Hitlerin etimadını qazandı, 20 il həbsdə qaldı, milyonlara sahibləndi, gənc qadının ağuşunda öldü - FOTOLAR
Adolf Hitlerin yaxın adamlarından biri olan Albert Şpeer nasist partiyasının ən savadlı və bacarıqlı üzvlərindən biri sayılırdı. Hələ 1930-cu ildə, 25 yaşı olarkən Şpeer ilk dəfə Hitlerin canlı çıxışını görərkən, gələcəyin füreri onun kumirinə çevrilmişdi.

Albert Şpeer 1905-ci ildə Almaniyanın Manqeym şəhərində anadan olub. O, atasının yolunu davam etdirərək, Berlin və Münxen universitetlərində tikinti mühəndisi və arxitektor sahəsi üzrə ali təhsil alıb. 1931-ci ildə nasist partiyasına üzv olan Şpeer Manqeymdə şəxsi arxitektura bürosu yaradıb.

Artıq 1932-ci ildən başlayaraq, Şpeer nasist partiyasından ilk sifarişlərini alıb, partiyanın ayrı-ayrı bölgələrdəki qərargahlarının yenidən qurulması ilə məşğul olub.

1933-cü ildə Hitlerin ən yaxın silahdaşlarından biri olan Yozef Gebbelsin tapşırığı ilə Təbliğat nazirliyinin yeni binasının tikintisi Albert Şpeerə həvalə olunub.


Tikinti başa çatdıqdan sonra açılış mərasimi zamanı Şpeer Hitlerlə tanış olub. Hitler onun işini yüksək qiymətləndirib, elə həmin tədbir zamanı da onu öz şəxsi arxitektoru, Almaniyanın baş arxitektoru sayılan Paul Troosta müavin təyin edib.

1934-cü ildə Paul Troost vəfat etdikdən sonra Şpeer Hitlerin şəxsi arxitektoru olub. 1937-ci ildə Hitler Şpeeri Berlinin tikinti üzrə baş inspektoru təyin edərək, paytaxtın yenidən qurulması işini ona tapşırıb.

3-cü Reyxin bununla bağlı rəsmi əmrində aşağıdakı ifadə də öz əksini tapıb: “Yeni dünyanın paytaxtı olacaq Berlin monumental arxitektura stilində qurulmalıdır...”


İlk baxışdan mədəni və ziyalı təəssüratı yaradan Şpeer Berlinin yenidən qurulması prosesində özünün əsl iş üzünü biruzə verib. Maddi zənginliyə meylliliyi onun cəllad xislətini də açıb. Belə ki, o, Berlindən 24 min mənzilə sahib olan 75 min yəhudinin qovulmasına nail olub. Boşalan mənzillər və onların içərisindəki qiymətli əşyalar, o cümlədən, rəsm əsərləri Şpeeri bir neçə ay ərzində milyonçuya çevirib.

Albert Şpeer eyni vaxtda bir neçə vəzifəni icra edib. 1942-ci ildə Hitler ona daha bir yüksək vəzifəni həvalə edib. Şpeer silahlandırma və sursat naziri təyin edilib. O, bu vəzifədə müdafiə sənayesi sahəsində kifayət qədər ciddi göstəricilərə nail olub.

İşinin gərginliyinə baxmayaraq, Albert Şpeer Hitlerin təşəbbüsü ilə daha bir işə cəlb edilib. Əsir düşərgələrinin yaradılmasına və tikintisinə Şpeer rəhbərlik edib. O, bu işdə mümkün olan bütün işgəncələrin həyata keçirilməsi üçün düşərgələrdə lazım olan bütün “şəraiti” yaradıb.


Albert Şpeer Hitlerin ətrafındakı nadir şəxslərdən biri olub ki, onun istənilən vaxt 3-cü Reyxlə görüşmək səlahiyyəti olub. Bu səlahiyyəti ona şəxsən Hitler özü verib. Ümumiyyətlə, Hitler Albert Şpeerlə təkcə onun sahəsinə aid olan məsələləri deyil, digər mövzuları da müzakirə edib.

Albert Şpeerin həyata keçirməli olduğu ən böyük layihələrindən biri də Berlində inşa ediləcək Xalq Sarayı olub. Bu sarayın inşası ilə bağlı o, Hitlerlə mütəmadi olaraq, uzun-uzadı müzakirələr aparıb.

Sarayda banket zalı, qəbul otaqları, nasist partiyasının fəaliyyətini əks etdirən muzey, Hitlerin kabineti ilə yanaşı, 150-180 min nəfərlik nəhəng zalın yaradılması da nəzərdə tutulub. Sarayın tikintisində əsas məqsəd ondan ibarət olub ki, Hitler bu sarayda ildə bir dəfə ənənəvi olaraq, xalqla görüş keçirsin.


Xalq Sarayı adı da məhz buradan götürülüb. Sarayın layihəsi və inşası üçün Hitler milyonlarla vəsait ayırıb. Həmin vəsaiti 3-cü Reyxin böyük etmadını qazanan Şpeer öz şəxsi vəsaiti kimi istifadə edib. Sarayın istifadəyə verilməsi 1950-ci il üçün nəzərdə tutulub. Amma nə Hitlerə, nə də Şpeerə sarayı görmək qismət olmayıb.

Almaniyanın məğlubiyyətindən sonra Albert Şpeer həbs olunub. Hərbi və insanlığa qarşı cinayətlərdə günahlandırılan Şpeerlə bağlı Nürnberq məhkəməsində qərar çıxarılması səkkiz hakimə həvalə olunub.

Onlardan 3 nəfər Şpeerin ölüm hökmünə, 1 nəfər ömürlük azadlıqdan məhrumetmə cəzasına, 4 nəfər isə uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinin tərəfdarı olub. Son hökmlə Albert Şpeer 20 il müddətinə azadlıqdan məhrum edilib.

Albert Şpeer cəzasını Şpandau türməsində çəkib. Əfv olunması üçün dəfələrlə etdiyi müraciətlər nəticəsiz qalıb.

20 təqvim ilini son gününə qədər türmədə keçirən Şpeer 1966-cı ildə azadlığa çıxıb. Həyat fəaliyyətini yenidən yüksək templə bərpa edən Şpeer azadlığa çıxdıqdan sonra yazdığı “Xatirələr” və “Gizli gündəlik” kitabları ilə məşhurlaşıb. Kütləvi tirajla nəşr olunan kitablardan o, xeyli qazanc əldə edib.

Bununla yanaşı, Albert Şpeer 1940-cı illərdə Berlində yəhudilərdən əldə etdiyi və gizlətdiyi qiymətli rəsm əsərlərini anonim yolla satışa çıxarıb, milyonlara sahib olub.


Jurnalistlərin ona verdiyi “yenidən həyata gəlsəydiniz, hansı yolu seçərdiniz” sualına Albert Şpeer maraqlı cavab verib: “Yaşadığım illərə görə heç bir təəssüf hissi keçirmirəm. Parlaq yüksəliş, maddi zənginlik, utanc məğlubiyyət, həbs və yenidən azadlıq... Mən yenidən bu yolu seçərdim...”

Albert Şpeer 1981-ci ildə 77 yaşında vəfat edib. Londonda “Park Court” otelində gənc məşuqəsi ilə intim əlaqədə olarkən onun beyninə qan sızıb.

İlham Cəmiloğlu,
Musavat.com

Dünyapress TV

Xəbər lenti