Ardını oxu...
Ermənistan ordusu və Qarabağdakı qanunsuz silahlı dəstələr hərbi təxribatlarını davam etdirməkdədirlər. İyulun 8-i saat 23:40-dan iyulun 9-u saat 06:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca və Zərkənd, Aqaraq rayonunun Karçevan yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Bəzirxana və Dəmirçidam, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Kilit yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib ki, iyulun 8-i saat 22:35-dən 23:10-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Şuşa və Kəlbəcər rayonları istiqamətlərində yerləşən mövqeləri də atəşə tutulub. Bölmələrimiz tərəfindən bu istiqamətlərdə cavab tədbirləri görülüb.

“Bundan əlavə, Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopterlər Ordumuzun Naxçıvan Muxtar Respublikası və Laçın rayonu ərazilərində yerləşən mövqeləri, qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter isə Xocavənd rayonu Tağaverd kəndi istiqamətində yerləşən bölmələrimizin mövqeləri üzərində kəşfiyyat xarakterli uçuşlar aparmağa cəhd göstərib. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində mövqelərimiz üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən kvadrokopterlərin fəaliyyətinin qarşısı alınıb”, - deyə nazirliyin məlumatında qeyd edilib.

Bildirilib ki, eyni zamanda, mühəndis texnikasının cəlb olunması ilə müxtəlif istiqamətlərdə təminat yollarının genişləndirilməsi, səngərlərin qazılması, sığınacaqların hazırlanması, eləcə də döyüş mövqelərinə müşahidə kameralarının quraşdırılmasına cəhd edən qeyri-qanuni erməni silahlı dəstələrinin fəaliyyəti bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində dayandırılıb.

TEREF.AZ-ın məlumatına görə, sülh danışıqlarının intensivləşdiyi zamanda Ermənistanın təxribatlarda məqsədinin zaman qazanmaq olduğunu, sülhdən yayınma siyasətini apardığını deyən hərbi ekspert Elxan Şıxəliyev AYNA-ya bildirib ki, siyasilərin sülh danışıqlarında nəticə olmayanda silahlar işə düşür:

-Siyasi nəticə olmayanda hərbçilər məsələlərə aydınlıq gətirirlər. Siyasilərin görüşlərindən, danışıqlarından sonra Ermənistan təxribatlar törədərək sülh sazişinin imzalanmasında maraqlı olmadığını nümayiş etdirir. Təxribatlarla İrəvan göstərmək istəyir ki, gərginlik var, belə vəziyyətdə sülh sazişinin imzalanması mümkün deyil. Azərbaycanı günahlandırırlar ki, guya Bakı sülhü imzalamamaq üçün gərginliyi artırır. Əslində şərti sərhəddə və Qarabağda təxribatlar törədirlər və Azərbaycanı cavab atəşinə təhrik edirlər. Ermənistan sülh sazişinə gedən yolu bağlamağa çalışır. Bu siyasətləri də hesab edirəm ki, davam edəcək.

- Növbəti Brüssel danışıqlarına bu gərginliyin təsirləri olacaqmı?

- Təbii ki, İrəvanın məqsədi də məhz budur. Hər zaman sülh danışıqları istiqamətində görüşlər öncəsi Ermənistan elə vəziyyət yaradır ki, vasitəçilərə Azərbaycanın guya sülhə hazır olmadığını desinlər. Faktiki olaraq, rəsmi İrəvan zaman uzatmağa, vaxt qazanmağa çalışır. Bu təxribatlarda məqsəd məhz budur. Düşünürəm ki, bu təxribatları bundan sonra da davam etdirəcəklər. Ən azı ilin sonunadək Ermənistanın sülh sazişini imzalayacağını gözləmək sadəlövhlükdür. Diqqət edin, Qarabağla bağlı ermənilər revanşist bəyanatlar verirlər, döyüşəcəklərini deyirlər və s. Separatçı rejimi həm Ermənistanda, həm dəı havadar ölkələrindəki ermənilər tərəfindən cəsarətləndirmə tədbirləri görülür. Yəni ki, bölgədə hərbi gərginliyi artırmağa daha çox meyillidirlər, nəinki sülhə.

- Azərbaycan hansı addımları atmalıdır?

- Azərbaycan təxribatlara sözsüz ki, cavab verməlidir, verir. Bölmələrimizin ermənilərin təxribatına yalnız taktiki cavab verməsi ən doğru olandır. Təbii ki, təxribatların qarşısını almaq üçün Azərbaycan Ordusu adekvat tədbirlər görməyə davam edəcək. Nəzərə almaq lazımdır ki, Ermənistan mütəmadi olaraq atəşkəsi pozmaqla toqquşmanın miqyasını böyütmək istəyir. Atəşkəsin pozulması, böyükmiqyaslı hərbi əməliyyatlar Ermənistan tərəfinə sərf edir. Qarşı tərəf elə bizi məhz buna sürükləmək istəyir. Azərbaycan doğru olan siyasətini davam etdirməlidir, təxribatlara getməməlidir. Yenə deyirəm, adekvat cavab verilməlidir, hansı ki, bu addımlar atılır.
 
 
 

Ardını oxu...
Neyrocərrah Dr. Tural Hidayətov ittihamlara cavab verdi -
“Baku Medical Plaza” xəstəxanasının uzman neyrocərrahı Dr. Tural Hidayətovla bağlı sosial mediada ittiham yayılıb. Xəstə yaxını həkimin etdiyi əməliyyat nəticəsində atasının iflic olduğunu iddia edir.

Məsələ ilə bağlı “Qafqazinfo”ya müsahibə verən Tural Hidayətov ittihamlara dair suallarımızı cavablandırıb.

-Tural həkim, bir xəstə yaxını atasını iflic etdiyinizi yazıb. İstərdik bu məsələyə aydınlıq gətirəsiniz. Həmin şəxsdə hansı xəstəlik vardı?

-Söhbət 67 yaşlı pasiyentim Knyaz Eminovdan gedir. Müayinə nəticəsində tromboz olmuş böyük ölçülü “MCA M1” seqmenti (orta beyin arteriyası) anevrizması (damar balonu), sağ gicgah payında ödəm və ödəmə bağlı epileptik tutma aşkar olundu. İyunun 25-də xəstəxanaya yatışı qeydə alındı. Sabahı gün əməliyyat etdik.

-Hansı əməliyyatı icra etdiniz?

- Kraniotomiya- mikrocərrahi üsulla anevrizmanın kliplənməsi əməliyyatını.

-Əməliyyat necə keçdi?

-Əməliyyat fəsadsız keçdi.

-Bəs sonra hansı fəsad yarandı?

-Əməliyyatdan sonra xəstədə hemiparez (sağ tərəfin qüvvətsizliyi) formalaşdı. Səbəbi əməliyyat sırasında görülməyən millimetrik damarların (lentikulostriat arteriyalar) tromboz ve ya spazma getməsidir. Bu növ anevrizmalarda (böyük ölçülü tromboze MCA anevrizmaları) bu cür infarktlar yarana bilər. Yəni belə bir risk var. Ancaq əksər hallarda fizioterapiya ilə 3-6 ay ərzində bərpa olurlar.

-Xəstə yaxını bu fəsadın yaranmasında sizi ittiham edir. Bu haqda nə deyərdiniz?

-Təbii ki, əsassız bir ittihamdır! Xəstədə bu fəsad yarananda yaxınları bizə müraciət etmədən bu cür əsassız ittihamlar irəli sürməyə başladılar. Halbuki müraciət etsəydilər, onlara da ətraflı izah edə bilərdik. Belə bir risk vardı və təəssüf ki, baş verdi. Yəni xəstənin iflic olmasında həkimi təqsirləndirmək yanlış və haqsızlıqdır. Bu, həkim xətası deyil.

–Əməliyyatdan öncə belə bir fəsadın baş vermə riski haqqında xəstə və yaxınlarına məlumat vermişdiniz?

-Əlbəttə ki! Bilirdilər. İflic, koma, hətta ölüm riskləri barədə yazılı məlumat da verilib. Xəstə və yaxınları həmin məlumatları oxuyaraq imzalayıblar.

-Xəstə əməliyyat üçün ödəniş etmişdi?

-Xəstə yalnız xəstəxana xərcləri üçün ödəniş edib. İki həmkarlarımın yaxın qohumu olduğu üçün əməliyyatı pulsuz icra etmişəm. Fakturalarla bunu əsaslandıra bilərik.

-Xəstə yaxını xəstəxananın bacısını təhdid etdiyini də iddia edir.

-Xəstə yaxınlarından biri bizim xəstəxanada tibb bacısı vəzifəsində çalışır. Guya bizim rəhbərlik onu işdən çıxarmaqla təhdid edib. Əlbəttə ki, bu yalan məlumatdır. Xəstə üçün beynəlxalq protokola uyğun doğru əməliyyat icra olunub. Lakin qeyd etdiyim kimi belə bir əməliyyatda bu cür risklər vardı. Xəstə və yaxınları bunu bilirdi. Xəstəlik və əməliyyatla bağlı foto və videoları da təqdim edirik.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, tanınmış aparıcı Zamirə Dadaşova uzun illərdir çalışdığı Space TV-dən ayrılıb. Bu barədə sosial media hesabında yazan aparıcı ona qarşı qanunsuzluq edildiyini, verilişinin səbəbsiz bağlandığı, ixtisara salındığını bildirib.

Musavat.com Zamirə Dadaşova ilə əlaqə saxlayaraq işdən ayrılma səbəbləri, haqqında səslənən iddialarla bağlı məqamlara aydınlıq gətirib.

TEREF.AZ həmin müsahibəni təqdim edir:

-Zamirə xanım, bir neçə ay öncə işdən ayrıldığınızı açıqladınız. İstərdim ilk növbədə bunun səbəbini deyəsiniz. “Space”dən niyə çıxdınız?

- Vodo Korovin gələndə “Space”in köhnə kollektivini işdən azad etməyə başladılar. Mən də soruşdum ki, əgər mənimlə işləmək istəmirsinizsə, ərizəmi yazım, gedim. Dedilər ki, verilişiniz gözəldir, çəkilişləri davam edə bilərsiniz (red:“Açıq söhbət”). Komanda ilə birgə 4 veriliş çəkdik. Müharibə və əmək veteranı Fatma Səttarova ilə çəkdiyimiz verilişin anonsu getmişdi, axşam saat 21.00-da efirə verilməli idi, lakin veriliş verilmədi. Heç nədən xəbərim yox idi. Məlum oldu ki, veriliş bağlanıb. Bu mənə yox, Fatma xanıma hörmətsizlik idi. O yaşda qadını pavilyona gətirtdik, neçə saat çəkiliş oldu, müvafiq təsdiqləmədən keçdi. Fatma xanım özü zəng etdikdən sonra veriliş efirə verildi. Digər verilişlər isə verilmədi. Mən də etiraz olaraq ərizə yazmayacağımı bildirdim. Dedilər ki, ixtisara düşmüşəm. Bu barədə xəbərdarlıq məktubu verdilər. 2 aydan sonra ərizə yazmasaydım, işimə xitam veriləcəkdi. Mənim onsuz da ərizə yazmaq fikrim yox idi. İxtisara düşən şəxs niyə ərizə yazmalıdır? 2 ayın tamamında həyat yoldaşım kanalın insan resursları şöbəsi ilə əlaqə saxlayıb dedi ki, əmək kitabçasını hazırlayın, gəlib götürəcəyik. Kanaldan dedilər ki, sizinlə əlaqə saxlayacağıq. Mənə mesaj göndərdilər ki, gəlin, işdən çıxmağınız haqqında ərizə yazın. Etiraz etdim ki, ixtisara düşmüşümsə, niyə öz istəyimlə işdən çıxmağıma dair ərizə yazmalıyam? Dedilər ki, iyulun 3-nə kimi əmək haqqımı verəcəklər. Mənim maaşla bağlı heç bir iddiam yoxdur. Hər kəs bilir ki, “Space”in ən pis vaxtlarında belə mən də daxil olmaqla, bir çox əməkdaş işdən ayrılmayıb. Maaşsız işləmişik.

-İşə gəlmədiyiniz üçün çıxarıldığınız bildirilir.

-Əgər mən ixtisara düşmüşəmsə, verilişim bağlanıbsa, işə niyə getməliyəm? Vodo Korovinin imzası ilə xəbərdarlıq göndərildikdən sonra fikir dəyişmək nə deməkdir? Məsələ ictimailəşdikdən sonra deyiblər ki, yoldaşım gedib sənədləri götürməyə. Hər yerdə kamera var, zəhmət olmasa, sübut etsinlər. Yoldaşım zəng edib ki, sənədləri hazırlayın, gəlib götürəcəyik. Telefon danışıqları da var. Özbaşınalıqdı?

-Sponsoru təşkilati dəstəkçi kimi təqdim etməyinizlə bağlı nə deyə bilərsiniz?

-Savadsızdırlar. Şirkət bəllidir, getsinlər, araşdırsınlar. Məndə səs yazıları, faktlar var. Əgər qanunsuzluq var idisə, niyə daha əvvəl görmürdülər? Kanalın işçiləri 5 manat itirməsinlər deyə öz sosial media səhifələrində statuslar yazırlar. Bəlkə də özləri də iyrənirlər yazdıqlarından...Yazıqdırlar. Sabah Vodo Korovin və digərləri orada olmayacaq, amma o insanlarla mən üz-üzə gələcəyəm. Ayıbdır! Mən “Space”dən maaş, əlavə pul və s. istəmirəm. Sadəcə əmək kitabçamı istəyirəm. Vodo Korovinin adına rəsmi məktub da göndərmişəm.

-Sizcə, sizi uzaqlaşdırmaqda əsl məqsəd nədir?

-Görünən dağa bələdçi lazım deyil. Efirdə gedən verilişlər bəllidir. Onlar qorxurlar ki, məhkəməyə müraciət edərəm. Mənə edilən hörmətsizlik aşkardır. Ziyalıların mənim verilişim, şəxsən mənim haqqımda dedikləri bəllidir. “Space”ə səviyyəli veriliş lazım deyil. Bu gün verilişlərin səviyyəsi, kanalın vəziyyəti göz önündədir. Deyilənə görə, maaşlar gecikdirilir.

-Siz Space Tv-də 17 il çalışmışınız. Kanalın ən çətin vaxtlarında belə işdən ayrılmadınız.

-Mən işimi sevmişəm. Kanaldan-kanala gəzməklə aram olmayıb. Həm də mənim iş qrafikim ürəyimcə idi. İşim bitəndə dəhlizləri gəzmirdim, evimə gəlib, övladlarıma zaman ayırırdım. Məvacibim yüksək deyildi, amma məni qane edirdi. Mən pula görə işləməmişəm. Pula görə yaltaqlıq etmərəm. İşimi itirməyim deyə heç kimin qarşısında əyilmərəm. Kanalda hər zaman qalmaqallar olub. Çağırıblar, deyiblər ki, filan kəs haqqında pis danış. Mən birbaşa rəhbərliyə demişəm ki, belə məsələlərə qarışmıram. Mənəviyyatsızdırlar! Bu gün bir rəhbərin ayağının altında qalan, sabah başqa rəhbərin ayağının altında qalar. Mən isə hər zaman başda qalacağam.

-Uzun illər Vaqif Mustafayevin rəhbərliyi altında çalışdınız. Onun fəaliyyəti sizi qane edirdimi?

-Gedənin arxasınca danışmağı sevmirəm. Müəyyən problemlər yaşasaq da, ölkədə tanınmış şəxs idi. Rejissor kimi onun fəaliyyəti danılmazdır. Kaş, “Space”ə rəhbər gəlməzdi. Görsəm, üzünə də deyərəm. İdarəetmə tamam başqa sahədir.

-Müşfiq Hətəmovun rəhbərliyi dövründə kanalın fəaliyyəti qanedici olmağa başlamışdı. Siz uzun illər orada çalışan aparıcı kimi bu dəyişikliyi necə hiss edirdiniz?

-Hər kəs bilirdi ki, “Space” borc içində idi. Müşfiq müəllim bütün borcları bağlamağı bacardı. Məvaciblərimizi vaxtı-vaxtında almağa başlamışdıq. İşçilərin mənafeyini də qoruyurdu. Onun getməsini istəməzdim. Cəmi bir il ərzində illərlə yığılmış borcları bağlamağı bacarmışdısa, “Space” daha uğurlu kanal ola bilərdi.

-Bəs Müşfiq Hətəmov kanaldan niyə ayrıldı?

-Bu barədə heç nə deyə bilmərəm. Bir gün eşitdik ki, Müşfiq müəllimin yerinə Vodo Korovin gəlir. Mən onu ancaq KVN-dən tanıyırdım. Adi tanışlıq oldu. Onu Müşfiq müəllim təqdim etdi.

-Vodo Korovinin sizə münasibəti necə idi?

-Şəxsi ünsiyyətimiz olmayıb. Mən ümumiyyətlə, heç vaxt rəhbərliklə ünsiyyəti sevməmişəm.

- İş təklifləri varmı? Harada çalışmağı düşünürsünüz?

-Bir neçə təklif var. Çox güman ki, elə bu verilişlə davam edəcəyəm çünki bu mənim müəllif verilişimdir. Hələ ki, açıqlama vermək istəmirəm.
 

Ardını oxu...
ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Ermənistan Baş naziri Nikol Paşinyan həm Zəngəzur dəhlizi ilə bağlı öhdəlik götürmədiyini iddia edir, həm də deyir ki, sülh müqaviləsinin mətni imzalaması üçün hazır deyil. Vəziyyət belədirsə, proses hansı istiqamətə dönə bilər?

- Ermənistan tərəfindən Zəngəzur dəhlizi ilə bağlı manipulyasiyalar davam edir. Çünki 10 noyabr sazişində “kommunikasiyaların qarşılıqlı açılması” ifadəsi yer alıb. Sənəddə sadəcə “Zəngəzur dəhlizi” sözü yoxdur. Amma kommunikasiyaların açılması məsələsi var. Paşinyan və komandası da söz oyununa gedərək, orada belə yazılmadığını deyərək, bundan bəhanə kimi istifadə edirlər. Bu cığallıqdır. Ermənistan Azərbaycanla Naxçıvan bölgəsi arasında kommunikasiyaların açılması öhdəliyi götürüb. İndi boyun qaçırmağa çalışırlar, amma bəhanələrə yer yoxdur. Azərbaycanın hüquqi və siyasi mövqeyi daha güclüdür. Beynəlxalq güclərin mövqeyində də Azərbaycanın bu məsələdə haqlı olduğunu ehtiva edən məqamlar var.

Avropa Birliyi ölkələrindən, ABŞ və hətta Rusiyadan da bölgədə kommunikasiyaların açılmasının önəmi dəfələrlə vurğulanıb. Ona görə də, Azərbaycanın mövqeyinin daha güclü olduğunu düşünürəm. Sadəcə Ermənistan “Zəngəzur” və “dəhliz” ifadələrinin yer aldığı müqavilədən qaçmağa çalışır. Dərin getsək, heç bunların Azərbaycan üçün əhəmiyyəti də yoxdur. Çünki Naxçıvana gedən yolda hansısa problem yaranacaqsa, Azərbaycan “güzgü effekti” ilə eyni problemləri Laçın yolunda yarada bilər. Belə bir duruma qarşı Azərbaycanın üstünlükləri və imkanları genişdir.

Sülh müqaviləsinə gəlincə, bu prosesin uzanmasının səbəbləri bəllidir. Səbəbləri təkcə Ermənistanla bağlı deyil, Rusiya “problemləri həll edən yeganə mərkəz” rolundan çəkilmək istəmir. Rusiya Brüssel və Vaşinqtonda əldə edilmiş irəliləyişləri baltalamaqla məşğuldur. Yaxınlarda ABŞ-ın Ermənistandakı səfirinin yaxşı bir açıqlaması oldu. O, Xankəndi və ətrafında yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasının vacibliyindən danışdı. Bu da Ermənistanda səs-küyə və etirazlara səbəb oldu. ABŞ-ın məqsədi tezliklə sülhün bərqərar olması, Xankəndi və ətrafında yaşayan ermənilərin Azərbaycana reinteqrasiyasına nail olmaqdır. Rusiya isə bunu istəmir. Çünki belə bir şey baş versə, Rusiyanın oradakı sülhməramlılarının gələcək fəaliyyəti sual altında qalacaq.

Ermənistan isə israr edir ki, Xankəndi və ətrafı ilə bağlı məsələ sülh müqaviləsində yer alsın. Ermənistan bu israrı ilə prosesi uzatmağa çalışır. Ona görə də, böyük sülh sazişi olmasa da, il ərzində bunun imzalanmasına zəmin yaradacaq başqa protokollar ola bilər. Bunlardan biri ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması protokolu ola bilər. Artıq bu, Azərbaycan və Ermənistan tərəfindən sözdə bəyan edilib. Kommunikasiyaların maneəsiz açılması, sərhədlərin delimitasiya-demarkasiyası ilə bağlı protokollar ola bilər. Yəni müxtəlif protokolların imzalanması mümkündür ki, bunlar da böyük sülh sazişinin onurğa sütununu təşkil edəcək.

- Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinə zəng edərək, Qarabağ və Laçın yolunu müzakirə edib. Sizcə, onu indiki məqamda Rusiya liderinə zəng etməyə vadar edən nədir?

- Paşinyan və komandası uzun zaman Rusiyaya Qərbdən, Qərbdən də Rusiyaya şikayət etməklə, bir primitiv siyasi oyun qurmağa çalışırdı. Artıq bu ifşa olub. Qərb anlayır ki, bunlar bəhanələrdir, buna görə də mövqeyi sərtləşib. Rusiya da başa düşür ki, Paşinyanın dedikləri uydurma və bəhanədir, Qərbə meylliliyi hiss olunur. İndi Paşinyan görür ki, formal olsa da, hazırda bölgədə varlığını sürdürən Rusiyadır. Paşinyan Qarabağ ermənilərinin bəzi istək və gözləntilərini Putinə çatdırmaq yoluyla “onları qoruyan qüvvə”yə çevrilmək istəyir. Şikayəti də ondan ibarətdir ki, Azərbaycan addım-addım Xankəndi və ətrafında öz konstitusion hüquqlarını bərpa edir. Nə Ermənistan, nə də qondarma rejim buna mane ola bilir.

Ermənistan Rusiya vasitəsilə bu prosesə mane olmağa çalışır. Buna görə də Rusiyanı daha aktiv rol almağa çağırırlar. Ermənistanın daha böyük istəyi budur ki, “Qarabağ problemi”ni üzərindən atsın və bu, Rusiya ilə Azərbaycan arasında bir “problem”ə çevrilsin. Son zamanlarda Ermənistan tərəfindən atılan addımların məntiqi bunu deməyə əsas verir.

- Azərbaycan ordusunun Xankəndi və ətrafında hərbi əməliyyatlara başlayacağı ilə bağlı həm bizim, həm də Ermənistan mediasında ciddi müzakirələr gedir. Separatçılar arasındakı təşviş və çaşqınlıq da diqqətdən yayınmır. Nə baş verir?

- Mən bu məsələ ilə bağlı bir az fərqli düşünürəm. İctimai rəydən bir az kənara çıxmağı təklif edirəm. Nədənsə bizə elə gəlir ki, bu antiterror əməliyyatları və ya hərbi əməliyyatlar genişmiqyaslı, minlərlə canlı qüvvə və texnikanın iştirakı ilə olmalıdır. Buna ehtiyac yoxdur. Zatən, Azərbaycan gündəlik rutin rejimdə və ya lazım gəldikdə, antiterror əməliyyatları aparır. Bu o demək deyil ki, 10 min əsgəri bir yerə yığıb”, “Ura” deyərək, hücuma keçməliyik. Azərbaycan öz ərazisində hava məkanına, yüksəkliklərə tam nəzarət edir. Eyni zamanda, lazım gəldikdə, separatçı rejimin quldur dəstə üzvlərini bir-bir sıradan çıxarırıq, bunu yaxınlarda da gördük. Yəni antiterror əməliyyatı gündəlik rutin şəklində davam edir. Bunu başqa formalarda bəyan etməyə ehtiyac yoxdur.

Hesab edirəm ki, bugünkü taktika düzgündür. Lazım gələndə addım-addım həm diplomatik, həm də hərbi gücdən istifadə edərək, antiterror əməliyyatlarını aparmaq lazımdır. Bu gün artıq bu baş verir. Ehtiyac yoxdur ki, bir-iki günün içində böyük qüvvə ilə əməliyyatlara başlayaraq, haqlı olduğumuz yerdə haqsız duruma düşək. Ermənilər Azərbaycanın onu çəkmək istədikləri təxribatlarına getməsini çox arzulayırlar. Bu durumda ermənilərin özləri mülki qırğınlar törədib bunu “soyqırımı” kimi dünyaya təqdim də edə bilərlər. Zatən, bunun alt qatını hazırlamağa çalışırlar, gecə-gündüz bu haqda danışırlar, beynəlxalq aləmdə bir rəy formalaşdırmağa səy göstərirlər. İndi Azərbaycan niyə onlara bunun üçün bəhanə verməlidir?

Zaman-zaman antiterror əməliyyatlarının aparılması və ermənilərin oradakı terrorçu dəstələrinin üzvlərinin zərərsizləşdirilməsi və ya ələ keçirilməsi daha işlək metoddur. Azərbaycan “Damokl qılıncı”nı onların başları üzərində hiss etdirməklə, addım-addım öz konstitusion hüquqlarını bərpa edə bilər və bu yolda da irəliləyir.

- Bəs xarici işlər nazirlərinin ABŞ-dakı danışıqlarda müəyyən irəliləyiş əldə etməsi fonunda liderlərin Brüsseldə baş tutacaq təmasları prosesin bu yöndəki axarına necə təsir göstərə bilər?

- Bayaq dediyim kimi, yaxın zamanlarda, ən azı il ərzində müəyyən protokollar imzalana bilər. Amma görünən budur ki, Rusiyanın qısqanclığı həddindən artıq çoxdur, ona görə də protokollar imzalanacaqsa, paralel əsaslarla olacaq. Yəni Vaşinqton və ya Brüsseldə hansısa sənəd imzalanacaqsa, Rusiyada da bəndlərlə bağlı hansısa protokol imzalana bilər. Rusiya “əsas moderator” olduğunu, bunu göstərməyə və əlindən buraxmamağa çalışır. Ona görə düşünürəm ki, Vaşinqton və Brüssellə yanaşı, Rusiya ərazisində də müəyyən protokolların imzalanması mümkündür.
 
Ardını oxu...
"Gənc Alimlər" təşkilatımızın üzvü Emin Mirzəli mediaya yeni müsahibə verib.
“Astaranın Gənc Alimlər” təşkilatının üzvü Emin Mirzəlidən Elxan Nəcəfova çağırış; bizi dəvət edin!

-Emin bəy, sonuncu dəfə mediaya 2 il öncə müsahibə vermişdiz. Astara və region təhsili barədə geniş danışacağıq, amma gəlin hazırda gündəmdə olan sertifikasiya ilə bağlı proqnozunuzu öyrənək. Şayiələrə görə sertifikasiya ləğv olacaq...

Nazirlikdə çalışmasam da, ləğv olunmayacağını dəqiq deyə bilərəm. Çünki bu, ümumi bir planın, strategiyanın nəticəsidir. Yəni, məsələyə, müəllimlərin ixtisar edilməsi və ümumiyyətlə dövlətdən maliyyələşənlərin azaldılması siyasətinin tərkib hissəsi kimi baxmaq lazımdır. Eynilə əlillərin sayı yarıbayarı azaldıldığı kimi, müəllimlərin də sayı, azı üçdə bir nisbətində azaldılacaq. Hətta həkimlərlə bağlı da, biz “Gənc Alimlər”, eyni prosesi gözləyirik. Proses tamamlananda isə sözügedən nazirlər istefaya göndəriləcək.

-Bəs, hazırki sertifikasiya təsnifatladırması ədalətlidirmi sizcə?

Təbii ki xeyr. Fikrimcə, sertifikasiya dərəcələrində, təsnifatlaşmada dəyişiklər olacaq. Yəni, təxmini olaraq, 30-39 bal yığan, məsələn 20 faiz artım alacaq, 40-49 bal yığan 25 faiz, 50 bal yığan da hazırki kimi, 35 faiz.

-Emin bəy, çalışdığınız “Gənc Alimlər” təşkilatı Astara təhsilində ciddi dəyişiklikləri və Təhsil müdiri Rəşad Həsənovun gedişini proqnozlaşdırmışdı. Proqnozunuz özünü doğrultdu...

Bəli, astaralılar və mediamız şahiddir ki, biz hələ aylar öncəsindən, yəni “Regionallar” yaranmamışdan əvvəl, Astara təhsilində ciddi olaylar yaşanacağını, Rəşad Həsənovun qovulacağını və hətta həbs olunacağını demişdik. Gördüyünüz kimi, o öncə həbs olundu, sonra da biabırsızca təhsildən qovuldu.

-Bəs sizcə yeni strukturun formalaşması və Lənkəran-Astara Regional Təhsil İdarəsinin yaranması ilə Astara və ümumilikdə region təhsili üçün hansı müsbət dəyişiklər əlamətdar oldu?

Bizim əlimizdəki faktlar və müşahidələr göstərir ki, bəzi müsbət dəyişiklər olsa da, ümumilikdə region təhsili üçün durum kəskin dəyişməyib. Elə rayonumuzu götürək; Astarada təbii ki, artıq alimlərlə, ziyalılarla müharibədə olan, onları təhdid edən, saxta profillərdən onlara söyüş yazan bir Rəşad Həsənov siması, artıq yoxdur. Lakin, əvəzində, trollar vasitəsilə qruplarda tənqidçilərini sabotaj edən, yazılan şikayətləri ört-basdır etməyə çalışan bir Elxan Nəcəfov simasını qarşımızda görürük. Məsələn, bir nümunə deyim. Rabil Abdinov adlı əcaib bir trol tipi var. Nə zaman təhsillə bağlı qruplarda bir tənqid yazılısa, şikayət bildirilsə, dərhal cin vurmuş dəli kimi ortaya atılıb, şikayəti sabotaj etməyə, şikayətçini gözdən salmağa çalışır. Muzdlu ya da muzdsuz fəaliyyət göstərən bu cür rəzil ünsürlər, əslində Elxan Nəcəfova kömək etməkdən çox, onu daha da gözdən salırlar. Çünki hamı cənub təhsilindəki böhranlı durumu birbaşa gözüylə görüb, yaşayır, bunu inkar etmək isə ikrah doğurur.

-Emin bəy, yeri gəlmişkən, kənardan baxanda Eıxan Nəcəfov əvvəllər sakit, başıaşağı bir profil cızırdı. Sonra isə birdən-birə qəribə bir açıqlama ilə çıxış edərək, kimlərisə məhkəmə ilə cəzalandırmağından bəhs etdi ya da kimlərəsə xəbərdarlıq etdi...

Bəli, bu ilin əvvəlində, Lənkəran-Astara Region Təhsil idarəsi tərəfindən verilən açıqlama, gözlənilməz idi. O bəyənatda, guya quruma böhtan atan kiminsə, məhkəmə yoluyla cəzalandırılmağından bəhs olunurdu, lakin bunun, tənqidçilərə təhdid mesajı olduğu gün kimi aydın idi. Guya kimlərsə saxta profillərdən quruma böhtan atırlar, kimliyini gizlədirlər və s. Elxan bəy, savadlı adamdır, ən birinci o bunu yaxşı bilməlidir ki, hansısa müəllim, təhdidlərdən çəkinib, başqa adla və ya adsız olaraq, hansısa məktəbdə problemi gündəmə gətirirsə, yəni öz kimliyini açıqlaya bilmirsə, bu, elə Elxan Nəcəfovun böhranı, problemidir!

-Çox qəribədir ki, bu gün regionalın, hətta hansısa direktorun fəaliyyətini tənqid etmək, Təhsil nazirini tənqid etməkdən daha çətindir...

Eynilə! Təsəvvür edin, Astarada heç bir məktəbdə hansısa müəllim, direktorun fəaliyyətini tənqid edə, çatışmazlıqlarını dilə gətirə bilmir. Edəndə artıq direktor ona müharibə açır!

-Emin bəy, yer gəlmişkən, feysbuk qruplarında Astara 6 saylı məktəbdə baş verənlər gündəmə gəlməkdədir. Bunlar artıq medianın da gündəminə düşməkdədir. “Astaranın Gənc Alimləri” bu barədə nə düşünür?

Astara şəhər 6 saylı məktəbdə direktor Ülviyyə Bayramovanın qanunsuzluqları ilə bağlı hazırda aşkara çıxanlar, əslində yeni deyil. Hələ 2020-ci ildə “Təhsil Araşdırmalar Mərkəzi”nin hesabatında, “zavuç” işləyərəkən onun hansı qanunsuzluqlara yol verdiyi yazılmışdı. Onunla əməkdaşlar söhbət aparmışdılar və o, şagirdin bullinq prosesində iştirak etdiyini etiraf etmişdi! Həmin səsyazını əldə etmişik və yaxın zamanlarda rəsmi olaraq mediaya təqdim edəcəyik.

-Yeri gəlmişkən, Ülviyyə Bayramova hansısa “hami”lərinə güvənir. Konkret olaraq, deputat Etibar Əliyevin adı çəkilir. Astarada tədbirdə olarkən deputatın onu Elxan Nəcəfova tapşırdığı deyilir. Özü də hamının hüzurunda. Bir neçə gün öncə jurnalist həmkarımız, feysbukda Etibar Əliyevə bu barədə sual verib, amma o, bunu qəti inkar edib. Qısa bir müddət sonra isə deputat söhbəti silib...

Fikrimcə, media, bu işin axırına qədər getməlidir! Əgər doğrudan da deputat belə bir yaramaz direktora arxa çıxmırsa, nəyə görə sonradan yazışmanı silib?...

-Emin bəy, sonda Regional Təhsil müdiri Elxan Nəcəfova hansısa sözünüz var?

Media vasitəsilə, Elxan bəyə müraciət edirik; cənab Elxan Nəcəfov, zəhmət olmasa bizi, “Gənc Alimlər”i “Regional”a çağırın, gələk, üzbəüz faktları təqdim edək, aydınlaşdıraq. Əgər biz haqsızıqsa, onda birdəfəlik fəaliyyətimizi dayandırmağa hazırıq, yox əgər siz haqsızsızsa onda istefa verin, gedin. Onsuz da qanunsuzluqlar barədə dosyalar, enerji kimidir; itmir, sadəcə olaraq yer dəyişdirir, yəni zamanını gözləyir. Məsələn, bizə, Astara təhsil sektorunun məsləhətçisi Elçin Mirzəzadə barədə konkret cinayət dosyaları göndərilib. Sakinlər bizdən tələb edir ki, onun işinə baxaq. Hətta, şəbəkələrdə yayılan videolardan da görünür ki, sakinlər artıq özləri bu adamın cəzasını verməyə qalxırlar. Namus məsələsində görə onun döyülmə videosundan hər kəs xəbərdardır. Onlar deyirlər ki, Elxan bəy bizə bu yaramaz adamı savadına görə işdə saxladığını söyləyir. Hansı ki, bu adamda nə varsa da dəqiq savad yoxdur. Elxan bəy, görəsən savadı hansı meyarla ölçür... Bu adamın profilinə baxanda, azərbaycan dilində yaza bilmədiyi açıqca görünür...

Bir sözlə, Elxab bəy düşünür ki, heç kimin onun əməllərimi görmür, lakin yanılır! Biz “yığırıq” və zamanı gözləyirik.

Emin bəy, Elxan bəylə bağlı proqnozunuz nədir?

Proqnozum budur ki, yaxın zamanda Elxan bəy, ya dramatik şəkildə ifşa olacaq ya da istefa veməyə məcbur qalacaq. Nəticədə özü istefa verməsə də, məcburən çıxardacaqlar! Yaşayarıq görərik.
Teref.az
 
Ardını oxu...
Rusiya propoqandasının Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanının ağır yaralandığı barədə xəbərlər yaydıqdan sonra general Valeriy Zalujnı ilk dəfə “The Washington Post” qəzetinə geniş müsahibə verib. General deyib ki, Qərbdə Ukrayna ordusunun irəliləyişinin gözlənildiyindən daha yavaş olması ilə bağlı şərhlər onu qıcıqlandırıb.

Zalujnının sözlərinə görə, Ukrayna ordusu hava üstünlüyü və bir sıra zəruri silah növlərinin olmamasına baxmayaraq, irəliləyir. General vurğulayıb ki, qoşunlar cəmi 500 metr olsa belə, hər gün irəliləyir.

"Bu, bütün dünyanın baxdığı, mərc etdiyi və ya buna bənzər bir şou deyil. Hər metr qanla alınır", - Zalujnı əlavə edib.

Onun sözlərinə görə, planlaşdırılan performans planları yerinə yetirilir: “Bəlkə şou iştirakçılarının, müşahidəçilərin istədiyi qədər sürətli deyil, amma bu, onların problemidir”.

Eyni zamanda, Ukraynanın baş komandanı yenidən NATO ölkələrini Ukraynaya tez bir zamanda qırıcı təyyarələr verməyə çağırıb. O, NATO hərbçilərinin bu təşkilatın doktrinasına uyğun olaraq hava üstünlüyü olmadan hücuma keçməyəcəyini qeyd edib və bir daha Ukraynanın F-16 kimi qırıcılara ehtiyacı olduğunu vurğulayıb. Komandan hesab edir ki, təyyarəsiz döyüş odlu silahlara qarşı ox və yayla çıxmaq kimidir. Zalujnı deyib ki, hava üstünlüyü olmadan hətta “Leopard” kimi müasir tanklar da döyüş meydanında hədəfə çevrilir. O, bu döyüş maşınlarından bir neçəsinin məhv edildiyini etiraf edib.
Ətraflı

Zalujnı həmçinin bildirib ki, “Vaqner” üsyanı cəbhədəki döyüşlərə heç bir təsir göstərməyib - Ukrayna hərbçiləri rus qoşunlarının müqavimətinin zəifləməsini hiss etməyiblər. O, Moskvanın nüvə təhdidlərinə də münasibət bildirib və deyib ki, onlar Ukraynanın hücumunu dayandırmayacaqlar.

Ukrayna hərbçiləri iyunun əvvəlindən cəbhənin müxtəlif sektorlarında hücum əməliyyatlarına başlayıb. Son bir neçə həftə ərzində onlar məhdud irəliləyişə nail olub, 10-a yaxın yaşayış məntəqəsini azad ediblər, lakin Rusiya müdafiəsini yarıb keçə bilməyiblər. Analitiklərin fikrincə və Ukrayna Müdafiə nazirinin sözlərinə görə, hücumun əsas zərbəsi hələ də vurulmayıb.

Bir sıra NATO ölkələri F-16-ları Ukraynaya təhvil verməyə hazır olduqlarını bəyan ediblər, lakin bununla bağlı konkret qərarlar hələ qəbul edilməyib.

Rusiyada mayın əvvəlindən Zalujnının ya ağır yaralandığı, ya da öldürüldüyü barədə xəbərlər yayılıb. Bu cür xəbərləri RİA Novosti dövlət agentliyi də yayıb. Bundan sonra Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı ilə bir neçə video yayılsa da, Rusiya mediası və “Teleqram” kanalları onun ağır yaralandığını və vəzifəsindən kənarlaşdığını iddia etməkdə davam edirdilər.

İyunun ortalarında hərbi bloqerlər və müxbirlərlə görüşdə Rusiya Prezidenti Vladimir Putin Zalujnı haqqında suala cavab verərkən deyib ki, o, Ukrayna komandanının “xaricdə” olduğunu eşidib. Bundan sonra Zalujnının iştirakı ilə daha bir neçə video yayımlanıb. O, iyunun 28-də Kiyevdə “The Washington Post” qəzetinə müsahibə verib.

“AzPolitika.info”
 
 
 

Ardını oxu...
 
Xəbəri Paylaş
 
 
 

Gözəl qadınların şəxsi həyatda bəxti gətirmədiyini deyən Nura Suri bu gün onu narahat edən məsələlərdən danışıb.

Sarkazm.az xəbər verir ki, publika.az-a müsahibə verən ulduz ona ən unudulmaz həyat təcrübəsi qazandıran hadisədən, məşhurların həyat tərzindən, səhnə geyimlərindən və övladlarından söz açıb.

– Nura xanım, kamera qarşısında səmimisiniz, yoxsa kamera arxasında?

– Aşırı dərəcədə səmimi insan normal ola bilməz. Biz özümüzlə tam səmimi ancaq hamamda və tualetdə ola bilərik. Tam səmimi olmaq ruhunu hər kəsin qarşısında çılpaq soyunmaq deməkdir. Səmimiyyət odur ki, bir şey düşünüb başqa cür hərəkət etmirsən, bax bu, mənim üçün çox vacibdir. Yad adamların yanında həm səsinin tonuna nəzarət edir, həm özünü aparmağına diqqət edirsən, bir sözlə, özünü yığışdırırsan, hər şey dəyişir. Bu, mədəniyyət və tərbiyə göstəriciləridir. Əlbəttə ki, evdə ayaqlarını divana çox rahat şəkildə uzadıb yemək yeyə bilərsən. Amma kiminsə yanında bunu edə bilməzsən. Bəzi insanların davranışlarını səmimiyyət kimi qələmə verib ona göz yumurlar. İndi tərbiyəsizliklə səmimiliyi səhv salırlar.

Şizofreniya və ya psixoloji durumu normal olmayan insanlar istənilən vəziyyətdə tam səmimi ola bilər. Mənim üçün səmimiyyət insanlara qarşı münasibətimdə özünü göstərir. Hər halda sevmədiyim kiməsə işimin xətrinə yalandan yaltaqlana bilmərəm. Hətta bu xüsusiyyətimə görə, bəzən məni həzm etmirlər. Həmişə çalışmışam ki, başqalarında sevmədiyim, qəbul etmədiyim xüsusiyyəti öz həyatımda tətbiq etməyim. Odur ki, başqalarına hansı münasibəti göstərirəmsə, eyni diqqət və qayğını özümə qarşı gözləyirəm.

– Bu da həmişə mümkün olan iş deyil…

– Təbii ki, sui-istifadə edənlər olur. O zaman eyni münasibətini özlərinə qaytarıram ki, görüm qəbul edər, ya yox.

– Özünüzü sevdirmək üçün nə edirsiniz?

– Bu haqda heç düşünmürəm. Bir dəfə məktəbdən evə gəlib ağladım ki, niyə bütün qızlar kimisə sevə bilir, mən yox. İlk növbədə ana, ata, bacı qardaşı, ən yaxın qohum-əqrəbanı sevməlisən. Ən doğma insanlardan sevgi və diqqət görməyəndə, sevgini kənarda axtarmağa başlayırsan. Sevgini yalnız qadın və kişi münasibətlərində də axtarmıram. Sevginin izahlı lüğəti məndə daha genişdir, buraya həm idman, həm təbiət, həm canlılar aləmi, həm yaradıcılıq, həm incəsənət nümunələri və s. daxildir.Sevgiyə və həyata münasibətdə o qədər məntiqsiz yanaşmalar görürəm və düşünürəm ki, görən mən fərqliyəm, ya insanlar? Qısası, özümü sevdirmək üçün xüsusi heç nə etmirəm. Ümumiyyətlə, hesab edirəm ki, bir insanı ideallaşdırmaq səhvdir. Hər hansı tamaşaçı evdə valideynlərinə oxşamaq istəsə və bu yönə can atsa, daha yaxşı olar, nəinki məni özünə ilahiləşdirmək.

– Deyirsiniz ki, müğənni cəmiyyət üçün nümunə olmamalıdır?

– Nümunəvi olmaq müğənninin missiyalarına daxil deyil. O, seçdiyi həyatı yaşamaqda azaddır. Bir neçə gün əvvəl dünya şöhrətli ifaçı Freddi Merkurinin 73 yaşı tamam oldu, onun həyatı heç də nümunəvi olmayıb. Amma sənətçi kimi bu insan əfsanə idi. Sənət və yaradıcılıq yolundan ilhamlanmaq olar, həyatından yox.İstər aktyor, istər rejissor, istərsə də müğənni, əlbəttə ki, öz işini yaxşı bilməlidir. Müğənninin işi oxumaqdır, alimlik etmək deyil. Geyiminə və ya hansısa sualın cavabını bilmir deyə, onu ittiham etmək olmaz.

– Bu gün müğənnilər əsasən geyimlərinə görə, tez-tez tənqid edilir. Buna münasibətiniz necədir?

– Səhnə adamının geyiminə qarışmaq olmaz. Çimərlik geyimində şəkillərim niyə kimisə narahat etməlidir ki? Siz dənizə çimərlik paltarında girmirsiniz? Çimərlikdə, onsuz da, 200-300 adam sizi o paltarda görür. Deməli, bunu normal sayırlar, amma çimərlik paltarında paylaşdığım şəkil anormal olacaq? Hamısı paxıllıqdan irəli gəlir. Müğənnilərə qarşı səbəbsiz qıcıq var. Sadəcə əvvəllər bu, çox az idi, indi sosial şəbəkələr vasitəsilə neqativ enerjilərini məşhurlara ötürmək üçün yol tapıblar. Və bundan utanmırlar. İnsanlar utanc hissini itirib, bütün uğursuzluqlarını uğur qazanmış məşhurların boynuna yıxmaq istəyirlər.

– Utanc hissinin itməsinin səbəbini nədə görürsünüz?

– Bizim vaxtımızda öpüş səhnələrinə böyüklərin yanında baxmırdıq, amma müharibə və döyüş kadrlarını oturub birlikdə izləyərdik. Sevgi səhnəsinə baxmaq utanc hissi deyil. Uşaqların kiminsə doğranmasına, öldürülməsinə baxması məndə daha çox utanc və böyük narahatlıq hissi doğurur. Əzəldən beynimizə yeridilən fikirlər səhvdir. Kimsə geyimimə baxıb əxlaqıma qiymət verirsə, bu, özü ən böyük əxlaqsızlıqdır. İstədiyimi geyinə bilərəm, arzuladığım həyatı yaşamaqda azadam. Heç kimə zərər vermirəm, adam öldürmürəm, oğurluq etmirəm, ailə dağıtmıram ki…

– Yəni, cəmiyyət olaraq irad bildirməli olduğumuz məsələlər kölgədə qalır?

– Bəli. Əgər, savadı və əsəbləri yerində olmayan müəllimə oluram və şagirdimə doğru-düzgün təhsil vermirəmsə, bəli, sizin tam haqqınız var ki, məni daşa basasınız. Yaxud da pis həkiməmsə və xəstənin həyatı ilə oynayıramsa, bu, qınana bilər. Bu halda mən cəmiyyət üçün zərərvericiyəm. Digər hallarda başqasının həyatının sizə nə dəxli var ki? Gedin öz həyatınızı yaşayın da… Müğənnini tənqid etmək daha asan gəlir. Halbuki, hansısa məmur və millət vəkilinin hər hansı səhvini ona deməyə cürəti çatmaz.Kimsə rüşvət alıb ədalətsiz qərar çıxarırsa, bax burada utanmaq lazımdır. Halal və haram məsələsi var… Yoxsa ki, durub kiminsə paltarına baxıb “bunun abır-həyası yoxdur” yazmaq nə dərəcədə düzdür? Onsuz da, yazılanlar vecimə deyil, özlərini yormasınlar. İrad tutanlara sözüm odur ki, özünüz həyatda nəyə nail olmusunuz? Heç mi səhviniz yoxdur? Yoxsa dünyanın bütün dərdini müğənninin geyimindəmi görürsünüz?

– Məktəb illərində “Niyə sevə bilmirəm” deyə ağladığınızı yada saldınız. İlk dəfə nə zaman aşiq oldunuz və onu necə xatırlayırsınız?

– Komfortumu çox sevirəm. Həyat yoldaşımı sevdiyimi düşünürdüm, amma ondan zorakılıq görəndən sonra hisslərim bitdi.Bəlkə də bir həyat yoldaşı olaraq nələrəsə göz yummalı və danışmamalı idim. Görürsən ki, içkili gəlib, dəymə də adama. Həyat təcrübəm yox idi, çox erkən ailə qurmuşam, bəzi səhvlərimi yaşıma keçirəm. Harada susmaq lazım idisə, susmamışam. Heç kimə demirəm ki, belə olmaq lazımdır. Ailəni bir dəfə qurmusunuzsa, çalışın dağılmasın. Amma dözülməzdirsə, şiddət varsa, övladın əziyyət çəkirsə, onda artıq ayrılmaq qaçılmazdır. Həyat yoldaşım həm çox yaraşıqlı, həm imkanlı, həm də dünyada tanınan bir ailənin oğlu idi. İstədiyim hər şeyi mənim üçün edirdi. Ayrılandan sonra hiss elədim ki, artıq o adama qarşı heç bir hissiyyatım yoxdur. Elə bir hədd var ki, bütün bunlar artıq gözünə görünmür. Heç vaxt demirəm ki, iki insan münaqişəsində ancaq bir tərəf günahkardır. İkisinin də səhvi var.- Qadın özünü nə zaman tapır və sizə ən böyük həyat təcrübəsi qazandıran hadisə nə olub?- Qadın Allahdan sonra yaradan bir qüvvədir, dünyaya insan gətirir, həyat bəxş edəndir. Qadın və ana olmaq ilahi duyğudur. Anaların övladlarına qarşı olan sevgisini atalar o qədər güclü hiss etmir, onlar daha çox məsuliyyət daşıyıcısıdır. Qadınların övladlarına bağlılığı tam fərqlidir. Hər hansı hadisəyə qadın və kişinin yanaşması da müxtəlifdir. Qadınlığı biz anadan olan gündən anlayırıq, hətta valideynlərinə olan münasibətində hiss olunur. Qadınlarda qayğı çəkmək kimi xüsusiyyət var. Gecə yuxusuz qalmaq, uşağa baxmaq və yenidən ana olmaq qadını yormur, buna kişilər əziyyət kimi baxır. Ana olmağı əziyyət kimi görən insanlara da deyirəm ki, gözəl duyğuya əziyyət deməyin. Başqa bir adamın qayğısını çəkmək sevgi göstəricisidir. Kişilər qadın qədər sevə bilməz, sevməyi və qurban verməyi bacaran onlardır. Çox erkən yaşlarda ana olmuşam, ən gözəl həyat təcrübəsini də onda yaşamışam. Elə qadın var ki, yıxılan evin dirəyidir, elə övladlar var ki, xəstə ana-atasına baxır, elə qadın var ki, həyatını bacı və qardaşlarına qurban verir, eləsi var ki, çox qayğıkeş həyat yoldaşıdır, eləsi də var ki, gözəl məşuqədir. Hər bir qadın öz qadınlığını fərqli cür hiss edir və yaşayır. Məndə bu, analıqda özünü göstərir, başqa məqamlarda o qədər də güclü deyil.

– Oğlanlarınız qədrinizi bilir?

– Ümumiyyətlə, insan oğlu qədirbiləndir? İnsan olmaq o qədər çətindir ki. Reinkarnasiya olsaydı, insan olmaq istəməzdim.

– Nə olmaq istəyərdiniz?

– İt, quş və ya pişik olardım, insan olmazdım. İnsan qədər dünyada ikinci bir vicdansız və vəhşi məxluq yoxdur. Təbiətdə baş verənlərə baxıram və dözə bilmirəm. İnsan ferma açıb heyvan saxlayır, onun qayğısına qalır. Heyvanda ona qarşı sevgi və vəfa yaranır. Sonradan o fermanın sahibi heyvanları kəsib yeyir, ətindən, südündən, dərisindən istifadə edir. Hansı heyvan öz xeyrinə sənə sevgisini verə bilər? Ümumiyyətlə, təbiətə vurduğumuz ziyan onu məhvə aparır.

– Siyasətçi olsaydınız, təbiət üçün daha çox iş görə bilərdiniz bəlkə də. Siyasətə atılmaq arzusu və ya istəyi varmı?

– Tək əldən səs çıxmaz. Mənim kimi düşünən, təbiəti, heyvanları mənim kimi sevən insanların sayı çox olmalıdır ki, birləşib nə isə edə bilək. İmadəddin Nəsiminin 650 illiyi münasibətilə Mehriban xanım qərar verib ki, 650 min ağac əkilsin. Bunu eşidəndə sevincimin həddi hüdudu yox idi. Çünki ağacların kəsilməsi, oksigenin azalması çox qlobal problemlərdir…Deputat olsam, irəli sürəcəyim fikirlərdən biri odur ki, mağazada içki satılmasın. Ancaq restoran hotellərdə və s. şənliklərdə. Ancaq siyasətə atılmaq mənim üçün xəyal olaraq qalacaq.

– Xoşbəxt olmaq üçün həyatınızda nə çatmır?

– Tamamilə xoşbəxt olmaq üçün dəli olmalısan, sənə heç nə təsir etməməli, heç nə vecinə olmamalıdır. Belə olmur axı. Ağlaya, gülə, sevinə, yeməyin dadından və ya təbiətdən zövq ala bilirsənsə, müxtəlif hissi yaşaya bilirsə, bunun özü böyük xoşbəxtlikdir. Baxır kim xoşbəxtliyi nədə axtarır.

– Arzularınızı həyata keçirməyə sizə nə mane olur?

– Arzunun sənə aid olub-olmasından asılıdır. Arzuların potensialınla uzlaşır, ya yox. Əgər arzuların övladlarınla bağlıdırsa, alınmaya bilər. O da dünyaya öz energetikasını göndərir, sən də. Onda bu arzu həyata keçməyə bilər.

– Şou-biznesdə üslubunuzu təkrarlayanlar var?

– Çoxdur, saç düzümündən, geyim tərzinə kimi. Təbii qarşılayıram. Özləri deməsə də, kənardan hiss olunur. Tərzini, danışığını, təqdimatını çalışır ki, mənə oxşatsın. Ən vacibi odur ki, bu vaxta qədər mənə özümü kiməsə oxşatdığımı deyən olmayıb.

– Nə vaxtsa özünüzə və dəyərlərinizə xəyanət etmisiniz?

– Əlbəttə, bunu hamımız edirik. Məsələn, dünən həyat yoldaşımın başına nə isə gəlsəydi, mən ölərdim. Bu gün ona nə isə olsa, heç vecimə də deyil. Həyat elədir ki, bizə “heç vaxt etmərəm” dediyimiz hadisələri bizə etdirir. Elə vəziyyətə düşə bilərsən ki, hətta adam öldürmək, oğurluq etmək məcburiyyətində qalarsan. Evinə oğru girib övladına zərər versə, onu tikə-tikə doğrayar, hətta üstündən qanını da içərsən. Odur ki, heç kimi qınamamağa çalışıram.Elə cinayət hadisələri var ki, ölüm hökmünün qaytarılmasını istəyirəm. Uşaq zorakılığını son vaxtlarda tez-tez eşidirik. Niyə pedofil həbsxanada qalmalı və dövlət onu yedizdirməlidir? Olmaz ki, ölsün və bitsin. Pedofilin onsuz da müalicəsi yoxdur, xəstədir.

– Filmdə özünüzü aktrisa kimi sınamaq istərdiniz?

– Bir neçə dəfə təklif edilib, istəməmişəm. Elə bir film görmürəm ki, onda oynamaq istəyim. Yaxşı filmlər çəkirlər, amma dünya səviyyəsi ilə müqayisədə çox zəifdir.

– Gözəl xanımsınız, yəqin ki, evlilik təklifləri çoxdur. Dəyərləndirməyi düşünürsünüz?

– Gözəl xanımların həyatı heç vaxt siz düşündüyünüz kimi rəvan getmir. Gözəl olmayan xanımların həyatında hər şey yaxşı olur. Özümü gözəl hesab etmirəm, sadəcə özümə baxıram, gözəl görünməyə çalışıram və bunun üçün az əmək sərf etmirəm. Hər halda gözəl görünsəm də, bildiyimiz kimi deyil. Bəlkə də kişilər kordur. Ümumiyyətlə, bir çox kişiləri indi elə kişilər maraqlandırır, elə bir zəmanəyə gəlib çıxmışıq ki, qadınlar onların maraq dairəsinə daxil deyil.

– Övladlarınızın ataları ilə münasibətiniz necədir?

– Blok etmişəm, bu barədə danışmaq istəmirəm. Mələk deyiləm, mənim də öz tarakanlarım var.

– Bəs özlərinin ataları ilə ünsiyyəti?

– Onların münasibəti yaxşıdır deyə ümumiyyətlə danışmaq istəmirəm. Vaxtında yaxşı olmalı idi, böyüyəndən sonra yox…

– Nura Suri zəhərini kimə qusur?

– Emosionalam da, əsəbiyəmsə, hamıya qışqırıb bağıracam. Və emosional insandan qorxmuram, sakit insanlardan uzaq gəzirəm. Emosional insan hisslərini göstərir, sakit insanları tanımaq olmur. Tanımadığım insan dostluq edə bilmərəm.

– Müsahibə üçün təşəkkür edirəm. Sizi növbəti dəfə kəşf etmək maraqlı oldu.

– Minnətdaram.

Məqaləyə dair fotomateriallar:

Ardını oxu...
 
Ardını oxu...
İranda casusluq maddəsi ilə həbs olunan Fərid Səfərli istintaqın bitdiyini və hökmün elan ediləcəyini deyib

Dilarə Əsgərova hər gün xəbərləri izləyir ki, bəlkə Azərbaycanla İran arasındakı münasibətlər düzələr və onun oğlu da bu münasibətlərin pisləşməsinin qurbanı olmaz.

Almaniyada yaşayan və İrana tələbə yoldaşını ziyarətə gedən zaman həbs olunan Fərid Səfərli ötən gün anası ilə telefon əlaqəsi saxlayıb.

Bu barədə onun anası Dilarə Əsgərova Abzas Media-ya məlumat verib. O bildirib ki, oğlu telefon danışığında istintaqın yekunlaşdığını və yaxın vaxtda hökmün elan ediləcəyini bildirib.

"Mən soruşdum ki, qız əleyhinə ifadə veribmi? Dedi ki, "nəinki qız, heç kim əleyhimə ifadə verməyib. Ortada heç bir sübut da yoxdur". Yeganə soruşduqları sual budur ki, Avropada təhsil alırsan, niyə bu vaxt İrana gəlmisən? Niyə fars dilində bilirsən?"

Valideyn deyib ki, oğlu fars dilində danışa bilsə də, hüquqi terminləri bilmədiyinə görə vəkilə və tərcüməçiyə ehtiyacı var.

"Mən narahatam ki, Fəridin vəkili yoxdur. Birinci məhkəmədə ingilisdilli vəkil olub, ikinci, üçüncü məhkəmədə deyiblər ki, farsca danışa bilirsən, bu dildə ifadə verərsən. Amma Fərid deyir ki, mən farsca hüquqi terminləri bilmirəm. Məhkəmədə olan danışıqla məhkumlar arasında olan danışıq başqadır. Məhkəmədə əziyyət çəkdiyini dedi. Mən də tapşırdım ki, vəkilsiz, tərcüməçisiz ifadə verməsin".

Valideyn bildirib ki, Azərbaycanın İrandakı konsulu dəfələrlə müstəntiqlə, məhkəmə işçiləri ilə görüşməyə çalışıb, amma hələ ki, bu cəhdləri alınmayıb.

"Mən mətbuatdan oxumuşam ki, İranda casusluq maddəsinə ölüm cəzası verilir. Hətta isveçli bir alimə bir neçə il bundan qabaq casusluq maddəsi ilə ölüm hökmü çıxarılıb. Azərbaycanla İran arasında münasibətlər gərginləşdikcə mən bu cəzanın veriləcəyindən daha çox qorxuram".

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə Abzas Media-ya bildirib ki, İran hökumətindən bu həbslə bağlı heç bir açıqlama ala bilməyiblər.

"Biz Xarici İşlər Nazirliyi olaraq, həm də Baş konsul vasitəsilə bu istiqamətdə iş aparırıq. Fərid Səfərli ilə bağlı mərkəzlə daim təmasdayıq və İran tərəfi ilə bu istiqamətdə iş aparılır. İndiki məqamda İran tərəfindən bu həbslə bağlı hər hansısa açıqlama yoxdur"- A. Hacızadə bildirib.

Almaniyada təhsil alan F.Səfərlinin bu il fevralın 20-də eyni universitetdə oxuduğu qızın yaşadığı Tehrana getdiyi deyilir.

Martın 4-dən onunla əlaqə kəsilib və o, Almaniyaya qayıtmayıb. Daha sonra İranda ona qarşı casusluq ittihamı ilə cinayət işi açılıb.

O, ittihamı qəbul etməyib.

Hazırda İranla Azərbaycan münasibətlərində müəyyən gərginliklər var.

Bu il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Səfirliyin mühafizə xidmətinin bir əməkdaşı həlak olub, ikisi yaralanıb. Bundan sonra səfirliyin əməkdaşları Azərbaycana təxliyə olunub. İran tərəfi hadisənin araşdırıldığını bəyan edib.

Münasibətlərin pisləşməsi fonunda Azərbaycanda inanclı şəxslərin kütləvi həbsi başlayıb. Hökumət bu həbsləri İranla münasibətlərin pisləşməsi ilə əlaqələndirmir, onların qanun pozuntusuna görə həbs olunduğunu deyir.
 
Ardını oxu...
Yeni elmi araşdırmada zəlzələ və kosmik radiasiya arasında əlaqə tapılıb. Yerin stratosferində əmələ gələn bəzi titrəyişlərin zəlzələdən xəbər verdiyi düşünülür. Amma zəlzələnin harada baş verə biləcəyi ilə bağlı suallar hələ də cavablandırılmayıb.

Teleqraf.com xəbər verir ki, araşdırma polşalı tədqiqatçılar qrupu tərəfindən aparılıb.

Elm adamları 50 illik məlumatları təhlil edərək müəyyən ediblər ki, qlobal seysmik aktivlik təxminən iki həftəlik gecikmə ilə kosmik radiasiyanın yaratdığı ikinci dərəcəli hissəciklərin sıxlığındakı ortalama dəyişikliklə bağlıdır. Həmçinin komanda müşahidə edilən korrelyasiyanın sırf təsadüflə bağlı olması ehtimalını istisna etdiklərini deyir.

Bu əlaqə təsdiqlənərsə, elm adamları bundan kütləvi dağıntı və insan tələfatına səbəb olan güclü zəlzələləri daha yaxşı proqnozlaşdırmaq üçün istifadə edə biləcəklərini düşünürlər.

Tədqiqatda yer alan Pyotr Xomola deyib: “İlk baxışdan zəlzələlərlə kosmik radiasiya arasında əlaqənin olması fikri qəribə görünə bilər, ilkin formada bizə əsasən Günəşdən və kosmosun dərinliyindən gəlib çatır”.

Ətraflı
Elm adamları bir neçə statistik üsuldan istifadə edərək, tədqiq olunan dövr üçün ikinci dərəcəli kosmik radiasiyanın intensivliyindəki dəyişikliklərlə 4 baldan çox və ya ona bərabər bütün zəlzələlərin ümumi gücü arasında korrelyasiya yarandığını aşkar ediblər. Bu korrelyasiya yalnız kosmik şüa məlumatlarının seysmik məlumatlardan 15 gün əvvəl yerdəyişməsi zamanı ortaya çıxır. Kosmik radiasiyada dəyişikliklərin yeraltı təkanlardan əvvəl olması faktı göstərir ki, korrelyasiya gələcək zəlzələ xəbərdarlığı sistemi üçün əsas kimi istifadə edilə bilər.

Bununla belə, komandanın araşdırmasında qeyri-müəyyən olan odur ki, bu açıq korrelyasiya Yer kürəsində zəlzələnin harada baş verəcəyini proqnozlaşdırmaq üçün istifadə edilə bilərmi? Bunun səbəbi, kosmik şüaların intensivliyindəki dəyişikliklər və zəlzələlər yalnız qlobal miqyasda seysmik fəaliyyət nəzərə alındıqda aktualdır.

“Tədqiqatın bu mərhələsində ən vacibi odur ki, planetimizin səthində qeydə alınan kosmik şüalanma ilə onun seysmikliyi arasında əlaqəni göstərə bilmişik”, - Xomola vurğulayıb.
 
 
 
Ardını oxu...
“Enerqoatom”un rəhbəri: “Hazırda AES-də “Rosatom”un nümayəndələri, hərbçilər və müxtəlif qruplar var və onlardan hər şeyi gözləmək olar”

Ukraynanın “Enerqoatom” şirkətinin prezidenti Petr Kotin UNIAN-a müsahibəsində Kaxovkaya SES-in partladılmasından sonra keçən ilin mart ayından rus qoşunları tərəfindən ələ keçirilən Avropanın ən böyük Zaporojye AES-də baş verənlərdən danışıb. AYNA müsahibəni istinadla təqdim edir:

- Ruslar Kaxovka SES və Kaxovka dənizinin bəndini dağıtdıqdan sonra “Enerqoatom” Zaporojye AES-dəki mövcud vəziyyətdən xəbərdardırmı?

- Biz Zaporojye AES-dən məlumat alırdıq, lakin onlar iki-üç həftə əvvəl məlumat ötürülməsini dayandırdılar. İndi başqa mənbələrdən məlumat alırıq. Bizdə stansiya ilə bağlı məlumat var.

- Məlumdur ki, onsuz da AES-də vəziyyət çətin idi, amma Kaxovka SES-də baş verən fəlakətlə bağlı vəziyyət daha da pisləşibmi?

- Ötən il martın 4-nə keçən gecə baş verən işğalın lap əvvəlindən stansiyada vəziyyət durmadan pisləşir. Əslində stansiya bütün iş sahələrində deqradasiyaya uğrayır və bu hər keçən gün daha da dərinləşir.

Fiziki təhlükəsizlik aspektini götürsəniz, o, əvvəldən qəzalı idi. Bu, avadanlığın ilk deqradasiyası idi. İşğalçılar fövqəladə hallara cavab sistemini məhv etdilər, AES-in böhran mərkəzini ələ keçirdilər. Hücum zamanı onlar AES-in yerləşdiyi ərazini atəşə tutub, boru kəmərlərinin zədələnməsi və radioaktiv maddələrin buraxılması təhlükəsi yaradıblar.

Nüvə və radiasiya təhlükəsizliyi də pisləşir. MAQATE-nin təhlükəsizliyinin əsas sütunları müxtəlif dərəcədə yararsız vəziyyətə düşüb və Kaxovka su anbarında baş verənlər vəziyyəti daha da qəlizləşdirir. Bir sözlə, hər tərəfli şəkildə durum daha da pisləşir.

Rabitə xətlərində problem var. AES-i xarici enerji ilə təmin etmək çox vacibdir ki, burada bir rabitə xətti qalır. Qalanların hamısı zədələnib. Sonuncu xətt səkkiz dəfə öz bütövlüyünü itirib və nəticədə stansiya faktiki olaraq işıqlandırma rejiminə keçib. Bu rejim Fukusimada qəzaya səbəb olan birinci mərhələdir (Fukusima prefekturasındakı Yaponiya AES-də qəza 2011-ci ildə baş verib və beynəlxalq INES şkalası üzrə yerli nəticələrə görə 7-ci səviyyəyə malik olub). İndiyə qədər bütün dizel generatorlarının işləməsini təmin edirik. Bu, stansiyanın nüvə ərimə rejiminə keçməsinin qarşısını alır.

Bundan əlavə, Kaxovka su anbarında baş verənlər də problemə əlavə edildi. Artıq AES-in soyutma hovuzu üçün müntəzəm enerji mənbəyi yoxdur. Bu, problemləri daha da artırır. Çünki lazım gələrsə, o zaman Kaxovka su anbarından su gəlməyəcək.

Biz Zaporojye AES-ə daxil olanda, ümid edirəm ki, ruslar onu dinc yolla tərk edəcəklər və təhlükəsizlik pozuntuları üçün əlavə əngəl yaratmayacaqlar. Bu zaman vəziyyəti qaydasına salıb elektrik şəbəkəsinə qoşmaq mümkün olacaq.

- AES-in qurğularının soyuq vəziyyətə çevrilməsi qəza riskini azaltmağa kömək edə bilərmi?

- Bu tip reaktorlar üçün soyuq vəziyyət ən təhlükəsizidir. Əgər stansiyanın deqradasiyasının belə yüksək səviyyədə olduğunu görsəniz, o zaman bütün reaktorları soyuq vəziyyətə keçirmək daha yaxşıdır və siz daha təhlükəsiz vəziyyətdə olarsınız.

Bir enerji bloku (beşinci) isti vəziyyətdədir. Soyuma elektrik enerjisinin, su təchizatının olmaması səbəbindən itirilə bilər. Bu halda su var, amma təzələnmə yoxdur. Bu, mənfi nəticələrə səbəb ola biləcək kifayət qədər uzun hadisələr ardıcıllığıdır. Blok istidirsə, o zaman daha pisdir. Onu soyuq bir vəziyyətə keçirmək və bütün güc bloklarını dayandırmaq məntiqlidir.

- İşğalçılar onu soyuq vəziyyətə çevirəcəklərmi?

- Əldə etdiyimiz məlumata görə, işğalçılar həqiqətən də onu soyuq vəziyyətə keçirməyi planlaşdırsalar da, oradan buxar çıxarmağa çalışırlar. Baxmayaraq ki, bu, enerji blokunun iş rejimi deyil: onlar elektrik enerjisini şəbəkəmizdən götürürlər və sonra nasosların işləməsi səbəbindən iş parametrlərini alırlar və bundan məhdud miqdarda buxar əldə edirlər. Buxar naminə belə böyük bir güc qurğusunu yükləmək axmaqlıqdır. Lakin işğalçılar arasında kifayət qədər sağlam düşüncəyə malik insanlar yoxdur.

- Ukraynalı nüvə alimləri stansiyada özlərini necə hiss edirlər. Onların vəziyyəti haqqında məlumat varmı?

- Stansiyada müxtəlif işçi qrupları var. “Rosatom”la müqavilə bağlayanlar var. Onlar artıq rəsmi olaraq bizim işçilərimiz deyil.

Və çox fəxr etdiyimiz bir heyət var. Bunlar bu müqaviləni imzalamayan nüvə alimləridir, təxminən 1200 nəfərdir. Onlar stansiyada işləməkdə davam edirlər, çünki raşistlərin sadəcə olaraq belə ixtisaslı kadrları yoxdur.

Amma ukraynalı heyət daimi psixoloji təzyiq altındadır. Onlara daim işgəncə verilir. Və onların azadlığa buraxılmasını gözləyirlər.

- Zaporojye AES-in Ukraynanın nəzarətinə qaytarılmasından nə vaxt və hansı şərtlərlə danışmaq olar?

- Biz Silahlı Qüvvələrimizə güvənirik. Və əsas məsələ - bu müharibədə Ukraynanın qələbəsi baş tutandan sonra o zaman biz Zaporojye AES-i geri qaytaracağıq. Bizi çox narahat edir ki, o, hansı vəziyyətdə olacaq və onu necə tez qaydasına salmaq mümkün olacaq.

- İşğalçıların terror aktına əl ataraq Kaxovka SES-i partlatdığını nəzərə alsaq, Zaporojye AES-də də eyni hal baş verə bilərmi?

- Bu məsələ ciddi narahatlıq doğurur. Hazırda stansiyada “Rosatom”un nümayəndələri, hərbçilər, müxtəlif qruplar var və onlardan hər şeyi gözləmək olar.

Müəllif: Turan Abdulla
ayna.az
 

Dünyapress TV

Xəbər lenti