Ardını oxu...
DİA.AZ görkəmli kinoaktyor, rejissor, Xalq artisti, Prezident təqaüdçüsü Ənvər Həsənovun “Yeni Müsavat”a müsahibəsini təqdim edir:

- Ənvər bəy, isti yay mövsümünü necə keçirirsiniz? Əhvalınız, sağlamlığınız necədir?

- Vəziyyətim, halım heç deyiləsi deyil. Ömür boyu ayaq üstə, fəaliyyətdə olan, işləyən adam indi gəlib evdə oturub. Xəstəliklər bir tərəfdən, havaların tez-tez dəyişməsi, maqnit qasırğasının olması digər tərəfdən məni tamam haldan salıb. Ağrımayan yerim yoxdur. Beləliklə, oturmuşam evdə, televizora baxıram, qarşımda krossvodlar, vəssalam...

- Bəs bu yay mövsümü istirahətə gedə bilmədiniz?

- Xəstəxanadan sonra mən insult keçirdim, ona görə də maşın sürə bilmirəm. Həmçinin bəzən “sudorqa”lar tutur, yəni mənə çətindir. Bir dəfə dostlarım gəlib məni bir həftəlik Nabrana apardılar. Amma uşaqları tək qoya bilmədiyim üçün tez qayıtdım. İndi oturub fikirləşirəm ki, bəlkə tək özüm Gəncəyə gedim, bir həftəlik istirahət edim.

- Niyə məhz Gəncə?

- Orada dostlarım var, istəyirəm gedib onları yada salım. Amma bu barədə dəqiq heç nə bilmirəm. Bütün sümüklərim ağrıyır, hamısı da hərəkətsizlikdən, istilikdən.

- Bir neçə gün öncə 73 yaşınız oldu. Necə keçirtdiniz, dostlarınız gəldimi?

- Doğrusu, dostlarıma doğum günüm olacağı barədə heç nə deməmişdim. Çünki son günlərim çox ağır keçmişdi. Bir neçə dostum, həmçinin Elxan Qasımov rəhmətə getdi. Bütün bunlar deyiləsi deyil. Yəni heç kəsə demədim ki, ad günüm olacaq. Buna baxmayaraq, 6-7 maşın adam evimə gəldi, məni təbrik etdi. Hətta gecə saat 11-də gələn də var idi.

- Yəqin ki, televizorda çəkildiyiniz filmləri görəndə o günlər, həmin çəkilişlər üçün darıxırsınız.

- Əlbəttə, darıxıram. Baxa-baxa da “Allah rəhmət eləsin” sözü dilimdən düşmür, çünki o cür gözəl sənətkarları itirdik. Doğrudur, bu, həyatın qanunudur, insanlar doğulurlar, sonra dünyasını dəyişirlər... Amma bir tərəfdən sevinirəm ki, yaxşı ki, zamanında bu filmlər çəkilib, o filmlər ki, ədəb-ərkan, adət-ənənə, hörmət-izzət məktəbidir. Gənc nəsil o filmlərə baxa-baxa hörmət-izzət qabiliyyəti götürüb, öyrəniblər. Amma, çox təəssüf ki, indiki nəsil daha çox kompüterə qurşanıb, bütün işlərini onun arxasında görür. Mənim də övladlarım da o cümlədən, hərəsi öz otaqlarında oturub kompüterlə işlərini görürlər.

Mən 59 il Azərbaycan filmində çalışmışam, 70 filmdə iştirak etmişəm. Hansı filmə baxırsan mənim adım var. Nə yaxşı da ki, varam. İndi isə heç nə yoxdur, hara baxırsan saqqallılardır. Məni bir neçə dəfə filmə, seriala dəvət edəndə dedim ki, məni bağışlayın, mən o saqqallılarla işləyə bilmərəm. Onlar “taliban”, vəhhabidirlər, ya necə, başa düşə bilmirəm. Həmin saqqallılara baxanda düşünürəm ki, onların əqidələri başqa cürdür, bizim kimi deyillər. Ona görə də evdə oturmuşam, çölə-bayıra da çıxmıram.

- Sosial şəbəkələri də izləyə bilirsinizmi?

- 2007-ci ildə çox ağır qəza keçirtmişdim, başım partlamışdı. Həmin vaxt damarımın birini düzgün tikməyiblər deyə, o vaxtdan mən yuxu nədir bilmirəm, daim başımda ağrılar, qulağımda səslər var. Bu ağrılar məni öldürür. Ona görə internetə yaxın gedə bilmirəm. İstifadə etdiyim telefon da köhnə model telefondur, sadəcə, zəng gəlib-gedir. Bununla belə onun özü belə mənə mənfi təsir edir. Təzə nəsə xəbər olanda mənə zəng edib deyirlər.

- Bu sualı niyə verdim, “Babək”, “Dədə Qorqud” filmlərində tərəf müqabiliniz olan Rasim Balayev bu günlərdə sosial şəbəkələrdə tənqid atəşinə tuş gəldi. Gah aldığı “İstiqlal” ordeninə, gah da müxtəlif mətbuat orqanlarına verdiyi açıqlamalara görə “yıxıb-sürüdülər”. Bu məsələdən xəbəriniz varmı?

- Bəli. Xəbərim var, zəng edib deyirlər. Əlbəttə ki, sənətkarlara qarşı bu cür mövqe adamı incidir. Mən də bu sənətin nümayəndəsiyəm. Rasim Balayevlə bağlı məsələyə nə deyim ki... O, kinoya 1973-cü ildə “Nəsimi” filmi ilə gəlib. Mən isə artıq 1965-ci ildən “Azərbaycanfilm”də işləyirdim. Rasim Balayev kinoya gələnə qədər mənim 7-8 filmim var idi, o cümlədən “İstintaq davam edir”, “Torpaq. Dəniz. Od. Səma”, “İnsan məskən salır”, “Uşaqlığın son gecəsi, ”Dəli kür", “Yeddi oğul istərəm”, “Bizim küçənin oğlanları”.

Ondan sonra isə əsgərliyə getdim. Əsgərlikdən qayıtdıqdan sonra Rasim Balayevlə “Babək” filmində görüşdüm. Ona at sürməyi, rus bölümünü öyrədən mən olmuşam. Yəni bunu bir dost, sirdaş, sənət insanı kimi etmişdim. Amma, sözün düzü, biz çox az bir yerdə oturmuşuq. “Dədə Qorqud”, “Babək”, “Arxadan vurulan zərbə” filmindən sonra ünsiyyətimiz az olub, arada yalnız “salaməleyküm” olub. İndi bu olanlar haqda nə deyə bilərəm ki...

1981-ci ildə Türkan Şorayın əri Süleyman bəy məni Türkiyəyə işləməyə dəvət etmişdi. Dedim ki, yox e, mən Azərbaycandan kənarda qala bilmərəm. O zaman da kommunal evdə, 7 qonşu ilə birgə yaşayırdım. Allah İlham Əliyevə cansağlığı versin ki, 69 yaşımda mənə “Xalq artisti” adı, 70 yaşımda ev, bu il isə Prezident təqaüdü verdi. Bu özü çox böyük dəyərdir. Doğrudur, əslində mən bunları həddindən artıq gec aldım, bəlkə də 30 il əvvəl almalı idim. Sadəcə, özümə görə heç vaxt heç kəsə ağız açmamışam. Prezident sağ olsun ki, ömrümün sonlarına yaxın məni mükafatlandırdı.

- Ən çox hansı obrazınız üçün darıxırsınız, sizə daha çox əzizidir?

- Allah Adil İskəndərova rəhmət eləsin, mən onun tələbəsi olmuşam. Sevinirəm ki, öz müəllimlə 3 filmdə tərəf müqabili olmuşam. Əvvəlcə 4 il kinoaktyor studiyasında tələbəsi olmuşam, daha sonra isə İncəsənət Universitetinə daxil olub onun sinfinə düşmüşdüm. Məni görəndə dedi ki, “diplomunu dünən almısan, bu qədər filmin var, beynəlxalq kino festivalından Azərbaycana birinci kişi mükafatını sən gətirmisən”, hələ üstəlik, indi də universitetə təhsil almağa gəlmisən? Dedim ki, neyləyim, evdə dedilər ki, mütləq universitet diplomun olmalıdır. Güldü, dedi ki, “yaxşı, gəl otur”.

Adil İskəndərov biz tələbələrə deyirdi ki, olar bilər ki, sizin kinoda rolunuz epizodik, ya ikinci dərəcəli, ya da əsas rol ola bilər, siz heç vaxt onların arasında fərq qoymamalısınız, çünki siz onları qəlbinizdən, daxilinizdən keçirib oynayırsınız. Mən də Adil İskəndərovun bu tövsiyəsini əsas götürdüm. Məni indi Murad, Cəlal, Sirac, Şahbaz bəy kimi çağırırlar, amma mən bu obrazlarımın arasında heç bir fərq qoymamışam, hər biri mənim üçün çox əziz, doğmadır.

- Ənvər müəllim, bilirsiniz, artıq iki kino ittifaqı birləşir, bir kino qurumu yaranır...

- Mənim eşitdiyimə görə, sentyabr ayında yığıncaq olacaq, iki ittifaq dağılacaq, bir kino birliyi yaranacaq. Mənim fikrimi bilmək istəsəniz, həmin birliyə rəhbərlik edə biləcək yeganə istəkli, qabiliyyətli adam Cəmil Quliyevdir. Çünki Cəmil Quliyev həm ssenaristdir, həm Dövlət Film Fondunun direktoru, həm də aktyordur. Bu gün ondan başqa kinoya ürəyi yanan adam heç kimi görmürəm. Doğrudur, Rasim Balayev də yaxşıdır. Amma o da artıq yaşlıdır, gəzə, dura bilmir. Şəfiqə Məmmədova da ki, Allah göstərməsin, Azərbaycan kinosunu mələtdi, ağlatdı. On görə də quruma rəhbər kimi yeganə Cəmil Quliyevi görürəm. Özüm də çalışacam ki, həmin tədbirdə iştirak edim.

- Sizcə, bundan sonra milli kinomuz ayağa qalxa biləcəkmi?

- Sözün düzü, Mədəniyyət Nazirliyinə yeni rəhbər təyin olunan Adil Kərimliyə çox ümidliyəm. Mən şəxsən onunla iki dəfə danışmışam. Özü mənə zəng edib hal-əhvalımı tutub, daha sonra Kino Forumuna dəvət edib. Tədbirrdə də çıxışlarını dinlədim, sənətə, mədəniyyətə dəyər, qiymət verən, sevən, məhəbbət bəsləyən adamdır. Hələ ki, sağam, ona dəstək olmağa hazıram. Azərbaycan kinosunun gələcəyi ilə bağlı ümidlərim nazir Adil Kərimli və Cəmil Quliyevədir. Allah onların işlərini avand etsin.
Ardını oxu...
Ötən gün axşam saatlarında Rusiyanın Tver vilayətində "Embraer" təyyarəsi qəzaya uğradı. "Rosaviasiya" məlumat yaydı ki, qəza nəticəsində göyərtədə olan 10 sərnişinin hamısı ölüb. Onlardan 3-ü ekipaj üzvü olub.

Bildirildi ki, təyyarə Moskvanın Şeremetovo hana limanından havaya qalxıb və istiqamət Sankt-Peterburq olub. Qəza Kujenkino kəndi yaxınlığında baş verib.

Sonrakı məlumatlardan aydın oldu ki, qəzaya uğrayan təyyarə Rusiyanın “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinə məxsus olub. Rəsmi şəkildə açıqlandı ki, təyyarədə olan 7 sərnişindən biri Priqojinin özü olub. Bu gün isə cəsədlərdən birinin Priqojinə aid olduğu rəsmi təsdiqləndi.

Hadisə ilə bağlı müxtəlif versiyalar səsləndirilməkdədir. Əsas versiya isə ondan ibarətdir ki, Priqojinin təyyarəsi qəsdən partladılıb və bunun arxasında dayanan Rusiya Prezidenti Vladimir Putindir. Bu ehtimal ona görə səsləndirilir ki, düz iki ay bundan əvvəl – iyunun 23-də “Vaqner” rəhbəri Rusiyada hərbi qiyama cəhd göstərmişdi. Rusiyanın iki şəhərini nəzarətə götürən Priqojin sonradan danışıqlar nəticəsində qiyamı yarımçıq dayandırdı. Ekspertlər hesab edirlər ki, Putin Priqojindən qiyamın qisasını onu təyyarəsində partladıb öldürməklə almış oldu.

TEREF.AZ bildirir ki, baş verən hadisə ilə bağlı AYNA-nın suallarını ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş nazir müavini, ictimai-siyasi xadim Sülhəddin Əkbər cavablandırıb. Deyib ki, bu tip məsələlərdə yetərli dəlillərə, informasiyalara ehtiyac var:

- Hadisənin necə, kim tərəfindən törədildiyini, Priqojinin necə aradan götürüldüyünü dəqiq demək çətindir. Sadəcə ehtimallar irəli sürmək mümkündür. On illər keçə bilər, amma suallar yenə də qalacaq. Təsəvvür edin ki, 17 kəşfiyyat xidməti olan ABŞ-ın Prezidenti Co Bayden bu məsələ barədə dəqiq nəsə söyləmədi. Sadəcə Priqojinin ölümü təəccüblü gəlmədi, ona görə ki, ehtimallar əvvəldən var idi. İndi bu hadisənin nəticələrini müzakirə etmək daha məqsədəuyğundur. Məsələ burasındadır ki, bu hadisə ilə bağlı saysız-hesabsız versiyalar var və hər bir versiya tutarlı arqumentə söykənir. Bu versiyaların hamısına baş vursaq, məsələ daha da tündləşəcək. Bir şeyi əminliklə deyə bilərəm ki, Priqojinin öldürülməsi əməliyyatını icra edənlər ruslar olub.

- Demək istəyirsiniz ki, Priqojinə qarşı xüsusi əməliyyat hazırlanıb?

- Təbii ki, əməliyyat idi - məqsəd də Priqojini aradan götürmək idi.

- Sizcə, əməliyyatın detalları açılacaqmı?

- Baş verən hadisənin xarakteri elədir ki, açılmaması mümkün deyil. Amma suallar yenə də qalacaq. Priqojinin təkcə Rusiyanın deyil, dünyanın əksər kəşfiyyat orqanlarının diqqət mərkəzində olması onu deməyə əsas verir ki, bu əməliyyatı gizli saxlamaq mümkün olmayacaq. Tam detallı olmasa da, Priqojinə qarşı əməliyyatın üstü açılacaq. Bu hadisənin arxasında kim durursa-dursun, icraçılar ruslardır. Çünki bu, xüsusi təyyarə idi, Moskvanın sayılıb-seçilən hava limanından havaya qalxıb. Orada hər şey nəzarətdədir. Priqojinin təyyarəsi xüsusi nəzarətdə olub. İndi məlumatlar var ki, Priqojinin həmin şəxsi təyyarəsi qısamüddətli təmirdə də olub. İstənilən halda, baş verənlərə görə Rusiya hakimiyyəti cavabdehdir. Çünki bu təyyarənin də, uçuşun da təhlükəsizliyinə Rusiyanın rəsmi qurumları cavabdehdir.

- Sizcə, təyyarə necə sıradan çıxarılıb?

- Üç versiya var ki, mütəxəssislər bu versiyalarda həmfikirdirlər: Birinci versiya odur ki, təyyarə partladılıb, içərisinə əvvəlcədən partlayıcı yerləşdirilib. İkinci versiya təyyarənin kənardan vurulmasıdır. Üçüncü versiyaya görə isə, süni texnogen qəza yaradılıb. Bunları istintaq araşdıracaq, amma “Rosaviasiya” təyyarənin içəridən partladığı haqqında informasiya verib. Bu da çox maraqlı detaldır.

Əslində, təyyarədə kimlərin olması barədə məlumatı Rusiya rəsmi qurumları sürətlə açıqladı. Eyni zamanda, hadisə baş verən yerdəki videokadrlardan görünür ki, xilasedicilər yanğının söndürülməsinə tələsmirdilər. Yəni burada şübhəli məqamlar çoxdur. Bütün bunlar deməyə əsas verir ki, bu hadisənin üstü açılacaq. Cavabdeh tərəf də, dediyim kimi, Rusiya hakimiyyətidir.

- Bu hadisənin arxasında birmənalı olaraq Putinin dayandığı fikri üstündür. Bildirilir ki, bununla Rusiya Prezidenti Priqojindən baş tutmayan qiyamın intiqamını almış oldu...

- Təbii ki, bu da versiyalardan biridir. Hesab oluna bilər ki, Putin bununla məhv olmuş xarizmasını bərpa etməyə cəhd göstərdi. Hadisənin baş vermə tarixi də maraqlıdır: Priqojin məhz iyunun 23-ü tarixində hərbi qiyama cəhd etmişdi. Özü də 23 avqust tarixində - qiyam cəhdindən düz iki ay sonra məhv edildi. Bunlar rəqəmlərə inanan Putini şübhəli edir. Amma bunu dəqiq demək düzgün olmaz.

- Bu hadisənin dünya və Rusiya üçün nəticələri nələr olacaq?

- Dünya üçün nəticəsi müsbətdir. Çünki bir hərbi cani əsas adamı ilə birlikdə öldü. Bu, dünya üçün də, region üçün də müsbət hal kimi qiymətləndirilməlidir. Rusiya üçün isə nəticələrini bir qədər sonra görəcəyik. İndidən Rusiya üçün hansı nəticələr doğuracağını söyləmək qəlizdir. Hər halda o, Rusiyanın kirli hərbi işlərini görən bir şəxs idi, bir terrorçu hərbi şirkətin rəhbəri idi. Bu baxımdan, yəqin ki, Rusiya üçün Priqojin itki sayıla bilər. Amma bilirsiniz, Rusiyada hərbi şirkət təkcə Priqojinin deyildi, başqa şəxslərə bağlı də belə cani dəstələr mövcuddur.

- Maraqlıdır ki, qiyam cəhdindən sonra bütün dünyada ekspertlər Priqojinin öldürüləcəyini proqnozlaşdırırdılar. Belə olan halda, Priqojinin ehtiyyatsız davranması, Rusiyada sərbəst hərəkət etməsi müəmmalı deyilmi?

- Qiyam cəhdindən sonra Belarusda ona şərait yaradıldı, dəstəsini orada yerləşdirdi. Afrikadakı fəaliyyətini davam etdirməsinə şərait yaradıldı. Təbii, bu şərait Rusiya tərəfindən yaradıldı. Eyni zamanda, Putinlə görüş keçirdi, razılaşmalar əldə olundu. Bundan əvvəl də Priqojin bir neçə dəfə Rusiyada olmuşdu. Görünən odur ki, bu amillər “Vaqner” rəhbərində arxayınlıq yaradıb. Qarşı tərəf də təbii ki, Priqojinin bu arxayınlığından istifadə edib əməliyyatı qurub.
Ardını oxu...
Almaniyada yaşayan azərbaycanlı jurnalist Ramil İbrahimov Rusiya – Ukrayna müharibəsinin Avropa insanının həyatına təsiri, miqrantlar problemi və digər mövzular barədə müşahidələrini, üzləşdiyi halları AYNA ilə bölüşüb. TEREF.AZ onunla söhbəti təqdim edir:

- Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından bu yana Avropa insanının, konkret olaraq yaşadığınız Almaniya vətəndaşının həyatında nə dəyişib?

- Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Almanya vətəndaşlarının həyatında baş verən əsas dəyişikliklərdən biri, əlbəttə, enerji daşıyıcılarının qiymətindəki artım oldu. Amma ötən illə müqayisədə bu il stabilləşmə müşahidə olunur. 2023-cü ilin iyun ayında “Bundesbank”ın (Almanya Mərkəzi Bankı) rəhbəri Joachim Nagelin öz açıqlamasında da inflyasiyada arzuolunan enişin müşahidə olunduğunu, ancaq hər şeyin tam yolunda olduğunu söyləməkdən uzaq olduqların bildirib.

Həmçinin, Alman Mərkəzi Bankının mütəxəssisləri inflyasiyanın aşağı düşməsi, maaşların artırılması və möhkəm əmək bazarının təsiri ilə yaxın gələcəkdə insanların alıcılıq qabiliyyətinin yüksələcəyini və iqtisadiyyatın ən mühüm sütunlarından biri olan istehlakın artacağını proqnozlaşdırırlar. Alman mediasının yazdığına görə, təkcə Almaniyada deyil, ümumiyyətlə, avrozonada vəziyyət müsbətə doğru istiqamətlənib. Ötən il inflyasiya Ukraynadakı müharibə səbəbindən ikirəqəmli həddə çatsa da, bu ildən 6-6,1 faiz təşkil edir.

- Müharibənin əvvəllərində Avropa əhalisi Rusiyaya qarşı daha sərt mövqe sərgiləyir, bəzən hökumətləri radikal qərarlar qəbul etməyə məcbur edirdi. İndi sanki bu aqressiya səngiyib. Yoruldumu "qoca qitə"nin sakinləri, yoxsa hansısa məcburiyyət qapılarınımı döydü?

- Konkret olaraq almanların Rusiya - Ukrayna müharibəsinə olan münasibəti dəyişməyib. Söhbət etdiyim bir çox alman əvvəlki mövqeyində qalır. Bir qism insan Rusiyanı aqressor hesab edir, bəziləri isə Rusiya ilə münasibətlərin daha da pozulmasının tərəfdarı deyil, bunun Almaniyaya ziyan vura biləcəyini düşünür.

- Belə məlumatlar, iddialar var ki, müharibədən dolayı ölkəsindən qaçqın düşmüş ukraynalıların bir hissəsi çətin şərtlər altında qürbətdə gün saysa da, başqa bir qismi kef-damaq içərisindədir: bahalı maşınlarda, bahalı malikanələrdə... və hər yerdə üzlərinə yaşıl işıq. Doğrudurmu bu iddialar?

- Digər ölkələrdə məskunlaşan ukraynalılar haqqında açığı məlumata malik deyiləm. Amma məhz sığınacaq üçün Almaniyaya gələn ukraynalı qaçqınların çətin şəraitdə yaşadıqlarının şahidi olmamışam. Hətta hazırda Almaniyada sığınacaq alan ukraynalılar arasında bəzən Rusiyaya rəğbət bəsləyən insanlara da rast gəlmək olur. Mənim bir ukraynalı tanışım belələrinin əsasən şərqi Ukraynadan gələnlər olduğunu deyir. Niyə sığıncaq üçün Rusiyanı deyil, Almaniyanın seçdiklərinə gəlincə isə, bunun maddiyatla bağlı olduğu bildirir. Burada əldə etdikləri sosial müavinət, normal yaşayış standartı, keyfiyyətli və pulsuz tibbi xidmətin Rusiyada mümkün olmayacağını bilən bu insanların Almaniyanı seçdiyini söyləyir.

- Miqrantlardan söz düşmüşkən, Avropaya, o cümlədən Almaniyaya Afrika və Asiya ölkələrindən qaçqın axını davam edirmi yenə də? Və onlara münasibətdə cəmiyyətlərin və hökumətlərin davranışı necədir?

- 2023-cü ilin aprel ayının statistikasına görə, ötən ilin eyni dövrü ilə müqayisədə sığınacaq üçün müraciət edənlərin sayında 78,4% artım var. Bunlar əsasən Suriya və Əfqanstandan olanlardır. Bundan əlavə, peşə təhsili almaq üçün Veytnam, Orta Asiya ölkələrindən Almaniyaya miqrasiya edənlərin sayında da artım var. Son qrupa aid olanlar arasında azərbaycanlılar da az deyil.

Miqrantlara münasibətə gəldikdə, Almaniyada miqrantlarla bağlı bir sıra yeni qanunlar qəbul edilib. Məsələn, 2017-ci ilin noyabr ayına qədər sığınacaq üçün müraciət etmiş, lakin rədd cavabı almış şəxslərə 18 aylıq müvəqqəti yaşayış icazəsinin verilməsi qərara alındı. Bu sınaq müddəti ərzində həmin şəxslər Almaniyada yaşayış icazəsinin davam etməsi üçün cəmiyyətə inteqrasiya etməli, işləməli, dolanışığını özü təmin etməlidir və s. Bu kimi şərtlər yerinə yetirilməlidir.

İnsanların münasibətinə gəlincə isə, maraqlı bir fakt deyim. Mənimlə söhbət zamanı bir neçə alman öz hökumətlərinin sığınacaq axtaran şəxslərlə bağlı ikili standarta yol verdiyini düşündüyünü deyib. Belə ki, Suriya, İraq müharibələri zamanı sığınacaq axtaran şəxslərin uzun müddət kamplarda saxlanıldığını, həmin insanların bəzən aylar, hətta illər alan bürokratik prosedurdan sonra müraciətinə müsbət cavab aldığını, ukraynadan gələnlərin isə dərhal müvəqqəti yaşayış hüququ əldə etdiklərini və bunun birincilərə qarşı ədalətsizlik olduğunu düşünürlər.

- Nəhayət, son zamanlar Avropada İslamofobiya, müqəddəs "Quran"ın yandırılması mövzusu yenidən aktuallaşıb. Nələr baş verir?

- Avropada İslamofobiya ilə bağlı, müsəlmanların müqəddəs kitabı hesab olunan “Quran”ın yandırılması ilə bağlı xəbərləri mediadan və sosial şəbəkələrdən izləmişəm. Yaşadığım bölgədə bu günə qədər belə hala rast gəlməmişəm. Əksinə, onu deyə bilərəm ki, Ramazan bayramı vaxtı məktəblərdə müsəlman şagirdlərə bayram tətili etmək üçün icazə verilir. Bildiyim qədəri ilə bu ənənə Almaniyadakı bütün məktəblərdə var.
Ardını oxu...
“İmplantasiya itirilmiş dişin bərpası üsuludur. Çənə sümük toxumasına dişin kökünü əvəz edən xüsusi diş sancağı quraşdırılır. Sonra onun üstünə tac yapışdırılır, nəticədə təbii dişdən heç bir şəkildə fərqlənməyən bir diş əldə edilir".
Teref.Az Redaktor.Az-a istinadla xəbər verir ki, bunu diş həkimi-cərrah, Rusiyada "Deva-Dent" estetik stomatologiya klinikasının implantoloqu Dmitri Fedorov "İzvestiya"ya müsahibəsində bildirib.

O, diş implantasiyası ilə bağlı üç məşhur mifi dağıdıb.

Beləliklə, ümumi miflərdən biri implantların çox vaxt kök salmamasıdır. Ekspertin sözlərinə görə, əslində yaşamaq əmsalı 95%-dən çoxdur. Fəsadlar təxminən hər 100 nəfərdən birində baş verir.

"İmplant rədd edilməyə başlayırsa, dərhal baş vermir. Müvafiq olaraq, əksər hallarda prosesi dayandırmaq üçün bir şey etmək olar", -deyə həkim vurğuladı.

Diş həkiminin fikrincə, kifayət qədər geniş yayılmış ikinci yanlış fikir, implantların yaşlı insanlara qoyulmamasıdır.

“Bu, başqa bir yanlış fikirdir. İmplantasiya üçün aşağı həddi 18 ildir və yuxarı həddi yoxdur. İmplantlar yetkinlikdən sonra istənilən yaşda quraşdırıla bilər. Hər şey xəstənin sağlamlıq vəziyyətindən və əks göstərişlərin mövcudluğundan asılı olacaq. Mən 70 və hətta 80 yaşdan yuxarı xəstələrə implantların uğurla qoyulduğu halları bilirəm. İmplantasiya üçün əks göstərişlərin siyahısı kiçikdir: diabet, onkoloji xəstəliklər, osteoporoz və s. Hər şey müəyyən bir xəstənin fərdi xüsusiyyətlərindən asılı olacaq", - Fedorov deyib.

Həkim implantların quraşdırılmasının çox uzun müddət olduğuna dair geniş yayılmış inanca da diqqət çəkib. Onun fikrincə, bunda yalnız zərrə qədər həqiqət var.

“Bəzən prosedur 4-6 ay çəkə bilər, çünki atrofiyaya uğramış sümük toxumasını bərpa etmək lazım gələcək. Və bu prosesi sürətləndirmək və ya hansısa yolla yan keçmək olmaz. Lakin bu həmişə belə olmur. İndi 2-3 aya qədər vaxtı azalda biləcəyiniz zaman sürətləndirilmiş implantasiya üsulları var. Eləcə də bir mərhələli implantasiya texnologiyası, bir həftə ərzində yeni dişlər əldə etdikdə. Diş itirildikdən sonra implantoloqla nə qədər tez əlaqə saxlasanız, sümük strukturlarını uzun müddət bərpa etməyiniz ehtimalı bir o qədər az olar", o bildirib.
Ardını oxu...
Həftələrdir ki, Laçın yolu ətrafında gərginlik hökm sürür. Ermənistanın “Qarabağda humanitar böhran” şousu, “Azərbaycan humanitar yükləri Xankəndiyə buraxmır, Qarabağdakı ermənilər acından ölür” kampaniyası gərginliyi bir qədər də artırmış oldu.

Ermənistanın bu istiqamətdə BMT Təhlükəsizlik Şurasına (TŞ) müraciəti, Şuranın təcili iclasının keçirilməsi də kampaniyanın tərkib hissəsidir. İrəvan BMT TŞ-nin iclasında Azərbaycana qarşı qətnəmənin qəbuluna nail olmasa da, bəzi dövlətlərdən və beynəlxalq təşkilatlardan Laçın yolunun açılması, “blokadanın” aradan qaldırılması çağırışları edilməkdədir.

Azərbaycanın bu istiqamətdə mövqeyi bəllidir. Rəsmi Bakı yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif edib - hansı ki, Ermənistan və Qarabağdakı xunta rejimi bunu qəbul etmir. Laçın yolundan isə Qarabağın erməni sakinlərinin sərbəst gediş-gəlişi təmin olunur. Ekspertlər hesab edirlər ki, Azərbaycan Laçın yolu ilə bağlı hazırkı mövqeyindən çəkilməyəcək.

TEREF.AZ-ın məlumatına görə, Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov mövzu ilə bağlı AYNA-nın suallarını cavablandırarkən bildirib ki, hazırda Laçın yolunda hər şey qaydasındadır:

- Azərbaycan sərhədçisi keçid postunda dayanıb, ikitərəfli keçidə nəzarət edir. Kim Ermənistandan gəlirsə, sənədlərini təqdim edir, buraxırlar. Kim Xankəndidən İrəvana gedirsə də, eyni ilə, sənədləri yoxlanılır, problem yoxdursa, axtarışda deyilsə, buraxılır. Hətta mən deyərdim ki, onlara güzəşt edilir. Bu gün heç Azərbaycan vətəndaşları quru sərhədi ilə xaricə gedə, ölkəyə gələ bilmirlər. Ermənilər sərhəddən sərbəst keçirlər, daha bundan artıq nə hörmət edilməlidir?! Bu gün də mən xəbərlərdə gördüm, Qarabağın erməni sakinlərindən bir xeylisi Ermənistan tərəfə keçdi. Onların əksəriyyəti səhv etmirəmsə, İrəvanda oxuyan tələbələr idi və s. Yəni ki, Laçın yolu normal rejimdə, Azərbaycanın istəklərinə uyğun işləyir.

- Sərhəddə həmçinin 22 TIR dayanıb və Ermənistan “humanitar böhranın qarşısının alınması məqsədilə” yüklər gətirildiyini, Azərbaycanın bu yükləri buraxmadığını iddia edir...

- Bunun bizə nə dəxli var? TIR-lar dayanıb, dayansın, bizim nəyimizə lazımdır! Biz o maşınları dəvət etməmişik ki... Hər kəs anlayır ki, “humanitar böhran” uydurmadır, şoudur, məqsədlidir. İddiaları doğrudursa, o zaman Ağdam-Xankəndi yolu təklif edilib, oradan istifadə etsinlər. Yemək üçün yolun nə fərqi var?! Hər yükü sərhəddən keçirməliyik ki?

- Beynəlxalq aləmdən Azərbaycana yüklərin buraxılması çağırışları var. Sizcə, rəsmi Bakının hazırkı mövqeyində dəyişiklik olacaq?

- Azərbaycanın mövqeyi açıq şəkildə bəyan edilib: humanitar gediş-gəliş üçün Laçın yolundan istifadə edilə bilər. Dediyim kimi, istifadə də edilir. Yəni xəstə bir erməni İrəvana gedir, oradan Xankəndiyə qayıdır, buna icazə var, istifadə də edirlər. Amma Azərbaycanın ərazisinə hansısa yük gətirirlərsə, o zaman Ağdam-Xankəndi yolundan istifadə etsinlər. Ağdam-Xankəndi yolunun nəyi pisdir ki? Əslində bu yol daha yaxındır. Yəni ki, Bakının şərti budur: yüklər Ağdam-Xankəndi yolu ilə aparılacaq, vəssalam! Hesab edirəm ki, bu mövqe dəyişməyəcək. Azərbaycan öz suveren hüquqları çərçivəsində addımlar atır. Qarabağda heç bir humanitar böhran yoxdur, kimsə acından ölmür. Qarabağın erməni sakinləri içərisində hansınınsa problemi varsa, bunun günahkarı hərbi xunta rejimidir.

- Rejim icərisində də qarşıdurmaların baş verdiyi xəbərləri var. Qarabağda xunta rejimi daxilində nə baş verə bilər?

- Orada deqradasiya gedir. Hesab edirəm ki, xuntaya xidmət edən insanlar, əslində, Ermənistana bağlı şəxslər silahı qoyub çıxıb getməlidirlər. Ağılları varsa, bu addımı atmalıdırlar. Təbii ki, onlar qanun qarşısında cavab verəcəklər – bu, qaçılmazdır.

Sadə ermənilərə gəlincə, onların işinə də Azərbaycan baxacaq, görək hansı cinayətlər törədiblər, cinayətlərdə əlləri varmı və s. Əgər cinayət törətməyənləri varsa, yaxud yüngül cinayət törədiblərsə, bəlkə, onlara amnistiya tətbiq edildi. Yüngül cinayət dedikdə, məsələn, mitinqdə iştirak edibsə, ona bənzər cinayət edibsə, onların amnistiyası ola bilər. Soyqırımı cinayətlərində, qətliamlarda iştirak edənlərdən söhbət getmir. Amnistiya olunanlar, vətəndaşlığı qəbul edənlər “ASAN Xidmət”də mülkünü qeydiyyata salacaq, istəsə - qalıb yaşayacaq, istəsə - satıb gedəcək və s. Vəssalam, bunun başqa yolu yoxdur!
 
 
 

Ardını oxu...
DİA.AZ Azərbaycanın keçmiş xarici işlər naziri, diplomat Elmar Məmmədyarovun regionda və dünyada baş verən geosiyasi proseslər barədə "Report"a müsahibəsini təqdim edir:

- Elmar müəllim, bildiyiniz kimi, Ermənistan bu günlərdə Azərbaycanın Xankəndidə humanitar böhran yaratması iddiası ilə BMT Təhlükəsizlik Şurasına müraciət etmişdi. Amma toplantıda arzuladığı nəticəni görmədi. Bu gözlənilən idi?

- Şəxsən mən bilirdim ki, belə də olacaq. İlk növbədə ona görə ki, BMT TŞ-ə müraciət edən zaman üzvlərin mövqelərini bilmək lazımdır. Ermənistan daimi üzvlərin Azərbaycana münasibətlərini və onların rəsmi Bakı ilə əlaqələri korlamaq istəmədiklərini hesablamalı idi. Ümumiyyətlə, bu müraciət məsuliyyətsiz addım idi. Halbuki BMT TŞ-də hansısa məsələni müzakirə edərkən məsuliyyətli və ciddi olmaq lazımdır. Görünür, rəsmi İrəvan bunu bilmirdi. Üçüncü bir tərəfdən, Ermənistan hələ də BMT-nin məlum 4 qətnaməsini yerinə yetirməyib. Bunu Vətən müharibəsinin nəticəsində də gördük. Odur ki, BMT-nin Azərbaycan əleyhinə hansısa qətnamə qəbul edəcəyi ağlabatan deyildi.

- Ermənistanın Laçın yolundakı "humanitar tır" şousu, sizcə, nə ilə nəticələnəcək?

- Bu, səmərəsiz və mənasız cəhddir. Öncə onu deməliyəm ki, Laçında hansısa blokadadan söhbət gedə bilməz. Sadəcə olaraq biz yola nəzarət edirik. Bu isə İrəvanın iddia etdiyi kimi, heç bir halda beynəlxalq hüquqa zidd deyil.

- Son zamanlar Ermənistan, demək olar, hər gün hərbi təxribatlar törədir. Baş nazir Nikol Paşinyan isə bütün çıxışlarında sülhə sadiqliyini ifadə edir. Bu paradoksu necə qiymətləndirirsiniz?

- Paşinyanın dedikləri daxili auditoriyaya hesablanır. Amma sülhün (sülh müqaviləsi nəzərdə tutulur – “Report”) yaxın vaxtda imzalanacağını düşünmürəm. Çünki təxribatlar ara vermir. Ümumiyyətlə, sülh əldə olunmadıqca təxribatlar davam edəcək. Bu isə o deməkdir ki, növbəti hərbi əməliyyatların başlanması istisna deyil. Hərçənd bu, Ermənistan üçün yaxşı nəsə vəd etmir. Bunu qarşı tərəf özü da başa düşməlidir. Ən azından ona görə ki, Ermənistanın hərbi imkanı lazımi səviyyədə deyil. Əgər təxribat istəyirlərsə, onda məsuliyyət öz boyunlarında qalır.

- Meşəli cinayətkarlarından biri - Vaqif Xaçaturyan bu yaxınlarda həbs edildi. Sizcə, prosesin davamı gələ bilərmi? Azərbaycan digər terrorçular barədə qanunvericiliyə uyğun olaraq hansı lazımi tədbirlər görməlidir?

- Buna heç bir şübhəm yoxdur. Sözsüz ki, Qarabağdakı digər terrorçular, o cümlədən qondarma qurumun başçısı Araik Arutyunyan üçün də eyni aqibətin təkrarlanması mümkündür. Onların hər biri Azərbaycan qanunvericiliyi qarşısında cavab verməlidir. Rəsmi Bakı bunun üçün müvafiq addımları atmalıdır və atır.

- Son zamanlar separatçı-quldur rejimlə Ermənistan hakimiyyəti arasında gərginlik yaranıb. Bu ziddiyyət nə ilə bağlıdır?

- Əslində bu, Azərbaycanın diplomatik uğurunun növbəti təzahürüdür. Qarşı tərəf başa düşür ki, Qarabağdakı etnik ermənilərin Azərbaycana reinteqrasiyasının alternativi yalnız onların torpaqlarımızdan çıxmasıdır. Ona görə də narahat olmağa başlayıblar. Amma reinteqrasiya sadəcə zaman məsələsidir. Mütləq buna da nail olacağıq.

- Bildiyiniz kimi, Azərbaycanla Ermənistan arasında ehtimal edilən sülh müqaviləsi ilə bağlı üç əsas platforma var: Vaşinqton, Brüssel və Moskva. Hansını daha ideal hesab edirsiniz?

- Bizim mövqeyimiz aydındır. Sülh istəyirik. Rəsmi Bakıya irəliləyiş lazımdır. Deməli, biz öz məqsədimiz naminə hər üç platformadan istifadə etməliyik.

- Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar bir müddət əvvəl verdiyi müsahibə dedi ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi üçün tələsməməlidir. Bir yandan isə Moskva özü vasitəçilik etməyə çalışır. Bu açıqlamadan sonra biz Rusiyanın səmimiliyinə inana bilərikmi?

- Rusiyanın, ABŞ-ın, Avropa İttifaqının da öz maraqları var. Hər bir vasitəçi prosesə öz maraqları kontekstindan yanaşır. Təsadüfi deyil ki, rəsmi Moskva hər fürsətdə Vaşinqton və Brüsselin onu regiondan çıxarmağa çalışdığını deyir. Bəlkə də, bu fikirlərdə müəyyən həqiqət var. Əvvəllər də demişəm, biz birbaşa təmaslara üstünlük verməliyik. Baş nazir müavinləri səviyyəsində birbaşa dialoq müsbət haldır. Ümid edək ki, sülh sənədi də birbaşa təmaslar nəticəsində hazırlanacaq.

- Yeri gəlmişkən, Rusiya - Ukrayna müharibəsinin sonu görünmür. Sizcə proses üçüncü dünya müharibəsinə doğru gedir?

- Ən azı yaxın aylarda müharibənin miqyasının genişlənəcəyini düşünmürəm. Amma sülhün yaxın vaxtlarda əldə olunacağını da gözləmirəm. Rəsmi Kiyev dəfələrlə bildirib ki, müharibə torpaqlar tamamilə işğaldan azad olunanadək davam edəcək. Ukrayna torpaq güzəşti müqabilində hətta NATO-ya üzvlükdən də imtina etdi. Eyni zamanda Rusiya da geri çəkilənə oxşamır. Deməli, döyüşlər hələ davam edəcək.

- "Vaqner" xüsusi hərbi təşkilatının Polşa və Litva sərhədində təxribat törətmək və nəticədə yeni münaqişə ocağının yaranması ehtimalını necə qiymətləndirirsiniz?

- Düzü, Polşa və Litva rəsmilərinin bu barədə açıqlamalarını, o cümlədən xəbərdarlıqlarını qeyri-ciddi hesab edirəm. Əgər təhlükə varsa, kəşfiyyat xidməti, sərhəd qoşunları və digər güc strukturları lazımi tədbirləri görməli, ehtimal edilən təhdidin qarşısının almalıdır. Doğrudanmı, Polşa və Litvanın buna imkanı yoxdur?!

- Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu ilə dostluq münasibətinizin olduğunu bilirik. Bəs yeni nazir Hakan Fidanla heç danışmısiz? Ondan gözləntiləriniz nələrdir?

- Cənab Çavuşoğlu ilə çox yaxşı münasibətlərimiz var. İndi də danışırıq. O, çox güclü və bacarıqlı diplomatdır. Bilirsiniz ki, Mövlud Çavuşoğlu siyasi fəaliyyətini millət vəkili kimi davam etdirir. O, Türkiyə Böyük Millət Məclisinin NATO-dakı nümayəndə heyətinin rəhbəridir. Düşünürəm ki, Çavuşoğlu xarici işlər naziri kimi qazandığı uğuru yenə əldə edəcək. Eyni zamanda Hakan bəyi də tanıyıram. Onun da bacarığına bələdəm. Bu mənada Türkiyənin praqmatik xarici siyasət kursunun olduğu kimi davam edəcəyinə əminəm.

- Ümumiyyətlə, xarici ölkələrin və Azərbaycanın yüksək çinli məmurları ilə münasibətiniz varmı?

- İndi daha çox jurnalistlərlə dostluq edirəm, onların suallarını cavablandırıram (gülür). Amma bəzi diplomat və siyasətçi dostlarımla da ünsiyyətim davam edir. Məsələn, Rusiyanın xarici işlər naziri Sergey Lavrovla arada danışır, yazışırıq.
Ardını oxu...
DİA.AZ Dədə Ədalətin yetirməsi, ustad aşıq Ədalət Dəlidağlının Lent.az-a müsahibəsini təqdim edir:

- Aşıq Ədalət, adətən insanlar elə sənət seçirlər ki, “çörək verən” olsun. Aşıq sənətinin çörəyi varmı? Bu sənətə həvəs sizdə necə yaranıb?

- Bizim nəsildə həm ana, həm də ata tərəfdə saz çalmaq, şairlik istedadı var. Kəlbəcərli olasan, təbin bulaq kimi qaynamaya? 7-8 yaşımdan radiolarda ustad sənətkarları dinləyirdim. Ədalət Nəsibovu, Hüseyn Saraclını, Aşıq İmranı, Dədə Şəmkiri, Cəlal Qəhrəmanovu eşidə-eşidə böyümüşəm. 18 yaşım yox idi, heç məclislərə çıxırdım. Çörəkli sənət olması barədə nə deyim? Çörəyi, ruzini verən Allahdır. Allah şahidimdir ki, heç vaxt gözüm heç kimin cibində olmayıb, məclisə gedəndə qiymət danışmamışam. Sənətkar günortaya qədər ac qalar deyiblər. Xalq dolandırır. Nə qədər ki, sənətə sənətkara qiymət var, saz çörəkli sənət olacaq. Dədə Ələsgər “nizamnaməmizi” yazıb qoyub, biz də onun yoluyla gedirik.

- Müasir aşıq sənəti ilə klassik aşıq sənətinin fərqi çoxdur? Bu gün toylarda müasirlik adı altında aşıq sənətinə gətirilən yeniliklər sizi narazı salır?

- Müasir aşıq sənətinə bir çox bayağı əlavələr edirlər, deyirlər bu yenilikdir. Bu yenilik deyil, süniləşdirmədir. Dədə Ədalət də yenilik edirdi, amma nə klassikanı pozdu, nə sənəti bayağılaşdırdı. Müasirləşdirmək cəhdi klassik aşıq sənətinə zərbə vurmadan edilməlidir.

- Qadın aşıqların məclis aparmasına necə baxırsınız? Telli Borçalı tamadadır ya aşıq?

- Telli Borçalı sinəsi dolu aşıqlardandır, Çox eşidib çox bilir. Tamada deyil, köhnə aşıqları, müasir şairləri yaxşı bilir, bol söz ehtiyatı var. Aşıq Zülfiyyə, Lətifə Çeşməli, Aşıq Kəmalə, Gülarə xanım, Ulduz xanım bu sənətin layiqli daşıyıcılarıdırlar.

- Çox da uzaq olmayan keçmişdə toyun sonunda bəy tərəfi edərdilər, məclisə aşıq çıxardı, dastan danışardı. Hətta aşığın dastanına dalardılar, məclis günlərlə uzanardı. İndi də dastan danışan aşıqlar var?

- Azdır, amma var. Əslində dastan danışdıran yoxdur, tələbat azalıb. Aşıq Əhliman, Aşıq Arif, Aşıq Şöhrət yaxşı dastançıdırlar. Özüm 10-15 dastan bilirəm. Aşıq Qəmbər, Əli Zeynalabdinov, Aşıq Yolçu, Aşıq Təbriz, Aşıq Qələndər klassik aşıq sənətinin keşikçiləridir. Toylara gedib qazanc naminə hoqqabazlıq edənlər, şou çıxardanlar da var. Onlar aşıq deyillər.

- Sazı başında çalan aşıqlar da var. Onlara sözünüz nədir?

- Sazı başında ifa edənlər şou göstərirlər, onlar aşıq deyillər sadəcə saz çalırlar. Bunu özləri də etiraf edirlər. Amma indi belələrinə tələb daha çoxdur. Gərək yenilik gətirəndə uzlaşdırasan, ağa qara yamaq vurmayasan. Vəhdət olmalıdır. Sazı başının üstündə çalanlara tələb bizdən çoxdur. Bunun da günahı teleməkanlardadı. İnciməsinlər məndən. Düzdür, saz sənətinə ehtiramla yanaşan, samballı verilişlərimiz də var. Amma şou axtaranlar daha çoxdur. Bizim Aşıqlar Birliyimiz var, efirlərə çağıranda Aşıqlar Birliyindən aşıq çağırsınlar. Sazı başında çalanlar aşıq deyillər, sadəcə ifaçıdırlar, çörəklərini qazanırlar. Zaman belə gətirib. Heç onları da günahlandırmıram. Dediyiniz qaydada Aşıq Mübariz, Ziyadxan çalırlar. Yaxşı ifaçıdırlar, şirin barmaqları var. Saza belə münasibət düzgün deyil, amma onlara tələbat var.

- Aşıqdan tamada olarmı?

- Xeyr olmaz. Aşıqdan tamada ola bilməz.

- Aşıqlar Birliyi dediniz, aşıqlar arasında birlik var? Bir ara möhkəm xəstələndiniz. İtirib-axtardılarmı sizi?

- Bəli, sağ olsunlar, gəldilər, mən də onların balalarının toyunda borcumu ödəyəcəm.

-Tez-tez Şirvan aşıqları, yoxsa Qərbi Azərbaycan aşıqları deyə mübahisələr olur...

- İkisi də bu xalqın sərvətidir. Aşıqları parçalamaq, ayırmaq günahdır. Şirvan aşıqlarında ritm var, ansamblla daha çox ifa edirlər, özlərinə xas rəqsləri var. Şirvan da Kəlbəcər də elimin o başı bu başıdır. Aşığa fərq eləməz. Azərbaycanda Göyçə, Tovuz, Borçalı, Gəncə-Şəmkir, Şirvan, Qarabağ, Təbriz, Urmiya, Çıldır və Dərbənd aşıq məktəbləri olub. Borçalı, Çıldır və Urmiya aşıqları təklikdə, Tovuz, Gəncə-Şəmkir, Qaradağ sənətkarları həm təklikdə, həm cüt, həm də balabançı ilə məclis keçirirlər. Şirvan və Təbriz aşıqlarının havacatı və ifa tərzi ilə Göyçə və başqa Qərb aşıq məktəblərindən fərqlənir.

- Bir zamanlar məclislərin bəzəyi aşıqlar idi. İndi meyxanaçılar. Sizlər niyə meydanda onlara uduzursunuz?

- Mən deməzdim ki, aşıqlar meyxanaçılara uduzur. Əsla belə deyil. Bağlama qıfılbənd yazan aşıq bir bənd deyər min meyxanaçı aça bilməz. Açıqların gəraylısı, dodaqdəyməzi, müxəmməsi, çarpaz qoşması, ustadnaməsi, öz yaradıcılıqlarının məhsulu olan saz havaları var. Bu meyxanada yoxdur. Aşıq sənəti meyxana sənətindən qədimdir. Bəlkə də meyxana aşıq sənətindən mayalanıb. Meyxana da qədim sənətdir, xalqın sinəsindən gəlib. Asan sənət deyil. Məsələn, bədahətən söz deməyi, o süjeti qorumağı hər aşıq bacarmır. Meyxana da biz qabaqlaşmamışıq ki, udaq uduzaq. Hər bir halda aşıq sənəti daha qədimdi.
- Aşıq meyxanaya qulaq asır?

- Mən asıram. Allah rəhmət eləsin Ağasəlimə, Nizami Rəmziyə çox dinləmişəm. Ağakərimə şəfa diləyirəm. Hamısına hörmətim var. Namiq Məna ilə çox məclislərə düşmüşük, sevərək qulaq asmışam.

- Deyir ustadına kəm baxanın gözlərinə qan damar. Aşıq sənətində dəyişməz qanunlardan biri ustad aşıqları hörmətlə yanaşmaq, mənəm-mənəm deməməkdir. Hər zaman Aşıq Ədaləti ehtiramla anırsınız. Sizin yetirmələriniz var?

- Bəli şəyirdlərim ( aşıqlar öz yetirmələrinə, şagirdlərinə adətən şəyird deyirdlər) var. Aşıq Əfqan, Aşıq Qalib, Şəhriyar Laçın, Ülvi Cəfərov kimi yetirmələrin adını fəxrlə çəkə bilərəm. Çünki klassik üsluba hörmətlə yanaşırlar. Bu sənəti gərək urvatda saxlayasan. Dədə Ələsgər 104 yaşına çatmışdı, deyirdi, gərək sazı, ozanlığın sirlərini ustaddan öyrənəsən, hələ özünə ustadam, ən böyüyəm demirdi, hələ də öyrənmək eşqindəydi. Deyirik zaman dəyişib, amma zaman yəqin həmişə insanı narazı salırmış. Aşıq Abbas Tufarqanlı deyirdi ki,

Ay həzərat, bir zamana gəlibdi,
Ala qarğa şux tərlanı bəyənməz.
Oğullar atanı, qızlar ananı,
Gəlinlər də qaynananı bəyənməz.

- Doğulub böyüdüyünüz Kəlbəcərə gedə bildinizmi? 30 illik ayrılıqdan sonra dədə-baba yurdunu görmək möhtəşəm duyğudur.

- ( Kövrəlir) İki dəfə getdim, şəhidlərimizin qanı tökülən torpaqları öpdüm. Xatirələrim dilə gəldi. Məclisdə Dədə Şəmşirin başımı sığallamasını gördüm, 18 yaşım var idi onda. Çal-çağırlı elatlarımızı gördüm, xəyal kimi keçdi gözümün önündən, əlimi uzatdım, tapa bilmədim. Cavan Ədalətlə, öz keçmişimlə qarşılaşdım, danışdım. Bu duyğuları saza töksən saz yanar, sözə töksən söz. Allah bir daha ayrılıq yaşatmasın. Bu günümüzə şükür. Allah ordumuzu da, Prezidentimizi də qorusun.




Ardını oxu...
DİA.AZ Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun (ETTOİ) direktoru Şahin Əkbərovun APA-ya müsahibəsini təqdim edir:

- Şahin həkim, instituta müraciətlər daha çox hansı şikayətlərlə bağlı olur?

- Bizim institutda göstərilən xidmət spesifikdir. Şikayətlər, həmçinin ilin fəsillərinə görə dəyişir. Hazırda yay fəsli olduğuna görə əhali arasında aktivlik artıb. Buna görə indiki dövrdə uşaqlarda ən çox dirsək oynağı ətrafının sınıqları, böyüklərdə isə bud, baldır, bazu sümüklərinin sınıqları ilə bağlı müraciətlər daha çox olur.

Bu cür sınıqlarla bağlı, demək olar, hər gün pasiyent qəbul edirik.

- Qəzalardan sonra ən çox hansı travmalarla müraciət edilir?

- Daha çox bud, baldır, bazu və said sümüklərinin sınması ilə bağlı müraciətlər olur.

- Şahin həkim, uşaqlarda budların anadangəlmə çıxıqları hansı hallarda olur?

- Bununla bağlı dünyada aparılmış statistikaya görə, yeni doğulan 1000 körpədən 3-4-də bu problemə rast gəlinir. Bunun səbəbləri isə çoxdur. Burada genetik və fizioloji-mexaniki amillər rol oynayır. Məsələn, doğuşda sağrı gəlişi, hamiləliyin 10-15-ci həftəsində keçirilmiş infeksiyalar, nəsildə sümük xəstəliklərinin olması, uşağı düzgün bələməmək və s. bu problemin yaranmasında rol oynaya bilir. Lakin dediyim kimi əsas faktor genetikdir. İndiki dövrdə genetika elmi də inkişaf edib. Əvvəlcədən uşaqlarda hansı problemlər yarana bilər, müəyyənləşdirmək mümkündür.

- Yeri gəlmişkən, əyri ayaqların səbəbini bir çox hallarda uşaqların bələnməməsində və ya düzgün bələnməməsində görürlər. Müasir tibbin bununla bağlı yanaşması necədir, körpələri bələmək lazımdırmı?

- Tibb elmində aparılan son təhlillərə görə, bud sümüklərinin ayrılmış vəziyyətdə olması məsləhət görülür. Buna görə körpələri bələmək tövsiyə edilmir.

- Bəs yeni doğulmuşlarda hansı ortopedik xəstəliklər özünü daha çox göstərir?

- Yeni doğulmuşlarda ən çox rast gəlinən bud sümüklərinin anadangəlmə çıxığıdır. Sümüyün inkişafı pozulursa, inkişafdan geri qalırsa və ortopedik məsləhətlərə əməl olunmursa, bu zaman bud sümüyü çıxığına meyl yaranır. Buna görə uşaq doğulandan ortoped həkimin nəzarətində olmalıdır. Bu zaman gözlənilən patologiyaların çoxunun qarşısını almaq mümkündür.

- Uşaqların hansısa yaş qrupunda xüsusi olaraq ayaqlarının rentgen edilməsinə ehtiyac varmı, bu, nə üçün önəmlidir?

- Yeni doğulan uşaqların 3 aya qədər rentgen olunması məsləhət deyil. Çünki bu dövrdə uşaq orqanizmi sürətlə inkişaf edir və həmin dövrdə rentgen şüası az-çox mənfi təsir edə bilər. Buna görə birinci vizual müayinə edilir, daha sonra ultrasəs müayinəsi aparılır. Bu müayinə rentgen şüasından fərqli olaraq zərərsizdir. 3 aydan sonra əgər əsaslı şübhə varsa, rentgen etdirmək olar.

- Uşaqlardan söz düşmüşkən, valideynlər məktəblilərin, xüsusilə də ibtidai sinif şagirdlərinin çantalarının ağırlığından çox şikayətçidirlər. Ciddi narahatlığa ehtiyac varmı?

- Uşaqların ağır çanta daşıması, düzdür, yaxşı deyil, amma buna görə uşağın belində skolioz kimi patologiya yarana bilməz. Sadəcə uşaq çanta götürərkən yaxşı olar ki, ağırlıq hər iki çiyində bərabər şəkildə paylansın.

- Əyripəncəlilik, yastıayaqlılığın ortopedik ayaqqabılarla müalicəsi mümkündürmü?

- Bu problem də genetik faktordan asılı olaraq yaranır. Heç kəs yastıayaqlılığı müalicə etdiyini deyə bilməz, lakin uşaqda buna meyllilik varsa, erkən yaşda ona ortopedik ayaqqabılar geyindirməklə qarşısını almaq mümkündür. Əgər nəzarət olmasa, əyrilik uşaq böyüdükcə birinci, ikinci dərəcəyə çevrilə, daha sonra ağrı ilə özünü göstərə bilər. Yəni ilkin nəzarət və müdaxilə önəmlidir.

- Bir çox insan boyunun qısa olmasından ya əziyyət çəkir, ya da bunu ciddi kompleks edir. Boyun uzadılması hansı hallarda mümkün olur?

- Əvvəla, qeyd edim ki, boyun qısa olması bir çox səbəblərdən asılıdır. Bu, bəzi hallarda sümük sistemi xəstəliyinin nəticəsi olsa da, bəzi hallarda isə genetik faktorlardan da asılı ola bilir. Hazırda bu səbəblərdən asılı olmayaraq qısaboylu olmağın qarşısını almaq mümkündür. Əgər qısa boyluluq xəstəliklə əlaqəlidirsə, o zaman 6 yaşdan müalicəyə başlamaq lazımdır. Çünki bu dövrdə böyümə zonaları fərqli olur. Yox, əgər qısa boyluluq genetik faktordan qaynaqlanırsa, bu zaman boyatma prosesinin sonuna yaxın, 14-15 yaşlarda boyun uzadılmasına başlanılır.

Bud sümüyünü 8-10 sm-ə, baldır sümüyünü 10-12 sm-ə qədər böyütmək mümkün olduğuna görə bir şəxsin boyunu 22 sm-ə qədər uzatmaq mümkündür. Lakin bu, hamıya aid deyil. Boy uzatma ən çox gənc nəsildə effektiv olur. Boyun uzadılması zamanı axsaqlıq olmasın deyə proses çarpaz aparılır. Yəni bir tərəfdə bud uzadılırsa, digər ətrafın baldır sümüyü də eyni vaxtda uzadılır. Bir halda ki bu prosesə əvvəldə də qeyd etdiyimiz kimi erkən yaşda başlanılsın.

- Həkim, bəs bununla bağlı müraciət sayı çoxdurmu, nəticələr necədir?

- Bəli, müraciətlər olur. Boyu günə bir millimetr uzatmaq mümkündür. Boyun uzadılması prosesində xəstəni stasionarda yatırda bilmirik. Ona proses izah edilir və xəstə özü bunu ambulator şəraitdə tənzimləyir. Lakin xəstə mütəmadi olaraq həkim müayinəsinə gəlir, proses izlənilir. Bəzən uzadılma prosesində problemlər də çıxa bilir. Məsələn, boy bir tərəfli uzadılır və axsaqlıq yarandığına görə, boy qısaldılmalı olur.

- 22 sm-ə qədər boyun uzadılmasının mümkün olduğunu qeyd etdiniz. İnstitutun təcrübəsində buna rast gəlinibmi?

- Olub. Qeyd edim ki, boy uzadılmasının başqa metodları da var, lakin postsovet ölkələri kimi bizdə də bu proses ən çox “İlizarov” aparatı ilə aparılır.

- Əyri ayaqların düzəldilməsi ilə bağlı müraciətlər çoxmu olur?

- Bizim ölkədə, təəssüf ki, ayaqları əyri olan uşağı erkən yaşda həkimə aparmırlar. Ən çox qız uşaqları yetkin yaşa çatanda həkimə müraciət edirlər. Öz təcrübəmdə bununla çox rastlaşıram. Erkən müraciət edənlərin sayı az olur. Ölkədə tibbi təbliğat getdikcə bu cür hallar da azalacaq, erkən müraciət edənlərin sayı daha çox olacaq.

- Bəs bu proses necə aparılır?

- Sümük əyri nahiyədən sındırılır və “İlizarov” aparatı ilə korreksiya olunur. Bitişmə prosesi 4-5, 6 aya qədər çəkir. Bu, orqanizmin xüsusiyyətindən asılı olan bir məqamdır. Yəni ən geci 6 aya qədər proses tamamlanır.

- Həmin dövrdə xəstə yataq rejimində olur, yoxsa necə?

- Xəstə bir həftə sonra ayağında aparat ola-ola gəzə bilir. Həkim müayinəsi ayda bir dəfə aparılır.

- Həkim, yeri gəlmişkən, skolioz, kifoz kimi problemlərdə də valideynlər bir çox hallarda uşaqlarının 15-16 yaşında, problem tamamilə ciddiləşəndə müraciət edirlər. Beldə müəyyən qədər əyilmə getdikdən sonra uşaqlara belini düz saxla desən də, bunu bacarmırlar. Skolioz, kifozun tam müalicə olunması üçün neçə yaşdan başlanılmalıdır?

- Skolioz bir qədər mürəkkəb problemdir. Buna spesifik yanaşmaq önəmlidir. Beldə əyriliyin əmələ gəlməsinin səbəbləri olur. Əgər səbəb genetikdirsə, uşaq böyüdükcə belindəki əyrilik daha da artacaq. Ona görə də bütün dünyada qəbul olunub ki, uşaqlar və yeniyetmələr ortopedlər tərəfindən erkən yaşlardan müayinə olunmalıdırlar. Hətta ana bətnində, doğulduqdan sonra 3 ay müddətində də körpələrə ortoped baxmalıdır. Valideynin görə bilmədiyini klinik müayinə metodu ilə ortoped görə bilir.

Uşağın əyri oturması ilə əmələ gələn bel əyriliyə vaxtında müdaxilə edilirsə, həkim nəzarətində olursa, üzgüçülük, fizioterapevtik təyinatlarla qarşısını almaq və əyriliyi aradan qaldırmaq mümkün olur.

Genetik əyriliklərin isə qarşısını almaq daha çətindir. Genetik əyriliklər uşaq vaxtından araşdırılır və səbəbi bəlli olursa, əyriliyin artmaması üçün tədbirlər görülür. Sümükləşmə prosesi bitəndə cərrahi müdaxilə edilir. Uşaq vaxtı isə cərrahi müdaxilə edilmir, çünki uşaq böyüdükcə onurğaya qoyulmuş dəmir boy atmasına mane olur.

- Bunların müalicəsində indi hansı yeni metodlardan istifadə olunur?

- İndi çox müasir metodlar var. Lakin əyrilik ağırlaşmadan qarşısını almaq daha asandır. Ən ağır formada, 4-cü dərəcədə, 30-40 yaşında həkimə müraciət edənlərin böyük problemləri olur. Deformasiyaya uğramış döş qəfəsi, digər sümük xəstəlikləri, daxili orqanların yerini dəyişməsi müşahidə olunur. Şəxsi təcrübəmdə daxili orqanların tamamilə yerini dəyişməsinə, sağdakı orqanın sola və ya soldakı orqanın sağa keçməsinə rast gəlmişəm. Yəni sümük patologiyaları digər patologiyalarla birlikdə ola bilir.

- Onurğa ilə bağlı şikayətləri müşahidə etdikdə görürük ki, onurğa yırtığı insanlar arasında əvvəlki dövrlə müqayisədə daha çox yayılıb. Bununla bağlı statistika nə deyir, doğrudan da çoxalıb, yoxsa necə?

- Onurğa yırtığı ilə bağlı əsas diqqət edilməli və araşdırılmalı məqam genetik faktordur. Əgər problem genetik deyil, sonradan qazanılmadırsa, yəni hansısa vərdiş və ya travma nəticəsində əmələ gəlirsə, qarşısını almaq mümkündür. Uzun müddət hərəkətsiz qaldıqda fəqərənin bir tərəfi yüklənirsə, fəqərə arasında elastikliyi qoruyan nüvə təzyiq nəticəsində yerini dəyişir və ən təhlükəlisi isə sinir kökləri və yaxud onurğa beyninə tərəf inkişaf edəndə olur. Bu zaman xəstədə istər-istəməz ağrılar əmələ gəlir.

İndi bir çox ölkələr yırtığın əvəzinə bel ağrısı sindromu və s. adlarla insanları məlumatlandırmağa çalışır, bel ağrıları zamanı erkən vaxtdan həkimə müraciət etməyin əhəmiyyətini təbliğ edirlər. Bu zaman əmələ gələcək yırtığın da qarşısını almaq mümkündür.

Yırtığın yerləşdiyi yerdən, orqanizmin yaşından, yanaşı xəstəliklərdən, yırtığın ölçüsündən psixoloji faktorlardan asılı olaraq fizioterapiya və ya cərrahi üsulla müalicəsi aparılır. Xəstənin psixoloji durumundan asılı olaraq, fizioterapiya müalicəsi qəbul edirsə, cərrahi əməliyyata ehtiyac olmadan sağalması mümkündür.

Onurğaətrafı əzələləri düzgün inkişaf etdirməklə degenerasiya olunan tərəfdə canlılıq yaradılır.

Onurğa yırtıqlarının geniş yayılması məsələsinə gəlincə isə deyərdim ki, təkcə bu problem yox, digər xəstəliklər də artıb. 35 il bundan əvvəl insanların sümüyündə bitişmə daha tez və daha keyfiyyətli olurdu. Burada əsas faktor qida və həyat tərzidir. Əvvəllər insanlar kənd təsərrüfatı ilə daha çox məşğul olurdular və o zaman aktivliyin çox olması nəticəsində onurğa ilə bağlı problemlərə də daha az rast gəlinirdi. İndi oturaq həyat tərzi, qida rejimi bu cür problemləri çoxaldıb. Bu gün cavan yaşda insanlarda el arasında duzlaşma, boyun ağrısı kimi adlandırılan osteoxondroz geniş yayılıb.

- Halluks valqus daha çox qadınların problemi kimi görünür. Bununla bağlı daha çox qadınlar müraciət edir deyə belədir, yoxsa bu problem elə qadınlarda daha çox rast gəlinir?

- Nisbi olaraq qadınlarda kişilərdən daha çox rast gəlinir. Bu, bir qədər də xanımların görünüşlərinə daha çox diqqət etmələri ilə bağlıdır. Ola bilsin, bununla bağlı kişilər də çox müraciət etsə, fərq daha da azalar. Fakt odur ki, müraciət edənlər əksər hallarda qadınlardır. Özüm də təcrübəmdə kişi pasiyentə rast gəlməmişəm.

Bu problemdə də əsas faktor genetikadır. Ümumiyyətlə, sümük sistemində olan patologiyalar fərqli travmalardan, xəstəliklər isə genetik səbəblərdən əmələ gəlir. Genetikadan əlavə isə ana bətnində uşağın aldığı travmalar, hamiləliyin müəyyən dönəmlərində ananın keçirdiyi infeksion xəstəliklər və s. sümük xəstəliklərinin yaranmasına təsir edə bilər. Halluks valqus problemində də birincisi, genetik, ikincisi, düzgün seçilməyən ayaqqabı kimi amillər sümüklərində güc az olan insanlarda axır-əvvəl deformasiyaya səbəb olur.

- Bəs bu problemdə əməliyyat riskləri nələrdir?

- Halluks valqusu düzəltmək üçün 200-ə yaxın əməliyyat növü var. Əməliyyat növünün sayının bu qədər çox olmasının səbəbi prosesin mürəkkəbliyi ilə bağlıdır. Halluks valqusun bütün xüsusiyyətləri, əmələgəlmə səbəbi, genetik, fiziki faktorlarla və s. ilə bağlı olmasına görə ayrı-ayrı yanaşmalar mövcuddur.

Əsas fikir verilməli məqamlardan biri də əməliyyatın yumşaq toxumada, yoxsa sümükdə olmasıdır. Yumşaq toxumada olan əməliyyatları yüngül formada olduğu zaman əməliyyatla düzəltmək olur, sümükdə olan problem isə düzəlsə də nəticə təkcə həkimin apardığı əməliyyatdan deyil, reabilitasiya dönəmində xəstənin rejimindən, xəstənin psixoloji durumundan da asılıdır. Yəni xəstənin deyilənlərə nə dərəcədə əməl edib-etməyəcəyindən çox şey asılıdır. Məsələn, təcrübəmdə olub ki, xəstənin bilək sınığından sonra gips qoyulub və xəstə vaxtı tamamlanmadan gipsi açıb. Nəticədə isə ani diqqətsizlik nəticəsində ikinci sınıq olub. Halluks valqusda da reabilitasiya dövründə tələblərə əməl etmək şərtdir.

- Halluks valqus problemi yaşayan, lakin bunu estetik baxımından problem etməyən şəxslərin əməliyyat etdirmədən həyatına davam etməsi mümkündür, yoxsa vaxtında müdaxilə etmək şərtdir?

- Halluks valqusla ömrünün axırına qədər yaşayanlar da var. Əməliyyata daha çox gənclər müraciət edirlər. Bundan əlavə də cərrahi müdaxilə halluks valqusun dərəcəsindən asılıdır. Bəzi hallarda çox ağır dərəcədə olur, bu zaman görüntü baxımından da narahat etdiyinə görə insanlar əməliyyat etdirmək istəyirlər.

- Həkim əvvəlki illərlə indiki dövrü müqayisə edəsi olsanız, sınıqçıya müraciət edənlərin sayı daha çoxdur, yoxsa ixtisaslı həkimlərə?

- Son zamanlar, demək olar ki, sınıqçıya müraciət edən yoxdur. Çox nadir hallarda sınıqçıya müraciət edənlərin olduğunu görürük. Onu deyim ki, işini bilən yaxşı sınıqçılar da var, lakin onlar sadə sınıqları bilirlər.

Mən müəllim tanıyırdım, həm də yaxşı sınıqçı idi. Yüngül sınıqlarda müdaxilə edirdi, əks halda isə həkimə göndərirdi. Bu dürüst sınıqçıdır. Biri də var, on beş yumurta, bir kilo ətə görə aldadan sınıqçılar və s.

Olub ki, uşağın qolu kəsilib. Çünki babası sınıqçı olub və uşağın qolunu yumurta qoyub özü bağlayıb. Nəticədə qanqren baş verib və uşağın qolu amputasiya edilib. Baba istəyər ki, nəvəsinin qolu amputasiya olunacaq vəziyyətə gəlsin? Xeyr. Bunu qəsdən yox, savadsızlıqdan edib. Bu cür hallar cəmiyyət savadlandıqca aradan qalxır, insanlar tibbə daha çox güvənirlər.

Mən hər zaman deyirəm, sınıqçıya getmisən, yaxşı etmisən, amma mütləq vaxtında həkimə də gedib rentgen etdirmək lazımdır. On-on beş gündən sonra sümük əyri bitişibsə və sınıqçı məsuliyyəti öz üzərindən atırsa, sonradan rentgen etdirməyin mənası yoxdur. Bu halda sümüyü sındırıb yenidən düzəltmək məcburiyyətində qalırıq.

- Çox zaman bu cür hallar həkimlərə olan inamsızlıqdan qaynaqlanır. Siz necə düşünürsünüz, belə halların yaşanmasında həkimlərin payı nə qədərdir?

- Xeyr, razı deyiləm. O baxır xəstə hansı həkimə müraciət edib. İxtisaslı həkimə müraciət etmək şərtdir.

- Axı bir hadisə baş verdiyi zaman xəstə xəstəxanaya müraciət edir və orada onu yönəltməlidirlər. Görünür, problem elə burada başlayır.

- Yəqin xəstəxanaya yox, poliklinikaya müraciət edib. Açıq danışaq ki, çox zaman ciddi problem olandan sonra instituta yönəldirlər. Bu gün bizim poliklinika sistemində olan travmatoloqlarımızın müalicəsi çox zəifdir.

İş elə qurulmalıdır ki, poliklinikadakı travmatoloqla institutdakı travmatoloq eyni maaşı alırsa, eyni səviyyədə də iş görsün. Poliklinikada fəaliyyət göstərən travmatoloqun işi xəstələrə instituta göndəriş yazmaq olmamalıdır. Niyə biz gün ərzində 300 rentgen çəkməliyik?! Onlarda da həmin avadanlıqlar var. Lakin ağır xəstələr seçilib bizə göndərilir. Poliklinikalar TƏBİB-ə tabedir, biz Səhiyyə Nazirliyinə. Mən hesab edirəm ki, gələcəkdə bu tabeçilik məsələsi aradan qaldırılacaq.

Bud sümükləri sınıqlarının çoxu əməliyyatla düzələn sınıqlardır, lakin xəstələrə protez qoyulur. Niyə?! Bitişən sümüyə niyə protez qoyulsun axı? Bu büdcəyə də ziyan vurmaqdır. Özü də bu protezləri dünən institutu bitirən həkimlər qoyurlar. Əslində isə protez əməliyyatının ciddi incəlikləri var və onları bilmədən protez qoyulmaz. Bir sözlə, çatışmazlıqlar var, zamanla aradan qaldırılacaq.

- Əlillik dərəcəsini almaqda çətinlik çəkənlər də çoxdur. Bu cür şikayətlərlə çoxmu qarşılaşırsınız?

- Əlbəttə, şikayətlər olur. Hər biri ilə görüşür, danışırıq. Bizdən rəylər tam qanuni şəkildə verilir. Bir şəxsə əlillik dərəcəsi düşürsə, verilir, düşmürsə, yox. Deyirlər, filankəsin bir ayağı yoxdur, ona pensiya düşür. Düşmür axı. Adam protezi geyinir və heç bilinmir ki, onun ayağında protez var. Əmək pensiyası o insana verilir ki, onun əmək qabiliyyətində məhdudiyyət var. Əmək qabiliyyətinin itirilməsi haqqında qanun var və o qanuna görə, orqanizmdə xroniki xəstəliklər varsa, məsələn protezi taxanda yara əmələ gəlirsə, əmək qabiliyyətini itirirsə, belə hallarda pensiya verilir.

- Yeri gəlmişkən, vətəndaşlar həkimlərdən narazılıqlarını bildirirlərmi?

- 8 aydır ki, institutun direktoruyam. Bu müddət ərzində 3 nəfər şikayət edərək narazılığını bildirib. Onlar da araşdırılıb və bəlli olub ki, həkimlər bəzi hallarda kobud danışıb, səhlənkar yanaşıblar. Bunları da həll etmişik. Ciddi şikayətlər olmayıb. Qeyd edim ki, ən çox şikayət də, narazılıq da ən çox xəstə qəbul edən, əməliyyat aparılan yerdə olur.

- Yeni təyin olunmusunuz, xeyirli olsun. İnstitutdakı fəaliyyətinizlə bağlı hansı yeniliklər gözlənilir?

- Çox sağ olun! Mən direktor təyin ediləndə qarşıma bir sıra tələblər qoyuldu. Bildirildi ki, institutda mənfi hallar, problemlər var. Onlar aradan qaldırılmalıdır. Şəffaflıq təmin edilməlidir. Mən də bu tələblər qarşısında əlimdən gələni edəcəyimə söz verdim. İndi də öz səlahiyyətlərim daxilində bu işlərlə məşğul olmağa davam edirəm. Düzdür, hələ də bəzi mənfi hallar qalır, lakin kobud mənfi hallar aradan qaldırılıb. Şəffaflıq lazımdır və bunun üçün də təkliflərimiz var. Məsələn, aptekə girən-çıxan dərmanlar artıq kompüterə yerləşdirilir. Xəstənin qəbulu, əməliyyatlar və s. sistemə köçürülür. Mütəmadi olaraq xəstələrlə söhbətlər aparırıq, informasiyaları alır, hansı mənfi hallarla qarşılaşdıqlarını soruşuruq.

Məsələn, əvvəlki illərdə xəstələrə İnstitutda olmayan dərmanlar aldırılırdı, indiki halda isə dərmanlar sığorta tərəfindən qarşılanır.

İndiki halda həkimlərin hansısa xəstədən nəsə ummağına filan rast gəlinmir. Adətən xəstələr özləri təşəkkür etmək istəyir, həkimə “hörmət etmək” istədiklərini deyirlər. Əməliyyatı, yaxud müalicəsi uğurlu keçmiş pasiyentin həkimə hədiyyə verib-verməməsi onun öz işidir, bununla özlərində bir rahatlıq tapırlar, amma biz çalışırıq ki, heç belə hallar da olmasın.
 
Ardını oxu...
Asif Nərimanlı: “Əsas hücumların dörd istiqamətdən baş verəcəyi gözlənilir”

Ermənistan silahlı qüvvələri tərəfindən üç gündür ki, Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə mövqeləri atəşə tutulur. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmənin atəş nöqtələri susdurulur, təxribatların qarşısının alınması istiqamətində tədbirlər görülür.

İndiki məqamda Ermənistanın sərhəd ərazilərdəki hərbi təxribatlarının eskalasiya riskini artırması barədə proqnozlar mövcuddur. Analitiklərin qənaətincə, Ermənistan tərəfi atəşkəsi pozmaqla aparılan sülh danışıqlarını tormozlamaqla məşğuldur.

Baş verən insidentlərlə bağlı AYNA-nın suallarını cavablandıran siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ermənistan Laçın postu ətrafında beynəlxalq gündəm yaratmağa çalışır:

- Bir tərəfdən diplomatik müstəvidə gedişlər edir, hansı ki, məsələni BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmaq istəyi də bunlardan biridir. Digər tərəfdən, atəşkəsi pozmaqla beynəlxalq diqqəti bölgəyə cəlb etmək istəyir. Yəni ki, atəşkəsi pozmaqda İrəvanın məqsədləri bunlardır.

- Ermənistan sərhəddə gərginliyi artırmaqla istəyinə nail ola biləcəkmi?

- Burada hərbi və siyasi məqsədlər var. Diqqət etsək, Ermənistanın son günlər Naxçıvanın Sədərək rayonu və Kəlbəcər istiqamətində atəşkəsi pozduğunu görə bilərik. Sədərək istiqamətində atəşkəsin pozulması Kərki kəndi ilə bağlıdır. Bəllidir ki, bu anklavın azad edilməsi Azərbaycanın əsas hədəflərindən biridir. Ermənistan isə ABŞ investisiyasını bu bölgəyə gətirərək, Arazdəyəndə metallurgiya zavodu inşa edir. Belə bir zavodun bu bölgədə inşa edilməsi Kərkinin azad edilməsi perspektivinə qarşı ABŞ investisiyasını qalxan kimi istifadə etmək məqsədi daşıyır. Hazırda Ermənistan ABŞ investisiyasını gətirdiyi bölgə istiqamətində atəşkəsi pozmaqla, gərginlik yaratmaqla beynəlxalq diqqəti bölgəyə çəkməyə çalışır.

Kəlbəcər istiqamətində isə Azərbaycan Ordusu sərhədi de-fakto təmin etsə də, Ermənistanın iddiaları hələ də qalır. İrəvan Gorusun Xəzinəvar kəndindən Kəlbəcərin Söyüdlü kəndinə qədər olan ərazidə ordumuzun mövqelərindən geri çəkilməsini istəyir və burada daha əlverişli mövqelərə çıxmağı planlaşdırır. İstisna deyil ki, hərbi məqsəd mövqelərin ələ keçirilməsi ola bilər. Lakin birinci planda siyasi məqsədə nail olmaq istəyirlər. Bu da hərbi eskalasiya yaratmaq və Azərbaycanı “təcavüzkar” obrazında göstərməkdir.

Laçın postu ilə bağlı məsələni BMT TŞ-də müzakirəyə çıxarmaq istədikləri vaxt belə bir eskalasiya arqumentləri gücləndirmək baxımından onlara lazımdır. Laçın sərhədinə hərbi texnika toplamaları da bundan qaynaqlanır. Eskalasiyanın bu istiqamətdə ola biləcəyi də gözləniləndir.

- Növbəti sentyabr döyüşləri təkrarlana bilərmi?

- Proseslər göstərir ki, Ermənistan sərhəd boyunca atəşkəsi pozmağa davam edəcək və təxribatlar getdikcə şiddətlənə bilər. Çünki məqsədlərinə nail olmaq üçün eskalasiyanı çıxış yolu kimi görürlər. Bu baxımdan, sərhəddə baş verən və “Sentyabr döyüşləri” olaraq qeyd olunan toqquşmanın ola bilməsi istisna edilməməlidir. Ermənistan “güzgü prinsipi”ni – qoşunların sərhəd xəttindən geri çəkilməsini gündəliyindən çıxarmayıb və zaman-zaman bunu irəli sürür. Lakin son danışıqlar prosesində mövqeləri kifayət qədər zəifləyib. Həm beynəlxalq diqqəti bölgəyə çəkmək, həm də bu məsələni yenidən aktuallaşdırmaq üçün eskalasiyaya gedə bilər. Əsas təxribat hücumlarının 4 istiqamətdə ola biləcəyi ehtimalını irəli sürmək mümkündür:

Sədərək istiqamətində - bu, ABŞ-ın reaksiyasına nail olmaq məqsədi daşıyır;

Kəlbəcər istiqamətində - qeyd etdiyimiz kimi müəyyən mövqeləri tutmaq, danışıqlar masasında əlini gücləndirmək üçün edə bilərlər;

Laçın istiqamətində - Laçın sərhəd-keçid məntəqəsinin açılmasına diqqəti cəlb etmək, Azərbaycanı təcavükzar kimi göstərərək, Bakıya qarşı təzyiqləri gücləndirmək istəyirlər. O cümlədən, Qaragöl ətrafında mövqelərini gücləndirmək, ordumuzun geri çəkilməsinə nail olmaq planları əvvəldən var;

Zəngilan istiqamətində - bu, Zəngəzur dəhlizini arxa plana keçirmək, Azərbaycanın dəhlizlə bağlı öz ərazisində həyata keçirdiyi işləri axsatmaq məqsədi daşıyır. Eyni zamanda, bu, Zəngəzurdan dəhliz verməyəcəklərini “əzələ nümayişi” ilə göstərmək, eləcə də İranı bu və ya digər formada prosesə qoşmaqla Bakı-Tehran xəttində çatları dərinləşdirmək, öz cəbhəsini gücləndirmək məqsədi daşıya bilər.

- Yeni müharibənin olmasında maraqlı qüvvələr kimlərdir?

- Ermənistanın maraqları bəllidir, lakin mövcud vəziyyətdə bölgədə gözü olan bütün tərəflərin yeni eskalasiyada maraqlı ola biləcəyi istisna edilməməlidir. Rusiya Qərb masasında sülh danışıqlarının irəliləməsini qəbul etmir, Xarici İşlər Nazirliyi səviyyəsində buna qarşı olduqlarını da bəyan etdilər. Bu prosesi pozmaq və Moskvanın vasitəçiliyini ön plana çıxarmaq naminə eskalasiyada maraqlı tərəflərdən biridir. Fransa tamamilə kənarda qaldığı sülh danışıqlarının pozulmasında maraqlıdır, həmçinin, yeni esakalasiya ilə Ermənistanın təhlükəsizlik sahəsində Rusiyanın zəifləyən yerini doldurmaq istəyir. İran da Rusiyanın yerinə Ermənistana daxil olmaq istəyir, o cümlədən, Bakı və İrəvanın problemləri həll etməsini istəmir, çünki bu, Tehranı bölgədən bir qədər də uzaqlaşdıracaq. ABŞ eskalasiyada daha az maraqlı tərəf kimi görünür, hərçənd, Rusiyanın vasitəçiliyi intensivləşərsə və Ankara-Moskva ikilisinin rolu artarsa, eskalasiya Vaşinqton üçün də sərfəli ola bilər.

- Adətən hərbi toqquşmanın sülh prosesinə zərbə vurğunu görürük. Lakin belə fikirlər var ki, növbəti döyüş sülhü yaxınlaşdıracaq. Bu fikirlə razısınız?

- Bu fikrin məntiqi tərəfləri var, xüsusilə, Ermənistan hakimiyyətinin erməni ictimai rəyini sülhə inandırması baxımından. Yeni toqquşma yaşanarsa, bu, ermənilərə 44 günlük müharibənin ağrısını yenidən xatırladacaq və normal yaşamağın yeganə yolunun sülh olduğu fikrinə yenidən qayıdacaqlar. 44 günlük müharibədən sonra Ermənistanda keçirilən rəy sorğuları ermənilərin böyük əksəriyyətinin sülhdən yana olduğunu göstərirdi, seçkidə Paşinyana ona görə səs verdilər, lakin son sorğularda bu fikir dəyişir, artıq 70 faizdən çox insan mövcud şərtlərlə sülh sazişinin imzalanmasına qarşıdır. Bu, Paşinyan hakimiyyətinin işini çətinləşdirir, bu baxımdan, yeni eskalasiya erməni cəmiyyətinin rəyini formalaşdırmağa səbəb ola, beləliklə, sülhü yaxınlaşdıra bilər.

Lakin sülh sazişi ilə bağlı problem təkcə Azərbaycan və Ermənistanın razılaşıb-razılaşmamasından asılı deyil. Burada demək olar ki, bütün regional və geosiyasi oyunçuların öz maraqları var və onların konsensusu mümkünsüz görünür. Bu baxımdan, Bakı və İrəvan Qərb masasında razılığa gəlsə, Rusiya buna mane olmağa çalışır, yaxud əksinə. İndi əsas gözlənti ilin sonuna kimi sülh sazişinin imzalanacağına dairdir. Buna ümidlər var, hərçənd, bu məsələdə fikrimcə, tərəflərdən birinin - ya Rusiyanın, ya da Qərbin oyundan çıxması, yaxud təsir imkanlarının azalması həlledici olacaq və belə bir perspektivdə kənarda qalacaq tərəf kimi Rusiya görünür.

Müəllif: Anar Bayramoğlu
 
Ardını oxu...
Rusiya müxalifəti və “Rusiya Azadlığı” Legionunun kommunikasiyalar üzrə müşaviri Aleksey Baranovski UNİAN-a müsahibəsində Rusiya vətəndaşlarının Ukrayna Silahlı Qüvvələrində necə döyüşdüklərini və Rusiyada Putin rejimini devirməyə necə hazırlaşdıqlarından danışıb. TEREF.AZ sözügedən müsahibəni AYNA-ya istinadla təqdim edir:

- "Rusiyanın Azadlığı" legionu özünü bu ilin mayında - iyunun əvvəlində Belqorod vilayətinin sərhəd kəndlərini tutmaqla özünü göstərdi. Niyə indi Legionun yeni kampaniyaları haqqında heç nə eşidilmir?

- Taktiki fasilə verdik. İndi əsas vəzifə sıralarımızı artırmaqdır. Rusiya Federasiyasının Belqorod vilayətindəki kampaniyalardan sonra sıralarımızda böyük artım oldu, Legiona qoşulmaq istəyənlərdən çoxlu müraciət gəldi. Amma bu müraciətlərin baxılması prosesi çox ləng gedir, çünki könüllülər arasında Rusiya xüsusi xidmət orqanlarının göndərdiyi şəxslər də ola bilər. Ona görə də qoşulmaq istəyənlərin sənədlərinin hərtərəfli yoxlanılması, yalan detektoru testi, psixoloqla söhbətlər aparılır. Könüllülərin həqiqətən ideoloji və motivasiyalı olması vacibdir. Legionun rəhbərliyi Rusiya ərazisində hərbi əməliyyat keçirməyin vaxtı çatdığına qərar verən kimi, o, həyata keçiriləcək.

- "Rusiyanın Azadlığı" Legionu necə yaranıb, kimlərdən formalaşıb?

- Legionun formalaşması Rusiyanın Ukrayna ərazisinə genişmiqyaslı işğalının əvvəlində - 2022-ci ilin fevral-mart aylarında başladı. Buraya əsasən rus hərbi qulluqçuları daxil idi. Bu işğalçı müharibədə iştirak etmək istəməyən, təslim olan Belqorod vilayətindən olan döyüşçülər idi. Bu insanların Ukraynada qohumları var və real vəziyyəti bilirdilər. Rusiya ordusunda xidmət etmək, pul almaq başqa, Ukraynada öz dostlarına, tanışlarına, qohumlarına qarşı əsl hərbi əməliyyat keçirmək başqa şeydir. Onlar təslim oldular və bəziləri Ukrayna uğrunda döyüşmək arzusunu bildirdilər.

Ukrayna əvvəlcə işğalçı ölkədən olan bu könüllülərlə nə edəcəyinə qərar verə bilmədi. Amma Ukrayna ordusunun dəstəyə ehtiyacı var idi və ona Rusiya vətəndaşlarının cəlb edilməsi ilə Legionun yaradılması ilə bağlı siyasi qərar verildi.

Həmçinin, Legion işğal zamanı Ukraynada olan Rusiya vətəndaşları tərəfindən formalaşdı. Kiminsə biznesi, kiminsə qohumu, qarışıq nikahları var idi. Ən azı 200 min Rusiya Federasiyası vətəndaşı hələ də Ukraynada yaşayır. Bu, yeni vətənlərinin müdafiəsinə qoşulmağa qərar vermiş insanların ikinci kateqoriyasıdır.

Üçüncü kateqoriyaya ya Avropada yaşamış, ya da Rusiyadan üçüncü ölkəyə, əsasən də Avropaya işğal başlandıqdan sonra çıxa bilmiş, sonra isə Legiona daxil olmuş şəxslərdir.

Daha ifrat nümunələr də var. İnsanlar Rusiya-Ukrayna sərhəddini meşədən keçərək, sonradan legiona girmək və Ukraynanın tərəfində döyüşmək üçün qəsdən Ukrayna sərhədçilərinə təslim olublar. Rusiyadan və Avropadan gələn rus könüllüləri Putin rejiminə qarşı döyüşməyə hazır olan ən siyasi motivli insanlardır.

- 23-24 iyun 2023-cü ildə Yevgeni Priqojin və onun “Vaqner” şirkətinin üsyanını müşahidə etdik. Onlar Moskvanın bir addımlığına çata bildilər. Legionun da Moskvaya oxşar “səfər” planı varmı?

- Biz Priqojinin üsyanından öz nəticəmizi çıxarmışıq. Yerli təhlükəsizlik qüvvələrinin belə bir vəziyyətə necə reaksiya verəcəyini görmək bizim üçün vacib idi. Ən gözəl şəkildə reaksiya verdilər - müqavimət göstərmədilər. Priqojin bunun sayəsində Moskvaya çatdı, lakin üsyanı uğurla başa çatdırmadı. Bu, bizə göstərdi ki, Moskvaya çatmaq tamamilə mümkündür.

Son planımız Moskvaya gedişdir. Biz inanırıq ki, vəziyyət Ukraynada Avromaydan qələbəsi zamanı olduğu kimi olacaq. Müəyyən bir məqamda təhlükəsizlik qüvvələri Ukraynanın o vaxtkı Prezidenti Viktor Yanukoviçin əmrlərini yerinə yetirməyi dayandırdı, rabitənin zəif olduğunu, məzuniyyəti əsas gətirərək, kimin qalib gələcəyini - inqilabın qalib gələcəyini, yoxsa Yanukoviçin davam edəcəyini izlədi. Biz inanırıq ki, oxşar vəziyyət Rusiyada da olacaq.

Ukrayna Silahlı Qüvvələri Krıma daxil olanda Rusiyada da idarəetmənin dağılması başlayacaq. Bu zaman Moskvaya getməyimiz lazım gələcək. Legion bu məqama hazırlaşır, qüvvələrini artırır. Biz gözləyirik ki, bu kampaniya zamanı Rusiyada Putin rejimindən narazı olan insanlar bizə qoşulacaq. Eyni zamanda, təhlükəsizlik qüvvələri əmrləri yerinə yetirməyi dayandıracaq və Krımın itirilməsinin Putin üçün necə bitəcəyini gözləyəcək.

Güman edirik ki, bundan sonra yenidən “Vaqner”lə qarşılaşacağıq. Çünki Priqojin oyunu tərk etməyəcək və hakimiyyət uğrunda mübarizəyə davam edəcək. Ona görə də Rusiyada əsas toqquşma yəqin ki, Legion və “Vaqner” arasında olacaq, təhlükəsizlik qüvvələri kimin qalib gələcəyini müşahidə edəcəklər. Əgər “Vaqner” qalib gəlsə, o zaman deyəcəklər ki, onlar həmişə böyük vətənpərvər olublar, Legion qalib gəlsə, deyəcəklər ki, həmişə müharibənin əleyhinə olublar. Qarşıda Rusiyada hakimiyyət uğrunda böyük və sərt mübarizə olacaq.

- "Rusiyanın Azadlığı" Legionu və "Vaqner"in mövqeləri üst-üstə düşə nilərmi? Putin rejimini devirmək üçün əməkdaşlıq mümkündürmü?

- Yox, çətindir. Bütün məsələlərlə bağlı yekun qərarı Legionun hərbi rəhbərliyi verəcək, amma “Vaqner”lə mən müttəfiq ola biləcəyimiz zaman belə bir konfiqurasiyanı təsəvvür edə bilmirəm. Xüsusən də Baxmutda bir-birinə qarşı vuruşandan sonra. Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən Legion itki verib, Rusiya ordusunun tərəfində döyüşən “Vaqner” isə böyük itki verib. Bu bir növ kino hekayəsinə bənzəyir, burada bir tərəfdən pis ruslar, digər tərəfdən isə deyək ki, yaxşı ruslar var, baxmayaraq ki, bu termini bəyənmirik.

- Legionun Ukrayna uğrunda döyüşdüyü zaman sosial şəbəkələrdə “yaxşı rus yoxdur” fikirləri sizi incidirmi?

- Bizim üçün çiyin-çiyinə bizimlə döyüşən döyüşən ukraynalı qardaşlarımızın fikri daha önəmlidir. Əvvəlcə döyüşçülərimizə qarşı ehtiyatlı münasibət vardı, lakin bir neçə aydan sonra Legion yaxşı reputasiya qazandı və bundan sonra heç bir problem olmadı.

“Yaxşı ruslar” artıq memdir. Düzdür, ukraynalılar baxımından “faydalı ruslar” var, Legion da belədir. Avropada yaşayan və məsələ ilə kənardan məşğul olan rus müxalifəti “yararsız ruslardır”. Amma hələ də Putin rejimi üçün mübarizə aparan zərərli ruslar var.

- Moskvaya “səfər” planlarına qayıdaraq, bunun nə vaxt mümkün olacağı ilə bağlı dəqiq müddətlər varmı?

- Biz Ukrayna Silahlı Qüvvələrinin Krımı azad etməyə nə vaxt başlayacağına diqqət yetiririk. O zaman Rusiyanın bütün diqqəti ora yönələcək. Bu məqamda Putin rejiminə qarşı daha bir cəbhə açaraq zərbə vurmaq lazım gələcək. Bunun nə vaxt olacağı sualına isə Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov belə cavab verib: “Tezliklə”.

Biz buna hazırlaşırıq. Legionda könüllülərin sayı artır, lakin say bizim istədiyimizdən daha azdır. "X" saatına qədər biz tam silahlanmış şəkildə hazır olmağa çalışacağıq. Bu gün "Rusiyanın Azadlığı" Legionunda dörd batalyon var, onlardan ikisi, bir qayda olaraq, döyüşür, ikisi isə rotasiyadadır.

- Dediniz ki, Rusiya təhlükəsizlik qüvvələri Legiona heç bir müqavimət gözləməyəcək. Lakin Moskvaya “səfərin” uğurlu olması üçün bəlkə əhalinin dəstəyi də lazımdır. Nəzərə almaq lazımdır ki, Rusiya Federasiyasının vətəndaşları arasında həqiqətən də çoxlu Putin pərəstişkarları var...

- Rusiyada Putinə o qədər də dəstək yoxdur. Bizim sosioloji araşdırmamıza görə, rusların 10-15%-i müharibənin aqressiv tərəfdarıdır, lakin rusların 10-15%-i qəti şəkildə müharibənin əleyhinədir. 70%-i heç nəyə qərar vermədiklərini söyləyən konformistlərdir. Televiziyada dedilər ki, Krım bizimdir, deməli, bizimdir. Sabah televiziyada desələr ki, Putin hərbi cinayətkardır və onu Haaqaya göndərmək lazımdır, onda bu adamlar deyəcəklər ki, onu ora göndərməyin vaxtı çoxdan çatıb.

Yəni bunlar fikri olmayan adamlardır. Rusiya bataqlıqdır. Belə insanlar üçün kiminsə Putinə alternativ qüvvə göstərməsi vacibdir. Buna görə də bir çox insan “Vaqner”i Rostovda az qala çiçəklərlə, həvəslə qarşıladı. Legionu da belə qarşılaya bilərlər və demək olar ki, onlar eyni insanlar ola bilərlər.

Rusiyada qəddarlıq var, amma insanlar heç nə etməyə hazır deyillər. Çünki Rusiya çox sərt polis dövlətidir, burada etirazlara görə dərhal kəllən curulur. İnsanlar dəyişiklik istəyirlər, lakin bununla bağlı heç nə etmirlər və ya edə bilmirlər. Rejimə meydan oxumağa hazır bir qüvvə meydana çıxdıqda, onlar məmnuniyyətlə ona qoşulacaqlar. Bunun üçün həqiqətən bir qüvvəyə çevrilmək lazımdır. Ona görə də biz sayı artırırıq ki, daha mürəkkəb, o cümlədən hərbi vəzifələrin öhdəsindən gələ bilək.

- Burada başqa bir vacib sual var - bunun üçün silah lazımdır. Axı siz Moskvaya pokerlə getməyəcəksiniz?

- Legion Ukrayna ərazisində olduqda Ukrayna Silahlı Qüvvələrinin bir hissəsidir. Ona görə də tam dəstəklənirik. Legionerlərin Ukrayna əsgərləri kimi müqaviləsi var, xidmətlərinə görə pul alırlar, silahla təmin olunurlar.

Legion Rusiyaya "yürüşlərə" başladıqda bütün döyüşçülər tətilə gedir və əsasən eyni Baxmut yaxınlığındakı döyüşdə əldə edilən qənimət silahlarından istifadə edirlər. Yaxud da ki, məsələn, Ukrayna Baxmut yaxınlığında bir növ döyüş maşını itirdi, ruslar aldı, sonra Legion döyüşçüləri onu geri aldılar. Yəni o silahlar bizdə olacaq.
 

Dünyapress TV

Xəbər lenti