Su, qaz, işıq xidməti (xırda) sahibkarlığa qənim kəsilib və ya
Koronavirus epidemiyası ilə bağlı xüsusi karantin rejimindən ən çox ziyan çəkənlərin xırda sahibkarlıqla məşğul olan ticarət köşklərinin olduqlarını deyə bilərik. Özəlliklə, bərbərliklə ailələrini dolandıranların bizneslərindən “təcrid edilməsi” saç-saqqal qırxmaqla dolananları gündəlik çörək pulundan məhrum edib. 20 gündür qadağa götürülsə də, bu yol kommunal xidmət qurumlarının “reket rejimi” qaydaları işə düşüb. Başlıca “reketlik” qaydası qanunda və təbii ki, NK-nın qərarında nəzərdə tutulmadığı halda, fiziki şəxslər, məişət abonentlərinin sayğaclarla təchiz edilməsinə görə üçqat-dördqat həcmdə ödəniş tələb edilməsində tətbiq edilir. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsi, 13 saylı binanın qarşısındakı sahibkarlıq köşkü on ilə yaxındır ki, su, işıq, qazla təmin olunub və bu ünvana yerini dəyişməzdən öncəki on ildə də bütün kommunal və rabitə xidmətləri ilə təchiz edilib. Özü də köşkün yiyəsi əlil-istehlakçının vəsaiti hesabına. Birdən-birə Sabunçu sukanal idarəsinə yeni təyin olunan rəis 22 may 2020 -ci ildə köşkə gələn su xəttini kəsərək bərbərliklə məşğul olan əlilin sahibkarlıq fəaliyyətinə qadağa qoyub. Yeni rəis sayğac quraşdırılmasına görə fiziki şəxsdən 700 manat tələb edir. Üç gündür “Azərsu ASC” prezidentinə elektron hökumət portalı araçılığı ilə edilən online müraciət qəbul edilsə də, hələ də su xətti bərpa olunmayıb. Eləcə də digər dövlət qurumlarına və hüquq mühafizə orqanlarına edilən müraciətlərə də heç bir cavab verilməyib. Bu isə bərbərliklə dərman -çörək pulunu çıxaran zavallı əlilin , ən azı, iyunun 1-ə kimi ac-susuz qalması deməkdir. “Azərsu” rəsmilərinin diqqətinə çatdırırıq ki, NK-nın 17.07.2014 tarixli 262 saylı qərarının 6.5 bəndinə əsasən, FİZİKİ ŞƏXSLƏRİN SAYĞACLARLA TƏCHİZ EDİLMƏSİ, ONLARIN QURAŞDIRILMASI VƏ DƏYİŞDİRİLMƏSİ SU TƏCHİZATI MÜƏSSİSƏSİNİN HESABINA HƏYATA KEÇİRİLİR. Bəyəm hansısa su idarəsinin rəisinin, yaxud “su prezidenti”nin özünün qaydası NK qərarından üstündür? Eyni zamanda, 200 manat həddində olan sayğaca görə 700 manat tələb edilməsi hansı qanunda yazılıb?

Bir məsələni də vurğulamaq yerinə düşər, kommunal xidmətlər sektorunun qanunsuzluğu o həddə çatıb ki, “ASAN XİDMƏT” elektron hökumət portalında, online ödəniş terminallarında abonentlər qanunda -qərarda nəzərdə tutulmayan “əhali-qeyri-əhali” qrupuna bölünür. Belə bölgədən daha çox yararlanan da, su xidmətidir. Halbuki, yuxarıda vurğuladığımız kimi, yazılı qanun-qaydalarda su, işıq abonentləri “fiziki şəxs -hüquqi şəxs”, qazdan istifadə edənlər isə “məişət abonentləri -sənaye abonentləri” kimi bölünürlər. Kommunal xidmət sektorunun “reket qaydaları”nı gözüyumulu tətbiq edən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN XİDMƏT” yetkililərinin diqqətinə NK-nın “Qazdan istifadə qaydaları haqqında” 23.05.2011 tarixli 80 saylı qərarının 4.2 və “Elektrik enerjisindən istifadə qaydaları haqqında “ 02.02.2005 tarixli 18 saylı qərarının 7.9 bəndlərini bir daha çatdırırıq : 4.2.” MƏİŞƏT QAZ QURĞULARININ İSTİFADƏSİ ÜÇÜN QAZ SAYĞACI QAZ PAYLAYICISININ VƏSAİTİ HESABINA TƏCHİZ EDİLİR, QURAŞDIRILIR VƏ DƏYİŞDİRİLİR “ Məişət qaz qurğuları dedikdə isə saatda 10 kubmetrə qədər qaz sərf edən qurğular başa düşülür. 7.9. “FIZIKI ŞƏXS OLAN İSTEHLAKÇILARIN SAYĞACLARLA TƏCHİZ EDİLMƏSİ, ONLARIN QURAŞDIRILMASI VƏ DƏYİŞDİRİLMƏSİ ENERJİ TƏCHİZATI MÜƏSSİSƏSİNİN HESABINA HƏYATA KEÇİRİLİR “.

Bu yazılı qanun-qayda, bu da yazılmamış rüşvət -korrupsiya qaydaları. Hansı üstündür ?Hələ ki, yazılmayan qanun -qaydalar Konstitusiyanı üstələyir və tədbir görülməsi də gözlənilmir. ..

MƏĞRUR BƏDƏLSOY
Teref.az

Dünyapress TV

Xəbər lenti