KORONAVİRUS İŞĞAL ALTINDAKI ƏRAZİLƏRDƏ DƏ YAYILIR
Koronavirus işğal altındakı əraziləri də vurur. Ukraynanın işğal altındakı Donetskdə və Luqanskda koronavirusa yoluxanların sayı artır. Əgər martın 14-də Luqanskda virusa yoluxanların sayı 2 nəfər idisə, bir həftə sonra sayları daha da artıb. Karantində saxlanılanların sayı da artır. Vuris işğal altındakı ərazilərə İtaliyaya səfər edən iki nəfərdən keçib. Buna baxmayaraq, işğal altındakı ərazilərin “səhiyyə naziri” vəziyyətin normal olduğunu və həyəcan üçün əsas olmadığını bildirib. Halbuki, gələn xəbərlərə görə həmin ərazilərdə yaşayan insanlar arasında narahatlıq artır. Misal üçün işğal altındakı ərazililərdə fevralın 1-dən 1700-ə yaxın insanın pnevmaniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib, onlardan 43-ü vəfat edib. İnsanlar şübhələnirlər ki, onlar koronavirus yoluxmasından vəfat ediblər.

Donbass separatçıları Rusiya ilə sərhədlərini bağlaya bilmirlər. İşğal altındakı ərazilərin Rusiya ilə gündəlik gediş-gəlişi mövcuddur. Bunsuz işğal altındakı ərazilərin mövcudluğu mümkün olmaz. Rusiyanın özündə isə virus yoluxanların sayı artır. Yəni əgər birinci mərhələdə işğal altındakı ərazilərə virus İtaliyadan gəlmişdisə, bu dəfə Rusiya ərazisindən “idxal” olunacaq.

Dağlıq Qarabağda da koronavirusun olmamasıyla bağlı xəbərlər inandırıcı görünmür. Ermənistanda koronavirusa yoluxanların sayı yüzlərlədisə və xəstələrin sayına görə Cənubi Qafqazda ilk sıradadırsa, “Dağlıq Qarabağda virusa yoluxma yoxdur” deyən separatçıların açıqlamaları həqiqətə uyğun deyil. Rusiyanın işğal altındakı Donbasla sərhədi açıqdırsa, Dağlıq Qarabağla da Ermənistanın “sərhəddi” açıqdır, açıq sərhədlər isə koronavirus üçün münbit zəmindir. Görünür, erməni separatçıları martın 31-də işğal altındakı ərazilərdə keçirəcəkləri “prezident seçkisinə” qədər bölgədəki erməniləri qorxutmaq istəmirlər və onların “seçkiyə” gəlmələrini təmin etmək istəyirlər. Seçkidən sonra isə erməni separatçılarının “bölgədə virusa yoluxanlar var” açıqlamasını eşitsək gərək təəccüblənməyək. İranda da məhz 21 fevral parlament seçkisindən sonra koronavirusa yoluxmalar haqqında açıqlamalar ard-arda gəldi. Halbuki, virus seçkidən əvvəl yayılmağa başlamışdı.
Elxan Şahinoğlu
Teref.az

Dünyapress TV

Xəbər lenti