Xanım başçı haqda prezidentə və DTX-ya müraciətə baxıla bilər
Tanınmış aktrisa Könül Yusifqızının Prezident İlham Əliyevə, Birinci vitse-prezidentə Mehriban Əliyevaya və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi Əli Nağıyevə müraciəti araşdırıla bilər.

Pravda.az-da işıqlandırılan müraciətdə K.Yusifqızı deyir ki,
 Abşeron Rayon İcra Hakimiyyəti başçısı İradə Gülməmmədova da cəza tədbirlərindən kənarda qalmamalıdır.

Aktrisa hesab edir ki, İradə Gülməmmədova güvəndiyi dağlara güvənərək dövlətə, xalqa xəyanət edir:

“Əslində onun etdiklərinin yanında xəyanət sözü kiçik səslənir, o adam heç əhalini qəbul etmir, zəng vurursan cavab vermir, saymır.

Mən şəhid atamın yaşadığı binada xatirə löhvəsinin vurulmasını istəmişdim, amma etmədilər. Təzə xanım başçı da biganə qaldı bu məsələyə”.

Aktrisa bildirib ki, ölkə rəhbərliyinin etimadından sui-istifadə edir: “Hanı abad yollar, hanı şəhərin arxitekturasi, hanı məktəbi, baxçası, hanı poliklinkası, hanı qazilərə, şəhid ailələrinə, məcburi köçkünlərə edəcəkləri?

Hanı parklar? Sovet hakimiyyətindən qalan park var ki, hər il rəngləyib bəzəyir, guya təzə parkdır, əvəzində pul yeyir. Hanı sakinlərlə ünsiyyəti, qayğısı? Hanı dövlətin ayırdığı pullar”?

Milletinsesi.info yazıb ki, İradə Gülməmmədova işə gələn kimi otağında kamera axtarışı həyata keçirib. İcra hakimiyyəti bu faktı nə təkzib, nə də təsdiq edib.

Bu xəbərin sosial şəbəkədə qısa bir zamanda sürətlə paylaşılması və Abşeron sakinlərinin icra başçsı İradə Gülməmmədovadan narazılığı bütün çılpaqlığı ilə görünüb.

Şərh yazan minlərlə rayon sakini açıq formada Abşeronda İradə Gülməmmədovanın fəaliyyətsizliyini bildirib və onu ciddi faktlarla ittiham ediblər. Görünür İradə Gülməmmədova Abşeronu idarə edə bilmir.

Ötən il Qarabağ qazisi Fuad Əkbərov Abşeron Rayon İcra Hakimiyyətinin qoçu dəstələrinin fiziki təzyiqlərinə və qanunsuz tələblərinə etiraz edərək evinə od vurması ilə cəmiyyətdə geniş rezonans doğurmuşdu.

Qazi evini yandırmamışdan əvvəl bildiribmiş ki, Abşeron rayon İcra Hakimiyyətinin qoçuları onu döyərək evini dağıdıblar.

Bir müddət əvvəl isə icra hakimiyyətinin qoçuları 2-ci qrup Qarabağ əlili, evsiz-eşiksiz, səfalət içində yaşayan Səyyaf Bayramovu vəhşicəsinə döymüşdülər.

2015-ci ildə Zakir Fərəcovdan sonra RİH başçısı vəzifəsinə İradə Gülməmmədovanın təyin olunması narazı Abşeron sakinlərini ümidləndirmişdi.

Onlar düşünürdü ki, bəlkə, xanım icra başçısı daha humanist və ədalətli olacaq, rayon sakinlərinin illərdir həll olunmayan problemlərini bir-bir yoluna qoyacaq. Ən əsası, qapı arxasında qalmağa öyrəşmiş sakinlərin şikayətlərini eşidəcək.

Amma… Sən saydığını say, gör, fələk nə sayır. Binəva abşeronlular düşünmədi: “İradə xanım bəlkə heç bu ümidləri doğrultmaz, hətta o boyda rayonu bir vaxtlar baş həkim işlədiyi uşaq poliklinikasından da betər hala sala bilər?”.

Yenisabah.az-a daxil olan məlumata görə, hazırda bir neçə rayonun icra hakimiyyətlərində yoxlamalar aparılır və güman ki, yoxlamalar həbslərlə nəticələnəcək.

İcra hakimiyyətləri ən çox şikayət olunan və korrupsiyaya bulaşan qurumlar kimi tanınır. Təsadüfü deyil ki, illərdir mətbuatda icra başçıları “kiçik padşahlar” kimi təqdim edilir.

Məlumatlara görə, artıq hakimiyyət də fərqindədir ki, “kiçik padşahların” özfəaliyyəti, rəhbəri olduğu rayon və şəhərlərə şəxsi təsərrüfatı kimi yanaşmaları bütövlükdə iqtidarı hədəfə gəlməsinə səbəb olub və buna son qoyulması qərara alınıb.

Prosesə Ağstafadan start verilib və Azərbaycanda ilk dəfə olaraq icra başçısı iş başında həbs edilib. Əməliyyatın görüntüləri ictimailəşdirilib. Olay ölkədə rezonansa səbəb olub.

Ölkə başçısı İlham Əliyevin başlatdığı islahatlar dalğasının yalnız nəzəri xarakter daşımadığına inam daha da artıb.

Bu arada yada salmaq yerinə düşər ki, prezident son bir ayda həyata keçirdiyi icra hakimiyyəti təyinatlarında rüşvət və korrupsiya, özfəaliyyət faktlarına toxunub və bu cür qanunsuz əməllərlə məşğul olan məmurların sərt şəkildə cəzalandırılacağını bildirmişdi.

Məsələn, o, Yevlaxın və Xaçmazın icra başçıları Anar Tağıyevlə Elnur Rzayevi bu vəzifəyə təyin edərkən onları qəbul edərək demişdi:

"Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm.

Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər".

Məlumatlarda qeyd edilir ki, əslində prosesi islahatların yeni dalğası hesab etmək olar. Bu dalğada əsasən rüşvət və korrupsiyaya bulaşmış məmurlar qərq olacaq.