndilər. …Bu, Putin üçün əsl sürpriz idi. Məndə tez-tez belə bir hiss yaranır ki, onlar Putinə real təhlillər vermirlər. Onlar ona yarınmağa və təhlillərin onun ideyalarını dəstəkləməsinə çalışırlar. Əlbəttə, bu da çaşdırıcıdır və bu gün Ukrayna ordusunun hətta Rusiya ordusu ilə müqayisədə Avropanın ən güclü ordusu olduğunu görürük. Ona görə də Ukrayna ordusunu döyüş tank və təyyarələri kimi hücum silahları ilə təchiz etməliyik ki, ərazilərini işğaldan azad edə bilsinlər”.

Ukraynanın qələbə qazanacağına əmin olan Terras bunun necə baş verəcəyi haqda da danışıb: “…Düşünürəm ki, növbəti məqsəd Melitopol (Rusiyanın nəzarətində olan Zaporojye regionunun ikinci ən böyük şəhəri) olmalıdır və ya ola bilər. İkincisi, ukraynalılar vilayət mərkəzlərini və məncə, Donetsk və Luhanskı götürə bilərlər. Xüsusilə də Donetsk yaxşı qələbə olardı. Bu onlar üçün yeni bir Xerson, fevralın 24-dək mövcud sərhəddən də o yana getmək demək olardı. Bu "Biz təkcə fevraldan bəri bizdən alınanları götürməyəcəyik, bununla kifayətlənməyəcəyik. Hər şeyi geri almaq istəyirik” mesajı verərdi”.

Dünyapress TV

Xəbər lenti