Ardını oxu...
Natiq Qasımov... Bir qəhrəman taleyinə verilən ad. Bir mərdlik, qorxmazlıq salnaməsinin ismi.

Haqqında çəkilən “Oğul” (2022-ci il) sənədli filmində bu ekran işi üçün qığılcım rolunu oynayan fotoların müəllifi deyir: “Mən gecənin yarısı getməli oldum. Çünki daha bacarmırdım”.

Məhz o gedişdən sonrakı hadisələr haqqında, onun başına gətirilənlər haqqında heç bir məlumat yoxdur. Bircə bildiyimiz Natiq Qasımovun bir insan ömrünə sığmayacaq mərdlik və cəsurluq nümayiş etdirməsidir.

Bir neçə gün öncə təntənəli təqdimat mərasimi baş tutmuş “Oğul” sənədli filminin rejissoru müəyyən səbəblərdən təqdimata qatıla bilməmişdi. Əvəzində filmin prodüseri çəkiliş prosesindən, qarşılaşdıqları çətinliklərdən və nəhayət, filmin yaradıcı heyəti üçün mənəvi mahiyyətindən söz açmışdı. Elə o zaman filmi izləyərkən, üstəlik, prodüserin bəhs elədiyi çətinlikləri özlüyümdə analiz edərkən beynimdə kifayət qədər sual yaranmışdı.

Həmin suallara cavab tapmaq günü məhz bu gün imiş.

Natiq Qasımovun qəhrəmanlığından bəhs edən “Oğul” sənədli filminin prodüseri Ekard Seycer və rejissor-ssenaristi Karan Sinqhin APA-ya müsahibəsi

Qərarlaşdırdıq ki, hər ikisi ilə eyni vaxtda edək müsahibəni. Müsahiblərimlə söhbətə Azərbaycana səfərlərindən və paytaxt Bakı təəssüratları üzərindən başlayırıq.

Karan Sinqh “Oğul” filminin çəkilişlərindən əvvəl də Azərbaycana səfər etdiyini deyir.
Ardını oxu...
– Biz Azərbaycana daha əvvəl də səfər etmişik. Azərbaycanı və Bakını çox sevdiyimizi deyə bilərəm. Bura film çəkilişləri üçün, həqiqətən, möhtəşəm məkandır, möhtəşəm ölkədir. Biz burada çatdırılması, deyilməsi vacib olan çox maraqlı hekayələr tapdıq və “Oğul” sənədli filmi də məhz bu cür hekayələrdən biridir.

Filmin prodüseri Ekard Seycer də, eyni zamanda, Azərbaycanda bir neçə dəfə olduğunu və bu səfərlər zamanı bir xeyli maraqlı hekayələrlə qarşılaşdıqlarını qeyd edir.

– Xüsusilə bu səfərlərimiz film çəkilişi ilə bağlı olub. Biz ölkənizdə həmçinin Mingəçevir şəhərində də olduq, orada Natiq Qasımovun ailəsi ilə görüşdük, daha sonra Gəncə şəhərində də olduq. Deyə bilərəm ki, Azərbaycan valehedici ölkədir. Azərbaycanın mövzu baxımından, ideya baxımından təklif etdiyi çox şey var, hesab edirəm ki, çox insan bunu bilmir. Bu ölkə olduqca tolerant müsəlman ölkəsidir və hesab edirəm ki, regionun ən tolerant ölkəsidir. Nəzərə alsaq ki, biz bu gün elə bir dünyada yaşayırıq ki... Azərbaycan tolerantlıq baxımından nümunə olacaq ölkədir. Xüsusilə dini tolerantlıq baxımından Azərbaycan nümunəvidir.

– Bəs Natiq Qasımov haqqında belə bir film çəkmək ideyası necə yarandı?

Rejissor Karan Sinqh ümumilikdə Birinci Qarabağ müharibəsi haqqında məlumatlı olduqlarını deyir.

– 1990-cı illərdə nə baş verdiyini, hesab edirəm ki, hamı bilir, eynilə biz də bilirdik, görmüşdük. Enriko Sarzininin (Enriko Sarzini: 1938-ci ildə İtaliyanın Roma şəhərində anadan olan dünyaca məşhur fotoqraf. O, İtaliya mətbuatında dərc olunan məqalələrin birində son 60 illik dünya tarixinin ən dəhşətli hekayələrinə şahidlik edən və onları lentə alan fotoqraf kimi vurğulanır. Müəllifin çəkdiyi müharibə fotolarının, demək olar ki, hər biri özlüyündə bir insan taleyini, ağrısını və çox zaman isə sonsuzluğu özündə ehtiva edir. Elə Natiq Qasımovun fotosu kimi, – N.P.) dərc olunmamış fotoları bizim diqqətimizi cəlb elədi. Biz də bu mövzunu işləməyə və onun haqqında film çəkməyə qərar verdik. Haqqında bəhs elədiyimiz fotolar təkcə fotoqraf işi deyildi, bu həm də bir sənədli sübut idi. Bu fotolar Natiq Qasımovun sonuncu döyüşü ilə bağlı, birmənalı olaraq, sənədli sübutlar idi. Beləliklə, bu fotoları gördükdən sonra biz film axtarışlarımıza başladıq. Bu, olduqca gözəl bir iş idi, rejissor üçün, yaradıcı adam üçün ağrıları hiss etməklə bərabər, həm də gözəl səyahət idi. Araşdırmalarımızın yekunu onunla nəticələndi ki, biz Natiq Qasımovun başına gətirilənləri öyrənə bildik. Hesab edirəm ki, Ekard Seycerin də dediyi kimi, fotojurnalist Sarzininin fotolarında görünən odur ki, Natiq Qasımovun üzündə təslim olmaq, qorxu və digər bu kimi hisslər olmayıb, nəhayət, fotolardan göründüyü kimi onun dindirilməsi kilsədə baş verib – bütün bunlar Birinci Qarabağ müharibəsi dövründə Xocalı faciəsinin ardınca olan proseslərdir. İşin bizim üçün ən maraqlı nüansı ondan ibarət idi ki, bu fotolardan sonra Natiq Qasımov haqqında heç bir məlumat yox idi. Yəni 25 il idi ki, onun taleyi, başına gətirilənlər, sağ qalması, yaxud öldürülməsi haqqında əsaslı məlumata sahib deyildik. Bütün bunlar bizim üçün, əlbəttə ki, stimul oldu.
Filmi izləyərkən məndə yaranan suallardan biri də Natiq Qasımovun sonrakı taleyi haqqında rejissorun öz qənaəti məsələsi idi. Çünki nəzərə alsaq ki, filmdə məntiqi sonluq kimi nəticə görə bilmirik. Bu da əldə olan sübutların, şahidlərin görüb-danışdıqlarından çıxarılan nəticəyə veriləcək ən yaxşı sonluq idi.

– Yaxşı, bəs bir yaradıcı adam, rejissor kimi və həm də Natiq Qasımovun taleyini, başına gətirilənləri araşdıran biri kimi onun sonrakı taleyi haqqında nə düşünürsünüz?

– Hər şeydən öncə onu qeyd edək ki, Natiq sıravi bir şəxs idi, yəni könüllü və qeyri-adi bir situasiyanın içərisinə düşmüşdü. Və o öz yaşıdları kimi Birinci Qarabağ müharibəsinin təsirinə məruz qalmışdı. Lakin Natiq Qasımovun müharibə şücaəti, bir növ, müharibəyə təsiri, kilsəni müdafiəsi və digər bu kimi amillər əldə olan fakt və sübutlarla filmdə tamamilə əhatə olunub. Filmdən də, göründüyü kimi, Natiqin taleyi haqqında yekun qənaət budur: o yoxa çıxıb, itkindir. Yəni əsirlikdə olarkən yoxa çıxıb. Və bu prosesin ümumi gedişatı üçün beynəlxalq hüquq var, bu hüquq əsasında məsuliyyət daşıyan şəxslər var. Əsirlərin taleyi ilə bağlı, onlarla davranışlarla bağlı beynəlxalq hüququn prinsipləri mövcuddur. Əgər Natiq Qasımov Beynəlxalq Qırmızı Xaç Komitəsinə əsir kimi təqdim edilməyibsə, mütləq formada buna görə məsuliyyət daşıyan şəxslər var. Araşdırmalar zamanı bizə aydın oldu ki, Natiq Qasımov əsirlikdə olarkən onunla davranışla bağlı beynəlxalq hüquqa zidd hərəkətlər olub. Hansı ki bunun səbəbləri ilə bağlı suallara cavab verməli olan şəxslər var.

Mənim üçün filmin ən maraqlı və gözlənilməz hissələrindən biri Vitali Balasanyanla bağlı müsahibə hissəsi idi. Azərbaycanlı qəhrəmanın müharibə şücaəti haqqında çəkilən filmdə müharibə cinayətkarının özünün şəxsən danışması, müəyyən suallara cavab verməsi.
– Maraqlıdır, yaradıcı heyət Vitali Balasanyanla müsahibəyə gedərkən əldə olan dindirilmə fotolarında aparıcı şəxsin Vitali Balasanyan olmasından tamamilə xəbərsiz idimi? Əgər cüzi də olsa şübhə vardısa, niyə fürsət düşmüşkən Balasanyanın üzərinə gedilmədi?

– Əgər siz filmin çəkilmə prosesinə nəzər salsanız, görərsiniz ki, biz ilk olaraq, işğal olunmuş Qarabağ ərazisinə getmişik. Hansı ki həmin ərazilər hələ o zaman Ermənistanın nəzarəti altında idi. Biz Xankəndiyə getdik və Vitali Balasanyanla müsahibəni razılaşdırdıq. O zaman Balasanyan komandir idi. Bizi Balasanyanla müsahibəyə aparan məhz bu amil idi: Balasanyanın regionu yaxşı bilməsi, bütün müharibə prosesinə yaxından bələd olması. Yəni demək istədiyim odur ki, biz Xankəndiyə gedərkən Balasanyanı ittiham etmək üçün getməmişdik, çünki onu ittiham edəcək heç bir dəlilimiz və şübhəmiz yox idi. Amma, yenə də filmdən də gördüyünüz kimi, ondan sonrakı müsahibələr, müharibə iştirakçılarının dedikləri ona əsas verdi ki, Balasanyan prosesdə şəxsən iştirak edib, yəni müsahiblər onu tanıdı, fotodakı şəxsin Balasanyan olduğunu etiraf etdilər. Sizin dediyiniz “üstünə getmək” məsələsini biz bundan sonra edə bilərdik. Yəni yeri yaranan suallara cavab tapmaqla bağlı biz yenidən Balasanyanla müsahibə etmək üçün müraciət etdik. Lakin o, müsahibədən imtina etdi.

Yəni ki, biz bu faktları, Balasanyanın dindirilmədə şəxsən iştirakını, onun sonrakı taleyi haqqında veriləcək suallara cavab verməli olan şəxs olduğunu onunla müsahibə tamamlandıqdan sonra əldə etmişik. Burada vacib fakt ondan ibarətdir ki, fotodakı şəxsin kimliyi birbaşa erməni müharibə veteranları tərəfindən aşkarlanıb, yəni ona qədər şəxsin Balasanyan olduğunu azərbaycanlılar tanımayıb. Balasanyanı sırf öz əsgərləri tanıyıb və etiraf edib.

Filmin prodüseri Ekard Seycer isə filmin çəkilişləri zamanı yaradıcı heyətin əsas tutduğu və 5 illik çəkiliş prosesində sadiq qaldığı məqamın obyektivlik olduğunu deyir.

– Xüsusilə qeyd olunmalıdır ki, müstəqil Qərb filmmeykerləri, eləcə də biz Azərbaycan və Ermənistan arasında mövcud olan tarixi düşmənçiliyin fərqində idik. Yəni biz bu hekayəni lentə almazdan öncə situasiyanı bilirdik, bələd idik. Bu baxımdan, bizim üçün çəkiliş prosesində birinci dərəcəli nüans mövcud problemə obyektiv və balanslı yanaşma idi.

“Oğul” sənədli filmi həm də Azərbaycan adını, onun qəhrəman oğulları haqqında bir az ümumiləşdirilmiş yekundur. Bu baxımdan, filmin festival yolunun olması, nüfuzlu festivallarda nümayişi olduqca vacib nüanslardan biridir.

– Cənab Sinqh, necə düşünürsünüz, festivallarda filmin nümayişi zamanı insanların reaksiyası necə idi? Yəni yaradıcı heyət üçün bu reaksiyalar nə deyirdi?

– Hər şeydən öncə, bu, insan hekayəsidir. Və hər kəs bu hekayənin mahiyyətini, necə bir qəhrəmanlıq olduğunu özü üçün müəyyənləşdirə və bunun fərqində ola bilər. Bu hekayə oğlu illər öncə könüllü şəkildə müharibəyə gedən və qayıtmayan bir ana haqqında idi. Üstəlik, onun sonrakı taleyi haqqında heç bir məlumat da yoxdur. Yəni bu hekayədəki ana azərbaycanlı idi, yaxud afrikalı idi və yaxud, amerikalı, qətiyyən fərqi yoxdur. Təkrar edirəm: burada mövzu ana və onun itkin düşən, müharibəyə könüllü gedən və qayıtmayan oğlu idi. Bu fərqi, məncə, hamı rahatlıqla özü üçün aydınlaşdıra bilər. Bu film Hindistanda da nümayiş olunub, Qərb ölkələrində də. Mən sizə dəqiqliklə deyə bilərəm ki, filmi izləyən auditoriya ailənin hansı ağrılardan keçdiyini dərhal anlaya bilib. Filmdəki faktlar hər kəsi müsbət mənada təəccübləndirib. Film boyunca nümayiş olunan faktlar Natiq Qasımovun kimliyi, onun taleyi və müharibəyə qəhrəmanlığı, müharibəyə təsiri ilə bağlı auditoriya kifayət qədər mesajlar ötürmək qabiliyyətindədir. Bu, olduqca uğurlu məqamdır.

Ekard Seycer də düşünür ki, dünyamızın dünənində olduğu kimi, bu günündə də və bu gedişlə, görünür, təəssüf ki, sabahında da analar oğullarını itirib, itirir və itirəcək. Dünya müharibənin cəngindədir.

– Təəssüf ki, analar öz oğullarını, demək olar ki, hər gün itirir. Bu gün biz bunu Ukraynada, yaxud Yaxın Şərqdə davam etməkdə olan döyüşlərdə və döyüşlərin ümumi mənzərəsi olan faciələrdə görürük. Hesab edirəm ki, bu itkilərin çoxu heç də diqqəti cəlb eləmir, təəssüf ki. Ancaq bu film və bizim araşdırmalarımız nəticəsində Natiq Qasımovun taleyi elə olmadı, o, diqqət cəlb elədi. Natiq Qasımov indi sadəcə bir statistika deyil. Bu həm bizim üçün, həm ailəsi üçün və həm də yaxınları üçün olduqca vacib bir məqamdır.

Dünyadakı erməni lobbisinin təsiri və bir az gücünə baxdıqda, o zaman filmin çəkiliş prosesinə hər hansı maneənin törədilməsi gözlənilən idi. Odur ki növbəti sualımız məhz bu yöndə olur.

– Filmin çəkilişləri zamanı hansı çətinliklər yaşandı?

– Erməni lobbisi barədə əvvəlcə onu deyim ki, biz bayaq bunu xüsusilə vurğuladıq, filmdə obyektivlik və balanslılıq qorunub. Bu baxımdan sırf bu müstəvidə hər hansısa bir maneə ilə rastlaşdığımızı deyə bilmərəm.

Amma ümumilikdə bu çox həssas və emosional bir mövzudur. Filmin çəkilməsi üçün beş il zamanımız gedib və çəkilişlər üçün biz ayrı-ayrılıqda dörd-beş ölkədə olmuşuq: Ermənistan, Rusiya, İtaliya, Britaniya, Azərbaycan, o cümlədən həmin zaman işğal altında olan Qarabağ. Bütün bu mərhələlərdə müsahib ailələrin və döyüşlərin keçmiş iştirakçılarının emosiyalarına qarşı həssaslıq nümayiş etdirməli idi. Proses irəlilədikcə yeni faktlar ortaya çıxırdı, o faktlar üzərində işləməli olurduq. İnsan hekayəsindən film yaratmaq heç də asan deyil. Baxmayaraq ki, bütün bunlar təxminən 30 il bundan əvvəl baş vermişdi, amma insanlar baş verənlərin izlərini, ağrılarını hələ də daşıyırlar. Bu həm Natiq Qasımovun ailəsində, həm bizim görüşüb-danışdığımız müharibə veteranlarında, həm də digərlərində eynilə idi. Onu da deyim ki, elə adamlar var idi, onlar bizə faktların açılmasında köməklik edirdilər, lakin kamera qarşısına keçmək istəmirdilər.

Prodüser Ekard Seycer isə çəkiliş prosesinin texniki tərəfindən və məhz bu situasiyada yaşanan çətinliklər barədə danışır.

– İlk olaraq, təsəvvür edin ki, bu istintaq faylı, yaxud cinayət işi kimi bir şey idi. Eləcə də prosesi bir qətlin araşdırması kimi də təsəvvür edə bilərsiniz. Yəni hadisə 25 il öncə baş verib və bir növ, polis bu cinayət işini araşdırır. Qurbanın kim olduğu bəllidir, amma onun başına nə oyun gəldiyi bəlli deyil. Bu məsələdə günahkar kimdir?

Ailənin müsahibə verməsi filmin ən asan və eləcə də ən həssas hissəsi idi. Lakin Qarabağa getmək, həmin o kilsəni tapmaq, bax bu çətin idi. Hətta kilsəni tapmaq üçün biz peyk görüntülərindən də istifadə etməli olduq. Bir az da bizim şansımız gətirdi ki, kilsəni tapa bildik.

Kilsədən söz düşmüşkən, bu da filmdəki ən maraqlı hissələrdən biri idi. Natiq Qasımov obrazını canlandıran şəxsin kilsəni müdafiəsi və kilsə döyüşü.

Kilsənin tapılması və ora qədərki yoldan isə rejissor özü danışır.

– Qarabağa gedərkən bir neçə Qarabağ müharibəsi veteranından müsahibə götürmək istəyirdik. Ümid edirdik ki, onların danışdıqlarından yeni faktlar çıxara bilərik. Lakin şəxsən mənim beynimin bir küncündə bir sual var idi: kilsəni tapa bilərdikmi? Hansı ki biz orada, dediyiniz kimi, Natiq Qasımovun döyüş səhnəsini təsvir etmişik. Heç kəs bilmirdi ki, o kilsə harada yerləşir. Lakin müəyyən ipucları bizə yardım etmiş oldu. Onun alban, yaxud yunan-ortodoks kilsəsi olması ilə bağlı da müxtəlif fikirlər var idi. Həmçinin kilsənin Ağdam yaxınlığında olması ilə bağlı fikirlər də var idi. Mən peyk şəkillərinə baxdım, səyahətçi blogerlərin yazılarını, vloglarını izlədim. Onların bəziləri qeyd eləmişdi ki, bəli, orada kilsə var, amma çox uzaqdadır, təxminən ən yaxın kənddən iki-üç saatlıq uzaqlıqla yerləşir. Ən çətin məsələ ondan ibarət idi ki, oraya – yəni kəndə çatdıqdan sonra kilsəyə gedən yolu dəqiq bilmək olmurdu. Axırda nəhayət, gedib tapa bildik, bu həmin kilsə idi ki, döyüş məhz orada baş vermişdi. Divarlarda döyüşü özündə əks etdirən güllə izləri qalırdı, bu, filmdə də əks olunub. Natiq Qasımovun olduğu son döyüş yerini tapmaq, orada çəkiliş etmək, məhz o situasiyanı filmləşdirmək inanılmaz bir şey idi. Bu hissi ifadə etmək çətindir.

– Yaxşı, bəs rejissor kimi baş qəhrəmanla bağlı yekunda sualın cavabsız qalması müəllifə narahatlıq vermirmi?

– Filmdə də göründüyü kimi, Natiq Qasımovun əsirlikdə olarkən qətlə yetirildiyi iddia olunur. Hesab edirəm ki, bunu biz filmdə aydın şəkildə göstərə bilmişik. Çünki bizim Ermənistandan olan müharibə iştirakçıları ilə də danışığımız olub, onlar da Natiq Qasımovu görmüşdü. Amma o necə öldürülüb? Bununla bağlı bizim bəzi anonim söhbətlərimiz oldu, onlar kamera qarşısına çıxmağa hazır deyildilər. Ona görə də biz bu sual hissəsini cavabsız saxlamağa məcbur olduq. Yəni qəhrəmanın taleyini auditoriyanın öhdəsinə buraxdıq. Çünki biz filmdə əlimizdə olan müəyyən sübutları təqdim etmişdik. Bundan sonrasına auditoriya özü qərar verəcəkdi. Nəhayət, filmdən də aydın oldu ki, Vitali Balasanyanın cavab verməli olduğu suallar var. Amma ümumi mənzərə onu deyir ki, Natiq Qasımov erməni əsirliyində öldürülüb.

Ekard Seycer isə sözügedən situasiyanı müharibə cinayəti adlandırır və Vitali Balasanyanın mütləq şəkildə cinayət məsuliyyətinə cəlb olunmasını vacib hesab edir.

– Bu, müharibə cinayətidir. Natiq Qasımov, fikrimcə, öldürülüb, lakin necə öldürülüb, hansı şəraitdə öldürülüb, bax bu aydın deyil və müəyyənləşdirilməlidir. Hesab edirəm ki, bizim hamımızın bununla bağlı mülahizələrimiz var. Mülahizələrdən kənar, tamamilə aydın məqam odur ki, bu, müharibə cinayətidir və Vitali Balasanyan məsuliyyətə cəlb edilməlidir.

Müsahiblərim xüsusilə Ermənistandakı söhbətlər və çəkilişlər zamanı anonim qalmaq istəyən şəxslərin olduğunu deyir. Bütün bu anonimlik halları ortaya belə bir sual çıxarır: görəsən, sırf film müstəvisinə daşınması məqbul sayılmayan, qismən şübhə duyulan məqamlar da olmuş ola bilər. Rejissora növbəti sualım da məhz bununla bağlı oldu.

– Cənab Sinqh, bu beş illik proses və araşdırma zamanı dəqiqliyinə şübhə ilə yanaşdığınız, bu baxımdan, onu filmə salmadığınız, yaxud da elə təsdiqini tapmış, lakin filmdə yer almasını lüzum bilmədiyiniz detallar oldumu?

– Yox. Mən hesab edirəm ki, biz təqdim olunması lazım olan faktların hamısını təqdim eləmişik. Biz sənədli film çəkirdik, bizim bu çəkiliş prosesində əsas hədəfimiz sənədli-sübutlu material təqdim etmək idi. O baxımdan, filmdə, gördüyünüz kimi, italiyalı rejissorun çəkdiyi fotoları, həmçinin keçmiş müharibə iştirakçılarını – müsahibləri təqdim etmişdik. Anonim qalan şəxslərin verdiyi istiqamətlər bizə müəyyən detalların açılmasında yardımçı oldu. Bu, elə filmi ərsəyə gətirən məqamlardandır. Bu şəxslər hərbi statusları haqqında, gördükləri, şahid olduqları haqqında kifayət qədər məlumatlar veriblər. Vitali Balasanyana həmin dövrə dair fotoları göstərdikdə o, öz hərbçilərini tanıdı, etiraf etdi, amma özünü dandı. Siz auditoriyasınız, bütün bu sadalananları götür-qoy edin və özünüz nəticə çıxarın.

Əslində, filmi izləyərkən müəllifin, yəni filmin ssenaristi və rejissorunun Natiq Qasımov haqqında fikirləri qismən aydındır. Sadəcə bir də var, onu üzbəüz bizə deməsi, etiraf etməsi.

– Biz rejissor kimi sizin Natiq Qasımova baxışınız aydındır, yaxşı, bəs hadisələri araşdıran şəxs olaraq Natiq Qasımov barədə nə düşünürsünüz?

– Artıq qeyd elədiyim kimi, o vaxt Natiq Qasımov sıravi bir adam idi, o hərbçi olmayıb. Nəticədə, Natiq Qasımov olduqca qeyri-adi situasiya ilə üzbəüz qalmışdı. O vaxt Xocalı faciəsi törədilmişdi. Xocalı faciəsi həm Azərbaycanda, həm də dünyada hamını şoka salmış bir dəhşət idi. Və Natiq Qasımov da bu hadisədən, daha doğrusu, faciədən təsirlənmişdi, müharibəyə könüllü surətdə qatılmışdı. Prosesin davamında o, o qeyri-adi vəziyyətə düşdü və müdafiə olunmağa başladı. Natiq Qasımov özündən hərbi güc baxımından, say baxımından, texnika baxımından üstün olan tərəfə qarşı kilsəni və özünü müdafiə edib. Bu bir qəhrəmanlıq nümunəsidir. Hesab edirəm, hər kəs maraqla düşünə bilər ki, biz onun yerində olsaydıq, nə edərdik? Bax bu sual, doğrudan da, düşündürücüdür.

Natiq Qasımova edilən təklifin nəticəsində (Erməni əsirliyində olan azərbaycanlıların sağ-salamat buraxılmasının əvəzində Natiq Qasımov silahı yerə qoyub və təslim olub – N.P.) o, silahı yer qoydu və təslim oldu. Mən onun qəhrəmanlığı haqqında adicə danışmaq istəmirəm, çünki bunu faktlar göstərəndə daha yaxşı olur. Necə ki bütün faktlar onun qəhrəmanlığına işarə edir.

Filmin prodüseri Ekard Seycer isə, Natiq Qasımovun qəhrəmanlığını nəinki bizlərin, biz azərbaycanlıların, eyni zamanda, qarşı tərəfin də etiraf etdiyini qeyd edir.

– Bu, az qala, danılmaz bir faktdır. Görünən odur ki, onun cəsarəti, cəsurluğu düşmənləri tərəfindən də etiraf edilir. Birinci məqam odur ki, o, kilsəyə təkbaşına getmişdi, kilsəni təkbaşına müdafiə etmişdi. İkinci vacib məqam isə odur ki, o, əsirləri xilas etmək üçün təslim olmuşdu. Onun mühasirəyə alınmasında iştirak edən erməni hərbçilərdən biri də onun cəsurluğunu şəxsən özü etiraf edib. Düşünürəm ki, bu, xüsusi vurğulanmalıdır.

Söhbətin bu yerində rejissor yenidən müdaxilə edir.

– Natiq Qasımov hekayəsinin güclü əsasları, güclü faktları var idi. Bu sənəd əsaslı hekayə idi. Əlimizdə fotofaktlar var idi – onun sonuncu döyüşü ilə bağlı, dindirilməsi ilə bağlı və sair. Bu çox vacib nüanslardan biridir, hansı ki bu bir çox keyslərdə olmur. Əgər sənin sübutun varsa, sən emosional film yarada bilərsən. Birinci və İkinci Qarabağ müharibələri arasında, yəni proses olaraq çox böyük fərqlər var. Nəticə etibarilə, Azərbaycan artıq torpaqlarını işğaldan azad edib. Bu iki müharibədə çoxlu insan hekayələri var: ailələr var ki, öz evlərini tərk etmək məcburiyyətində qalıblar və artıq həmin ailələr öz evlərinə geri dönürlər. Bütün bunlar insan hekayələridir əminəm ki, gələcəkdə bununla bağlı filmlər çəkiləcək. Bunlar sənəd əsaslı sübutlardır ki, gələcək nəsillər üçün, onların situasiyanı anlaması üçün olduqca vacibdir.

Cənab Sinqh bir qədər duruxur və ayağa qalxır.

– Məncə, siz yetərincə sual verdiniz. İndi mənim sizə sualım var.

– Buyurun, təbii.

– Siz təqdimatda olmusunuz, yəqin. Sizdə bu qədər sualın yaranması filmi yaxşı analiz eləməyiniz deməkdir. Film haqqında siz nə düşünürsünüz. Bəyəndinizmi?

– Əlbəttə. Hətta mən düşünürəm ki, bir azərbaycanlı kimi sizə, sizin çəkiliş komandanıza təşəkkür borcum var: Bu film üçün çox sağ olun!

– Bəs sizin üçün filmdə ən maraqlı səhnə hansı idi?

– Şübhəsiz ki, Vitali Balasanyanla olan müsahibə. Mən qəti şəkildə bunu gözləmirdim: yəni Azərbaycan qəhrəmanı haqqında onun danışdırıla bilməsini.

Karan Sinqh prodüser Seycerə baxıb gülümsünür.

– Əlbəttə, bu çox maraqlı nüansdır. Sizə deyim ki, bizə Vitali Balasanyanın müsahibə verməsi üçün razılıq gələn kimi çəkiliş heyəti ilə birgə dərhal yola çıxdıq. Çünki düşünürdük ki, o birdən fikrini dəyişə bilər və biz bu şansı qaçıra bilərik. Yolboyu da dayanmaq yox idi, ancaq irəli, tam sürətlə.
Ardını oxu...
Bəs siz Natiq Qasımovun anasının fotolarla tanış olması səhnəsi barədə nə düşünürsünüz?

– Bu həddindən artıq təsirli səhnə idi və məncə, filmin ən emosional hissəsi idi.

– Bəli, tamamilə doğrudur. Ana ilə müsahibə hissəsi emosionallıq baxımından ən çətin məqam idi. Amma biz başa düşürdük ki, bunu mütləq etməliyik, çünki bu çox vacib detal idi. Müsahibənin yekununda Natiq Qasımovun anası bizə təşəkkür etdi. O deyirdi ki, biz çox vacib bir işi araşdırırıq.

Prodüsser Seycer əlavə edir:

– Ana ilə biz söhbət edərkən o ən xırda detallara qədər soruşurdu. Məsələn, onun üçün Natiq Qasımovun əynində olan paltar belə maraqlı idi, onu narahat edən məsələ idi.

– Natiq Qasımovu canlandıran obrazı tapmaq necə baş verdi?

Hər ikisi eyni məğrur və təəccüblü baxışla reaksiya verirlər:

– Bu, sadəcə bir şans məsələsi idi. Biz prodüser Seycerlə bərabər həmin obraz üçün bizə təqdim edilən adamların şəkillərinə baxdıqda birdən onu gördük və dərhal dedik: bu bizim axtardığımız adamdır.

Cənab Sinqhə təqdimatdan sonra Bakıya səfərinin məqsədinizi soruşduqda isə cavabı bu oldu:

– Mən sizə – APA-ya müsahibə üçün buradayam (gülür).

Sinxron və mətni tərcümə: Zümrüd Paşkin

Foto Orxan Kərimov ©️ APA group
 

Ardını oxu...
Politoloq Zərdüşt Əlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- İllərdir gözlənilən İsrail-HƏMAS savaşının niyə indi başladığı, bu prosesin arxasında hansı məqamların durduğu günlərdir müzakirə mövzusudur. Sizin bu barədə fikirləriniz necədir?

- İsrailə fələstinlilər arasındakı qarşıdurma qüvvələr nisbətini İsrailin xeyrinə dəyişir. Nəyə görə? Son 40 ildə İsrailə qarşı duran ərəb dövlətləri bir-bir çıxdaş edilir. Məsələn, əvvəl Misir, sonra İordaniya, İraq, Suriya, Liviya, Sudan, Yəmən... Faktiki olaraq, fələstinlilər İsrailin hücumları qarşısında yalqızdır. Təkcə Qətər onları pulla və siyasi cəhətdən müdafiə edir, İran siyasi cəhətdən müdafiə edir və silah dəstəyi verir, Türkiyə də siyasi baxımdan dəstəkləyir. Vəssalam.

İsrailə gəlincə, varlı dövlətdir, nəhəng diasporu və lobbiləri, güclü müttəfiqləri var. Bircə Amerikanın adını çəkmək kifayətdir ki, dünyanın ən qüdrətli dövlətinin İsrailin tərəfindən döyüşdüyünü başa düşəsən. Fələstinin tərəfində heç kəs yoxdur. Adlarını çəkdiyim dövlətləri ABŞ-la müqayisə etmək olmaz.

Onların (HƏMAS-ın – red.) bu dəfəki hücumu çarəsizlikdən idi. Başa düşürdülər ki, bu dəfə hansısa yeni, qanlı qarşıdurma olmasa, Səudiyyə Ərəbistanı İsraili tanıyacaq. Çünki bundan əvvəl Birləmiş Ərəb Əmirlikləri, Bəhreyn, Mərakeş tanımışdı, Sudan tanımağa hazırlaşırdı. Səudiyyə Ərəbistanı da tanısaydı, fələstinlilər tam yalqız qalacaqdılar. Buna görə də bu qanlı hadisəni törətdilər.

Əlbəttə, bu zaman böyük səfehliklər etdilər, özlərinə də nəhəng ziyan vurdular. Vəhşi ənənələr, Xocalını xatırladan barbarlıq – bunlardan özlərinə (fələstinlilərə) də ziyan dəydi. Bu vəhşiliklərlə və qətliamla (HƏMAS-ın İsrailə hücumu ilə - red.) Fələstin xalqının haqq işinə çox sarsıdıcı, ağır zərbə vurdular. Hər halda istəklərinə çatdılar, Səudiyyə-İsrail anlaşması pozuldu.

Çar-naçar qalan İsrail indi amansızcasına oranı (Qəzzanı) bombalayır, artıq 4500-dən çox itki var, bunun 1500-ü döyüşçü, qalanı dinc insanlardır. Belə bir durumda sadə camaat da İsrailə qarşı səfərbər olub. Qərbin özündə də İsrailin bombardmanlarına qarşı etirazlar var. Amma onların başqa çarəsi yoxdur.

ABŞ da, Rusiya da, Türkiyə də bildirdi ki, bölgədə iki dövlət olmalıdır, bundan sonra arada hasar çəksinlər, bir-birləri ilə əməkdaşlıq etməsinlər, amma belə olmalıdır. İsrail razı olmur.

- Müharibə hansı halda genişlənə bilər? ABŞ-ın son gəlişmələr fonunda bölgəyə nəhəng hərbi qüvvə göndərməsi də diqqət çəkir. Bu qüvvə kim üçündür?

- Bu ona görədir ki, İran və “Hizbullah” qarışmasın. Onlar da qarışmasa, Fələstini əzəcəklər.

- İran və “Hizbullah”ın müdaxiləsi ehtimalı nə qədərdir?

- Bunu deyə bilmərəm. Bunu Xameneyi bilər. Bunu heç Qərb siyasətçiləri, strateqləri də bilmirlər. Qarışa da bilər, qarışmaya da.

- Belə bir müdaxilə olsa, proses hansı istiqamətdə cərəyan edəcək?

- “Hizbullah”ın 5000-dən çox raketi var. İndi “Hizbullah” qarışsa, İsrailin yarısını viran qoyacaq. “Hizbullah”ın yaxşı döyüş təcrübəsi olan quru qüvvələri var, İsrailin ərazisinə girib orada döyüşə bilərlər. Pakistan da bildirir ki, Qəzzada quru əməliyyatı başlasa, İsraili raketlə vuracam. Ərəb dövlətləri məcburən qarışa bilərlər.

Amerika görsə ki, böyük müharibə başlayır, Livanı vuracaq, bölgədə nəhəng donanması var. İran İsraili ballistik raketlərlə vura bilər. Əlbəttə, bu zaman İrana qarşı da müharibə başlayacaq. İranı hava zərbələri ilə məğlub etmək mümkün deyil, amma ölkəni viran gününə qoya bilərlər.

Bütün bunlar göstərir ki, böyük bir regional müharibə başlaya bilər. Müharibə onsuz da gedir, amma gedişata uyğun olaraq, bunun miqyasının genişlənməsi mümkündür. İndi minlərlə insan həyatını itirib, onda yüzminlərlə, sonra milyonlarla həlak olacaq.

- Çin də bölgəyə döyüş gəmisi göndərib. Bəs onun hansı hesabı var?

- Çin qarışmayacaq. Çin göstərmək istəyir ki, mən də varam.

- HƏMAS-ın arxasında duran qüvvələrdən birinin Rusiya olduğuna dair iddialar səsləndirilir. Bu iddia nə qədər doğru ola bilər?

- Rusiya SSRİ-nin yürütdüyü siyasəti davam etdirir, İsraili də tanıyır, ərəblərə də dəstək verir. Amma indi Rusiyanın hansısa iş görmək, kömək etmək, qərar vermək və prosesə təsir göstərmək imkanı yoxdur. Bunlar köhnə fikirdən irəli gələn iddialardır. İndi Rusiyanın nə gücü var?! Yoxdur. Burada – böyründə vassalı Ermənistanı çırpırlar, heç Rusiyanın ona kömək etməyə halı yoxdur. Ukrayna ilə bacarmır.

Əlbəttə, Rusiya sevinir, fürsətdən istifadə edir. Sevinir ki, diqqət Ukraynadan yayınıb İsrail ətrafında cəmlənib. Hər halda Rusiyanın bu qədər təsir gücünün olduğunu düşünmürəm.

- Qəzzaya girmək istəyın İsrailin məqsədi nə ola bilər?

- HƏMAS-ı məhv etmək istəyir. Fələstin Azadlıq Təşkilatı (FAT) və Mahmud Abbas artıq ram edilib, Fələstinə tam tabe olub. İndi Fələstin xalqının döyüşən hissəsi HƏMAS-dır.

HƏMAS-ın mənası “İslam Müqavimət Hərəkatı”dır. Millətçi, solçu təşkilatların hamısı iflasa uğrayıb, nəticədə bir islamçı təşkilatlar qalıb.

- Bəs İsrail ordusunun Qəzzada quru əməliyyatı niyə gecikir?

- Birincisi, quru əməliyyatı başlayan kimi İsrail ordusunun itkiləri artacaq. HƏMAS bu addımı atarkən hesablamışdı ki, İsrail buna cavab olaraq Qəzzaya girəcək. Kifayət qədər silah-sursat toplayıblar ki, belə bir şey olsa, onların tanklarını, toplarını, canlı qüvvəsini məhv etsinlər.

İsrail ordusu hava zərbələrində üstün ola bilər, amma küçə döyüşlərində çətinliklə üzləşəcək. Birinci Çeçenistan müharibəsində çeçenlər Qroznıda rus ordusunu darmadağın etmişdilər. Ərəblər də bu təcrübəni öyrəniblər. Küçə döyüşləri risklidir, HƏMAS bunu bilir.

Digər yandan, İsrail anlayır ki, quru əməliyyatı başlasa, dinc əhali arasında çox itki olacaq. Belə olsa, dünyada İsraili qınayanların sayı artacaq.

- Yaxın Şərq və digər bölgələrdəki hərbi fəallıq Üçüncü Dünya Müharibəsi ehtimalını gündəmə gətirib. Sizcə, dünya müharibəsinə nə qədər yaxınıq?

- Yaxınlaşırıq, amma qənaətimə görə, hələlik bəşəriyyət o qədər ağılsız deyil ki, dünya miqyasında nüvə müharibəsinə başlasın. Nüvə müharibəsi bəşəriyyətin sonu deməkdir. Üçüncü Dünya Müharibəsində bütün insanlar, bitkilər və heyvanlar məhv olacaq. Elm adamları Üçüncü Dünya Müharibəsinin kompüter modellərini qurublar. Belə bir müharibədə qalib və məğlub olmayacaq, bütün bəşəriyyət uduzacaq.

Güclü atom bombaları partladıldıqdan sonra Yer kürəsindən fəzaya milyonlarla ton qum, toz və sair qalxacaq, üç-dörd il ərzində bütün dünyanın üzəri qalın toz təbəqəsi ilə örtüləcək. Nəticədə Günəş şüaları Yerə çatmayacaq. Günəş şüaları olmayanda ilk növbədə, bitkilər məhv olacaq. Çünki bitkilər fotosintez sayəsində yaşayırlar. Bitkilər məhv olduqdan sonra heyvanlar da öləcəklər, eləcə də insanlar. Yer kürəsində kimsə qalmayacaq, adalarda da həyat yoxa çıxacaq. Həmin toz təbəqəsi çəkilib Günəş şüaları Yer kürəsinə çatdıqdan sonra yerin altında qalan həşaratlar, böcəklər çıxa bilərlər. Qlobal müharibədən sonra Yer kürəsinin aqibəti belə olacaq.
 
Ardını oxu...
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Bakupost.az -a geniş videomüsahibə verib.
İstehlakçı hüquqlarının pozulması haqqında danışan Birlik sədri bir sıra dövlət qurumlarının, eləcə də özəl şirkətlərin ünvanına sərt ittihamlar səsləndirib. Onun sözlərinə görə, xüsusən də mobil telefonlar və məişət texnikasının satışı ilə məşğul olan şirkətlər - Kontakt Home, Baku Electronics və s. istehlakçıların hüquqlarını kobud şəkildə pozularlar:
"Bir müddət istehlakçılara satılan telefon və məişət texnikalarının keyfiyyəti ilə bağlı problemlər olurdu. Azad İstehlakçılar Birliyi uzun müddət bu istiqamətdə mübarizə apardı və problem aradan qalxdı. İndi isə Kontakt Home istehlakçı hüquqlarının pozulması sahəsində yeni "trend" yaradıb. Onun alıcıları aldatmaq, onlara kələk gəlmək praktikasının artıq telefon və məişət texnikasının satışı ilə məşğul olan digər şirkətlər də tətbiq etməyə başlayıblar. Kontakt Home hətta “Şeş qoşa” oyunu vasitəsilə də müştərilərini aldadır, bununla bağlı bizə konkret müraciət daxil olub".
Qida təhlükəsizliyi sahəsində problemlərə toxunun E.Hüseynov bu sahədə də vəziyyətin acınacaqlı olduğunu qeyd edib və Qida Təhlükəsziliyi Agentliyi, eləcə də Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətini tənqid edib. Onun sözlərinə görə, təəssüf ki, bu dövlət qurumları fəaliyyətlərində istehlakçıların deyil, monopolistlərin maraqlarını üstün tuturlar.
E.Hüseynov bildirib ki, bu sahədə rəhbər vəzifədə çalışanların öz bizneslərinin olması da istehlakçı hüquqlarının kobud şəkildə pozulmasında ciddi rol oynayır.
Müsahibədə həmçinin bank sektorundakı xaos, iri marketlərin sahibkarlara ciddi təzyiqlər göstərməsi, iş adamlarını sıxışdırması, həmçinin müştəriləri aldatmaq üçün müxtəlif yollara əl atmasından bəhs olunur. Bir sözlə, elektrotexnika şirkətləri, dərman biznesi ilə məşğul olanlar, banklar müştərilərini necə aldadır, dövlət qurumları bu prosesdə necə iştirak edir və s. məsələlərlə bağlı maraqlı açıqlamaların olduğu müsahibəni bu videodan izləyə bilərsiniz:

 
Ardını oxu...
Ötən gün Azərbaycana gələn Türkiyənin TV8 kanalının rəhbəri, aparıcı-prodüser Acun Ilıcalı Bakıda Beynəlxalq Təhsil Mərkəzinin direktoru Ramal Şəmşədli ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, aparıcı Ramal Şəmşədlinin təhsillə bağlı müxtəlif suallarını cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

 
 
 
Ardını oxu...
Politoloq: “HAMAS-ın öz mövcudiyyətini davam etdirmək, legitimliyini gücləndirmək üçün qan və qırğınlara ehtiyacı var”

Yaxın Şərqdə hərbi gərginlik davam etməkdədir. Oktyabrın 7-si səhər saatlarında fələstinlilərin HƏMAS hərəkatı tərəfindən İsrailin bombalanması ilə başlayan eskalasiya pik həddədir. Dünya ictimaiyyəti dinc fələstinlilərin müharibə qurbanı olmasını qınasa da, HƏMAS-ın terror əməllərini pisləyir, İsrailə dəstək nümayiş etdirir. Təbii ki, müsəlman ölkələri tərəfindən Fələstin dəstəklənir. Amma qlobal güclər, xüsusilə, ABŞ Təl-Əvivə sonadək dəstək göstərəcəyini açıq bəyan edib. ABŞ Prezidenti Co Baydenin yaxın Şərqə səfəri, İsrailə yardım vədi və sonadək dəstək bəyanatı Vaşinqtonun mövqeyinin açıq olduğunu göstərdi. Lakin ekspertlərin qənaətincə ABŞ müharibənin genişlənməsində də maraqlı deyil.

Yaxın Şərqdə baş verənlərlə bağlı AYNA-nın suallarını cavablandıran politoloq Şahin Cəfərli deyib ki, bu gün Vaşinqtonun Ukrayna ilə yanaşı, İsrailə yardımı elan etməsi ABŞ-ın milli maraqları və təhlükəsizliyi baxımından önəmlidir:

- Ona görə də Bayden səviyyəsində İsrailə dəstək göstərilməsinin vacibliyi elan olundu. İndi bu yardım Ukraynaya dəstəklə birlikdə göstəriləcək, yəni paket formasında yardım ediləcək. Baydenin Yaxın Şərqə səfəri əslində atəşkəsə nail olunmasına hesablanmışdı. Görünür, ABŞ bölgədə böyük müharibədə maraqlı deyil. Amma İsrailin əsas hədəfi vəziyyətdən istifadə edib “İran problemi"ni aradan qaldırmaqdır. Bunun üçün Təl-Əvivin qarşıdurmanın miqyasını böyütməyə və İranı bu prosesin tam mərkəzinə çəkib gətirməyə ehtiyacı var. Çünki İran müdaxilə edib, İsrailə qarşı müharibəyə liderlik etsə, ABŞ da bunun qarşısını almaq üçün müharibəyə qoşulacaq. Bu halda ordusu və kəşfiyyatı haqda əfsanələr yaradılmış, əslində isə gücü yetərli olmayan, tükdən asılı İsrail üçün İran məsələsinin həllinə fürsət və imkan yaranacaq. ABŞ isə buna qarşıdır.

- Baydenin səfəri ərəfəsində Qəzzada xəstəxananın bombalanmasının ABŞ liderinin bölgəyə gəlişi ilə əlaqəsi nə qədərdir?

- İnsanlığa qarşı həmin cinayət Baydenin bölgəyə səfərinə saatlar qalmış törədildi. Bu, əlbəttə, təsadüfi deyildi. Bayden Ammanda İordaniya, Misir, Fələstin liderləri ilə görüşəcəkdi və aydındır ki, müzakirələrin ana mövzusunu sülh təşkil edəcəkdi. Lakin xəstəxananı bombalamaqla sülh gündəmi baltalandı. Bu məsələdə İsrail, HƏMAS və İranın maraqları üst-üstə düşür. İsraildə Baş nazir Beynamin Netanyahunun liderliyi altında Ben Qvir, Smotriç kimi quldurlardan ibarət hökumət iş başındadır və bu hökumət böyük müharibədə maraqlıdır. Qəzzaya terrorçu rejim hakimdir və HAMAS-ın öz mövcudiyyətini davam etdirmək, legitimliyini gücləndirmək üçün qan və qırğınlara ehtiyacı var. İran rejiminə də xarici düşmənlər lazımdır ki, həm daxildə diqqəti çoxsaylı problemlərdən yayındırsın, əhalini ətrafında səfərbər etsin, həm də bölgədə proksi qruplaşmaların yaradılması və silahlandırılmasına yönəltdiyi milyardların “haqq işinə” sərf olunduğu qənaətini formalaşdırsın, bu siyasətinə xalqdan dəstək qazansın. Bu üç rejim də Fələstin məsələsinin ədalətli həllində maraqlı deyil və istənilən sülh prosesini pozmağa hazırdır.

Tam əminliklə deyə bilərəm ki, sabah İsraildə sülhsevər bir hökumət qurulsa, hətta 1967-ci il sərhədlərinə geri çəkilməyi qəbul etsə, HAMAS, İslami Cihad və digər radikal fələstinli qruplar, İran və onun "Hizbullah"ı bunu yetərli görməyəcək və İsraildən 1947-ci il vəziyyətinə geri dönməyi tələb edəcəklər. Yəni bu gün çoxlarının hesab etdiyi kimi, İsrailin ciddi güzəştlərə getməsinin də bölgəyə sülh gətirəcəyinin bir təminatı yoxdur. Üç səmavi dinin yaranıb-yayıldığı, hər kəsin öz dinini sülh dini adlandırdığı, amma heç cür sülhün bərqərar olmadığı peyğəmbərlər yurdu Orta Şərq təəssüf ki, bir cəhənnəm olaraq qalır və dünyanı da öz zülmətinə qərq edir.

- Məlum oldu ki, Çin də Yaxın Şərqə döyüş gəmiləri göndərib. Ümumilikdə, baş verənlər daha da dərinləşə, böyük güclərin qarşı-qarşıya gəlməsinə səbəb ola bilərmi?

- Pekin rəsmi səviyyədə bildirib ki, regionda vəziyyətin deeskalasiyasına kömək etmək üçün Rusiya ilə birgə işi dəstəkləməyə hazırdır. Bu gün Rusiyanın ayaqda qalması Çinə ona görə vacibdir ki, ABŞ-ın enerjisi və gücü parçalansın, bütün gücünü Çinə qarşı yönəltməsin. Aydındır ki, bu gün ABŞ-ın resurslarından həm Ukraynaya gedir, həm İsrailə gedir. Əlbəttə, Pekindən verilən “regionda vəziyyətin deeskalasiyasına kömək etmək üçün Rusiya ilə birgə işi dəstəkləməyə hazırdır” bəyanatı da bu siyasətin tərkib hissəsidir. Eyni zamanda, Çin Yaxın Şərqə hərbi gəmilər göndərməklə o mesajı da verir ki, dünya gücü kimi lazım gələrsə, proseslərə müdaxilə etmək imkanındadır.

Əslində beynəlxalq güclər bu gün qarşı-qarşıyadır və hər kəs özünə sərf edən siyasəti həyata keçirir. Bundan əziyyət çəkən isə müharibə bölgələrinin əhalisidir.

- Bölgənin “qan gölünə” çevrilməsi kimin marağındadır və hansı qüvvələrə xidmət edir?

- Mən qarşıdurmalardan əvvəlki siyasi vəziyyətə baxmağın tərəfdarıyam. Məlumdur ki, son aylarda ABŞ, İsrail və Səudiyyə Ərəbistanı arasında çox vacib anlaşmalar hazırlanırdı. Səudiyyə Ərəbistanı tərəfindən İsrail dövlətinin rəsmən tanınması və diplomatik əlaqələrin qurulması, əvəzində Fələstin məsələsində İsrailin bəzi güzəştlərə getməsi, Səudiyyənin dinc məqsədli nüvə proqramına ABŞ-ın dəstəyi və bu ölkəyə təhlükəsizlik təminatı verməsi, əvəzində krallığın Çinlə iqtisadi və hərbi əlaqələrdə dərinə getməyərək məsafə saxlaması, neft qiymətlərində Vaşinqtonla qarşılıqlı anlaşma şəraitində siyasət yeritməsi və s.detallar müzakirə olunurdu. Tərəflər bütün məsələləri razılaşdırmasalar da, ciddi irəliləyişlər də mövcud idi. Məsələn, son aylar İsrailin 3 naziri müxtəlif beynəlxalq-regional toplantılarda iştirak adı altında Səudiyyə Ərəbistanına səfər etmişdi. Prosesin müsbət sonluqla bitməsi “İbrahim anlaşmaları”nın təntənəli yekunu olacaqdı. Lakin HƏMAS-ın hücumu, İsrailin cavabı və qızışan münaqişə sözügedən prosesin aqibətini qeyri-müəyyənliyə sürüklədi. Səudiyyə Ərəbistanı hər nə qədər tamamilə öz maraqlarını güdən praqmatik siyasət aparsa da, ərəb dünyasının lider dövləti olaraq İsrailin fələstinlilərə qarşı hərbi və iqtisadi xarakterli sərt tədbirlərini görməzdən gələ bilməz. HƏMAS-ın törətdiyi ağır cinayətlər, İsrailin buna verdiyi cavablar bölgədəki nisbi sülh atmosferini pozdu. Bununla da planlaşdırılan razılaşmalar təxirə düşdü.

Düşünürəm ki, İsrail-HƏMAS savaşında qazanan tərəfin İran olduğu görünür. Təbiim ki, baş verənlər Çin və Rusiyanın da maraqlarına uyğundur. Nəzərə almaq lazımdır ki, İran kifayət qədər ciddi dövlətdir və destruktiv potensialı yüksəkdir.

Müəllif: Anar Bayramoğlu
 
 
 
Ardını oxu...
“Hər bir insan ölümü bizim üçün faciədir”.

Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik AZƏRTAC-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Cənab səfir, sizcə, HƏMAS-ın İsrailə hücumunun arxasında hansı səbəblər dayanır?

- Oktyabrın 7-də HƏMAS ölkəmizə hücum etdi və insanlarımızı qətlə yetirdi. İnsanları diri-diri yandırdılar. Onlar yatan insanlara qarşı belə qırğın törətdilər. Onlar qızlarımızı zorladılar, körpələrimizi öldürdülər, qocaları, hətta uşaqları və körpələri valideynlərinin əllərindən alıb oğurladılar. Burada sizə bir neçə şəkil göstərə bilərəm. Məsələn, bu ailə sağ-salamat idi. Ana, ata və üç gözəl yeniyetmədən ibarət xoşbəxt bir ailə idi. Mən sizə bu körpənin də şəklini göstərə bilərəm. Bu gün isə onların heç biri həyatda yoxdur. Təsəvvür edin ki, bu, sizin oğlunuzdur, yaxud da qızınızın yataq otağıdır. Təsəvvür edin ki, onun öz yataq otağında sağ qalması barədə narahatsınız. Heç bir insan, heç bir ailə, heç bir uşaq bunu yaşamamalıdır. İnsanlar şokdadır. Soruşurlar ki, HƏMAS bunu niyə etdi? Səbəb nədir? Amma insanların niyə şoka düşdüyünü anlamıram. Çünki HƏMAS son üç onillikdə hər ayın hər həftəsinin hər günü dəfələrlə bildirib ki, onların məqsədi hər bir yəhudini və hər bir israillini öldürməkdən ibarətdir. Onların məqsədi İsrail dövlətini məhv etmək və yəhudilərə qarşı soyqırımı törətməkdir. İndi etmələrinin səbəbi sadəcə bunu indi bacarmaları ilə bağlıdır. Biz hazırlıqsız olduğumuz bir vaxtda fürsət tapdılar.

Həmin gün Sukkot bayramı idi, şənbə günü idi. Əsgərlərimizin çoxu evlərində, ailələri ilə birlikdə bayramı qeyd edirdilər. Onlar (qarşı tərəf – red.) sadəcə olaraq sərhəd istiqamətindəki ərazilərə soxularaq hasardan keçib İsrailin 20-dən çox kəndinə basqın etdilər və evlərində yatan insanlara qarşı qətliam törətdilər. Ona görə də bu gün biz müharibə şəraitindəyik. Bu müharibə siyasətlə bağlı deyil. Məsələ ərazi ilə bağlı deyil. Məsələ bunların heç birinə aid deyil.

Bu, şərə qarşı mübarizədir. Prezident Bayden İsrailə səfəri zamanı Baş nazir Netanyahu ilə görüşündə bildirib ki, HƏMAS-ın etdikləri hətta İŞİD-i də bundan rasional göstərir. Beləliklə, qarşımızda duran şey budur və məqsədimiz sadədir: HƏMAS-ı məğlub etmək, onun Qəzza üzərindəki hakimiyyətinə son qoymaq, girovlarımızı azad etmək. Məqsədlərimiz bunlardır. Hazırda bizim Qəzzada 200 nəfər girovda saxlanılan insanımız var, onların arasında hətta Holokostdan sağ çıxanlar da var. Heç bir humanist təşkilat, heç bir rasional insan və ya təşkilat belə bir şey etməz və biz o terror təşkilatını məğlub etməyincə dayanmayacağıq.

- Cənab səfir, dediyiniz kimi ABŞ Prezidenti Cozef Bayden də İsrailə səfər edib. Beynəlxalq ictimaiyyətin İsrailə dəstəyi və müharibəyə münasibəti ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Əvvəla, bu müharibə təkcə İsrailə qarşı başlamayıb. Bu, beynəlxalq birliyə qarşı başladılan müharibədir. Sizə deyə bilərəm ki, HƏMAS tərəfindən öldürülən və ya qaçırılanlar arasında 41-dən çox ölkənin vətəndaşı var. Məndə vətəndaşları öldürülmüş və ya qaçırılmış ölkələrin siyahısı var. Onların adlarını görə bilərsiniz. Mən sizə göstərəcəyəm ki, siyahıda olanların arasında azərbaycanlılar da var. Üç azərbaycanlı HƏMAS tərəfindən qətlə yetirilib və bir azərbaycanlı itkin düşüb, çox güman ki, Qəzzaya qaçırılıb. Deməli, bu təkcə İsrailin müharibəsi deyil. Bu, terrorizmə, İŞİD və onun bənzərlərinə qarşı beynəlxalq müharibədir. Ona görə də biz terrora qarşı birgə mübarizə aparmalıyıq. Dünyanın hər yerindən liderlər HƏMAS-ın ağlasığmaz vəhşiliklərini pisləyib və İsrailin özünü müdafiə etmək hüququnu dəstəkləyiblər. Mən sizə hətta burada - Azərbaycanda, səfirliyimizin önünə gül dəstələri qoymağa gələn insanlardan aldığımız sevgini, dəstəyi və başsağlığı mesajları barədə deyə bilərəm. İnsanlar zənglər edir, SMS göndərirlər. Burada aldığımız dəstək həqiqətən bizi çox təsirləndirdi. Düşünürəm ki, bu, çox simvolikdir. Bu, mən Gəncəyə gedəndən düz üç il sonra oldu. Gəncədə də vətəndaşlar heç nəyə fərq qoyulmadan hücuma məruz qalıblar. Mən orada Gəncədə yaşayış məntəqələrinin xarabalıqlarına gül dəstələri qoymuşam. Bu gün Azərbaycan vətəndaşları buraya - səfirliyin qarşısına gül dəstələri qoymaq üçün gəlirlər. Hazırda beynəlxalq ictimaiyyətdən gözləntimiz əsasən Prezident Bayden, Böyük Britaniyanın, Fransanın, İtaliyanın rəhbərləri və dünyanın bir çox digər liderləri kimi davranmaq, İsrailin öz xalqını qorumaq hüququnu dəstəkləmək və HƏMAS terror təşkilatını məğlub etmək üçün əlindən gələni etməkdir. Biz, həmçinin beynəlxalq ictimaiyyətin girovların dərhal və qeyd-şərtsiz azad olunmasına çağırış etməsini gözləyirik. Onların bir çoxu, gördüyünüz kimi, digər ölkələrinin vətəndaşlarıdır. Biz beynəlxalq ictimaiyyətdən HƏMAS-ı Qəzzadakı əhalisini canlı qalxan kimi istifadə etməyi dayandırmağa çağırmasını gözləyirik.

Biz bunu hər zaman görürük ki, onlar öz qərargahlarını, əməliyyatçılarını yaşayış məntəqələrində, günahsız mülki vətəndaşlar arasında, evlərdə, məktəblərdə, hətta xəstəxanalarda yerləşdirirlər və bu yerlərdən İsrailə qarşı atəş nöqtəsi kimi istifadə edirlər. Bununla da öz mülki vətəndaşlarını hücuma məruz qalma təhlükəsi ilə üz-üzə qoyurlar.

- Hər iki tərəf oktyabrın 17-də Qəzzada xəstəxananın hücuma məruz qalmasına görə bir-birini ittiham edir. Bununla bağlı nə deyə bilərsiniz? Ümumiyyətlə, İsrail zərərsizləşdirəcəyi hədəfləri hansı meyarlara əsasən müəyyənləşdirir? Qarşı tərəf digər mülki binaların da atəşə tutulması ilə bağlı da iddialar səsləndirib.

- Əvvəla, onu demək istəyirəm ki, hər kəs kimi mən də Qəzzadakı Baptist xəstəxanası ilə bağlı dəhşətli şəkilləri görmüşəm və heç bir ləyaqətli insan buna biganə qala bilməz. Bu hadisədə həlak olan günahsız insanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bu xəstəxana Qəzzada terrorçular tərəfindən səhv atılan raketlə vurulub. Onlar bunu bilirdilər, HƏMAS, “İslami Cihad” bunu bilirdi. Biz hətta iki nəfər HƏMAS fəalı arasında telefon danışığının səs yazısını ələ keçirmişik və bu telefon danışığı zamanı onlar bunun Qəzzadakı terrorçular tərəfindən atılan raket olması barədə danışırdılar. Biz bu söhbətin bütün səs yazısını mediaya yaydıq. Biz adətən Qəzzada terrorçuların telefonlarını necə dinləmək üsullarımızı açıqlamırıq. Amma media buna görə qəzəbləndiyi üçün biz bu ehtiyacı hiss etdik. Bunu etdikləri üsul sadədir. Onlar xəstəxanaya atılan və bu faciəyə səbəb olan raketin səhv atıldığını bilirdilər. Bunu dərhal başa düşdülər və ona görə də İsraili ittiham etməyə başladılar ki, günahı öz üzərilərinə götürməkdən yayınsınlar və insanları İsrailə qarşı qəzəbləndirmək üçün bundan təbliğat aləti kimi istifadə etsinlər. Reaksiyamız bir neçə saat sonra gəldi. Bunun bir neçə saat çəkməsinin səbəbi isə onlardan fərqli olaraq, bizim nə baş verdiyini dəqiq bildiyimiz faktlarımızdan 100 faiz əmin olmağımızla bağlı idi. Bir neçə saatdan sonra İsrail Müdafiə Qüvvələri baş verənləri tam şəkildə göstərən mediaya açıqlanmış sübutlarla çıxdı. Raketlər xəstəxananın yaxınlığında Qəzzada HƏMAS ilə əməkdaşlıq edən terror qruplarından biri olan Fələstin İslami Cihad tərəfindən atılıb və həmin raketlərdən biri səhv atılaraq havada partlayıb, sonra yerə - xəstəxananın üzərinə düşüb.

Bu gün əlimizdə bunun necə baş verdiyini göstərən kadrlar var. Əslində, ən yaxşı görüntülər HƏMAS-ın ruporu olan “Əl-Cəzirə” kanalından gəlir. Burada raketin necə yuxarı qalxıb xəstəxanaya düşdüyünü görmək olur. İndi mən sizə burada bir xəritə göstərə bilərəm.

Yalnız son 10 gündə gördüyünüz bütün bu qırmızı nöqtələr Qəzza zolağının içərisində, təkrar edirəm, HƏMAS və İslami Cihad tərəfindən atılan raketlərin Qəzza zolağında öz insanlarının üzərinə düşdüyü yerlərdir.

Oktyabrın 7-dən indiyədək - son 10 gündə Qəzza zolağının daxilinə 406-dan çox raket düşüb. Terrorçular tərəfindən Qəzzada öz insanlarının üzərinə raketlər atılıb. Raketlərdən gündə neçəsinin səhv atıldığını bu qrafikdən görə bilərik.

Beləliklə, biz görə bilərik ki, dünən (oktyabrın 17-də - red.) İsrail istiqamətində atılan raketlərin 12 faizi Qəzza zolağına düşüb. Xəritədə bu qədər çox qırmızı nöqtənin mövcudluğu təəccüblü deyil. Vəziyyət əslində belədir. Bizim savaşdığımız bu terror təşkilatları nəinki bizim həyatımıza hörmət etmir, hətta Qəzzadakı günahsız insanların həyatına da əhəmiyyət vermir. Qəzzadakı günahsız insanlar onlardan canlı sipər kimi istifadə edən bu terrorçu rejimdən əziyyət çəkir. Həmin terror təşkilatı onların canlarından təbliğat vasitəsi kimi istifadə edir.

Hər bir insan ölümü bizim üçün faciədir. Onlar üçün isə hər insan itkisi İsrailə qarşı mesaj vermək vasitəsi və digərlərini İsrail əleyhinə emosional reaksiya verməyə yönəltmək üçün siyasi alətdir.

Mənim beynəlxalq mediaya da sözüm var. BBC, “Sky News”, CNN və digər beynəlxalq media qurumlarının da İsrailin xəstəxanaya hücum etdiyini iddia edən məlumatlar dərc etməsi bizi çox məyus etdi. Bu gün artıq hər kəsə aydındır ki, həmin hava hücumu İsrailə aid deyil.

Hətta Prezident Bayden də mətbuat konfransında açıqladı ki, o bu hücumun Qəzzadakı terrorçuların atdığı raket nəticəsində baş verdiyini qəbul edir. Buradan bir dərs almalıyıq ki, heç kimə inanmaq lazım deyil. İsrail tərəfinə də inanmayın. Bir jurnalist olaraq hər məlumatı yoxlamaq lazımdır. Faktların doğruluğuna əmin olmaq lazımdır. Lakin məlumatı heç yoxlamadan, sırf HƏMAS belə bir iddia ilə çıxış etdiyi üçün həmin iddiaya inanmaq düzgün deyil. “İsrail tərəfindən qəsdən hava hücumu” kimi məlumatı dərhal dərc etmək düzgün deyil. İndi artıq heç bir şübhə yoxdur ki, raket Qəzza sektorundan səhvən atılıb. Bu səbəbdən, lütfən, bütün media və hətta insanlar olaraq faktlara nəzər yetirməkdə diqqətli olaq ki, insanları dezinformasiyaya məruz qoyaraq çaşdırmayaq.

- Hazırda Qəzzadakı humanitar vəziyyət nə yerdədir? Ora yardım göndərmək üçün hər hansı bir yol mövcuddurmu?

- Hazırda biz HƏMAS ilə müharibədəyik. Hədəfimiz onlara qalib gələrək İsraili HƏMAS-ın hücumlarının təhlükəsi altında yaşamaqdan azad etməkdir. Qəzzadakı insanları da bu terrorçu rejimin əsarətindən azad etmək bizim hədəfimizdir. Bizim Qəzzadakı insanlar üçün edə biləcəyimiz ən humanist hərəkət onları HƏMAS-dan azad etmək ola bilər. Hazırda ən əsas narahatlığımız Qəzzadakı 200 əsirimizi azad etməkdir. Daha öncə də bildirdiyimiz kimi, onlar İsrail və digər ölkələrin vətəndaşlarıdır. Biz həm İsrail sərhədindəki xalqımızı, həm də Qəzza daxilindəki xalqımızı qorumaq üçün əlimizdən gələni edəcəyik. Bizim digər məqsədimiz isə HƏMAS-a qarşı müharibədə beynəlxalq hüququn normalarına hörmətlə yanaşmaqdır. Həmin prinsiplərə əsasən biz əlimizdən gələn hər şeyi edirik ki, mülki vətəndaşların həyatı üzərindəki bütün riskləri azaldaq. Lakin biz elə bir rejimlə savaşdayıq ki, onlar sıravi vətəndaşların da zərər çəkməsini istəyirlər. Çünki bu onların təbliğatlarına və məqsədlərinə xidmət edir. Biz onları insanlardan canlı sipər kimi istifadə etməməyə çağırırıq. Onlar öz uşaqlarının, qadınlarının, ailələrinin həyatlarını risk altında qoyurlar. Əlimizdə sübutlar var, hətta biz insanlara bu və ya digər əraziyə hücum olunacağı ilə bağlı öncədən xəbərdarlıq edəndə HƏMAS oradakı insanların həmin yerləri tərk etməsinin qarşısını alır. Məsələn, biz hər hansı binaya hücum etmək istəyirik, çünki bilirik ki, orada terrorçular var və ya orada onların silahları, resursları yerləşir. Bu zaman biz onlara SMS göndəririk. Biz hətta havadan xəbərdarlıq kağızları da atırıq. Biz onlara zəng vurur və həmin binaları tərk etməyi xahiş edirik. Deyirik ki, sizin içində olduğunuz binaya hücum olunacaq. Lakin, həmin insanlar getməyə çalışanda, bəziləri buna nail olsa da digərlərinin yolları HƏMAS tərəfindən kəsilir.

Burada peyk fotosundan görə bilərsiniz ki, konvoy bizim istədiyimiz kimi, Qəzzanın şimalından cənuba doğru hərəkət edir. Şəkildə görə bilərsiniz ki, HƏMAS-a məxsus iki hərbi avtomobil yolu kəsib, ərazini tərk edənlərin qarşısında dayanıb. Onlar insanlara deyirlər ki, evdə qalın və lazımdırsa şəhid olun, özünüzü qurban verin. Onlar insanlardan HƏMAS-ın siyasi gündəliyi üçün öz həyatlarını qurban verməyi tələb edirlər. Bu, bütün dünyanın qınamalı olduğu bir hadisədir. Bu bizim qarşılaşdığımız ən böyük humanitar problemdir. Biz Qəzzadakı mülki vətəndaşları qorumaq istəyərkən, HƏMAS onların həyatını risk altında qoyur.

- Sizin fikrinizcə, bu münaqişənin qaynar fazası nə qədər davam edəcək və müharibəni dayandırmaq üçün hansı addımlar atılmalıdır?

- Bu müharibənin yalnız bir məqsədi var. O da HƏMAS-ın hərbi imkanlarının aradan qaldırılması, HƏMAS-ın və onların Qəzzadakı hökumətinin devrilməsi. Sizə bunu deyə bilərəm ki, bu müharibə elə bu gün də bitə bilər. Bunun baş verməsi üçün iki addım atılmalıdır. Birincisi, HƏMAS bütün hərbi sursatlarını təhvil verməli, ikincisi isə israilli əsirlərin hamısını azad etməlidir. Onlar indi Qəzzada girov götürülmüş hələ cəmi 9 aylıq Fir, dörd yaşlı Ariel və digər uşaqları azad etməlidirlər. Onlar yaşlıları azad etməlidirlər. Həmin yaşlılar arasında Holokostdan xilas olanlar da var. Həmin şəxslər 70-80 il öncə nasistlərin zülmündən qurtulmuşlar. Qəzzada Marqaret Moses, Kain kimi girov götürülmüş insanlar var. Nə vaxt ki, bizim bütün vətəndaşlarımız və bütün xarici vətəndaşlar, - hətta bəlkə də bunların arasında Azərbaycan vətəndaşı da var, - azad olunarsa və HƏMAS öz hərbi qüvvələrini təslim edib silahlarını bizə verərsə, hər şey bitəcək. Heç kim ölməli deyil. Heç kim savaşmalı deyil. Məsələ elə bu gün də bitə bilər. Əgər onlar bunu etməsə - silahlarını bizə verməsə və girovları azad etməsə, geri çəkilməyəcəyik. Biz HƏMAS-a tam qalib gələnədək dayanmayacağıq.

Sonda bir məsələni də demək istəyirəm. Biz bu gün bu müharibəni ona görə edirik ki, heç bir israilli uşaq bir daha HƏMAS terrorçularının onların yataq otaqlarına girərək onlara hücum edəcəyi qorxusu ilə yaşamasın. Bizim məqsədimiz budur.
 
Ardını oxu...
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Tofiq müəllim, Prezident İlham Əliyev Xankəndidə Azərbaycan bayrağını ucaltdı və çıxışında vacib mesajlar verdi. İndiki halda ölkə başçısı tərəfindən səslənən bu fikrilərin mahiyyəti ilə bağlı yanaşmalar nədən ibarətdir?

- Ölkə başçısı Xankəndidəki çıxışında daha çox iki mövzuya istiqamətlənmişdi. Prezident İlham Əliyev hakimiyyətinin 20-ci illiyində söz verilən, bəyan edilən siyasi proqram və məqsədlərin icra edildiyini açıqladı. Xankəndidə ölkə başçısı tərəfindən Azərbaycan bayrağının ucaldılması ilə yaşanan tarixi gündə bu məsələ bir daha gündəmə gəldi. Eyni zamanda rəsmi olaraq Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı “miatsum” hərəkətinə son qoyulduğu bəyan edildi. Əslində ölkə başçısı Xankəndidə xalq qarşısında bir növ hesabat verdi. Dövlət başçısı vurğuladı ki, nə söz veribsə, bunların hamısı icra edilib. Bunlardan da ən vacibi Ermənistan tərəfindən işğal edilmiş ərazilərin azad edilməsi idi. Burada verilən ikinci mesaj ondan ibarətdir ki, bəzi qüvvələr Azərbaycanı post-konfilikt dövründə bu və ya digər məsələlərdə ittiham edir. Azərbaycan Prezidenti öz təcrübəsinə istinadən bildirdi ki, Ermənistanının anneksiya siyasəti başlayana qədər bu xalqlar bir yerdə yaşayırdı. Erməni millətçiləri işğal, təcavüz siyasəti həyata keçirməsə idi, xalqlar bu müstəvidə də yaşaya bilərdi. Burada verilən mesaj əsas ondan ibarətdir ki, bu münaqişədən yüz minlərlə insan əziyyət çəkib. Açıq şəkildə göstərildi ki, vəziyyətin bu həddə çatmasına səbəbkar olanlar Azərbaycanda deyil. Bunlar Ermənistandadır. Həmin hərbi canilərin bir qismi Azərbaycanda istintaqa cəlb edilib. Ona görə də, erməni xalqı bu məsələlərdən nəticə çıxarmalıdır. Beynəlxalq oyunçular da buradan öz dərsini götürməlidir. Azərbaycan bu məsələlərə son qoyub qonşuları ilə sülh şəraitində yaşamaq istəyir.

- Qranada görüşündən sonra Bişkekdə aparılan müzakirələrlə bağlı bağlı fərqli yanaşmalar var. Rusiya prezidentinin açıqlamaları fonunda görüşlə bağlı nəticələrin gözlənildiyinin əksinə olduğu deyilir. Sizcə, burada əsas gözləntilər nədən ibarət olub?

- Əslində Azərbaycanla Ermənistan arasında vasitəçilik etmiş keçmiş həmsədrlər hər zaman öz aralarında rəqabət aparıblar. İndiyə kimi də bu proses davam edir. Çünki Qranada da birdən-birə NATO ölkələrinin başçıları qəribə fikir səsləndirdi. Guya ki, onlarda 1975-ci ilə aid keçmiş sovet ordusunun baş qərargahının xəritələri var. Onlar da Azərbaycanla Ermənistan arasında sərhədlərin bu əsasda həllinə tərəfdar olduqlarını açıqladı. Amma sual olunur ki, NATO ölkəsinin rəhbərlərində keçmiş sovet ordusunun baş qərargahının ərazilərlə bağlı xəritəsi necə ola bilər? Eyni zamanda Bişkekdə Putin əsas məsələnin Qarabağın “statusu “ilə bağlı olduğunu iddia edir. Əslində heç vaxt “status” məsələsi burada əsas olmayıb. Burada əsas məsələ Ermənistanın Azərbaycana qarşı işğal faktı idi. Ona görə də, hər iki tərəfdən verilən bəyanatlar köhnə oyunun cəhdi kimi önə çıxır.

- Azərbaycan öz daxilində məsələləri həll etdikdən sonra ikinci vacib məqam sərhədlərin dəqiqləşməsidir. Bundan sonrakı prosesdə sərhədlərin dəqiqləşməsi ilə bağlı hansı yanaşmalar əsas götürülə bilər?

- Əslində delimitasiya və demarkasiya texniki prosesdir. Əgər Makron və Şolts üçün 1975-ci il xəritləri çox əzizdirsə, Azərbaycan da onun üçün 1920-ci ilin xəritələrinin daha doğma olduğunu deyə bilər. 1920-ci ildə XI qırmızı ordunun Azərbaycanı işğal edən zaman mövcud olan xəritələrin əsas götürülməsi mümkündür.

- Belə olan halda sərhədlərlə bağlı prinsipial bünövrə necə müəyyənləşəcək?

- Məhz bu prinsiplərlə bünövrə müəyyənləşməlidir. Çünki Azərbaycan 1975-ci ilin xəritələrini qəbul etdiyini deməyib. Belə olan halda Ermənistanın baş naziri Nikol Paşinyanın çıxışına istinad ediləcək. Paşinyan Ermənistan üçün kadastr sənədi almalı olduqlarını bildirib. Bu da Azərbaycanla aparılacaq danışıqlarda əldə ediləcək. Anklavlarla bağlı məsələ də məhz bu danışıqların içində həll ediləcək. Burada tək anklavlar deyil hələ də işğalda saxlanılan kəndlər, Zəngəzur, Göyçə Mahalı da öz əksini tapacaq.

- Ermənistanın öz sərhədləri ilə bağlı iddiaları nədən ibarətdir?

- Vaxtilə erməni tərəfi öz sərhədlərini ləğv edib. İddia edirdilər ki, ərazi bütövlüyü Qarabağla qarışıqdır. Bu da alınmadı və Qarabağ məsələsi bitdi. Belə olan halda Ermənistanın ərazi bütövlüyünü biz yəni, Azərbaycan müəyyən edəcək. Bu da ermənilərlə birgə ediləcək. Ona görə də, ermənilər Şoltsa, Makrona yox, Azərbaycana müraciət etməlidir. Danışıqlardan qaçmaq onlara sərf etməyəcək. Bunun əksinə Prezident İlham Əliyevin dediyi olacaq yəni, harada Azərbaycan əsgəri dayanacaq orada da sərhəd müəyyənləşəcək.
 
Ardını oxu...
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, otorinolarinqoloq Vəfa Pənahian qulaq infeksiyaları və tənəffüs problemləri ilə bağlı insanları maraqlandıran bir sıra sualları cavablandırıb.

Sözügedən müsahibəni təqdim edirik:

- Vəfa müəllim, ilk öncə bilmək istərdik ki, qulaq infeksiyasının yaranma səbəbi və əlamətlərinə nələr daxildir?

- Qulaq xarici, orta və daxili olmaqla 3 hissədən ibarətdir. Qulağın anatomik quruluşuna görə, infeksiyaların yaranma səbəbləri və yayılma yolları müxtəlifdir. Belə ki, qulaqda infeksiya 5 yolla yayıla bilər:

• Xarici qulaq keçəcəyindən (transmeatal yol). Xarici və orta qulaq arasında yerləşən təbil pərdəsi sərhəd rolunu oynayır. Təbil pərdəsinin tamlığı pozulan zaman pərdədə perforasiya olduğu üçün, infeksiya xarici qulaqdan orta qulağa yayıla bilər.

• Burun-udlaqdan eşitmə borusu vasitəsi ilə (rino-tubar yol). Orta qulaq Yevstax borusu adlanan eşitmə borusu vasitəsi ilə burun-udlaqla birləşir. Əksər hallarda infeksiya qulağa burundan yayılır. Burun mənşəli səbəblərə uşaqlarda adenoid, burunətrafı ciblərin iltihabı xəstəlikləri (kəskin və xroniki sinusitlər), burun polipləri, burun çəpərinin əyriliyi, rinitlər, xroniki tonzillit və bir sıra digər xəstəliklər aiddir.

• Qanda olan infeksiya vasitəsi ilə (hematogen yol);

• Limfada dövr edən infeksiya vasitəsi ilə (limfogen yol);

• Travmatik yolla. Qulağın açıq və qapalı zədələnməsi və kəllə-beyin travmaları zamanı infeksiya qulağa yayıla bilər.

- Doktor, burun tənəffüsünün çətinləşməsinin hansı fəsadları ola bilər?

- Anatomik olaraq burun 3 hissədən ibarətdir: xarici burun, burun boşluğu və burunun əlavə cibləri (burunətrafı ciblər və ya sinuslar). Burun və burunun əlavə cibləri yuxarı tənəffüs yollarının başlanğıcında yerləşir. Filogenetik olaraq burunun 3 funksiyası var: tənəffüs, qoxu və qoruyucu. Hava axını burun boşluğuna daxil olaraq üç istiqamətə bölünür: yuxarı, orta və aşağı. Təzyiq ilə burun boşluğuna daxil olan hava anatomik xüsusiyyətlərə uyğun olaraq burun boşluğunda gecikir. Buruna daxil olan hava isidilərək nəmləndirilir. Beləliklə, tərkibi tənzimlənən hava burundan udlağa, daha sonra isə qırtlağa, traxeya, bronxlara və ağciyərlərə istiqamətlənir. Burun tənəffüsünün çətinləşməsi bir sıra fəsadlara səbəb ola bilər:

• burunətrafı ciblərin iltihabı xəstəliklərinə (sinusiltlər);

• burun balıqqulaqlarının xəstəliklərinə (rinitlər);

• burun polipozuna;

• udlaq xəstəliklərinə (faringitlər);

• damaq badamcıqlarının xəstəliklərinə (tonzillit);

• qırtlaq, traxeya və bronxların xəstəliklərinə (larinqo-traxeo-bronxit);

• eşitmə borusunun xəstəliyinə (yevstaxiit, tubootit);

- Adenoid əməliyyatına nə vaxt qərar verilir?

- Əksəriyyəti yanlış olaraq adenoidin burun boşluğunda yerləşdiyini düşünür. Udlaq badamcığı (III badamcıq) və ya adenoid udlağın üst hissəsində, burun-udlaqda yerləşir. Adenoid hipertrofiyası (böyüməsi) 4 dərəcədə olur. Böyümə dərəcəsindən asılı olaraq yuxarı tənəffüs yollarında ağırlaşmalar çoxalır. İlk olaraq burun tənəffüsünün çətinləşməsi, sonra isə tam tutulması müşahidə olunur. Buna səbəb burun-udlağa açılan eşitmə borusu kanalının adenoid vegetasiyası ilə tutulmasıdır. Adenoidin böyüməsi bir çox hallarda kəskin orta otit adlanan qulağın iltihabı xəstəliklərinə səbəb ola bilər. Adenoid vegetasiyası burun tənəffüsünü pozaraq məktəbyaşlı uşaqlarda dişlərin, çənənin deformasiyasına və beləliklə dişləmin pozulmasına səbəb olur. İltihabı proses inkişaf etdikcə daxili orqanlarda xroniki bronxit kimi fəsadlar yarada bilər. Böyüklərdə isə sinusit adlanan burunətrafı ciblərin iltihabı xəstəlikləri müşahidə olunur. Keçən əsrdə adenoid uşaqlara xas olan xəstəlik hesab edilirdi. Son zamanlar adenoid 30 və hətta 40 yaşdan yuxarı olan şəxslərdə də müşahidə olunur.

1-ci dərəcəli adenoid vegetasiyası burun tənəffüsünün çətinləşməsinə və digər üzvlərə cüzi təsir göstərir. Adenoid böyüməsinin 2-ci dərəcəsi burun tənəffüsünün çətinləşməsinə səbəb olur və gecə vaxtlarında daha çox özünü birüzə verir. 3-cü dərəcəli hipertrofiya burun tənəffüsün cətinləşməsinə və digər ciddi fəsadlara səbəb ola bilər. 4-cü dərəcədə isə burun tənəffüsün tam tutulması izlənilir və ətraf üzvlərdə yanaşı xəstəliklər müşahidə edilir.

Beləliklə, adenoid vegetasiyasının 1-ci və 2-ci dərəcələri konservativ müalicəyə tabedir. 3-cü və 4-cü dərəcələr isə konservativ müalicəyə tabe olmur və yalnız cərrahi üsul ilə müalicə oluna bilər. Adenoid vegetasiyasının cərrahi üsul ilə müalicəsi adenotomiya əməliyyatı adlanır.

- Tez-tez burun qanaxmasının səbəbi nədir?

- Burun çəpərinin ön hissəsində, girəcəkdən təqribən 1 sm arxada Kisselbax adlı kələf yerləşir. Bu kələfdə 5 damarın bir-biri ilə birləşməsi qeyd edilir: ön xəlbir, arxa xəlbir, damaq-pazabənzər, böyük damaq və üst dodaq arteriyaları. Sadalanan damarlar nazik olur, səthi olaraq selikli qişanın altında yerləşir və 90% hallarda qanaxmalar məhz burada müşahidə edilir.

Tez-tez rast gəlinən burun qanaxmalarının bir neçə səbəbi var:

• hipertoniya xəstəliyi;

• bir sıra qan xəstəlikləri;

• şəkərli diabet;

• xroniki böyrək çatışmazlığı;

• hamiləlik;

• müxtəlif burun travmaları;

• kapilyarların angiopatiyası;

- Qulaq cingildəməyi nədən yarana bilər?

- Qulaq – insanın eşitmə və müvazinət orqanıdır. Bütün informasiyaları bu orqandan beyinə VIII cüt sinir ötürür. Səsi nəql edən və ya qəbul edən aparatın pozulmasından asılı olaraq eşitmə zəifliyi iki tipdə olur. Konduktiv tip - səskeçirmə, sensonevral isə səs qəbul edən aparatın patologiyasıdır.

Daxili qulaqdan başlayaraq beyin qabığının nüvələrində bitən eşitmə aparatı səs keçirmə aparatı mürəkkəb anatomik quruluşa malikdir. Belə ki, səs dalğaları səsi keçirmə aparatını hərəkətə gətirib keçərək daxili qulağa çatır və səsi qəbul etmə funksiyası prosesə qoşulur.

Bu mürəkkəb prosesin pozulması nəticəsində ağıreşitmə ilə bərabər qulaqlarda səs və küy əmələ gəlir. Bunlar müxtəlif cingiltilər formasında olur və bir sıra xəstəliklər zamanı müşahidə olur. Bu cingiltilər eyni zamanda səskeçirmə və səs qəbul etmə aparatların xəstəlikləri zamanı rast gəlinir:

• sensonevral ağıreşitmə və karlıq;

• Menyer xəstəliyi;

• otoskleroz;

• adgeziv otit və timpanoskleroz;

• eksudativ otit;

• kəskin orta otit;

• qulaq tıxacı.

Qeyd etmək vacibdir ki, əlavə səslər qulaq xəstəliklərindən başqa digər patologiyalar zamanı da müşahidə olunur. Məsələn, hipertoniya xəstəliyində, boyun fəqərələrinin osteoxondrozu zamanı, beyinin xoş və bəd xassəli xəstəlikləri, kəllə-beyin travmalarından sonra. Sadalanan xəstəliklər zamanı cingiltiyə səbəb innervasiyann və qan təchizatının pozulmasıdır. \\Ölkə.Az
 
Ardını oxu...
Vitali Kulyk: “Bizim üçün bu müharibədə yeganə strateji məqsəd Rusiyanın totalitar dövlət kimi məhv edilməsidir”

Dünyanın diqqəti Yaxın Şərqə yönəldiyi halda, Kremldə “sülh ssenariləri” nəzərdən keçirilir. Ukrayna kəşfiyyatında Rusiyanın Ukraynaya qarşı müharibənin dondurulması ssenarilərini nəzərdən keçirdiyi barədə məlumatlar var. Ukrayna Prezidenti Volodimir Zelenskinin bu yaxınlarda bəyan etdiyi kimi, münaqişənin dondurulması Rusiya Federasiyasına 2028-ci ilə qədər məhv edilmiş hərbi potensialını bərpa etməyə və təkcə Ukraynaya deyil, Baltikyanı ölkələrə qarşı da yeni müharibəyə başlamağa imkan verəcək. Ukrayna Vətəndaş Cəmiyyəti Problemlərinin Araşdırılması Mərkəzinin direktoru, politoloq Vitali Kulyk ilə müharibənin dondurulması perspektivləri, Rusiya Federasiyasının imperiya məqsədləri və atəşkəs olarsa, Rusiyanın buna nə qədər əməl edəcəyi barədə UNİAN-a danışıb. AYNA müsahibəni istinadla təqdim edir:

- Cənab Vitali, sizcə, hazırda işğalçı ölkə hansı ssenariləri nəzərdən keçirir?

- Rusiya indi müharibənin intensivliyini müvəqqəti olaraq dondurmaq və növbəti hücum potensialını artırmaq istəyir. Bu hücum həm Ukraynada, həm də deyək ki, digər hərbi əməliyyatlar teatrlarında ola bilər. Aydındır ki, belə bir şəraitdə Ukraynaya yardımın göstərilməsi vaxtını uzatmaq, dinamikanı azaltmaq olar. Amma bu, əslində Rusiya Federasiyasının ordusunu bərpa etməsinə imkan verməkdir. Rusiyada hərbi potensialın (texniki - sursat, dron, ağır hərbi texnika nəzərdə tutulur) bərpa tempi elədir ki, onlara bir neçə il lazımdır.

- Gözləyə bilərikmi ki, münaqişənin dondurulması vəziyyətində tərəfdaşlarımız bizi silahla təmin etməyə davam edəcəklər ki, Ukrayna da hazırlaşa bilsin?

- Müharibənin intensivliyinin azaldılması və ya dondurulması halında bu, bizim paritetimiz üçün lazım olan miqdarda texnika və silahlarla təmin olunmaqda davam edəcəyimiz demək deyil. Bəzi Qərb tərəfdaşları, Avropa İttifaqı üçün dondurulma onların iqtisadiyyatları üçün istirahət fürsəti kimi dəyərlidir. Lakin bu, həmişə hərbi gücləndirmə ehtiyacı ilə müşayiət olunmur, çünki bərabərlik yoxdur.

Bəzi Qərb ekspertləri və təhlükəsizlik mütəxəssisləri belə bir bərabərlik işarəsi qoyur və deyirlər ki, əgər biz azalmış intensivlik və ya dondurulma vəziyyətinə düşsək, deməli, bu, Ukraynaya dəstəyin gücləndirilməsi ilə müşayiət olunmalıdır. Amma bunu siyasətçilər deyil, ekspertlər deyir. Siyasətçilər isə əksinə, bunun silah vermək üçün deyil, üzərinə götürülmüş öhdəlikləri təxirə salmaq üçün bir fürsət olduğunu, Ukraynada hərbi potensialın toplanması üçün deyil, Avropa iqtisadiyyatının bərpasına qazanılan vaxt olduğunu bildirirlər.

Ona görə də Prezident Zelenski bu məsələdə tamamilə haqlıdır: biz Rusiyaya sağalmaq üçün vaxt verə bilmərik, Rusiyaya hücumu davam etdirmək üçün əlverişli mövqe təqdim edə bilmərik. Axı Rusiya sakitləşmək fikrində deyil.

Bundan əlavə, münaqişənin dondurulması Rusiya ilə müharibədə strateji məqsədlərə nail olmaq demək deyil. Bizim üçün bu müharibədə yeganə strateji məqsəd Rusiya Federasiyasının totalitar dövlət kimi məhv edilməsidir. Qalan hər şey yalnız ara nəticədir ki, bu da strateji baxımdan uzaq gələcəkdə yenidən dünya nizamını və ilk növbədə Ukraynanı təhdid edəcək. Nə qədər ki, biz Rusiya dövlətçiliyini dağıtmayacağıq, Ukraynanın bir dövlət, bir millət kimi mövcudluğu üçün ekzistensial təhlükə ilə üzləşəcəyik.

İstənilən halda, Rusiyanın şərtləri ilə münaqişənin dondurulması Ukrayna üçün bütün nöqteyi-nəzərdən sərfəli deyil – istər bizim xalq kimi yaşamaq baxımından, istərsə də Qərb dünyasının Avropa İttifaqında tutduğu mövqe baxımından. Rusiya sağalacaq və yenidən hücuma keçəcək. Bu hücum ya Ukraynaya, ya da NATO ölkələrindən birinə ola bilər ki, bu da NATO-nun dağılmasına gətirib çıxaracaq. Çünki mən onun hibrid təhlükələrdən müdafiə qabiliyyətinə kifayət qədər şübhə ilə yanaşıram.

- Zelenskinin fikrincə, əgər Rusiyaya indi vaxt verilsə, o zaman 2028-ci ilə qədər Rusiya Ukrayna tərəfindən dağıdılan hərbi potensialını bərpa edə biləcək. Dövlət başçısının fikrincə, Rusiyanın ekspansiyanın diqqət mərkəzində olan ölkələrə hücum etmək üçün kifayət qədər gücü olacaq. Niyə məhz 2028-ci il?

- Bu riyazi hesablamadır. Rusiyanın 2028-ci ilə qədər hətta sanksiya rejimlərində belə istehsal edə biləcəyi pilotsuz təyyarələrin, sursatların, tankların və raketlərin sayı hesablanıb. Bu isə potensialın bərpasıdır, onun 2022-ci ilin əvvəlində əldə etdiklərinə nisbətən artmasıdır. Müvafiq olaraq, 2028-ci il Rusiyanın hərbi-sənaye kompleksinin potensialının belə bir mexaniki yekunudur.

- Münaqişənin dondurulmasının Ukrayna üçün ən təhlükəli ssenari olduğunu deyə bilərikmi?

- Bu mümkündür və Ukrayna buna hazır olmalıdır. Çoxlu risklər olacaq.

- Bəs bizim tərəfdaş ölkələr də bunu anlamalı və öz fəaliyyət planlarında nəzərə almalıdırlarmı? Xüsusilə, Ukraynaya dəstəyin göstərilməsi baxımından...

- Ümid edirəm ki, tərəfdaşlarımızın ağılları var və bunu bilirlər.

Müəllif: Turan Abdulla
 

Ardını oxu...
Politoloq Oqtay Qasımov Teleqraf.com-un suallarını cavablandırıb.

DİA.AZ onunla müsahibəni təqdim edir:

- Rusiya yenidən Qarabağa diqqəti artırıb. Xüsusən də xarici işlər naziri Sergey Lavrov və onun rəhbərlik etdiyi qurumun rəsmiləri bu haqda tez-tez danışmağa başlayıblar. Prezident Vladimir Putin məsələnin bitdiyini söyləsə də, Lavrov və yaxın ətrafı “münaqişəli durum”dan bəhs edirlər. Sizcə, Rusiya nə əldə etməyə çalışır?

- Rusiyadan verilən açıqlamalar ondan ibarətdir ki, Ermənistanla Azərbaycan arasında münaqişə bitməyib. Principcə, deyilən fikir həqiqətdir. Bəli, biz daxilimizdə olan separatizmlə bağlı məsələni çözdük, bu iş bitdi, qondarma qurum özünü buraxdı. Amma hələlik Azərbaycanla Ermənistan arasında danışıqlar davam edir və sülh müqaviləsi imzalanmayıb. Sülh müqaviləsi imzalanmadığına görə, nəzəri baxımdan, münaqişənin bitmədiyini söyləmək üçün müəyyən əsaslar var. Düşünürəm ki, Rusiya tərəfi bu amili əsas götürərk, bu fikri səsləndirir.

- Lavrovun sözçüsü Mariya Zaxarova deyir ki, Qarabağdakı sülhməramlıların fəaliyyəti yeni şəraitə adaptasiya olunacaq və bu, Bakı ilə müzakirə edilir. Söhbət nə kimi “adaptasiya”dan gedir, Moskva sülhməramlılara hansı “status”u almağa çalışır?

- Bəli, erməni əhalisinin önəmli hissəsi bölgəni tərk etdiyindən Rusiya sülhməramlılarının bir çox məntəqələrdə və ərazilərdə postlarının qalmasına gərək qalmır. Artıq 10 belə post öz fəaliyyətini dayandırıb.

Sülhməramlıların bundan sonrakı fəaliyyəti və statusu məsələsinə gəlincə, düşünmürəm ki, onlara hansısa status veriləcək. Hələ 44 günlük müharibədən sonra Rusiya tərəfinin bununla bağlı istəkləri vardı. Azərbaycan bununla əlaqədar konkret addım atmadı, Rusiya sülhməramlılarına hansısa statusun verilməsinə müsbət yanaşmadı. Ermənistan dövriyyədən çıxdığına görə, bu məsələ Azərbaycan və Rusiya arasında müzakirə mövzusudur. Digər yandan, Rusiya sülhməramlılarının fəaliyyət müddəti 2025-ci ilin noyabrına qədərdir. Nəzəri baxımdan, həmin vaxtda qədər onların burada qalma imkanları var.

Bəs indi Rusiya sülhməramlılarının fəaliyyəti nədən ibarət ola bilər? Reinteqrasiya prosesi getdiyi müddətdə (düşünürəm ki, bu da uzun çəkməyəcək, 2024-cü ilin birinci rübündə bunu yekunlaşdırmaq mümkündür) Rusiya sülhməramlılarının bölgədə olmasına ehtiyac duyula bilər. Məsələn, polis, Daxili Qoşunlar və digər asayiş keşikçiləri ilə bu proses çərçivəsində fəaliyyət göstərə bilərlər. Mümkündür ki, reinteqrasiya prosesi başa çatdıqdan sonra Rusiya sülhməramlılarının bölgədə qalmasına ehtiyac olmayacaq. Bu çərçivə ətrafında müzakirə aparıla bilər.

- Baş nazir Nikol Paşinyan bildirib ki, Qarabağdan çıxarılacaq sülhməramlılar Ermənistana yox, Rusiyaya getsinlər. Paşinyanın bu mesajı nədən xəbər verir?

- Hərfi mənada baxsaq, Paşinyanın dediyi ondan ibarətdir ki, həmin qüvvələr bölgəyə Rusiyadan – Ulyanovsk vilayətindən gətirilib və onların Ermənistandakı 102-ci hərbi bazaya aidiyyəti yoxdur. Paşinyan bu kontekstdən çıxış edərək söyləyir ki, onların Ermənistana yox, Rusiyaya qayıtmaları doğrudur. Digər yandan, Paşinyan onu da bildirdi ki, rus hərbçiləri geri dönmək üçün Azərbaycan və Ermənistan marşrutlarından istifadə edə bilərlər. Mesajın sətraltı anlamına baxsaq, Paşinyan onu demək istəyir ki, İrəvan bundan sonrakı dövrdə Rusiya hərbçilərini Ermənistanda görmək istəmir. Ermənistanın bu istiqamətdəki fəaliyyətləri davam edir. Ermənistan Rusiyanın iştirak etdiyi formatlardan getdikcə imtina edir. Bu, ilk növbədə, özünü KTMT-nin bu il üçün nəzərdə tutulmuş təlimlərdən imtinada göstərdi. Üstəgəl, Ermənistan MDB xarici işlər nazirlərinin Bişkek toplantısından da imtina edib.

- Son zamanlarda Zəngəzura artan maraq da diqqətdən yayınmır. İran və Fransadan sonra Rusiyada da Qafanda konsulluq açacaq. Üstəgəl, Rusiya Zəngəzurdakı sərhədçilərinin və hərbçilərinin sayını da artırıb. Bütün bunlar dəhlizin açılmasına mane olmaq cəhdidir, ya gələcəkdə açılacaq dəhlizə nəzarət uğrunda mübarizədir?

- Fransanın Qafanda konsulluq açması Cənubi Qafqazda gərginliyin davamına xidmət edən amildir. Paris hesab edir ki, Azərbaycanla Ermənistan arasında münasibətlər nə qədər gərgin olsa, erməni cəmiyyətində anti-Rusiya ovqatı yüksələcək, Fransaya simpatiya artacaq və regionda yerləşmək planı daha rahat reallaşacaq. Fransa bunun üzərindən hesab apararaq Ermənistana müəyyən şirnikləndirici vədlər verir, hərbi əməkdaşlıq və sair. O cümlədən bölgədə konsulluq açılması məsələsini gündəmə gətirir. Fransa bununla gələcəkdə Zəngəzur dəhlizinə nəzarəti ələ keçirmək istəyir. “Bu kommunikasiya xətti Ermənistanın suveren hüquqları çərçivəsində fəaliyyət göstərməlidir” fikri də bundan qaynaqlanır. Bu çərçivədə gələcəkdə orada fransız qüvvələrini görə bilərik.

Rusiyaya gəlincə, o da bölgə uğrunda rəqabətdə geri qalmaq istəmir. Ermənilərlə iki əsrlik münasibətlər və Ermənistana təsir imkanlarını nəzərə alsaq, rusların Qafanda konsulluq açmasını anlamaq olar. Rusiyanın həmin bölgədə sərhəd qoşunları var. Digər yandan, Rusiya çalışır ki, Zəngəzur dəhlizi açılarkən, üçtərəfli bəyanatda qeyd olunduğu kimi, nəzarəti özü həyata keçirsin. Konsulluq da buna görə lazımdır. Rusiya şirkətləri Ermənistanın digər əraziləri ilə yanaşı, Zəngəzurda da mədən işləri ilə məşğuldur. Ruslar konsulluq məsələsini həm də bununla əsaslandırmağa çalışırlar.

Biz müxtəlif ölkələr arasında konsulluq açma yarışını görürük. Bu, həm də Ermənistana təsiri artırmaq üçün aparılan mübarizə kimi qiymətləndirilə bilər.

- Fransa “mülki təhlükəsizlik təlimi” adı altında Ermənistana 56 hərbçi göndərib. Sizcə, bu, Fransanın Ermənistanda hərbi cəhətdən yerləşməsi yönündə atılmış ilkin addım hesab edilə bilərmi?

- Fransanın addımları o ehtimalı yaradır ki, Afrika, Yaxın Şərq və Şərqi Aralıq dənizində itirdiyi mövqeləri Cənubi Qafqazda kompensasiya etmək istəyir. Ermənistanla Azərbaycan arasındakı münaqişəli durum Fransaya bu baxımdan münbit şərait yaradır. Fransa gərginliyi körükləməklə Ermənistanda ona olan ehtiyacı artırmağa çalışır ki, bunun üzərindən bölgədə yerləşsin.

Avropa Birliyinin Ermənistandakı mülki missiyasının əksər hissəsini Fransa jandarmı və kəşfiyyatçıları təşkil edir. Təlim üçün xilasedicilərin göndərilməsi də göstərir ki, Fransa bundan sonra da Ermənistanla hərbi əməkdaşlığı dərinləşdirməyə davam edəcək. Bir vaxtdan sonra Ermənistanda müəyyən sayda Fr

Dünyapress TV

Xəbər lenti