Azərbaycan rəsmi səviyyədə yox, dolayı yollarla Moskvadan izahat tələb edir, amma məsələ getdikcə dolaşır -
Martın 15-də Azərbaycan Minalardan Təmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən Şuşa şəhərində Rusiyaya məxsus “İskəndər-M” operativ-taktiki raket kompleksinə aid qalıqların tapılması geniş müzakirələrə və etirazlara yol açıb. Çünki raketin bu modifikasiyası ixrac versiyası deyil və Ermənistan ordusunun sərəncamında yoxdur, yaxud Ermənistana onun verilməsi, satılması bərədə heç nə məlum deyil.

Azərbaycan mediası, xüsusən hökumətin nəzarətində olan telekanallar Rusiyanı ittiham edən süjetlərə, tənqidlərə yer verməyə başlayıblar. 20-dən artıq tanınmış jurnalist Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edərək həmin raketin Ermənistan silahlı qüvvələrinin arsenalına necə düşməsinə aydınlıq gətirilməsini xahiş ediblər. Bu müraciətin yuxarıların məsləhəti ilə hazırlanıb yayıldığı şübhə doğurmur. Deputat Elman Məmmədov isə Rusiyanın Bakıdakı səfrinin XİN-ə çağırılmasını təklif edib.

Azərbaycanda güclənən etirazlara hələlik Rusiyadan rəsmi cavab yoxdur. Rusdilli haqqin.az saytı Rusiya hərbi mənbələrinə istinadən Federal Təhlükəsizlik Xidməti Hərbi Əks-Kəşfiyyat Departamentinin Ermənistanda “İsgəndər-M” raketlərinin olması və onların Qarabağ savaşında tətbiqi ilə bağlı araşdırmalara başlaması barədə xəbər yayıb. Amma bu qeyri-rəsmi xəbər vəziyyətin aydınlaşmasına kömək etmir.

Hərbi ekspert Ədalət Verdiyev bildirir ki, nüvə başlığı daşıya bilən raketin seriya və partiya nömrəsi onun hansı tarixdə istehsal edildiyini və hansı raket briqadasının, alayının və ya divizionunun silahlanmasında mövcud olduğunu bir neçə saat içində təyin etməyə imkan verir:

“Əgər raketlərin daşınma izlərini tapmaqda çətinlik çəkirlərsə, o zaman 2020-ci il iyulun 14-dən sonra Rusiyadan İrəvana intensiv uçan yük təyyarələrinə diqqət yetirsinlər. Rusiya Müdafiə Nazirliyinin baş verənləri fərqli istiqamətə yönləndirmək üçün bəhanə fikirləşməsinə bir həftə yetərli olmalı idi. Azərbaycan üçün bu təyyarələrdə daşınan silah və sursatın tam çeşidi maraq doğurur. Təəssüf ki, Rusiya keçən 9 ay ərzində bu təchizatın tərkibi barədə rəsmi mövqe ortaya qoymayıb”.

Ə.Verdiyev deyir ki, Rusiyanın ciddi ittihamlar qarşısında susqunluğu Azərbaycan ictimaiyyətini qane edə bilməz:

“Rusiya qlobal bir güc kimi həm peyk, həm də radiolokasiya sistemləri vasitəsilə hətta Sakit və Hind okeanlarının dərinliklərindən belə buraxılan ballistik qanadlı raketləri izləyə bilir. Belə olan halda, Ermənistan ərazisindən Qarabağda Azərbaycan ordusunun mövqelərinə qarşı raket buraxılışını Rusiyanın görməməsi böyük suallar yaradır. Rusiyanın susqunluğu bizi çox narahat edir”.

Hərbi ekspertin sözlərinə görə, Azərbaycan ictimaiyyəti Rusiyadan daha anlaşılan və ağlabatan hesabatlar, açıqlamalar gözləyir.

“Bu raketlər kimin vasitəsilə, nə vaxt və hansı şəraitdə Ermənistana verilib? Niyə bu barədə beynəlxalq təşkilatlar məlumatlandırılmayıb? Bu raketlərin buraxılması kim tərəfindən həyata keçirilib və buna kim icazə verib? Bunlar kifayət qədər ciddi suallardır. Düşünürəm ki, Rusiya burada ipucunu tapmaqda çətinlik çəkərsə, o zaman 2020-ci ilin iyul ayının 14-dən başlayaraq yük təyyarələrinin nə daşıdığına diqqət yetirməlidir”.

Maraqlıdır, Rusiyadan izahat tələb olunması prosesində Azərbaycanın rəsmi strukturları iştirak etmir. Bugünə qədər nə Xarici İşlər Nazirliyi, nə də Prezident Administrasiyası hadisəyə reaksiya verib. Azərbaycanın Moskvadakı səfirliyi də susqunluq nümayiş etdirir. Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın Rusiya mətbuatına bir neçə gün əvvəl verdiyi müsahibədə səsləndirdiyi fikirlər vəziyyəti bir az mürəkkəbləşdirib. Köçəryan açıq şəkildə bəyan edib ki, Rusiyanın müdaxiləsi olmasaydı, Azərbaycan Dağlıq Qarabağı bütövlükdə geri qaytara bilərdi.

Rəsmi Bakının susqunluğu təkcə “İskəndər – M” raketi ilə bağlı qalmaqalı deyil, Rusiyanın Dağlıq Qarabağda Azərbaycanın suverenliyinə qarşı fəaliyyətini də əhatə edir. Məlumdur ki, Moskva 10 noyabr üçtərəfli bəyanatında göstərilən bəzi müddəaların icrasını təmin etməkdən yayınır. Baxmayaraq ki, özünün və erməni separatçıların maraqlarını ifadə edən müddəaların icrasını dərhal yoluna qoyub. Üstəlik, Xankəndində qondarma rejimin təşkilatlanmasına, fəaliyyətinə yardım edir və onu de-fakto tanıyır. Erməni silahlı birləşmələri hələ də bölgəni tərk etməyib, habelə Azərbaycan üçün daxili kommunikasiya xətləri açılmayıb, azərbaycanlı qaçqınların geri dönməsindən, Laçın dəhlizinə paralel yolun çəkilməsindən isə söhbət belə getmir.

Azərbaycan rəhbərliyi getdikcə milli maraqları daha çox təhlükəyə atan bu situasiyanı dəyişmək üçün hərəkətə keçməlidir.
pressklub.az

Dünyapress TV

Xəbər lenti