İranı “fələyin cəngindən” xilas edən adam: Dünya maraqlı prosesə şahidlik edir
Rauf Mirqədirov: “Əgər Ağ Evin sahibi Tramp yox, başqa bir lider olsaydı, qətiyyətlə demək olardı ki, belə bir vəziyyətdə ABŞ İrana qarşı hərbi gücdən istifadə edərdi”

Sentyabrın 14-də Səudiyyə Əərbisitanına məxsus “Saudi Aramco” neft şirkətinin, İran İslam Respublikasının dəstklədiyi Yəmən husiləri tərəfindən bombalanmasından sonra dünya düzəni yenidən çalxalandı. Hadisənin ardınca, başqa ABŞ olmaqla, Qərb ölkələrinin əksəriyyəti, habelə ərəb dövlətləri və İsrail İranı ittiham etdi. Və yeni sanksiyalar gündəmə gəldi. Tehran isə hələ də hadisədə birbaşa əlinin olmadığını bəyan edir.

Teref.az bildirir ki, AYNA əməkdaşı mövzu ətrafında politoloq Rauf Mirqədirovla həmsöhbət olub.

– Rauf bəy, məlum hücumun İran tərəfindən təşkil olunduğuna inananlarla yanaşı, baş verənlərin üçüncü bir qüvvə tərəfindən törədildiyi ehtimalı üzərində dayananlar da var. Yəni İranı dünya ilə qarşı-qarşıya qoymaq üçün təxribat əməli…

– Burada İrana qarşı təxribatdan söhbət gedə bilməz. İranı zərbə altına atmaq üçün ona qarşı provokasiyalar təşkil etmək qeyri-mümkündür. Məlumdur ki, İrana yaxın olan dini hərəkat bu hadisənin məsuliyyətini öz üzərinə götürüb. Yəməndə hal-hazırda vətəndaş müharibəsi gedir, ölkə artıq 2 yerə bölünüb. Bir tərəfdə İran tərəfindən dəstəklənən husi-şiə qiyamçılarının dini hərəkatı, digər tərəfdə hökumət var. Husilərə İran açıq-aşkar dəstək verir. Həmin hadisəni də husilər öz üzərinə götürdüyü üçün artıq təxribatdan söhbət gedə bilməz.

Bundan belə bir nəticə çıxarmaq olar ki, İran birbaşa və ya dolayısı yolla “Saudi Aramco” hücumlarında iştirak edib. Çünki İranın həmin hərəkata həddindən artıq ciddi yardımı və təsiri var. Yəni ki, İranın razılığı olmadan husilər belə bir addım ata bilməzlər. Çünki belə bir hücumdan sonra dünya neft bazarlarında vəziyyətin gərginləşəcəyi məlum məsələ idi. Bunun da ABŞ və Qərbi qıcıqlandıracağı qaçılmaz idi. Nəticə etibarilə də cavab zərbələrinin, məhz İrana yönəlməsi ehtimalı çox böyük idi.

Burada ikinci variant da var ki, o da yenə İranla bağlıdır. Yəni İran ya öz ərazisindən, ya da İraq ərazisindən bu hücumları təşkil edib. Çünki İraqın da bir hissəsi İranın təsiri altında olan şiə yaraqlılarının nəzarəti altındadr. Hansı aspektdən baxsaq, bu hadisədə İranın ya birbaşa, ya da dolayısı ilə iştirakı qaçılmazdır.

– İran dünyanı qarşısına alacaq belə bir cəsarəti özündə haradan tapır?

– Bu hadisədə bir neçə amili nəzərə almaq lazımdır. İran özü də hazırkı geosiyasi vəziyyəti nəzərə alır. Geosiyasi vəziyyət də ondan ibarətdir ki, BMT Təhlükəsizlik Şurasında İrana qarşı yeni sanksiyaların tətbiqi, yaxud da İrana qarşı hər hansı hərbi təzyiq vasitələrinin istifadəsi ilə bağlı qətnamənin qəbul olunması, demək olar ki, mümkünsüzdür. Nəzərə almaq lazımdır ki, hazırda ABŞ və Qərb koalisiyası ilə Rusiya və Çinin münasibətləri kifayət qədər gərgindir. Bu problemlər də əsasən geosiyasi xarakter daşıyır. Lakin bunun iqtisadi tərəfləri də var. Bu 2 dövlətin də BMT Təhlükəsizlik Şurasında veto hüququ olduğunu nəzərə alsaq, belə bir qətnamənin qəbulu inandırıcı deyil. Həm də ki, Qərb koalisiyası İranla bağlı mövqeyində yekdil deyil. ABŞ İrana qarşı daha kəskin, daha militarist mövqe tutur. Avropa İttifaqı isə İranla münasibətlərin həllində mümkün qədər diplomtik vasitələrin tərəfdarıdır.

– Yəni Vaşinqtonun qarşısında Tehrana qarşı planlarını həyata keçirmək üçün çox böyük əngəllər var…?



– Məsələ təkcə bununla bağlı deyil, həm də Prezident Donald Trampın şəxsiyyəti ilə bağlıdır. Kobud şəkildə desək, Tramp daha çox söz qəhrəmanıdır. Onun bəyənatları kifayət qədər kəskin olsa da, qəti addım atmır. Daha dəqiq desək, məsuliyyəti öz üzərinə götürüb ciddi hərəkət etmək iqtidarında deyil. Tramp bu günə qədər İranın ünvanına bir sıra təhdidlər səsləndirib, lakin real addımlar atmayıb. Səbəbi də odur ki, Tramp Suriya hadisələrindən sonra hərbi gücdən istifadə etməyə çəkinir. Çünki Suriya məsələsində hərbi gücdən istifadə edəndən sonra, Suriyanın böyük bir hissəsi İran və Rusiyanın nəzarəti altına keçdi.

– Belə şəraitdə İran daha ağır sanksiyalardan xilas olmuş kimi görünür…

– Tehrana qarşı onsuz da çox ciddi sanksiyalar tətbiq olunur və bu, İran iqtisadiyyatına ağır zərbələr vurur. Nəzərə almaq lazımdır ki, İran uzun müddətdir ki, bu vəziyyətdə yaşaya bilir. Tehranda da ümid edirlər ki, Trampın hərbi gücdən istifadə etmək cəsarəti olamayacaq. Ona görə də İran hərbiçiləri ABŞ-a qarşı daha militarist bəyənatlarla çıxış edirlər.

– Və beləcə müharibə təhlükəsi aradan qalxır?

– Əgər Ağ Evin sahibi Tramp yox, başqa bir lider olsaydı, qətiyyətlə demək olardı ki, belə bir vəziyyətdə ABŞ hərbi gücdən istifadə edərdi. Lakin Tramp hakimiyyəti dövründə bunu iddia etmək çətindir. Çünki daxildə də Trampa qarşı çox ciddi siyasi müxalifətin olması onun hərbi gücdən istifadə etmək cəsarətinin qarşısını alır. Bu baxımdan da Trampın hansı addımlar atacağına indidən proqnoz vermək çətindir.

Dünyapress TV

Xəbər lenti