Ölkəmizdəki su problemlərinin ŞOK səbəbləri - ƏSAS GÜNAHKAR BƏLLİDİR
 

Belə bir deyim var: “…İşləmək istəyən vəsait, işləmək istəməyənsə, hər zaman bəhanə axtarır…” Vallah, bu aforizm bizim bəzi nazirliklərin eynən boyuna biçilib. İşləmək yox, bəhanə axtarmaq baxımından. Çünki bəzi nazirlikərimiz istənilən vəziyyətdən çıxmaqda xüsusi istedada sahibdirlər. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyi kimi…

Bu nazirlik deyir ki, Azərbaycanda su krizisinin tək səbəbi Qlobal İQLİM DƏYİŞİKLİYİdir. Vəssəlam….Deməli, bizim su problemimizin həll yolu da bizim yox, ilahi qüvvənin əlindədir.

Deyirəm bu nazirlik Seyid Əzim Şirvaninin personajları kimi bəlkə Allah-təalaya bir məktub yaza…Dərd sərimizi eninə-boluna ərz eliyə…

Məncə pis olmaz. Amma nazirlikdən bir xahişim var. Həmin məktubda mənim deyəcəyim bəzi mətləbləri də yazsın. Məsələn yazsın ki, Azərbaycan meşə örtüyünün həcminin (9-10 faiz) azlığına görə dünyada arzu olunmayan sıralarda yer alır .Buna baxmayaraq hər il ölkəmizin meşə örtüyü sürətlə məhv edilir. Bir tərəfdə işğal altında olan ərazilərdə düşmənlərimiz tərəfindən meşə örtüyü dağıdılır. Digər tərəfdən isə içimizdəki “ermənilər” digər ərazilərimizdəki meşələrə qarşı “soyqırım”ı aparır. Bu gün Şamaxıdan tutmuş Balakanə, Siyəzəndən tutmuş Qusara, Masallıdan tutmuş Lerikə, Göygöldən tutmuş Qazaxa qədər meşə örtükləri düşməncəsinə məhv edilir. Bu ərazilərdə salınan yüzlərlə istirahət kompleksi, villalar hesabına nə qədər meşə örtüyünün məhv edildiyini Nazirliyə çox yaxşı məlumdur. Bakıdakı və regionlardakı mebel fabriklərinin və sexlərinin sifarişi ilə meşələrimizdə məhv edilən qiymətli ağaclar isə bir ayrı yazının mövzusudur. Hələ paytaxt Bakımızda ötən əsrin 70-80-ci illərində Ümumilli liderimiz tərəfindən salınan yaşıllıq zolaqlarının son 20 ildə işbazlar tərəfindən necə məhv edildiyini demirəm. Axı meşələr və yaşıllıqlar təkcə ətraf mühiti sağlamlaşdırmır, həm də ekoloji tarazlığı bərpa edir.

Amma, nə yazıq ki, Azərbaycanda ekoloji tarazlıq çoxdan pozulub. Bu tarazlığın yaxın vaxtlarda bərpası isə mümkün görünmür. Çünki bizim cəmiyyətdə həyata keçirilən istənilən layihə korporativ maraqlara xidmət edir. Ən yaxşı halda isə imitasiya olunur. Əgər belə olmasa idi, təkcə son 10 ildə Azərbaycanda əkilən (becərilən yox, haaa…) ağaclar və gül kolları hesabına gərək ölkəmizdə bir qarış da olsun boş sahə qalmayaydı. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir yana, digər dövlət qurumları tərəfindən təşkil edilən ağacəkmə aksiyalarında milyonlarla ağac əkilir. Lakin əkilən ağaclar becərilmədiyindən qısa müddətdə də məhv olub gedir. Bu da onu göstərir ki, bu kampaniyalar büdcə vəsaitlərinin silinməsindən başqa heç nəyə xidmət etmir…

Ekoloji problemin kritik həddə çatmasının digər bir səbəbi isə layihələndirmə zamanı texniki-iqtisadi hesabatların başdansovdu aparılmasıdır. Yəni yaz ver, pulu al, sil getsin, vəssəlam…Fikrimin təsdiqi üçün tarixə müraciət etmək istəyirəm. Bildiyimiz kimi Azərbaycan az sulu coğrafi əraziyə malikdir. Ona görə də əhalinin və iqtisadiyyatın suya olan ehtiyacını ödəmək üçün zaman-zaman müxtəlif layihələr həyata keçirilib. Məsələn,ötən əsrin əvvəllərində Bakıya Şollar su xətti çəkilib. Suyun mənbəyi isə Xacmaz və Quba rayonu əraziləri olub. O ərazilər ki, vaxtilə meşə zonası olub. Lakin yeraltı suların sovrulması hesabına bu ərazilərdəki min hektarlaral meşə massivi yavaş-yavaş məhv olub, gedib. İndi Şollar xəttinin mənbəyi əsasən boş düzənlikdən ibarətdir… Və yaxud, 10 il bundan əvvəl reallaşdırılan Oğuz-Qəbələ-Bakı magistral su xəttini götürək.

Bu xəttin mənbəyində son illər yaşıllıqların necə quruduğunu hamımız çox gözəl müşahidə edirik. Bu azmış kimi, bu gün üçüncü Şollar su xəttinin çəkilişi barədə söhbətlər gedir. Ona görə də yeraltı suların sovrulması hesabına ölkənin suya olan ehtiyaclarını ödənilməsi fikri düzgün deyil. Əvvəl-axır bu cür layihələr geriyə dönüşü olmayan ekoloji faciələr, fəsadlar yaradır. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində oturanlar da çox yaxşı bilir. Amma nədənsə susurlar…

Ölkəmizdə su qıtlığının yaranmasının və ekoloji tarazlığın pozulmasının başqa bir səbəbi isə təbii su mənbələrin uzun illər bəslənilən laqeyd münasibətdir. Bildiyimiz kimi, Azərbaycanın suvarma suyuna olan ehtiyacların 90 faizi bu gün Kür və Araz çaylarının ehtiyatları hesabına ödənilib. Lakin bu gün bu ehtiyatlar tükənmək üzrədir. Belə ki, hazırda respublikamızın əsas 20,5 milyard kubmetrlik su tutma anbarlarında cəmi 11,3 milyard kubmetr su mövcuddur. Bu sularınsa 8,6 milyard kubmetri ölü həcmdir. Yəni bu sulardan istifadə etmək imkanı sıfıra bərabərdir.

Bu isə ekoloji və iqtisadi fəlakət deməkdir. Bəs Ekologiya və Təbii Sərvətlər Nazirliyi niyə bu problemlə bağlı vaxtında səsini qaldırmayıb. Qlobal iqlim dəyişikliyi axı bu günün problemi deyil. Son 30 ildə bu barədə bütün sivilizasiya bar-bar bağırır. Bəs bizim müvafiq dövlət qurumları, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi niyə qabaqlayıcı tədbirlər görməyib?!

Necə olur ki, hələ ötən əsrin 90-cı illərindən başlayaraq İran və Ermənistan Araz çayı, Gürcüstan isə Kür çayı üzərində çoxsaylı su anbarları və su tutarları inşa etməyə başlayıblar. Və bu hesaba da bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gətirdiyi “əsaslı” arqument – qlobal iqlim dəyişikliyi həmin ölkələrin iqtisadiyyatına böyük həcmdə təsir edə bilmir. Deməli, günah qlobal iqlim dəyişikliyində yox, özümüzdədir. Qonşu dövlətlər gözlənilən iqlim dəyişikliyinə qarşlı layihələr reallaşdıranda Ekologiya və Təbii Sərvətlər Nazirliyi rayaonlarda su süzgəc aparatları quraşdırırdı.

“..Düzəlmişdi hər yarağımız, qalmışdı bircə saqqal darağımız…”

Bu günki su probleminin digər bir səbəbini də Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bir daha xatırlatmaq istəyirəm. Çünki bu məsələ Nazirliyin birbaşa fəaliyyət sahəsinə aiddir. TEXNİKİ SU məsələsi. Bu ifadə bu gün nəinki nazirliyin, elə cəmiyyətimizin də leksikonundan çıxmaq üzrədir. Halbuki su qıtlığının qarşısını almağın ən səmərəli və ucuz yolu texniki suların tədarüküdür. Nə yazıq ki, Azərbaycanda bu məsələ bu günədək açıq qalıb. Halbuki ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev tərəfindən bunun çox gözəl sistemini qurmuşdu. İri istehsal sahələrində istifadə olunan sular sonradan texniki təmizlənmədən sonra suvarmaya yönəldilirdi .Bu günsə bütün istehsal sahələrində istifadə olunan sular bir başa kanalizasiyaya xəttinə axıdılır. Bəs Ekologiya və Təbii Sərvətlər Nazirliyi hara baxır?

Bu gün Bakıda və iri şəhərlərdə yaşıllıqların suvarılması “Azərsu” ASC-nin mənbələri hesabına aparılır. Bu isə ən azı acı təbəssüm doğurur…

Ən nəhayət, ölkəmizdəki su probleminin səbəbi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dediyi kimi qlobal iqlim dəyişikliyidirsə, onda Neftçalada baş verənlər necə izah olunmalıdır?! Bu gün Kürün deltasını dəniz suyu basıb. Bu azmış kimi Kür çayı boyunca üzü yuxarı on kilometrlərlə dəniz suyu qabarıb gedir. Deməli, Xəzər dənizi digər mənbələrdən əvvəlkindən daha çox su qəbul edir. Bu hesaba da dəniz qabarır. Bəs onda qlobal iqlim dəyişikliyi Xəzər dənizinə niyə təsir etmir? Deməli, üzləşdiyimiz su fəlakətinin obyektiv yox, subyektiv səbəbləri var. Bu barədə daha ətraflı növbəti yazımızda…

XalqXeber.Az

Dünyapress TV

Xəbər lenti